“Azərbaycan qazı Avropa üçün
yeganə qaz mənbəyi olacaq”-
Prezident
Prezident İlham Cənub qaz
dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin görüşündə iştirak
edib
Prezident İlham Əliyev Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib. Dövlət başçısı Cənub qaz dəhlizi Məşvərət Şurasının ilk iclasında nitq söyləyib. Prezident ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ilə bağlı müstəqilliyin ilk illərindən başlayaraq ötən müddətdə reallaşdırılan tədbirləri və layihələri ətraflı xarakterizə edib və 2011-ci ildə Avropa Komissiyasının o vaxtkı sədri Joze Manuel Barrozu ilə Cənub qaz dəhlizi haqqında birgə bəyannamə imzaladıqlarını, həmin sənəddə Azərbaycanın Cənub qaz dəhlizinə əsas töhfə verən və həyata keçirən ölkə olduğunun əksini tapdığını dedi. Azərbaycan prezidenti TANAP və TAP layihələrinin Cənub qaz dəhlizinin həyata keçirilməsi istiqamətində mühüm mərhələ olduğunu vurğulayıb. “Əsrin müqaviləsi”nin imzalanmasından düz 20 il sonra - 2014-cü il sentyabrın 20-də Cənub qaz dəhlizinin təməlinin qoyulduğunu bildirib.
Prezident qeyd edib ki, enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir: “Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır”.
Prezident İlham Əliyev layihənin həyata
keçirilməsi üçün nəzərdə
tutulan bütün məsələlərin
müsbət həllini tapacağına və layihənin
vaxtında icra olunacağına əminliyini
bildirib, Cənub qaz dəhlizi
Məşvərət Şurasına işində uğurlar arzulayıb.
Üç nöqtə.- 2015.- 13 fevral.- S.-3