Sahibkarlığın inkişafında yeni mərhələ başlayır
Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir
Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz nəticəsini verir. Artıq Azərbaycanda güclü sahibkarlıq subyektləri yaranıb. Bu barədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib. Onun sözlərinə görə, ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımların sistemli və ardıcıl xarakter daşıdığını, prezident İlham Əliyev tərəfindən son zamanlar imzalanmış müvafiq sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına verilən böyük dəstəyin göstəricisi olub. ASK prezidenti ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətlərinin onun sosialyönümlü səciyyə daşıması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsi olduğunu deyib. Sahibkarlara göstərilən qayğıya və davamlı dəstəyə görə onların adından dövlətimizin başçısına təşəkkür edən Məmməd Musayev bu qərarların ölkə ictimaiyyəti, eləcə də sahibkarlar tərəfindən böyük razılıqla qarşılandığını bildirib. “Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilib. Dövlət proqramlarında davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində sahibkarların rolunun gücləndirilməsi nəzərdə tutulur”, - deyə M.Musayev qeyd edib.
M.Musayev bildirib ki, Prezident İlham Əliyevin 2015-ci il 19 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanı ölkə ərazisində sahibkarlığın inkişafının stimullaşdırılmasına, əlverişli biznes mühitinin təmin edilməsinə, lisenziya verilməsi prosedurlarının sadələşdirilməsinə və şəffaflığın təmin edilməsinə yönəlib.
M.Musayevin sözlərinə görə, azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən dövlətimizin başçısı özəl sektorun inkişafına xüsusi diqqət yetirir. «Qlobal böhranın hökm sürdüyü bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının qorunması qarşıya qoyulan məsələlərin həllinə imkan yaradacaq”, – deyə ASK-nın prezidenti qeyd edib.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə isə institusional islahatların həyata keçirildiyini, iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasında bu islahatların böyük rol oynadığını qeyd edib.
Deputat 2015-ci il 1 noyabr tarixindən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılmasına dair qəbul edilmiş qanunu xatırladaraq ölkədə sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına təkan veriləcəyini, qanunsuz müdaxilələrin aradan qaldırılacağını deyib.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov isə qeyd edib ki, ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Bütün bunların nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9 favizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlib, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80 faizi ötüb. Ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılıb və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunub. Onun sözlərinə görə. sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı, eləcə də tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin minimuma endirilməsi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün müvafiq işlər görülüb.
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov dövlət başçısının atdığı addımların Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübə əsasında təkmilləşdirilməsi istiqamətində əsas yol xəritəsi olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açdığını qeyd edib.
Milli Məclisin Regional məsələlər komitəsinin keçmiş üzvü Tahir Rzayev isə bildirib ki, bölgələrdə sənaye müəəsisələrinin yaradılması çox əhəmiyyətlidir. Təsadüfi deyil ki, son illər ölkə üzrə yaradılan müəssisələrin böyük hissəsi regionların payına düşür. Bu bölgə əhalisinin işlə təminatı baxımdan ciddi fakt olmaqla yanaşı bütövlükdə qeyri-neft sektorunun inkişafında mühüm amildir.
Onun sözlərinə görə, dünyada neftin qiymətinin aşağı düşməsi, iqtisadi böhran ölkəmizə elə də ciddi təsir etməyib. Dünyada baş verən kataklizmlərin fonunda Azərbaycanın sabitlik və inkişaf adası kimi səciyyələnməsi bir sıra obyektiv amillərlə bağlıdır. Azərbaycan o ölkələrdəndir ki, öz iqtisadiyyatını sırf neft amili üzərində qurmayıb. Zamanında həyata keçirilən preventiv tədbirlər, islahatlar kursu, iqtisadiyyatın məqsədyönlü şəkildə şaxələndirilməsi respublikamızın güclü iqtisadi dayaqlarını formalaşdırıb. Son illərdə Prezident İlham Əliyevin ciddi səyləri sayəsində ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi Azərbaycan iqtisadiyyatının qlobal risklərə, o cümlədən də, neftin qiymətinin aşağı düşməsinə yüksək dayanıqlılıq göstərməsini şərtləndirən amillər sırasında mühüm yer tutur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda bu göstərici 45 faizə düşüb və ÜDM-də özəl sektorun payı 80 faizi keçib. Onun sözlərinə görə. Prezident İlham Əliyevin sahibkarlığın inkişaf etdirilməsi məqsədilə imzaladığı fərmanlar sahibkarlığın inkişafı və özəl sektorun ÜDM-də payının daha da artırılmasına, yeni iş yerlərinin açılmasına, ölkəmizin ixracatında bu sahənin payının artmasına xidmət edir. O bildirib ki, iqtisadiyyatın məhz şaxələndirmə siyasəti, ölkə iqtisadiyyatının diversifikasiyası ölkəmizin iqtisadi böhranlara dayanıqlığını artırıb. Ümumiyyətlə, ölkəmizdə qeyri-neft sektorunun daha da inkişafı üçün böyük potensial mövcuddur. Bilirsiniz ki, bölgələrdə sənaye məhəllələri yaradılacaq ki, sənaye sahəsinin inkşafına ciddi təkan verəcək. Eyni zamanda, kənd təsərrüfatının, turizmin inkişafı üçün ardıcıl olaraq tədbirlər həyata keçirilir. Bütün bunlar nəticə etibarilə qeyr-neft sektorunun ÜDM-də payının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.
Üç nöqtə.- 2015.- 5 noyabr.- S.9.