“Hər bir qadına
ürək dostu lazımdır”
Yaddaqalan
obrazlarla tamaşaçı rəğbəti qazanan Firəngiz
Mütəllimova sevilən sənətkarlarımızdandır.
Xalq artisti şəxsi həyatında
baş verən bəzi hadisələri, o cümlədən, mərhum sənətkar Yaşar Nuri ilə şəxsi
münasibətləri haqda qaranlıq məqamları
ilk dəfə bizimlə bölüşdü. Axar.az xalq artisti Firəngiz
Mütəllimova ilə müsahibəni təqdim edir: Elə məşhurlar
var ki... - Firəngiz xanım, necəsiniz? - Şükür
Allaha, yaxşıyam. - Sizi
tamaşaçıya sevdirən nədir? - Səmimiliyim, hər şeyi düzgün
danışmağım, dürüstlüyüm. - Heç yalan danışmırsınız? - Yox,
tamaşaçıya heç vaxt yalan
danışmamışam, danışmaram da...
Sadəcə, şəxsi həyatımla bağlı
açıqlama vermirəm, çünki
bu mənim şəxsi həyatımdır. - Firəngiz xanım, insanlar sizi sevir,
tanıyır. Xalqın sənətkarı olduğunuz
üçün şəxsi həyatınız
da tamaşaçıya maraqlıdır. Hesab edirəm ki, onlar da sevdikləri sənətkarın
əsl həyatını bilmək istəyirlər. - Bax, insanlar cürbəcür olur.
Elə məşhurlar var ki,
şəxsi həyatlarını nümayiş
etdirmək onlara zövq
verir, elə insanlar da var ki,
bunu bəyənmirlər, gizli
saxlayırlar. Bəzən hər şeyi
açıb deyəndə, xoşbəxtliyin ömrü
də azalmağa başlayır. Firəngiz Mütəllimova
dünyasını dəyişib
- Bu günə qədər
haqqınızda yayılan hansı xəbər sizi sarsıdıb?
- Ölüm xəbərim.
Yazmışdılar ki, Firəngiz Mütəllimova
dünyasını dəyişib, pis oldum. Bir dəfə də
deyiblər ki, guya
qızım var, amma mən
onu gizli
saxlamışam. Düzdü, o xəbər mənə pis
təsir eləmədi, amma təəssüfləndim.
Dedim ki, kaş düz
olardı... - Təbii, ana olmaq hər
qadının arzusudur... - Əlbəttə, ana
olmaq hər bir
qadının arzusudur, istəyidir.
Hansı qadın ana olmaq
istəməz ki?! Amma
hər şey Allahın əlindədir.
O, necə məsləhət bilirsə, elə də olur. - Firəngiz
xanım, çox gözəl
qadınsınız, sevilən aktrisasınız. Nə
qoymadı ki, şəxsi həyatda
xoşbəxt olasınız? -
Şöhrət. Səmimi yanaşanları belə
anlamadım. Bilmədim ki, onlar
məni sevir, ya
Gülnarı. Qaranlıq qaldı o məsələ
mənə. Aramızda məhəbbətdən
başqa hər şey
olub - Rəhmətlik
Yaşar Nuri ilə sevgili olmusunuz? - Xeyr, Yaşar müəllimin ailəsi də məni
çox gözəl tanıyır. Yaşar bilirdi ki, mənim həyatımda kim
var. O, çox gözəl
sirdaş idi. Biz əsl dost idik, aramızda məhəbbətdən başqa hər şey olub. Mən Yaşara elə
dərdlərimi demişəm ki, heç ailə üzvlərim o
məsələlərdən bixəbər olublar. - Üzünüz
gülsə də, mən hər zaman sizin gözlərinizə fikir
vermişəm. Gözləriniz heç gülmür, səbəb nədir? - Hə, o, sözsüz elədir. Üzüm
gülsə də, gözlərim gülmür.
Düz hiss eləmisiniz. - Firəngiz xanım, dediniz ki, həyatınızda
olan şəxsin kimliyini
Yaşar Nuri bilib. Həmin şəxslə niyə sona kimi
alınmadı? - Siz nə bilirsiniz ki, həmin şəxslə sona
kimi alınmadı?! Həmin şəxs indi də həyatımdadır. Mən təzəlikcə
xalamı itirdim, bunu
açıqlayacaqdım. Qismət belə imiş,
sizə deyirəm. - Belə başa düşdüm ki, bizə şad xəbər
verəcəksiniz. - Sadəcə,
ürəyimdən keçənləri deyəcəkdim. Bəzi
insanlar bunu düz başa
düşmürlər. Ürək dostu
deyəndə səhv anlayırlar. Hər bir
qadına ürək dostu lazımdır.
Elə gərək nəsə olsun?! Sənin
həyatda dərdini, sevincini
bölüşəcəyin bir şəxs
olmalıdır. - Anladım, sizin həyatınızda artıq belə bir insan var. - Var, bəli. İlk dəfə
sizə etiraf edirəm. O insan 15 ildir həyatımdadır - Bəs yenidən ailə
quracaqsınız? - Yox, elə bir şey istəmirəm. Hər şey
vaxtında gözəldir. Bir dəfə
ailə həyatı qurdum,
alınmadı. O insan 15 ildir
həyatımdadır. Mənə belə rahatdır. Nə o ailəlidir, nə də mən. - Nikah yoxdur, ancaq birlikdəsiniz. - Bəli, nikah
yoxdur. Bütün günü bir yerdəyik,
yalandan “yox”, - deyə
bilmərəm axı... - Firəngiz
xanım, məşhur insandır?
- Xeyr, tanınmış deyil. Hər bir qadın kimi, mənim də həyatımda kimsə
olmalıdır. Arada düşünürdüm
ki, ailə quraq, ancaq sonra əməliyyat olundum, gözümü açan kimi o insanı gördüm. Onunla yaxşı və pis
günlərimizi bir yerdə keçiririk, həyatda da
əsas budur. Ona
görə deyirəm ki, qadına ürək
dostu lazımdır. Niyə də mən Məhsətini
oynamayım? - Niyə yenidən
ailə həyatı qurmursunuz? - Ailə həyatı qurdum, amma övladım
olmadı. Səhnəyə, efirə çıxıb, deyib-gülürük, amma
bu o demək deyil ki, problemimiz
yoxdur. Mənim də ailəm var, onların da problemləri
olur. Həyatdır... Yəni başım
o qədər qarışıq olur ki, hərdən özüm də yadımdan
çıxıram. Teatrda tamaşa
oyna, seriala çəkil,
universitetdə dərs de, tələbələrin
dərsləri qalsın bir kənara,
şəxsi həyatları ilə maraqlan,
bu, çox çətindir. - Firəngiz xanım, ən çox nədən qorxursunuz? - Qorxuram,
Şuşanı görmədən həyatdan köçərəm.
Şuşanın havasını ata-anamın əvəzinə
də ciyərlərimə çəkmək istəyərdim. -
Yaradıcılığınızda nə yenilik
var? -
Hazırda İlyas Əfəndiyevin “Qarabağnamə”
əsərində Tubu xanımı
oynayıram. Ən böyük arzum əsl Azərbaycan xanımını
oynamaqdır. Niyə də mən Məhsətini oynamayım?
Və yaxud da ki, qaçqın-köçkün bir qadını və ya
şəhid anasını?! - Rolun böyük-kiçiyi
varmı? - Mənim üçün yox. Rolun yox, aktyorun
böyüyü, kiçiyi
var. Səhnə hərəkət sevir. XXI əsrdir, mən də hərəkətli
rolları sevirəm.
Üç nöqtə.- 2015.- 28
oktyabr.- S13