Avropaya iri qaz layihələrini sürətləndirmək mesajı verildi

Əli Əlirzayev: “Bu mesajlar nəzərə alınmasa nabuco acı tale yaşayacaq

  Azərbaycandan daxil olan qaz Avropa istehlakçılarının yaxın gələcəkdə əldə edəcəyi yeganə yeni qaz mənbəyidir. Bütün digər layihələr, o cümlədən marşrutların şaxələndirilməsi ilə bağlı layihələr mənbələrin deyil, yalnız marşrutların şaxələndirilməsini nəzərdə tutur. Bizim mənbəyimiz yenidir və əgər belə demək mümkündürsə, təzə üzə çıxıb. Belə bir bəyanatla Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusunda enerji təhlükəsizliyi “dəyirmi masa”sında keçirilən çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan əlbəttə ki, yerləşdiyi regionda enerji təhlükəsizliyinin təminatında öz rolunu oynayır. “İndi – “Cənub” qaz dəhlizi ilə bağlı vacib sazişin imzalanmasından sonra biz Avropa üçün əhəmiyyətli bir tərəfdaşa çevrilirik. Biz artıq enerji təchizatı marşrutlarını şaxələndirməyə nail olmuşuq”, – deyə Prezident qeyd edib.

Daha sonra dövlət başçısı bildirb ki: “Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Buna görə də istehsalat sahəsində əsas investisiyaları əldə etmək üçün bizə nəqliyyat marşrutları lazım idi. Bunun üçün də 1994-cü ildə, enerji strategiyamızın lap əvvəlində biz neft şirkətlərindən ibarət beynəlxalq konsorsiumdan neftin və qazın istehsalı üçün investisiyaları cəlb edə bildik. Biz tarixdə ilk dəfə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft-qaz boru kəmərlərini inşa etməyə başladıq. Biz artıq bu dəhlizləri tikmişik. On il bundan əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara veriləndə biz artıq Avropanın enerji təhlükəsizliyinin təmini istiqamətində mühüm bir addım atmışdıq. Bu gün Azərbaycandan daxil olan neft bəzi Avropa ölkələrinin enerji balansında 30-40 faiz təşkil edir. İndi isə dediyimiz kimi, növbə təbii qaza çatıb. Böyük “Şahdəniz” yatağı Azərbaycan üçün nəhəng ehtiyatdır. Bu, dünya miqyasında ən böyük qaz yataqlarından biridir”.

Dövlət başçısı vurğulayıb ki, hazırda neftin bir barrelinin qiymətinin təqribən 50 dollardan yüksək olması bu layihənin kommersiya nöqteyi-nəzərindən dayanıqlı olmasını çətinləşdirir: “Ancaq bu layihə də həyata keçirilməlidir. Bu, ilk növbədə, enerji təhlükəsizliyi layihəsidir. Bu layihəyə ona cəlb olunan ölkələrin milli təhlükəsizliyinə xidmət edən layihə kimi yanaşılmalıdır”.

İqtisadçı ekspert Əli Əlirzayev “Üç nöqtə”yə bildirdi ki, 2013-cü ildə Trans-Adriatik – TAP boru kəməri əsas təchizat marşrutu kimi seçilib. 2014-cü il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib: “Dövlət başçısı Avropalı tərəfdaşların diqqətinə çatdırmaq istədi ki, indi hər şey hazırdır və artıq Avropanın əsas enerjiinfrastruktur layihələrinin icrasına başlanmalıdır. Məlum olduğu kimi “Şahdəniz” yatağının işlənməsi, boru kəmərinin tikintisi ilə birlikdə bu layihələrin sərmayə dəyəri ən azı 45 milyard dollar həcmində olacaq”.

Müsahibimizin sözlərinə görə Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Gürcüstannın birgə operativ reallaşdırdıqları Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz qaz boru kəmərləri və sair regional layihələr kimi Avropa İttifaqının da  daha çox əlaqələndirmə və çevikliyinə ehtiyac olunduğunu diqqətə çatdırıb”.

Ekspert deyir ki, bu layihənin reallaşması üçün əsas amillərdən biri xammal mənbəsidir: “Hesablamalara görə, “Şahdəniz” yatağında 1 trilyon kubmetrdən çox qaz ehtiyatı var. Bizim digər yataqlarla birgə təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı 2,5 trilyon kubmetr təşkil edir. Bu, on illərlə, yüz illərlə davam edəcək qaz layihəsidir. Bu layihə Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər”.

Müsahibimiz xatırladır ki, ölkə rəhbəri bir müddət əvvəl oxşar fikirləri NABUCCO barəsində də söyləyib: “Nəticədə isə vaxtında verilməyən qərar layihənin gündəmdən çıxmasına səbəb oldu. Hər halda bunun təkrarlanmaması üçün Avropaya bir xəbərdarlıq olundu. Bu mesaj diqqətə alınmasa bu layihə də NABUCCO-nun acı taleyini yaşaya bilər”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban da hesab edir ki, dövlət başçısı Münhendə çox maraqlı çıxış edib və mesajları ilə diqqəti çəkib. Faktiki ilk dəfə açıq olaraq Brüsseli "Cənub qaz dəhlizi" layihəsinin (TAP) icrasındakı bürokratikliyini, Azərbaycan və hasilatçı şirkətlərin zaman itkisi ilə üzləşdiyini və diplomatikcəsinə "Türk axını" layihəsinə toxunaraq "yalnız layihələr şaxələnir" fikrini səsləndirdi”, - deyə vurğulayır.

Xatırladaq ki, bütün bu məsələlərin fevralın 12-də Bakıda “Cənub qaz dəhlizi”nin məşvərət şurasının ilk iclasında müzakirə edilməsi nəzərdə tutulub.

 Əfsun