"Dostlarım düşmənlərimdən çoxdur"

 

Ramiz Rövşən: “Allah bizi başdan qocalmağa qoymasın, başqa hər şey düzələr”

Bu gün müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan Ramiz Rövşənin 69 yaşı tamam olur. 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olmuş Ramiz Rövşən Azərbaycan Dövlət Universitetinin (indiki BDU - red.) Filologiya fakültəsini və Moskvada ali ssenari kurslarını bitirib. Şeirləri 10-dan çox dilə tərcümə olunub. Modern.az saytı ad günü münasibətilə Ramiz Rövşəndən aldığı müsahibəni təqdim edir:

- Ramiz müəllim, 69 yaşınız tamam oldu. Sizcə, oxucular sizi niyə bu qədər çox sevirlər?

- Adamın özü haqqında danışması bir az qəribə görünür. Sizə deyim ki, insanlar birinci növbədə səmimiyyəti görürlər. Burada söhbət yaradıcı adamın, şairin özünə qarşı səmimiyyətindən gedir. Özünə qarşı səmimi olmayan adam heç kəslə səmimi ola bilməz. İnsan öz hislərini, yaşadıqlarını səmimi ifadə edirsə, başqa adamlar da onun yazdıqlarında özlərini tapırlar. Bütün yer kürəsində olan insanlar  təxminən eyni hisləri yaşayırlar. Sadəcə, insan var ki, həmin hisləri ifadə edə bilir. Allah ona bu bacarığı verib. Amma Ramiz Rövşəndən qat-qat duyğulu, həssas insanlar var ki, onlar öz hislərini bu cür ifadə edə bilmirlər. Mən bunu dəfələrlə görmüşəm. Əgər onlar hislərini, yaşadıqlarını ifadə edə bilsəydilər, Allah bilir, nələr yaradardılar. Biz də məhz bu cür insanların bir növ dilmancıyıq. Təkcə insanların yox, ağacın da, otun da, quşun da dilmancıyıq. Şeir də elə budur!

- İnsanlar özlərini sizin şeirlərinizdə necə tapa biliblər? Bunun hər hansı düsturu varmı?

- İnsan özünü görəndə tapır, özünü tapanda sevir. Bizim şeirlərimizdə insanlar özlərini görürlər, tapırlar, hiss edirlər. Şairə olan münasibət şeirdəki hislərin doğmalığından asılıdır. Gözəl bir deyim var: “Ən gözəl şeir odur ki, oxuyan kimi deyirsən ki, elə bil dilimin ucunda idi”.

Şeir insana bu qədər doğma olmalıdır. Sizə bir şey deyim: yazan zaman oxucu haqqında düşünməyən, “oxucu bu barədə deyəcəksöyləməyən şairi mən qəbul etmirəm. Oxucu da bunu hiss edir. Yəni o şeiri oxuyan kimi anlayır ki, sən yazan zaman onu düşünmüsən, ya yox. Sən oxucuya yarınmağa çalışma. Oxucuya yarınmağa ehtiyac yoxdur, namusla, vicdanla duyduqlarını çatdırmağa çalışmalısan. O zaman oxucu həmişə yanında olacaq. Nazim Hikmətin bir sözü var: “Pətəyində balın olsun, arısı gələr Bağdaddan”.

- Mirşahin sizin haqqınızda demişdi ki, o, Azərbaycanın ən Ramiz Rövşən şairidir. Ramiz Rövşən şairi olmaq deməkdir?

- Bu ifadənin anlamını Mirşahin məndən qat-qat yaxşı açıqlayar. Amma mənə elə gəlir ki, Mirşahin bəlkə ən dəqiq sözü deyib. Çünki heç kəs heç kəsi əvəz edə bilməz. Bu o demək deyil ki, Ramiz Rövşən elə bircə Ramiz Rövşəndir.  Hər şair elə özü ola bilən şairdir. Mən elə başa düşürəm ki, o ifadənin əsas mənası o, elə özüdür. Məndə çox şey dəyişməyib. Hər bir insan bir təcrübədir. Hər insanın sonu məlumdur. Doğulur, yaşayır ölür. Amma yaşadığı müddətdə hər adam bir təcrübədir. Mirşahinin sözünün məğzi odur ki, Ramiz Rövşən bir təcrübədir. Mən onun ifadəsini çox dəyərləndirirəm. Heç kəs heç kəsi əvəz edə bilməz. Deyirlər ki, əvəzolunmaz insan yoxdur. Xeyr, əvəz olunan insan yoxdur. Bir yazımda da demişəm. Təsəvvür edin, boyda ali bir riyaziyyat, qədər hesablamalar var, onlar dünyaya gələn hər bir insanın seçilmiş olduğunu deyir. Əgər biz dünyaya gəlmişiksə, deməli, əvəzolunan deyilik. Mirşahinin sözündən belə başa düşürəm ki, Ramiz Rövşən elə Ramiz Rövşəndir.

- 69 il bundan qabaq, 1946-cı ilin bu günündə anadan olmusunuz. Amma şair Ramiz Rövşənin ruhu qədim olar. Şeirlərinizin birində yazmısınız: “Dünya mənə tanış gəlir”. Yəqin ruhunuz dünyanın daha qədim sifətini öz yaddaşında saxlayıb...

- Bu mövzulardan danışanda bir az ehtiyat edirəm. Amma ruhumuzun yaşından söhbət gedirsə, deyə bilərik ki, həm çox cavandır, həm çox qədimdir. Bunun başqa cavabı ola bilməz. Ruhumuzun yaşı bizim cismani yaşımızdan qat-qat böyükdür. Mən insan ruhunun əbədiliyinə inanan bir adamam. Bunun fəlsəfi dini tərəflərini bir kənara qoyuram. Amma yenə düşünürəm ki, insan tək cisimdən ibarət deyil. Əgər belə olsaydı, onda bəşəriyyət sönüb, solub gedərdi. Əgər belə olsaydı, onda ədəbiyyat heç olmazdı. Ruhumuzun yaşı haqqında danışmaq bir az qeyri-ciddilik olar. İnsan ruhu əbədidir. Ruhən cavanamdeyirlər. Ruhən cavan adam elə ruhən ən qədim, ən yaşlı olandır. Çünki ruhun cavanlığı düşüncənin, ağlın, hər şeyin diriliyinə dəlalət edir. Mənim bir şeirim var idi: “Başdanmı qocalan çox, ayaqdanmı, kim bilir?” Allah bizi başdan qocalmağa qoymasın. Başqa hər şey düzələr.

- Hazırkı fəalliyətinizdən danışaq. Qarşıdakı ildə kitabınız çap olunacaq?

- Hərdən əvvəlcədən deyirəm, amma sonra alınmır. Düşünürəm ki, bu dəfə mütləqdir. Gələn il ən azı dörd cildliyim çap olunacaq. Həmin cildlərdə oxucularım cavanlıqda yazdığım heç yerdə çap olunmayan xeyli şeirlərimə   rast gələcəklər. İki cild poeziya, qalan iki cild isə nəsr esselerdən ibarət olacaq.

- Bu gün həyatda olmayan kimlərdən ad günü təbriki eşitmək istəyərdiniz?

- Elə adamlar çoxdur. Doğmalarımın, dostlarımın içərisində bu cür adamlar kifayət qədərdir. Amma bu gün yanımda olan dostlarım da çoxdur. Mən dost sarıdan heç vaxt əziyyət çəkməmişəm. Amma itirdiklərim çoxdur. Lakin bir fikir var ki, mən onları itirməmişəm. Onlar hər zaman mənimlədirlər. Əgər yaddaşımdadırlarsa, bu gün onları yaşada biliriksə, deməli, onlar hələ mənimlədirlər. İtirdiklərimin içərisində səsini eşitmək istədiyim adamlar çoxdur. Amma ürək dostlarımın hamısı məni təbrik edib.

- Amma heç zaman görmədiyiniz dostlarınız da var. Onlara kimi ürək sözləriniz var?

- Özüm üçün bəlkə ən böyük xoşbəxtlik onu sayıram ki, dostlarımın sayı tanıdıqlarımın sayından qat-qat çoxdur. O dostlar küçədə, teatrda, hara gedirəmsə, hər yerdə rastıma çıxıb ürək sözlərini deyirlər. Bu məni çox sevindirir. Xüsusən sizin kimi cavanlar arasında belələri çoxdur. Bu, eqoist sevinc deyil. Bu sevinc sözə, şeirə sevgi ilə yanaşan dostların sevincidir. Bir dəfə çıxışımda demişdim ki, dostlarım düşmənlərimdən çoxdur. Düşmənlərimi özüm qazanmışam, amma dostlarımı sözüm qazanıb. Tanımadığım dostlar tanıdığım dostlardan daha çoxdur. Onların hamısına salamlarımı çatdırıram. Bilirəm ki, hamısı təbrik etmək istəyir edirlər . İnternetdə mənə çoxlu təbriklərin olduğunu bilirəm. Hamısı sağ olsunlar, var olsunlar...

Üç nöqtə.- 2015.- 16 dekabr.- S.- 7