«Təsadüfən aktyorluq sənətinə gəlmişəm»
Həmidə Ömərova:
«Məktəbdən qaçıb hind
filmlərini izləməyə gedirdik»
Kino sahəsində
unudulmaz obrazları ilə tanınan aktrisalardan bir də xalq artisti Həmidə
Ömərovadır. Həmidə xanım
“Şənbə qonağı”mız olaraq
serialların, filmlərin vəziyyətindən və hindistanlı
rejissor Priyadarşanın Azərbaycanda
çəkəcəyi filmdə rol
almasından danışdı. O qeyd etdi ki, heç
vaxt hindistanlı rejissor
tərəfindən ekranlaşadırılan filmdə çəkiləcəyini
düşünməyib.
- Həmidə xanım, Bollivud rejissorunun çəkdiyi filmdə rol alacaqsınız. Bir aktrisa olaraq nə vaxtsa hind filmlərinə çəkilmək kimi arzunuz var idimi?
- Yox. Yatsam yuxuma da gəlməzdi ki, ölkəmizdə Hindistan və Azərbaycanın birgə layihəsi olacaq və orada iştirak edəcəm. Bu mənim üçün və filmdə çəkilən həmkarlarımız üçün həqiqətən də bir möcüzədir. Bizim uşaqlığımız hind filmləri ilə keçib. O illərdə məktəbdən qaçaraq “Zita və Gita”, “Daş və çiçək” və başqa hind filmlərini izləməyə gedirdik. Hətta 50-60-cı illərdə filmlərə çəkilən hind aktyorlarını çox yaxşı tanıyırdıq. Bəzən eyni filmi 7-8 dəfə təkrar izləyirdik. Heç vaxt düşünə bilməzdim ki, nə vaxtsa hindistanlı rejissorun çəkdiyi filmdə obraz canlandıracam.
Uşaqlıqdan aktrisa olmaq istəmirdim və təsadüfən aktyorluq sənətinə gəlmişəm. Ona görə, özümü aktrisa kimi hind filminlərində görmürdüm. Bir dəfə sosial şəbəkədə gördüm ki, şəklimi məşhur hind aktrisası Hema Malinaya bənzədirlər. Təbii ki, dünyada oxşar aktyor və aktrisalar çoxdur. Hindistanda müasir kino sahəsi durmadan inkişaf edir, texniki cəhətdən daha da gözəlləşir. Çox təqdirəlayiq haldır ki, məşhur Bollivud rejissoru, ölkəsinin prezidenti tərəfindən dəfələrlə mükafatlandırılmış Priyadarşan Azərbaycanda film çəkəcək. Bu gün bildim ki, bu layihə üzərində 8 aydır işləyirlər. Layihədə yer alacağıma gəlincə, mənə zəng edib bildirdilər ki, Hindistandan rejissor gəlib və kastinq keçirilir. Kastinqə gedən zaman bir çox aktyorlarımızı, gənclərimizi də orada gördüm. Kastinqi keçdikdən sonra səhəri gün zəng edib bu layihədə iştirak edəcəyimi bildirdilər. İnşallah, hind sənətçiləri ilə bir araya gələcəyik.Bizi hind xalqı ilə birləşdirən cəhətlər çoxdur, istiqanlığımız, qonaqpərvərliyimiz və sair. Hətta rejissorun köhnə filmlərindən fraqmenti gedən zaman orada «tez» sözü yazılmışdı. Mən layihənin direktoru Dia xanımdan soruşdum ki, «tez» nədir? Bildirdi ki, sürət, cəld deməkdir. Mən onlarla ünsiyyətdə olanda çox sözlərin oxşar olduğunu görürəm. Bu nöqteyi nəzərdən düşünürəm ki, film çəkilişləri zamanı dil baryeri cəhətdən heç bir çətinlik olmayacaq. Çünki kompyuter və müasir texnologiyanın köməyi ilə hər birimiz dil tapa biləcəyik. Film triller janrında olsa da, dramatik süjet əsasında çəkiləcək. Mənə elə gəlir ki, tamaşçıları maraqlandıracaq bir film ərsəyə gələcək.
- Bu filmdən sonra hind filmlərində çəkilmək üçün təklif gəlsə, qəbul edərsinizmi? Hindistanda aktrisa kimi tanınmaq istərdinizmi?
- Böyük məmuniyyətlə hind filmlərinə çəkilmək və orada tanınmaq istərdim. Hansı aktyor xarici ölkələrdə çəkilmısini istəməz? Düzdür, mən xarici ölkələrdə - Rusiyada, Özbəkistanda, Tacikistanda, İranda çəkilmişəm. Amma Hindistanda da çəkilməyi çox istərdim.
- Hansı aktyorlarla filmə çəkilmək Sizə xoş olar?
- Öz rejissorumun çəkdiyi filmlərə çəkilmək istərdim. Aktyorlara gəlincə, onlar qəlbən uşaq kimi kövrək olur və ad çəkərək onların xətrinə dəymək istəmirəm. Bir aktyorun adını çəksəm digər aktyor inciyəcək.
- Bəs, hind aktyorlarından?
- Çox sevdiyim hind aktyorları var, Hema Malina, Zinət
Aman, Ayşvariya Ray, Rekxa. O aktrisalarla bir layihədə yer almaq və
çəkilmək istərdim.
Eləcə də, çox
gözəl müasir
aktyorlar da var və onlardan
Sahrux Xan və Salman Xanın adını çəkə bilərəm.
- Hazırda “Bir ailəm var” serialına çəkilirsiniz.
Bu layihədə də yer alacaqsınız.
Bu müddət ərzində digər işləriniz necə olacaq?
- Bəli, hazırda seriala çəkilirəm.
Bu filmdən başqa
Azərbaycan filminə
də çəkiləcəm.
Yəqin ki, Azərbaycan filminə bu filmdən əvvəl çəkiləcəm
və sabah
filmin yarardıcı heyəti ilə görüşəcəyik. Bunlarla yanaşı,
ssenari də yazırdım. Demək olar
ki, tamamilə hazırdır. Kompyuterdə köçürməliydim. Son 20 səhifə qalmış serial başladı.
Teatr layihəmiz
də var. İncəsənət
Universitetində dərs
deyirəm. Bütün bu işlərə görə vaxtım az olur və maşallah, işim çoxdur. Təki iş olsun, çünki iş insanın cövhərdir.
- Xarici ölkələrdə
də filmə çəkilmisiniz. Necə düşünürsünüz,
səhnə fərq, sərhəd tanıyırmı?
- Hind və hər hansı Avropa filmlərinə baxanda aktyorların peşəkarlığına
üstünlük verir
və qəhrəmanlarına
pərəstiş edirik.
Mən inanıram ki, xaricilər də “Arşın mal alan” filminə
baxsalar o hissləri yaşayacaqlar. Necə ki, biz “Avatar”, “Daş
və çiçək”
filmlərinə baxanda
o hissi yaşayırıq.
Çünki xalqlar, insanlar,
aralarındakı münasibətlər,
ailə, ata-ana münasibətləri demək
olar ki, eynidir. Yəni, səhnədə fərq yoxdur və harada çəkilirsənsə çəkil,
peşəkar sənət
göstərməlisən. Bu layihə yaxşıdır
ki, millətlər arasında dostluğu möhkəmləndirəcək və bununla yanaşı, mədəniyyətimizin
Yaxın Şərq ölkələrində təbliğ
olunmasında mühüm
rol oynayacaq.
- Azərbaycanda hind filmləri
daha çox məşhur olub və indi də
izlənilir. Necə düşünürsünüz,
bu film Hindsitanda da məşhurlaşa biləcəkmi?
- Hindsitanda filmi çəkən şirkət
çox məşhurdur
və il
ərzində 100-dən çox
film istehsal edir. Mənə elə gəlir ki, bu film də
uğur qazana biləcək. Eləcə də,
burada çəkilən
və bəyənilən
aktyorları digər layihələrə də
dəvət edə bilərlər. Filmin əməkdaşlığımızı
möhkəmləndirəcəyinə inanıram. Təki, birinci layihəmiz
uğurlu olsun.
- Həmidə xanım, seriala çəklilirsiniz.
Hazırda bir çox
insanlar seriallarda peşəkarlığın aşağı
səviyyədə olduğunu
deyir. Bu haqda Sizin fikirlərinizi
öyrənmək istərdik…
- Vaxtilə dublyaj sahəsinə başlayanda
da eyni sözləri
deyirdilər. Biz 70 il sovet hökümətinin tərkibində
olan bir ölkə olmuşuq. Rus dilində burnunda danışan aktyor dublyajını qəbul edirdik, amma öz
dilimizdə xarici qəhrəmanların danışığını
qəbul etmirdik.
Təbii ki, 10 il ərzində
dublyaj püxtələşdi
və inkişaf var. Yəni, hər şeyə başlamaq və yavaş-yavaş inkişaf etmək lazımdır. Türkiyə
serialında çalışan
bir sənətçi
dedi ki, Azərbaycan serialları çox sürətlə
inkişaf edir və belə getsə, 5 ildən sonra onlar türk
seriallarını keçəcək.
Biz artıq seriallarımızın
auditoriyasını toplamışıq.
Düzdür, serial sahəsində nöqsanlar var, amma inkişaf gedir. Reytinq qazanmağa başlamışıq
və serial izlənilməsəydi
bu qədər tamaşaçı marağına
səbəb olmazdı.
Hər zaman insanlar seriallardakı hadisələri
soruşurlar. Mənə
deyirlər ki, “Siz niyə “Bir ailəm var” serialında gəlininizlə yola getmirsiniz? Nə olar, yoldaşınızla
barışın”.
Hacı İsmayılov serialımızda
Uğur obrazını
canlandırır və
keçən dəfə
deyir ki, bu qədər filmə çəkilmişəm,
teatrda işləyirəm. Amma harasa
gedəndə Uğur
müəllim deyə
çağırırlar. Bunu da nəzərə almaq lazımdır ki, gənc nəsil,
balaca uşaqlar bizi tanımırlar.
Amma hazırda məktəbdən
çıxanda məni
Əsmər xanım deyə çağrırırlar.
İnanıram ki, seriallarımız
daha da inkişaf
edəcək və ildən-ilə püxtələşəcək.
- Təcrübəli aktyorların dəstəyi də lazımdır...
- Bəli, bizim seriala peşəkar aktyorlar cəlb olunur. Bu hal seriallarımız üçün
müsbət haldır.
Çünki gənclərlə bərabər işləyirik
və bu, böyük bir məktəbdir.
- İş prosesində
Sizdən öyrənənlər
çox olur?
- Mən onlardan, onlar da məndən
öyrənirlər. Gənclərimiz istedadlıdırlar. Müasir Azərbaycan
filmlərinə baxanda
görərsiniz ki, gənclərə daha geniş yer verilir. Hindistanlı rejissorun çəkdiyi
filmdə gənc aktyorlarımız da iştirak edəcək.
Filmdə çəkilən
aktyorların 85 faizi azərbaycanlılar olacaq və onların da əksəriyyəti gənclərdir.
Onu da bildirim ki,
son vaxtlar Azərbaycanda
filmlər çəkilir
və mən onları alqışlayıram.
Çünki bu sahədə rəqabət
az idi.
Bir çox aktyorlarımız
sənətlərini göstərə
bilmirdilər. Amma indi
filmlər çoxdur və bu ekran
əsərlərini izləyəndə
pis və yaxşını ayıra
bilirik, rəqabət güclənib və tələbat da artıb. Nə qədər çox film,
serial çəkilsə o qədər
də yaxşı sənətkarlar, istedadlı
gənclər üzə
çıxacaq, kinomuz
inkişaf edəcək
və beynəlxalq səviyyədə tanınacaq.
İnsan
yaşa dolduqca öz keçmişini həsrətlə xatırlayır,
nostalji hisslərə
qapılır. Bizim köhnə
filmlərimiz də bizə o cür təsir edir. Hazırda çəkilən filmlər
də gələcək
nəsillərdə nostalji
hisslər yaşadacaq.
Siz elə bilirsiniz ki, bizim dövrümüzdə
çəkilən filmləri
hamı bəyənirdi?
Yox.
O, filmləri də tənqid edirdilər. Deyirdilər ki, bu nə
filmdir? Amma illər keçdikcə,
hətta səhflərimizi
də görəndə
deyirik ki, necə gözəl anlar və günlər
yaşamışıq. Dövr inkişaf edir və sabah çəkilən
film köhnə filmlərin
təkrarı ola bilməz, ondan daha da yaxşı
çəkilməlidir. Köhnə filmlərimizdə
nostalji hisslər çoxdur. Düzdür, hazırda bəzi
müasir filmlərimiz
var ki, orada
sünnilik hiss edilir.
Rəqsanə
Üç
nöqtə.- 2015.- 25 may.- S.- 4