"Mənə evlilik təklifi metroda edilmişdi

 

 

Milli.Az əməkdar aktrisa Yaqut Paşazədə ilə müsahibəni təqdim edir.

 

Yaqut Paşazadəni YUĞ Dövlət Teatrından aktrisa kimi yaxşı tanıyırıq. Həmin teatrın direktoru Tərlan Rəsulovla evli olan əməkdar aktrisanı bu dəfə həyat yoldaşı, ana kimi daha yaxından tanıyacağıq.

Ailədə beş uşaq olmuşuq - dörd bacı, bir qardaş. Rayonda böyümüşük. Atam bizi çox istəyib, onunla aramızda baryer olmayıb. Amma ondan çox qorxmuşuq. Atam heç vaxt bizə əl qaldırmayıb, təhqir etməyib, söyməyib, amma ondan qorxmuşuq. Bu tərbiyəni bizə anam verib: evin böyüyü atadır, ona hörmət etmək lazımdır.

 

"Fikirləşirdik ki, anam niyə belə edir?"

 

Öz ailəmdə də anamın verdiyi tərbiyə ilə davranıram. Düzdü, indiki uşaqlar fərqlidir. Mənim qızım da bu zəmanənin uşağıdır. Amma mən yenə də çalışıram ki, onu anamın məni böyütdüyü kimi böyüdüm. Anamın bizə qoyduğu qadağaları qızıma tətbiq edirəm. Çünki mən özüm o qadağaların bəhrəsini görürəm. Zamanında razılaşmırdıq ki, anam bizi qonşuya getməyə qoymur, müəyyən saatdan sonra evdə olmalıydıq, dərsdən çıxdın evə gəlmək lazımdır və sairə... Fikirləşirdik ki, anam bizi niyə çox sıxır, niyə belə eləyir? İndi qızım da mənim haqqımda belə fikirləşir. Mən ona başa sala bilmirəm ki, sən də bunun faydasını görəcəksən.

Eyni zamanda, qızım çox azaddır. Söz demək azadlığı var, nəyəsə etiraz edə bilər, amma müəyyən həddə qədər. Mən özümü orta nəslin nümayəndəsi saymıram, daha müasir hesab edirəm. Müasirlik isə tərbiyəsizlik, ədəbsizlik demək deyil.

Əslində, mənim digər bacılarımın, qardaşımın ailəsində belə deyil. Anam deyir ki, mən öz tərbiyəmi təkcə Yaqutda görürəm. Hərdən fikirləşirəm ki, görəsən, düz edirəm, yoxsa yox?

 

"Çörəyi belə güclə alan vaxtımız olub"

 

Ailə quranda evdə qayınanam, qayınatam var idi. Tək yaşamırdıq. Qayınatam tez rəhmətə getdi, amma 15 il qayınanamla bərabər yaşamışam. Heç vaxt onlarla söz-söhbətim, problemim olmayıb. Teatrda işləsəm də, günümün çoxu burada keçsə də, bütün ailə problemlərimi özüm həll etmişəm. Kənardan, qohum-əqrəbadan heç kimin ailəmin içinə girməsinə, müdaxilə etməsinə icazə verməmişəm. Bütün problemləri evin içində həll etmişik. Kasıb vaxtımız da olub, lap belə güclə çörək alan vaxtımız da olub. Hər ailədə olduğu kimi... Bütün çətinliklərdən bu ailəni çıxarıb gətirə bilmişik, bundan sonra nə olacaq, onu bilmirəm.

Çox qayğıkeşəm, qonaqpərvərəm. İstəyirəm ki, bizə qonaq gəlsin, mən də ona qulluq edim. Deyilənlərə görə, yaxşı yeməklər bişirirəm. Bu da nənəmdən keçib mənə. Özüm mətbəxi sevməsəm də, birinci mətbəxdə yır-yığış edirəm. Mətbəxdə hər şey yerli-yerində olmalıdır, sonra digər işləri görməliyəm.

 

 

 

Bəs görəsən, Yaqut xanım üçün YUĞ-un səhnəsindən gedib mətbəxdə işləmək çox çətin deyil ki?

- Çox çətin olmur. Bu auradan çıxmağa məcburam. Çünki mənim ailəm var. Dediyim kimi, əvvəl qayınanam var idi, uzun zaman xəstə yatıb, onun üçün ayrıca yeməklər hazırlamalıydım. Bu, artıq ailədə borcdur. Bu, mənim kefimə, istəyimə bağlı olan məsələlər deyil. Bəlkə, kimlərsə bu məsələlərə laqeyd yanaşa bilir, mən bilmirəm. Mən o evə girdimsə, onu təmizləməliyəm. Evdə mütləq xörək olmalıdır, hər şey qaydasında olmalıdır. Çünki mən o evdə yaşayıram, ora mənim ocağımdır. Biz çox vaxt zarafatla evimizə "mehmanxana" deyirik. Çünki günümüzün çoxu teatrda keçir, elə bil evə ancaq yatmağa gedirik. Amma yenə də ora mənim evimdir. Axşam saat 11-də evə gedirəm, gecə 2-yə kimi evin bütün işlərini görürəm. Yoxsa səhər evdən çıxa bilmərəm. Bəli, çox çətindir, çox vaxt elə yorğun oluram ki, bütün bu işləri deyinə-deyinə edirəm. Ancaq bu, ailənin qorunması baxımından çox vacibdir. Mən uşağıma necə yemək bişirməyə bilərəm, yeməyi onu sevə-sevə yedirtməyə bilərəm? Mən belə insanam.

 

"Üstümə qışqırılmasını qəbul edə bilmirəm"

 

- Elə xüsusiyyətlər var ki, ailə qurandan sonra onlar dəyişir. Ancaq elə də xüsusiyyətlər var ki, onları nə ailə, nə ər hökmü dəyişmir. Yəqin ki, Yaqut xanımın da güzəştə getmədiyi, bağışlamadığı məqamlar var.

 

- Üstümə qışqırılmasını indiyə qədər də qəbul edə bilmirəm. Məni hətta söysünlər, amma yavaş-yavaş söysünlər. Sevə-sevə üstümə qışqırılmasını qəbul edə bilmirəm. Mənimlə yüksək səs tonu ilə danışılanda gərgin oluram. Bunu bağışlaya bilmirəm, bir də yalanı... Nə qədər acı, sərt, dözülməz olsa da, həqiqət olsun. Gəlib desin ki, mən adam öldürmüşəm, amma yalan danışmasın. Heç kim mənə xoş olsun deyə başımı yalanla qatmasın. 

 

"Tək aktrisaların ailəsi dağılmır"

 

Həm ailəni, həm sənəti qorumaq çətindir. Yaqut xanım bu çətinliyin öhdəsindən gəlir. Ancaq bu sənətdə ailə sahibi qadınlar çox azdı, təəssüf ki. Bu ailənin problemidir, yoxsa sənətin?

 

- Əslində, digər sənət sahibi olan qadınların da ailəsi dağılır, tək aktrisaların deyil. Həkimin də, müəllimin də, mühəndisin də, jurnalistin də... Sadəcə, biz daha çox göz qabağındayıq, hər hərəkətimiz görülür. Digər sənət sahiblərininsə ancaq ətrafındakı adamlar bilir ki, onların hansı problemi var.

Bəzi sənət adamlarının isə ailəsi başqa səbəblərə görə dağılır, ancaq bəhanə edir ki, mən sənətimi qurban vermədim. Ona görə də mənim ailəm dağıldı. Gərək sevdiyin-seçdiyin adamı əvvəlcədən fikirləşəsən. Bilməlisən ki, bu adam sənə sənətdə qalmağa icazə verəcək, yoxsa yox? Yoxsa mən ailə qurduğum adamı aldadım ki, evlənəndən sonra aktrisalıq etməyəcəm, amma sonra bu sənətə davam edim, bu, artıq həm sevdiyin adama, həm də sənətinə hörmətsizlikdir.

 

"Mən ailəni yox, sənəti seçərdim"

 

- Bəs siz seçim qarşısında qalsaydınız, necə davranardınız?

 

- Mən seçim qarşısında qalmamışam, çünki kiminlə ailə qurduğumu bilirdim. Mənə sənətdə qalmağa icazə verməyən adamla evlənməzdim. Əgər birinci kursda oxuyan vaxtım olsaydı, yəni onda hələ qərarım qətiləşməmişdi, yəqin ki, mən ailəni seçərdim. Ancaq mən ailə quranda artıq 10 il idi ki, teatrda işləyirdim.

Tərlanla evlənəndə biz heç bu barədə danışmadıq da. Çünki o, özü də bu teatrda işləyirdi. Nə mən ondan soruşdum, nə də o, mənə dedi ki, sən teatrda işləyəcəksən, yoxsa yox. Bu yaşda seçim qarşısında qalmaq ağılsızlıqdır. Onu zamanında həll etmək lazımdır ki, zamansız vaxtda seçim qarşısında qalmayasan.

 

 

 

"Mənə dedi ki, bizdə yaşayarsan?"

 

- Maraqlıdır, bir kişi Yaqut xanımı özünə aşiq etmək üçün necə biri olmalıdır? Tərlan müəllimi necə sevdiniz?

 

- Birinci mən sevməmişəm. Mən Tərlanı tanıyanda çox pis nitqi vardı, indi də heç o qədər yaxşı deyil. O, danışanda mən onu yaxşı başa düşmürdüm. Bizim teatra gəlirdi, Vaqif İbrahimoğlu tapşırmışdı ki, o, universitetdə imtahan verəcək, bəzi şeyləri ona öyrət. O danışırdı, hər dəfə deyirdim, nə, nə, nə? İşdən çıxıb evə gedəndə "Neftçilər" stansiyasına qədər mənimlə gedirdi. Bu yolu getmək mənim üçün əzab idi, fikirləşirdim ki, nə qədər "nə?" sualı verəcəm? Ya yalandan "bəli, bəli" deyirdim, guya nə danışdığını başa düşürəm. Çox vaxt elə buna görə ondan qaçırdım. Müəyyən bir zamandan sonra təklif etdi ki, birlikdə bir tamaşa işləyək. Bu tamaşanın üzərində işləyə-işləyə onda mənə qarşı sevgi yaranıb. Artıq bir-birimizə öyrəşmişdik, danışdıqlarını daha çox başa düşürdüm. O, mənə evlilik təklif edəndə dedim ki, əgər sən mənim sevgimi qazana bilsən, mən sənə "hə" deyəcəm. Yəni "Yox" demədim, birinci şərtimiz bu oldu. Bax neylədi ki, mən onu sevdim, onu bilmirəm. Bir vaxt çatdı ki, o, mənə ikinci dəfə evlilik təklif etdi. Özü də mənə "səni sevirəm", "mənimlə evlənərsən?" deməyib. Mənə demişdi ki, bizdə yaşayarsan? Evlilik təklifini bax mənə elə edib, özü də metroda. Dedim, indi bu barədə fikirləşmək olar.

 

"Toyumuzda da elə bilirdik səhnədəyik"

 

Ondan sonra elçilik oldu, evləndik. Artıq 15 ildir bir yerdə yaşayırıq. Bu illər ərzində dalaşmışıq da, küsüb-barışmışıq da. O ailələrdə ki problem olmur, illər sonra qlobal bir problem yaranır və o, ailə dağılır. Bizim davalarımız, əsasən, teatr üstündə olurdu. Evdə qırğın düşürdü. Səsimizi atırdıq başımıza, birdən ayılırdıq ki, biz YUĞ-da deyilik, bina evindəyik, qonşular bizi eşidir.

Heç nəyə fundamental, böyük mənada yanaşmamışıq. Bizim toyumuz da belə olub. Elə bil bir məclisdir, YUĞ-un aktyorları yığışıb bir yerə, bəylə gəlin də simvolikdir. Biz kiməsə baxıb gülürük, intervü veririk. Elə bil tamaşadayıq, sadəcə, bəy-gəlin paltarındayıq.

 

"Qızımın sənətə gəlmək fikri yoxdur"

 

Bir qızım var. Onun dünyaya baxışı fərqlidir. Ailədə üç nəfərik, üçümüzün də musiqi zövqümüz başqadır. Üçümüz eyni mahnıya qulaq asmırıq. Qızım daha çox Tərlana oxşayır. Xaraktercə də, görünüşcə də. Hətta bürcləri də eynidir, qız bürcüdülər. Mən tərəzi bürcü olduğumdan həmişə deyirəm ki, Allah mənə iki qız bürcü verib, hərəsi tərəzinin bir gözündə oturub, mən də onları balansda saxlayıram ki, dalaşmasınlar.

Qızım dilləri çox sevir. Sənətə uşaq vaxtından marağı olub, birinci sinfə qədər YUĞ-da üç tamaşada oynayıb. Yəni sənətdən xəbərdardır, bütün tamaşalarımıza baxıb. Amma bu sənətə gəlmək fikri yoxdur, musiqi savadı var, ancaq artıq onunla da məşğul olmur. Hazırda üç dil bilir, dördüncü dili öyrənmək istəyir.

 

Üç nöqtə.- 2015.- 27 oktyabr.- S13