“Atam istəyirdi ki, həkim olum”

Gövhər Baxşəliyeva: “Nazir qızı olsam da, heç zaman müəllimlərdən güzəşt gözləmirdim”

 

 

 

Mən onu millət vəkili kimi görüb , tanımışam. Xüsusən, bu ali kürsüdən biz gənc alimlərin üzləşdiyi problemləri sadalayaraq, onların həllinin vacib olmasının tez-tez bəyan edir. Bu problemlərin həllinə nail olmasa da, hər halda Milli Məclisdə oturan neçə-neçə alimlərdən fərqli olaraq, bu təşəbbüsdə bulunmaq cəsarətini özündə tapa bilir. Gövhər Baxşəliyeva Azərbaycanda elmin, elm adamlarının, xüsusən gənclərin probleminə daha dərindən bələddir. Ona görə ki, o, ictimai-siyasi fəaliyyəti ilə yanaşı, həm də elm adamıdır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutuna rəhbərlik edir, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvüdür.

Tərcümeyi halına nəzər yetirəndə bildim ki, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib, «Qızıl qələm» mükafatı laureatı, 3 monoqrafiyanın, 5 kitabın, 90-dək elmi və elmi-publisistik məqalənin müəllifidir.

1977-ci ildən Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, şöbə müdiri vəzifələrində çalışıb. 1997-ci ildən isə Şərqşünaslıq İnstitutunun direktorudur.

İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 2001-ci il iyunun 12-dən 2005-ci il dekabrın 2-dək parlament Sədrinin müavini vəzifəsində çalışıb. Hazırda Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür.

Ərəb, rus və ingilis dillərin bilir. “Tanınmışların tələbəlik illəri” rubrikamızda bu dəfə onun gənclik illərini qələmə aldıq.

 

HƏLƏ ORTA MƏKTƏBDƏ DƏRSLƏRİMƏ MƏSULİYYƏTLƏ YANAŞIRDIM

 

- Ailədə 2 qardaş, 4 bacı olmuşuq. Hardasa 5-6 yaşıma qədər dünyaya göz açdığım Bərdədə yaşamışam. Lakin atamın işilə əlaqədar Bakıya köçməli olduq. Buna baxmayaraq, o vaxtları çox yaxşı xatırlayıram. Xüsusilə may bayramlarında maraqlı gəzintilər təşkil olunurdu. Biz ata-babadan Bərdədə yaşamışıq. Bərdənin bütün mərkəzi hissəsində qohumlarım yaşayırdı. Nənəmlə məşhur İmamzadə məqbərəsini ziyarət etdiyim yadımdadır. Məlumat üçün bildirim ki, İmamzadədə səkkizinci imamın nəslindən iki uşaq dəfn edilib. Bərdə məscidi isə anamın ata babasının torpağında tikilib. Hacı Şərif adlı həmin adam çox imkanlı olub. Bərdə camaatı məscid tikmək qərarına gələndə o öz torpağını təklif edib. Məscidin tikilməsinə də elə Hacı Şərif köməklik edib. Sovet İmperiyasının qoyduğu qadağalara baxmayaraq, məscidlərə axın vardı. İnsanlar qadağaları nəzərə almadan, dini dəyərlərə hörmətlə yanaşırdı. Məscidlərə də axın vardı. Hətta, dini bayramda Bərdə qadınlarının nəzir kimi şərbət payladığı xatirimdədir.

Onu da deyim ki, atam Baxşıli Baxşəliyev uzun müddət Azərbaycan SSR Maliyə nazirinin müavini və naziri işləyib. Bakıya köçəndən sonra əvvəl başqa yerlərdə qaldıq. Lakin sonra dövlət atama Montin qəsəbəsində mənzil verdi və ailəlikcə oraya köçdük. Əvvəlcə 39, sonra 212 saylı məktəbə getdim, həm orta, həm də ali təhsilini rus bölməsində almışam. Atam bizə qarşı çox tələbkar olub. Həmişə bizim beynimizə yeridib ki, “düşünməyin ki, atanız nazirdir, bunlar müvəqqətidir. Siz yalnız zəhmətiniz nəticəsində nəyəsə nail ola bilərsiniz, oturun çalışın”. Bizi zəhmətsevərliyə, təvazökarlığa atam öyrədib. Atam mühafizəkar ailə başçısı, əsl müsəlman kişisi idi. Təsəvvür edin, rus məktəbində oxuyurdum, bayram olanda sinif yoldaşlarım hamısı axşam şənliyinə gedirdi, bircə mən onlara qatılmırdım. Çünki atam qoymurdu. Deyirdi ki, “sən heç vaxt unutma ki, müsəlman qızısan, onlar gedirlər-getsinlər, sən getməyəcəksən”. Sinif yoldaşlarıma qoşulmaq həvəsim olduğundan o vaxt atamdan inciyirdim. Amma illər keçəndən sonra başa düşdüm ki, bəlkə də atam doğru edirdi. Yəni bizim cəmiyyətdə xüsusilə qız uşaqları üçün sərbəstliyin həddi olmalıdır. Nə qədər müasirləşsək də Azərbaycan cəmiyyətinin mentaliteti var. Qız uşaqları həmin mentalitetə uyğun tərbiyə edilməlidir. Mühafizəkar olmasına baxmayaraq, ancaq atam ailədə qız uşaqlarının oxumasına qarşı deyildi. O, həmişə deyərdi ki, qızı elə böyütmək lazımdır ki, gələcəkdə heç kimdən asılı vəziyyətə düşməsin, oğlan, lazım gələrsə, hamballıq da edə bilər, amma qızın əlində bir sənəti olmalıdır. Həyatdır, bilmək olmaz necə olacaq, özünə bir parça çörək qazana bilməlidir. Ailə qız uşağını həyata hazırlamalıdır. Ailə qurmadan öncə qıza ali təhsil olmasa da, bir peşə verilməlidir. Ona görə də

həyatda nə əldə etmişəmsə, valideynlərimin verdiyi tərbiyənin nəticəsidir.

Orta məktəbdə dərslərimə məsuliyyətlə yanaşırdım. Adətən, imtahana üç qələmlə gedirdim ki, birdən qələmin biri xarab olar, o birisindən, o da xarab olsa, digərindən istifadə edə bilim.

 

ŞƏRQ ALƏMİNƏ VURĞUNLUĞUM, HUMANİTAR ELMLƏRƏ MARAĞIM ÇOX İDİ

 

İxtisas seçiminə gəldikdə, bunun da maraqlı tarixi var. atam çox istəyirdi ki, həkim olum. Amma şərqşünas olmaqda israrlı idim. Əslində inad göstərməyimin səbəbi də vardı. Böyük bacım və ondan sonrakı qardaşım Tibb Universitetində təhsil alırdılar. Bacım 2, ya 3-cü kursda oxuyanda məni də özü ilə universitetlərinə apardı. Universitetin eksponatlar muzeyində, skeletlərin, xəstə orqanların saxlanıldığı yerdə oldum. Onları görəndən sonra başa düşdüm ki, orada heç vaxt oxuya bilmərəm. Hələ bu azmış kimi, bacım evə sümüklər gətirir, onlarla dərslərini öyrənirdi. Mənə danışırdı ki, morqa gedir, meyit üzərində dərs keçirlər. Bu cür şeyləri hamının ürəyi götürə bilməz. Açığını deyim, mən belə şeylərdən qorxdum. Gördüm ki, bu peşə mənə uyğun deyil. Üstəlik, şərq aləminə vurğunluğumq, humanitar elmlərə marağım çox idi və sənədlərimi indiki Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə verdim və 1972-ci ildə sözügedən fakültənin ərəb dili bölməsinə daxil oldum.

Orta məktəbdə nə qədər məsuliyyətli idimsə, ali məktəbdə ondan iki qat yüksək idi. Məhz bu keyfiyyətimlə müəllimlərinin hörmətini qazandım. Hələ ali məktəbə qəbul imtahanı verəndə mənimlə eyni vaxtda başqa bir nazirin oğlu da imtahan verirdi. Birdən komissiya üzvlərindən biri nazir oğlunun yanına gəlib stolun altındakı “şparqalka”ları çıxardı. Deməyəsən, köçürməyə cəhd edirmiş. Ancaq oğlanı otaqdan çıxarmadılar ki, imtahana hazırlaşsın. Bir qədər sonra onu sualları cavablandırmaq üçün çağırdılar. Bir dənə suala belə cavab verə bilmədi, “2” qiymət yazıb otaqdan çıxardılar. Sonra məni çağırdılar. Bütün sualları cavablandırdım. İmtahanda oturan ağsaçlı, ağbirçək bir müəllimə, səhv etmirəmsə, tarix müəlliməsi idi, dedi ki, “o nazir oğlu, bu da nazir qızı, niyə bu yaxşı cavab verir, o yox”.

Nazir qızı olmağıma baxmayaraq heç vaxt hansısa müəllimdən güzəşt gözləmədim. Çünki həmişə oxumağa maraq göstərmişəm. Orta məktəbdə olduğu kimi, ali məktəb illərində də elə gün olmayıb ki, dərsə, imtahana hazırlıqsız gedim. Bəzən imtahanqabağı gecə də yatmırdım və həmişə də “5” qiymət alırdım. Əksinə, atamın nazir olması bəzən mənə maneçilik törədirdi. Daim kimlərsə xahişlə müraciət edirdi. Xahiş bir olar, iki, üç olar, onlarla xahiş olurdu və bu, məni narahat edirdi.

 

ÇOX ARZU EDİRDİMKİ ƏRƏB ÖLKƏLƏRİNİN BİRİNƏ GEDİB 2-3 AY TƏCRÜBƏ KEÇİM

 

Tələbəlik illərimin hər günü, hər saatı mənim üçün maraqlı keçib və yaddaşıma həkk olunub. Oxuduğum ərəb dili ilə bağlı kitabların əksəriyyəti şərqşünaslıq fakültəsinin ərəb dili kafedrasının müdiri, böyük alim, bu sahənin Azərbaycanda yaradıcısı Ələsgər Məmmədova məxsus idi. 5-ci kursda ərəb dilindən son imtahanı verirdik. İmtahana vaxtından 1-2 saat tez gəlmişdim ki, birdən gecikərəm. Kafedranın qarşısında durub əlimdə kitab imtahana hazırlaşırdım. Ələsgər müəllim məni görüb kafedraya çağırdı. İmtahan sualları olan siyahını əlinə alıb mənə xeyli sual verdi və hamısını cavablandırdım. Çox məmnun qaldı. Çünki maraqlı idi ki, biz dərsləri yaxşı qavrayaq. Bunun üçün dərsdə çox zəhmət çəkirdi, dərsləri həmişə çox canlı keçirdi. Bəzən nəyisə öyrətmək üçün hətta eyni məsələni dəfələrlə təkrarlayırdı. Əmin olmaq istəyirdi ki, biz qavramışıq, ya yox. Buna görə də mənim bütün suallara cavab verməyimə çox sevindi. Amma demədi ki, “get, sənə qiymət qoyuram”, dedi, “imtahana da girərsən”. İmtahanda da yenidən biletimə düşən bütün sualları cavablandırıb “5” qiymət aldım.

Adətən tələbəlik illəri insan həyatının sərbəst illəri hesab olunur. Amma yuxarıda qeyd etdiyim kimi, atam nazir, mühafizəkar ailə başçısı olduğu üçün tələbəlik illərinin mənə verdiyi sərbəstliklərdən tam istifadə edə bilməmişəm. Qrup yoldaşlarımla bayramlar bir tərəfə qalsın, adicə gəzməyə belə getməyə mənə icazə yox idi. Bacılarımla bilirdik ki, heç deməyə də ehtiyac yoxdur, atam onsuz da “yox” deyəcək. Həm də Universitetin ərəb bölməsində oxuyurdum. Ərəb dili çox mürəkkəb dildir. Çox arzu edirdim ki ərəb ölkələrinin birinə gedib 2-3 ay təcrübə keçim, ərəbləri daha yaxından tanıyım. Amma atam ərəb ölkələrinə getməyimə icazə vermədi. “Sən azərbaycanlı qızısan, bizdə belə bir şey mümkün deyil. Hara getmişiksə, atamın imkanı varsa, özü aparıb, imkanı olmayıbsa evdə oturmuşuq. Hər yay Moskvaya ezamiyyətə gedəndə, yayda məzuniyyət götürəndə getdiyi ölkələrə bizi də aparırdı.

Ali məktəbi bitirəndə 1977-ci ildə AMEA-nın Şərqşünaslıq İnstitutunda baş laborant kimi çalışmağa başladım. O gündən bəri 35 ildən çoxdur ki, elmdəyəm və bundan da qürur duyuram.

 

 

 

Əfsun

 

Üç nöqtə.- 2015.- 30 may.- S. 5.