Nəsimi» filminə çəkilməyə avtobusun pilləkənindən yapışıb gedirdim» - Müsahibə

Rasim Balayev: «Yeni nəsil arasında bir az cılızlıq görürəm»

 

 Kinomuzun canlı əfsanəsi, xalq artsiti Rasim Balayev “Şənbə qonağı”mızdır. Hər zaman aktiv yaradıcılıq həyatı yaşayan xalq artisti hazırda yaradıcılıq durğunluğunun ona çətin olduğunu, filmlərdən və seriallardan təklif gəldiyini, amma ssenari xoşuna gəlmədiyi üçün qəbul etmədiyini bildirdi. Belə sakit yaradıcılıq tərzi onun səhhətində də problem yaradıb. 

 - Rasim müəllim, şəkər xəstəliyinindən müalicə aldığınızı eşitdik. Hazırda necəsiniz?

- Şükür Allaha, elə bir problemim yoxdur, bir az əsəb pozğunluqları vardı, əhval-ruhiyyəm pis oldu. Buna “depresyon” deyirlər. Bunun da müəyyən səbəbləri var. Mən həmişə aktiv həyat tərzi keçirmişəm, filmlərə çəkilmişəm və müəyyən yerlərdə işləmişəm. Belə həyat birdən kəsildi və mənə bir az pis təsir etdi. Hələ ki, bu gün filmlərə çəkilmək imkanım var və məndən istifadə edə bilərlər. Bunun bir səbəbkarı yoxdur, kimsə qarşımı almayıb. Sadəcə, zaman elə gətirdi ki, bunu yaşamalı olduq. Elə filmlərə dəvət edirlər ki, orada çəkilmək istəmirəm. Çünki filmin mənasız ssenarisi olduğunu görürəm, istədiyim ssenariləri yazan yoxdur. Ona görə də, belə yaşam tərzi bir az əsəblərimi pozdu. İndi yavaş-yavaş özümə gəlirəm və belə demək mümkündürsə, bunlarla barışıram. Bu, bir-iki adamlıq və özümdən asılı olan iş deyil. Bu, zamanın diqtəsidir və bununla barışmaq lazımdır.

 - Siz elə bir obrazlar canlandırmısınız ki, bunlar illərlə kino tarixində yaşayacaq...

- Hazırda elə bir yaş dövründəyəm ki, artıq təcrübəm var və geriyə baxıb irəlini görən adamam. İstəyirdim ki, qəbr evinə qədər işləyim, boş-boşuna oturmayım. Müəyyən vaxt bir çox işlərim olub və bu o demək deyil ki, indi oturum. Yaradıcılıq sakitliyinə görə bir az narahatlıq keçirdim. Yoxsa, həyatımda şükür Allaha, hər şey qaydasındadır.

 - Bir az depresiya yaşadığınızı qeyd etdiniz. Depresiyadan keçmişə nəzər salaraq, yoxsa gələcəyə ümidlə yanaşaraq çıxırsınız?

- Mən hər bir işə başlayanda sanki ilk dəfə başlayıram. Gördüyüm işlərlərlə özümü arxayın edən adam deyiləm. Mənə rol verilən zaman çəkiliş meydançasına gələndə sanki ilk dəfədir ki, başlayıram. Bunu özümə təlqin etmişəm. Əgər bu gün mənim normal rolum olsa, o obrazı ilk rolum hesab edəcəm və çəkiliş zamanı gördüyüm işləri unuduram. Əgər unutmasan, o insanda xudpəsəndlik, arxayınlıq yaradar. «Mən vaxtında bu işləri görmüşəm» kimi fikirləri çox düşünmürəm. Artıq o gedib, bu gündən danışmaq lazımdır. Ümumiyətlə, keçmiş işlərimlə qürrələnən adam deyiləm.

 

- Son vaxtlar bir neçə film çəkildi, "Nabat", "Çölçü"… Hətta o filmlər festivallarda da iştirak etdi. Film sahəsinin əvvəlki kimi inkişaf etməsinə inanırsınızmı?

- İnanmalıyam. Bu sənət kollektiv sənətdir və onun nümayəndələri yetişməlidir. Hər dövrdə kino sənəti var. Müəyyən vaxt zəifləyə, yaxud da inkişaf edə bilər. Belə hallar da həmişə olub. Rəssamlıqda da, teatrda da tənəzzül, yaxud da inkişaf olub. 70-ci illərdə Azərbaycan kinosunun inkişaf dövrü olub, çoxlu filmlər çəkilib. Sonra müəyyən hadisələr oldu, ictimaiyyətdə dəyişikliklər baş verdi. Yeni nələrsə başlayana qədər bir şeyləri itirdik. Hazırda o axtarış gedir və inanıram ki, nə vaxtsa zaman öz sənətkarlarını yetişdirəcək və hər şey yaxşı olacaq. Mən də o günləri

görmək istəyirəm.

 - Bu gün gənc nəsil arasında istedadlı aktyorlar yetişirmi?

- İstedadlı aktyorları tapıb yetişdirmək lazımdır və yetişdirməkdə də müəyyən problemlər var. Məsələn, bizim vaxtımızda sənətə qarşı vurğunluq, eşq vardı. Bunlar olmasa sənətdə inkişaf etmək mümkün deyil. Biz bu şeyləri görmüşük. Hazırda yeni yetişən nəsil arasında bir az cılızlıq görürəm. Bu fikrim hamısına aid deyil. İçində yəqin ki, yaxşıları da var. Amma çoxları tez populyarlaşmağı və yaxşı yaşam tərzinin olmasını düşünürlər. Vallah, bizim vatımızda belə şeylər haqqında düşümürdük. “Nəsimi” filminə çəkiləndə kirayədə yaşayırdım. Filmə çəkilməyə gedərkən avtobusda yer də olmurdu və avtobusun pilləkənindən yapışıb gedirdim. Amma indiki aktyorlar olsaydı, deyərdilər ki, mənə ev, pul verin. Yəni, biz bu barədə deyil, yalnız sənətimizi düşünürdük. Fikirləşirdik ki, hər şey qabaqdadır və bu, mənim sənətim və işimdir. Hazırda bunları görmürəm. Hər zamanın öz adamları və istedadları var. Deyirlər ki, əvəzolunmaz adam yoxdur. Mənə elə gəlir ki, bu sənətdə müəyyən səbəblərdən bir az tənəzzül gedib və düşünürəm ki, bu nə vaxtsa öz yerini tutacaq.

 - Rayon katibinin oğlu olmusunuz. Həyatda nə vaxtsa çətinlikləriniz olubmu?

- Elə də çox imkanlı ailədən olmamışam, ortabab bir ailədə böyümüşəm. O vaxtlar bir az başqa cür idi. Ailəm mənə kömək edirdi. Sonra qəflətən atam rəhmətə getdi və yaşayışım çətinləşməyə başladı. Mən burada artıq hər şeyi atıb rayona getmək istəyirdim. Bakıda ev və işim olmadı. Həyatın bu kimi sınaqlarından keçdim, əziyyətlər yaşadım.  Məni sənətdə “Nəsimi” filminə çəkilməyim saxladı. Yoxsa, mən artıq hazırlaşırdım ki, rayona gedib, orada mədəniyyət evində işləyəm və dərnək yaradam. Amma müəyyən təsadüflər nəticəsində elə oldu ki, “Nəsimi” filminə çəkildim və o film məni sənətdə saxladı. Onu da deyim ki, mən atəşfəşanlı həyat keçirməmişəm, amma pis də yaşamamışam. “Nəsimi” filminə görə mənə ev verdilər və bundan sonra yaradıcılıq həyatım başladı. Amma ona qədər çox əziyyət çəkmişəm.

 

- “Nəsimi” filmi sizin yaradıcılığınızın uğuru oldu. Canlandırdığınız bütün obrazlar ürəyinizcədirmi?

- Mən öz işimə həmişə tənqidi yanaşan insanam. Bəzi filmlərə baxarkən yaxşı olduğunu, bəzilərində isə «bu kadrı başqa cür oynasaydım daha yaxşı olardı» deyə düşünürəm. Amma kino elədir ki, artıq çəkildi və getdi. Onu düzəltmək olmur.

 - Müsahibənizdə qeyd etmisiniz ki, dostunuz Səməndər Rzayev aktyor sənətinin çətinlikləri haqqında sizi əvvəlcədən xəbərdar edib. Bu xəbərdarlıqdan sonra müəyyən qədər tədbirli ola bildinizmi, yoxsa sənətin çətinlikləri siz də yaşadınızmı?

- Təbii ki, mən də yaşadım. O qədər olub ki, kinostudiyaya getmişəm və məni  filmlərdə yoxlasalar da, çəkməyiblər. Buna görə halım çox pərişan olub, hətta elə vaxt olub ki, ağlamışam. Uzun müddət məni filmlərə yoxlayırdılar, amma çəkmirdilər. Özü də adımı çıxarmışdılar ki, yaxşıdır, amma “fotogeniçni” deyil. Amma bir dəfə kinokluba çıxdım və ondan sonra həyatımda Allahın köməyi ilə hər şey yaxşı oldu. Elə vaxtlar olurdu ki, heç nə alınmırdı və buna görə çox üzücü bir həyat tərzi keçirmişəm.

 - Rasim müəllim, Sizin istedadınızla yanaşı boyunuz, xarici görünüşünüz var. Bunun sizin yaradıcılığınlıza təsiri oldumu?

- Təbii ki, mən o görünüşdə olmasaydım, “Nəsimi”yə çəkməzdilər axı. Görünür, mənim üz cizgilərim, boyum rejissoru qane edib. Amma əsas  üz cizgiləri, boydur. Aktyorun görünüşü rola uyğun olmasa çəkməzlər. Aktyorluq sənətində görünüş də rol oynayır.

 - “Babək”, “Nəsimi” və “Dədə Qorqud” kimi filmlərdə böyük obrazlar canlandırmaqla yanaşı, həm də “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam” kimi filmlərdə kiçik obrazlar da canlandırmısınız. Necə düşünürsünüz, kiçik, yoxsa böyük rolları canlandırmaq çətindir?

- Hər obrazın öz çətinliyi var. Kiçik obrazı da elə oynamalısan ki, yadda qala biləsən. Düzdür, belə bir söz var: “Obrazın böyük-kiçiyi yoxdu,  aktyorun böyük-kiçiyi var”. Bəzən baxırsan ki, aktyorlar kiçik obrazlar oynayırlar və yadda qalırlar. Amma mən bu fikirlə həm razıyam, həm də razı deyiləm. Böyük rol həm də böyük insandır, obrazdır, bir şansdır, öz sənətinlə diqqət cəlb etmək üçün böyük bir şeydir. Amma kiçik epizod oynayan aktyorda elə bir obraz canlandırmalıdır ki, orada hansısa fikir və məqsəd olsun. Yoxsa elə-belə obraz olanda heç yadda da qalmır. Epizodun mənası olmalıdır. O epizod uğurlu alınır ki, orada düzgün fikir, məqsəd var. Hətta kiçik olmasına baxmayaraq, onun o filmdə müəyyən bir əhəmiyyəti olur və aktyor onu gözəl oyanyırsa, yadda qalır. Hər ikisi də lazımdır. Hamı baş rol oynasa, bəs kiçik epizodları kim oynayacaq? Filmdə oynamaq üçün bir məqsəd olmalıdır. Yoxsa, «filmə çəkildim, vəssalam» desən, yaddan çıxıb gedir.

 - Xarakeriniz necədir? İnsanlarla tez ünsiyyət qurmağı bacarırsınızmı?

- Mənim özüməməxsus müəyyən xarakerim var, heç vaxt pislik haqqında düşünmürəm. Amma mənim haqqımda özüm deyil, tanıyan insanlar fikir bildirsələr, daha obyektiv olar. Adam özü haqqında danışa bilmir. Düzdür, müəyyən hərəkətlərimi, davranışımı gözləyən adamam və mənə elə gəlir ki, düz edirəm. Amma bəlkə də başqası belə düşünmür.

 

- Boş vaxtlarınız necə keçirisiniz? Mütaliə etməyi sevirsinizmi?

- Əlbəttə ki, müatilə edirəm. Bizim nəsil nümayəndələri kitab oxumaqla formalaşıb. Bu gün çox təəssüf ki, gənc nəsil çox bədii ədəbiyyat oxumur, az mütaliə edir. Bu da onların düzgün formalaşmasında problem yaradır. Bədii kitablar insanı maarifləndirir. Daim mütailə insanın formalaşmasına, dünyagörüşünə, həyata baxışına yaxşı təsir edir. Kitab oxuyarkən insan çatışmayan cəhəti varsa, ondan imtina edir, özünü o obraza bənzətməyə çalışır, ədalətli, vicdanlı olmağa çalışır. Yəni insanın formalaşmasında qiraətin, oxumağın çox böyük əhəmiyyəti var.

 - Övladlarınız arasında sənətinizin davamçıları varmı?

- Yox. Övladlarım bu sənətə gəlmək üçün cəhd də etmədilər. Əgər görsəydim ki, istedadı var, ona yox deməzdim. Övladımın biri Tibb Universitetini, biri isə Bakı Dövlət Universitetini  bitirib və işləyirlər.

 - Son olaraq nə demək istərdiniz?

- Arzulayıram ki, hər yerdə yaşayan azərbaycanlı azərbaycanlı olması ilə fəxr etsin, bir-birinə yaxşı münasibətdə olsunlar. Bütün insanlar uğura can atmalıdır. Yersiz təkəbbürə, lovğalığa, yekəxanalığa yol verməsinlər. Onlar insanı məhvə aparır.

 

 

Rəqsanə

Üç nöqtə.- 2015.- 21 fevral.- S.- 13