“Atam məşq edəndə
evdə sükut olurdu” - Müsahibə
Sevinc Turabova: “Atama ilk dəfə
aldığım hədiyyəni ona verə bilmədim”
Kino və ya teatr sahəsində tanınmaq o qədər asan deyil. Amma daha çətin olanı hər iki sahədə xalqın sevimlisi olmağı bacarmaqdır. Tarixə nəzər saldıqda hər iki sahədə öz sözünü deyən az sayda aktyorların olduğunu görərik. Onlardan biri də kinoda əvəssiz rollar yaradan, eyni zamanda teatrı ikinci evi hesab edən Həsənağa Turabovdur. Arzuladığı bütün rolları ifa edən aktyor Şah Qacar rolunu da oynamaq istəsə də, bu istəyi yarımçıq qalır. Oğlunu gənc yaşda itirən aktyor sanki bununla həyatdan küsür. Müsahibim olan aktyorun qızı Sevinc Turabova bizimlə söhbətində bildirdi ki, H. Turabov sənətini sevən, ailəsinə bağlı insan olub. “O, məni çox istəyirdi. Həmişə deyirdi ki, mən rəhmətə getsəm Sevinc mənsiz neyləyəcək? Mən onsuz neyləyəcəm?” – deyən Sevinc xanımla atası ilə bağlı söhbət apardıq.
- İlk baxşıdan sizi atanıza bənzətdim. Qardaşlarınız da atanıza bənzəyirmi?
- Qardaşım Daşqını hər kəs atama bənzədirdi. Daşqın bir dəfə teatrda Şəfiqə Məmmədova ilə qarşılaşıb. Şəfiqə xanım deyib:»Elə bildim Turabovun cavanlığıdı». Daşqın atamın Gəray bəy obrazını oynadığı vaxtına bənzəyirdi. Axır vaxtlar isə Yalçın atama daha çox oxşamağa başlayır. Yaşa dolduqca ona daha çox oxşayırıq. Yalçını isə atamın Qaçaq Nəbidəki vaxtına oxşadıram.
- H.Turabovla bağlı danışanlar “sözündən dönməz insan olub” - deyirlər...
- Atam
dediyini edən insan idi. Uşağa belə
söz vermisinizsə, ona da mütləq əməl edin, edə
bilməyəcəyiniz bir şey üçün söz verməyin
deyirdi. Nə qədər acı olsa da
sözün düzünü deyirdi. Yalandan
kiməsə ümid vermək atamlıq deyildi. Özü də hansısa işi üzərinə
götürürdüsə, mütləq nə qədər
çətin olsa da yerinə yetirirdi. Ölən
günə qədər hamıya kömək etdi. Ölümündən 3-4 gün əvvəl bir
xanım zəng vurub atamı soruşdu. Atamı dəstəyi
götürüb “Təbrik edirəm”, “Lap yaxşı”, “Ailənlə
orda yaşa” sözlərini dedi. Maraqlandım, nə
olduğunu demədi. Sonra bir kişi
zəng etdi və oğlu ilə bağlı nə isə
danışdılar. Bir neçə gün
sonra atam rəhmətə getdi. Evə gələnlərin
çoxu tanış olsa da bir kişi ilə
bir qadını tanımadım. Kim
olduqlarını soruşdum. Xanım oğlunun onu evdən
qovduğunu dedi. Həsən müəllimdən kömək
istədim və o mənə AZDRAMA tərəfdə balaca bir
ev tapdı, orda qaldım. 3
gün öncə Həsən müəllimlə telefonda
danışmışdım. Evə
yığışanda sizi qonaq çağıracam
demişdim. Amma qismət olmadı. Kişinin oğlunu isə hardasa işə düzəltməyə
kömək edib. Rəhmətə gedəndən sonra evə
bir kişi zəng vurub atamın
öldüyünü eşitdiyini dedi. Dedim hə
düzdür. Siz kimsiz? Dedi xalqıq, bizi
tanımazsız və ağladı. Atamla AZDRAMA-ya vida mərasiminə
gələn adamları görəndə bildim ki, onu sevən
nə qədər adam varıymış. Sevildiyini bilirdim, bu qədər olduğunu təsəvvür
etmirdim.
- Belə
çıxır ki, o sevgini tək rolları ilə
qazanmayıb?
- Atam rolu
öz həyat kimi yaşayırdı. Deyirdi
insan məşğul olduğu işini sevməlidir.
Aktyorluqla yolavermək xatirinə məşğul ola bilmərəm. Elə rol
oynamalıyam ki, xalq məni, mən də xalqı sevim. Bəzən bir gündə iki tamaşa
oynayırdı. Halbuki onun dublyoru
oynamalı idi. Hamı tamaşaya Turabovun adına
gəlirdi deyə, atam səhnəyə çıxmalı
olurdu. Premyera bir dəfə olmalıdı.
Amma Turabova görə 4-5 dəfə premyera
edirdilər. O, teatrdan çıxandan sonra da ora gedirdi. Məni də yanında aparırdı. Mənimlə söhbət ona maraqlı gəlirdi.
Atamla teatrda foyedə gəzəndə bir kişi
yaxınlaşıb dedi ki, Həsən müəllim
eşitmişəm teatrdan çıxmısız. Müsbət
cavab alanda kişi ağladı və dedi:
«Həsən müəllim teatra sizə görə gəlirdim».
Atam üçün teatr həmişə ikinci evi olub. O, özünü sənətilə
yanaşı, sadəliyi, dürüstlüyü ilə xalqa
sevdirdi.
- Aktyorlar
deyirlər ki, bu sənət ömrü qısaldır. Oynadığı rollar Həsən müəllimin
həyatına nə dərəcədə təsir edirdi?
-
Oynadığı rollar aktyorun həyatına doğrudan da təsir
edir. Amma atamın ömrünü qısaldan,
onu sarsıldan qardaşımın vaxtsız ölümü
oldu. Atam ona həvalə edilən
bütün rolların öhdəsindən lazımınca gəlirdi.
Bir dəfə
İlyas Əfədiyev ona zəng edib “Unuda bilmirəm”in
ikinci hissəsini yazmaq istədiyini dedi. Orada
Amaliya Pənahova ilə atamın oynamağını istədiyini
bildirdi və pyesi məhz onun üçün
yazdığını söy lədi. Əsər
yazıldı və həmin tamaşanın 4-5 dəfə məşqlərinə
getmişəm. Atam rolları böyük
məsuliyyətlə oynayırdı. Tamaşalar oynamaq istəyirdi,
amma qardaşımdan sonra həyata marağı yox idi. Həmişə deyirdi ki, ürəyimdə olan
bütün rolları oynamışam, bircə Şah Qacar
qalıb. O rolun hazırlıqları gedən vaxt
qardaşım rəhmətə getdi və atamın əli
bütün işdən soyudu. Teatra gedib məşqlərə
baxanda belə keçmişi xatırlayırdı. Həmişə atamın məşqlərində
aktyorlarla yanaşı, qardaşlarım və mən də
olurduq.
-
Oğlunuza qardaşınızın adını vermisiniz.
Daşqın Həsən müəllim üçün təsəlli
ola bildi?
-
Daşqın cavan yaşında rəhmətə gedəndə
oğlum dünyaya gəldi. Onun adını
uşağa verəcəyimi deyəndə istəmədilər.
Amma mən onun adını oğluma qoydum.
O, dayısına oxşayır. İkinci
oğlum Zaur isə atama çox oxşayır. Daşqını atam çox istəyirdi və
deyirdi onu birinci sinifə özü aparacaq. Amma qismət olmadı.
- Bəs
babalarının davamçısı var?
-
Daşqın haqda danışanda deyirdi ki, onu hansı sahədə
qoysan orada irəliləyəcək. O, uşaq dərnəyində
tamaşalarda iştirak edirdi. Çətin
rollar həvalə olunsa da, öhdəsindən yaxşı gəlirdi.
Hamı deyirdi ki, bu gələcəyin artistidir.
Bir dəfə 10-cu siniflərin bayram
tamaşası üçün məktəbdə aktyorlar
axtarırmışlar. Daşqını
da seçiblər. Məşqdə rejissor deyib ki, bu
oğlanda mənə tanış gələn
hərəkətlər var. Turabovun nəvəsi olduğunu
biləndə deyib: « Özündən başqa hərəkətləri
də babasına oxşayır, istəsə aktyor ola bilər».
- Amma
olmadı...
- Mən
ona aktyorluğu məsləhət gördüm. Amma oğlumun seçiminə qarışmadıq.
Hazırda Texniki Universitetdə təhsil
alır. Aktyorluqla məşğulə
olub-olmayacağını gələcək göstərəcək.
-
Oğlunuzun atanız kimi aktyor olmağını istəyərdiniz?
-
Yaxşı aktyor olmaq üçün çox zəhmət
çəkmək lazımdır. Atam Şəfiqə
Məmmədova, Hökumə Qurbanova, Nəcibə Məlikova
kimi aktrislarla bir yerdə işləyib. Onları
görüb, öyrənib, tərəf müqabili olub. Oğlum indi kimdən öyrənəcək? Kimlərlə tərəf müqabili olacaq? Əvvəlki vaxt olsaydı aktyor olmağını
çox istəyərdim, amma indi yox.
- Əvvəllər tamaşaçılar sevdikləri
aktyorlara məktublar yazırdılar. Sizin evə məktublar gəlirdi?
- Atama ünvanlanan hansısa sevgi məktubunu görməmişəm. Amma onu hədsiz qısqanırdım. Bir dəfə işdə müəllimlərlə oturmuşduq. Birdən qızlar dedilər ki, Həsən müəllim üçün ölürük, onu çox istəyirik. Bir sözlə atamı tərifləyirdilər. Axırda dözməyib dedim siz kimsiz atamı çox istəyəsiniz? O mənim atamdır. Bir anlıq uşaqlıq etdim. Yaşlı müəllimlərdən biri dedi ki, o evdə sizindir, ümumilikdə xalqa məxsusdur. Ondan sonra atamın tək mənə məxsus olmadığını başa düşdüm.
- Ananız atanızı qısqanmırdı?
- Onlar
orta məktəbdə bir-birini seviblər. Valideynləri
onların evlənməyinə razı olmayıb. Amma sevgilərindən əl çəkməyiblər
və sonda nişanlayıblar. O, bütün çəkilişlərə
anamı aparırdı. Anam onu heç
qısqanmırdı. Mən dəhşət
qısqanırdım. Atam deyirdi ki, anan sənin
kimi qısqanc olsaydı batardım. Anam ona
çox etibar edirdi. Atam anamı o qədər
çox istəyirdi ki, bir sözü ilə hər şey edərdi.
- Azər
Paşa Nemətov H.Turabov haqqında danışanda qeyri-adi
dostdur deyib. Həsən müəllim kimlərlə
dostluq edirdi?
- Azər
müəllimlə atam cavanlıqdan dost olublar. Onlar bir-birinin dərdini dinləyib,
can yandırıb, kömək etməyə
çalışan dost, qardaş olublar. Vaqif
İbrahimoğlu, Eldar Quliyev, Kamal Abdulla ilə yaxın dost
idilər.
- Evdə
məşq edirdi?
- O, evdə
məşq edəndə otağın qapısını
bağlayırdı. Anam isə bizi sakitləşdirirdi.
Evdə sükut olurdu. Hamımız
qapının yanında durub dinləyirdik.
- Əsəbi insan idi?
- Kin, əsəb
ondan kənar idi. Bizə deyirdi ki, məsələni dillə
yola qoyun, əsəblə iş həll olunmur. Atamın
baxışından nə demək istədiyini
anlayırdıq. Sözə ehtiyac yox idi.
- Atanızın mənfi obrazlarını izləyəndə nə hiss edirsiz?
-Onun mənfi obrazı bircə Gəray bəy olub. Mənfi olsa belə atamı o rol ilə sevənlər çox idi. Məktublarda gözəl oynadığını yazırdılar. Mənfi rol kimi qiymətləndirənlər az idi. Mən o filmdə atamı mənfi obrazda görə bilmirəm.
- Amma mənfi-müsbət oynamasından asılı olmayaraq rolları onu yaşadır...
- Bir dəfə mənə dedilər ki, siz çox xoşbəxtsiz. Dedim bu qədər dərdin içində nə xoşbəxtlik? Cavabında, «bizim atamız rəhmətə gedəndən sonra ancaq toy kasetlərində görə bilirik. Sizin atanızın isə dövlət səsini, filmlərini qızıl fondda saxlayır» eşitdim. Bəzən elə bilirlər ki, atamı hər dəfə izləmək mənə rahatdır. Amma onu izləmək çox çətindir. Axşam Azərbaycan radiosunda atamın qəzəllərini dinləyəndə ağlayıram. Qulaq asmamağa çalışıram, amma özümdən asılı olmadan bir də baxıram ki, artıq radionu açmışam. Eşitmək istədiyim o səs mənə əzab verir. Səsini eşitdikcə sağ olmasını arzulayıram. Televiziya kanalları onu unutmayıb. Filmlərini verirlər, haqqında verilişlər hazırlayırlar.
- Atanız sağ olanda güldüyünüz, indi isə ağlayaraq xatırladığınız xatirəniz varmı?
- Martın 17-si mənim, 24-ü isə atamın ad günüdür. Həmişə özümə hədiyyə aldırırdım, amma atama almırdım. Fevralın 23-ü günü üçün mamam və mən atama ayrı-ayrılıqda ətir hədiyyə almışdıq. Fevralın 22-si günü o dedi ki, hədiyyəmi indi verin. Mamam da verdi. Atam ətiri havaya vurdu, dedi qoy havadan gözəl ətir qoxusu gəlsin. Məndən də hədiyyəni həmin gün verməyimi istədi. Dedim bayram sabahdı. Sabah isə o rəhmətə getdi. Ölüm haqdı. Atama ilk dəfə aldığım hədiyyəni ona verə bilmədim. 23 fevral gələndə tez keçməyini istəyirəm. O hədiyyəni məndən istəmişdi. Əslində ətirin mahiyyəti heç nədir. Amma kaş sabahı gözləməyib versəydim deyirəm.
Aygun Asimqızı
Üç nöqtə.- 2015.- 28 fevral.- S.- 13