“Ürəyimi nişan al, Kələntər
dayı, ağrıdır axı” - MƏŞHURLA
MÜSAHİBƏ
"Yeddi oğul istərəm" filmində Şəkər bəyin komsomol oğlu Cəlal rolunu oynayan əməkdar artist Ənvər Həsənovu hər kəs tanıyır.
Aktyor milli kinomuzda 50-dən artıq filmdə bir-birindən gözəl rollar yaradıb. Amma yaddaşlarda daha çox Cəlal kimi qalıb. O filmə çəkiləndə aktyorun cəmi 20 yaşı vardı. Avqustda isə 65 illik yubileyini qeyd edəcək. Amma hələ də Ənvər Həsənovu getdiyi yerlərdə onu Cəlal kimi çağıranlar var.
Ucnoqta.az aktyorun Publika.az-a müsahibəsini təqdim edir.
- Yaşınız üstə yaş gəlsə də, biz elə sizi həmişə "Yeddi oğul istərəm" filmindəki gənc, yaraşıqlı Cəlal kimi tanıyırıq...
- Yox e, nə danışırsan, çox dəyişmişəm. Heç bunu istəməsəm də, yaş öz sözünü deyib. Xüsusən də xarici görünüşümdə. Avqust ayında 65 yaşım tamam olacaq.
- Ay maşallah!
Ənvər müəllim, bu
illəri sözün
əsl mənasında
yaşamısınız, yoxsa
yola vermisiniz?
- Sözsüz ki, yola verdiyim
illər də olub, dadını çıxardığım illər
də. Ağır günlərim də
olub, ortabab və gözəl günlərim də.
- Maraqlıdır,
ən çox hansı yaşınızı
daha çox sevmisiniz?
- 1965-ci ildən
1990-cı ilədək keçən
dövrü ömrümün
ən gözəl illəri saymışam. Həmin vaxtlarda bir gün
də boş keçməyib. Yaradıcılığım qaynar qazan kimi qaynayıb.
- Bildiyimiz qədər, 50-dən artıq
filmə çəkilmisiniz.
Özü də milli kinomuzun şedevrlərini nəzərdə tuturam.
Amma nədənsə, daha çox Cəlal kimi yaddaşlara həkk olunmusunuz. Bunu özünüz də etiraf edirsinizmi?
- Rəhmətlik
Ədil İsgəndərovun
bir sözü vardı ki, aktyor çox obrazlar yarada bilər. Amma həmin rolların
sevilməsinə, gözəl
olmasına baxmayaraq, bir rolun möhürünü
vuracaq. Mənim də baş
rollarım çox olub. Amma hara getmişəmsə,
məni Cəlal deyib çağırıblar.
Bir də "Uşaqlığın
son gecəsi" filmində
Murad rolum da çox sevildi.
Məni gah Murad çağırırlar,
gah da Cəlal.
- Bildiyimizə görə, Cəlalı satdığı üçün
rəhmətlik İsmayıl
Osmanlını daşqalaq
da ediblərmiş. Heç buna görə peşmançılıq hissi
keçirirdiniz?
- İsmayıl
müəllim çox
gözəl insan və aktyor idi. Ölümündən
bir-iki il
qabaq onunla qrim otağında görüşdük. Ayağa qalxıb
məni qucaqladı və kövrəldi ki, ay Ənvər, sən məni öldürdün. Gərək bu
yaşımda mən
o rolu üzərimə
götürüb, xalqın
nifrətini qazanmayaydım.
Mən onu sakitləşdirdim.
Dedim, ay İsmayıl
dayı, görün siz bu obrazı
necə məharətlə
oynamısınız ki,
xalq sizə inanıb. Toxtaqlıq verdim ki, bunu ürəyinə salmasın. Amma bu rola görə içində
bir sınıqlıq
qalmışdı.
- Filmdən sonra hər kəs məni görüb, ölmədiyimə görə
sevinirdi. Çəkiliş zamanı bir
hadisəni də danışım. Mirpaşanın ölümündən sonra
mən gedib Gəray bəyin qapısını döyürəm.
Kələntər dayı da orda mənə deyir ha, sənin yavrunu apardılar. Mən də qışqırıram
ki, bəsdi, bəsdi, qoca. Bu məqamda mən
ona bir sillə
çəkib, kadrdan çıxıram. İsmayıl
dayı mənə dedi ki, adə,
mən bu silləni hiss eləmirəm,
möhkəm vur. Mən xəcalət çəkə-çəkə
ona möhkəm bir sillə çəkdim. Sillə elə
bərk oldu ki, kişinin protez dişi ağzından çıxıb
yerə düşdü.
Amma mən sonradan bu kadrı filmdən
çıxartdırdım.
- Niyə?
- Mən sonradan Şahmar, Həsən, Əbdüllə
oturub söhbət eləyəndə dedim ki, ay uşaqlar, noolsun ki mən
filmdə Şəkər
bəyin oğluyam, axı bizim adət-ənənəmizdə ağsaqqala əl qaldırmaq xoşagəlməyən
hərəkətdir. Israrla
dedim ki, mən bu kadrın
filmə daxil edilməsini istəmirəm.
Getdik filmin rejissoru Tofiq Tağızadənin yanına. Tofiq müəllim də
məni inandırmağa
çalışdı ki,
bu, güclü kadrdır və filmin təsir qüvvəsini artıra bilər. İsmayıl Osmanlı da
onun yanında idi. Tofiq müəllim əsəbiləşdi
ki, ə, görmürsən,
o, sənin atınla gəlib, öz tüfənginlə səni
güllələyir, hələ
bir ona yazığın
gəlir? Nə isə,
mənim və dostlarımın təkidi
ilə həmin kadrın filmdən çıxarılmasına nail oldum.
- Heç çəkiliş zamanı
ekstrim vəziyyətlər
yaşandı?
- Çox oldu. Cəlalın ölüm səhnəsi
çəkiləndə ölümün
caynağından güclə
qurtardım. Əl-qolumu bağlayıb,
məni atın üstünə mindirdilər.
Çəkilişlər də Qobustanda,
sıldırım qayalıqda
aparılırdı. Birdən at qarşısında
nə gördüsə,
qəfildən hürkərək
götürüldü. Mənim də əlim-qolum bağlı, heç nə edə bilmədim. Uçurumun 20 metrliyində kimsə
atın boynunu qucaqlayıb saxladı.
Baxdım ki, kinostudiyanın
işıqçısı Arifdir. Tofiq Tağızadə necə qorxmuşdusa, bir də o kadrı
çəkmədi. Amma mən
çox təkid etdim ki, çəkilsin.
O kadrı da filmə salmadılar. Filmə daxil edilən həyətə girdiyim yerdə çəkildiyim
kadrdır.
Ümumiyyətlə, filmin çəkilişləri
zamanı bir neçə ekstrim vəziyyətin şahidi olduq. Qəbiristanlıqda atışma səhnəsində
qəlpə bir nəfərin gözünü
zədələdi.
- Bu gün yeddi oğulun çoxu dünyasını
dəyişib. Onların yoxluğu
ilə barışa bilirsinizmi?
- Yeddi oğuldan üçümüz
qalmışıq, sıramız
getdikcə seyrəlir.
Bu gün də
otağımda yeddi oğulun fotosunu saxlayıram. Hər dəfə
onları görəndə
gözlərim dolur.
- Ənvər müəllim, nədənsə,
bir çox həmkarlarınız son vaxtlar
bu sənəti seçdiklərinə görə
peşman olduqlarını
deyirlər. Sizdə belə
hallar yaşanır?
- Son iki-üç ildə məndə belə peşmanlıqlar olub.
- Niyə?
- SSRİ
vaxtı mən raykom, Bakı Mərkəzi Komitəsinin
üzvü idim, vəzifədə qalıb
yüksəlmək fürsətlərim
vardı. Məni orqanlara işləməyə
dəvət edirdilər,
amma mən kinonu seçdim. İndi baxıb görürəm
ki, bəlkə də, düzgün eləməmişəm.
- İndi
filmlərə çəkilmirsiniz?
- İndi oturaq işlə məşğulam
və bu da məni yorur. Kino yayım şöbəsinin
müdiriyəm - bu da oturaq işdir.
Evdə otur, işdə otur, maşında otur - formamı da itirmişəm.
- Arzuladığınız,
amma ürəyinizdə
qalan rollarınız olub?
- Yox. Şükür Allaha ki, Həsən Seyidbəyli, Arif Babayev, Tofiq
Tağızadə kimi
böyük rejissorların
filmlərində oynamışam.
- Bəs öz taleyinizi oynadığınız rol
olub?
- Bəli. "Uşaqlığın son gecəsi" filmində oynadığım Murad.
Allah rəhmət eləsin, məni ilk dəfə filmə çəkən rejissor Arif Babayev olub.
Mən Ədil İsgəndərovun
tələbəsi idim
və onun köməkliyi ilə Arif Babayevin bir filmində rejissor köməkçisi
işlədim. O vaxtdan
aramızda olan yaş fərqinə baxmayaraq, dostlaşdıq.
Sonra da mənə Murad rolunu verdi.
Əslində o, mənim həyatdakı
prototipimi Murad rolu ilə yaratmışdı.
- Həyatda
da Murad kimi çılğın
idiniz?
- Mən elə indi də
eləyəm.
- Cəlala qayıtmaq istəyirəm.
Mənə çox maraqlıdır,
həyatda da Cəlal kimi, sevdiyiniz qıza görə ölümə
gedərdinizmi?
- Gedərdim.
- Qızı sizə vermirdilər?
- Hər halda çox mübarizəli həyat yolum olub. Amma o, mənə görə
ölümə qurban
getdi. Yeddi il bundan
qabaq avtomobil qəzası keçirdim,
mən yaralandım, o
həlak oldu.
- Aktrisa idi?
- Yox, İncəsənət Muzeyində
elmi işçi idi. Amma aktyor kursunu
da bitirmişdi. Tale elə gətirdi
ki, biz nişanlı olanda o da mənimlə
"Dərviş Parisi
partladır" filmində
çəkildi. Mənim nişanlım
olanda Şərəfnisə
rolunu ona tapşırmışdılar. Sonra Həsənağa Turabovla
Əbdül Mahmudbəylinin
təkidindən sonra
"Atları yəhərləyin"
filmində xanımıma
Həcəri oynamağa
da icazə verdim. Mən də o filmdə
oynayırdım. Bu gün həyat yoldaşımın yoxluğu
mənə çox əziyyət verir.
Üç
nöqtə.-
2015.- 9 iyun.- S. 5