Ölkəmizin uğurlu
inkişafı biznesin inkişafından
asılıdır
Kimya sənayesi yeni
dövrə qədəm qoyubdur
Azərbaycanda yeni zavod, fabrik, istehsalat sahələrinin yaradılması, mövcud müəssisələrin daha müasir qurğularla təchiz edilməsi bütövlükdə ölkə iqtisadiyyatının inkişafına töhfəsini verir. Bütün bu addımlar bir daha göstərir ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda başlanılan bütün layihələr uğurla icra edilir, yeni-yeni müəssisələr, istehsalat sahələri açılır, sahibkarlıq sahəsi inkişaf etdirilir. Bunların fonunda bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılır. “Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın”, -Prezident İlham Əliyev deyib. Dövlət başçısı vurğulayıb ki, bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır: “Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilibdir, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin. Burada işlərin böyük hissəsi dövlətin və Dövlət Neft Şirkətinin vəsaitləri hesabına görülür ki, sənaye potensialımız inkişaf etsin. Özəl qurumlar da gəlib burada iş görəcəklər, bu imkanlardan istifadə edib öz fəaliyyətlərini genişləndirəcəklər, daha çox vəsait əldə edəcəklər və həmin vəsaiti Azərbaycana daha çox investisiya şəklində yatıracaqlar. Bax, bizim siyasətimiz bundan ibarətdir. Bir daha demək istəyirəm ki, Azərbaycanın bu istiqamətdəki siyasəti birmənalıdır. Mən dəfələrlə xəbərdarlıq etmişəm və bir daha deyirəm, kim ki, söz başa düşmür, öz cəzasını alacaq. Bu gün həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq. Ona görə bu gün dünyada yaşanan böhran zamanı belə nəhəng qurğuların istifadəyə verilməsi, investisiyaların cəlb edilməsi və iqtisadi sahədə inkişafa nail olmağımız Azərbaycanın gücünü göstərir. Heç bir qüvvə bizim yolumuzda dayana bilməz. Çünki bizim yolumuz inkişaf, tərəqqi, sosial rifah, sosial ədalət yoludur”.
Dövlət başçısı vurğulayıb ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq: “İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq, artıq ictimaiyyət bunu görür və görəcək. Bizim çox güclü siyasi iradəmiz var. Bu iradənin təməlində Azərbaycan xalqının dəstəyi dayanır. Xalq da bizim bütün təşəbbüslərimizi alqışlayır, bəyənir, dəstəkləyir. Əgər bu dəstək olmasa biz heç bir iş görə bilmərik”.
İlham Əliyev əminliklə bildirib ki, Azərbaycan 2015-ci ili də uğurla başa vuracaq. “Bu gün burada təməl daşını qoyduğum “SOCAR Polymer” müəssisəsi nəinki Azərbaycanda, regionda ən böyük investisiya layihələrindən biridir. Əminəm ki, bu gözəl nümunə digər qurumlar tərəfindən də bir nümunə kimi qəbul olunacaq. Mən bir daha bütün iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət edirəm. Əgər onların işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib deyirəm ki, dərhal məlumat verin, dərhal səsinizi qaldırın. Cəmiyyətdə ictimai nəzarət daha da güclü olmalıdır və hər bir siqnala reaksiya verilir, araşdırılır və əgər təsdiqini tapırsa, onda ölçülər götürülür. Mən bir daha sizi ürəkdən təbrik etmək istəyirəm. Kimya sənayesi yeni dövrə qədəm qoyubdur. Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Bu gün Sumqayıtın potensialı artır, işsizlik aradan qaldırılır, şəhərin abadlaşdırılması üçün, sosial sahədə əlavə tədbirlər görülür. Mən dəfələrlə demişəm, insanları narahat edən bütün məsələlər aradan qaldırılmalıdır. Sumqayıtda dəfələrlə olmuşam və istəyirəm ki, burada heç bir problem olmasın. Nə sosial sahədə, nə infrastruktur, nə idarəetmə sahələrində heç bir problem olmasın, insanlar rahat, rifah, əmin-amanlıq içində yaşasınlar. Sumqayıt bundan sonra da ölkəmizin sənaye və iqtisadi inkişafı işində öz sözünü deyəcək. Bütün sumqayıtlıları mən bir daha salamlayıram, ən xoş arzularımı çatdırıram. Sizi bir daha təbrik edirəm”.
Azərbaycan Prezidenti butilen-butadien fraksiyasının hidrogenləşməsi və maye qazların kükürdlü birləşmələrdən təmizlənməsi qurğularını işə salıb. Qeyd edək ki, hər iki qurğunun layihəsi “Azərikimya” İstehsalat Birliyinin xüsusi konstruktor bürosu tərəfindən hazırlanıb. İnşası “Azərikimya”nın təmir-tikinti idarəsi tərəfindən icra edilən qurğular avtomatik idarəetmə sistemləri ilə təchiz olunub. Butilen-butadien fraksiyasının hidrogenləşməsi qurğusunun layihə gücü ilkin mərhələdə ildə 120 min tondur. Yaxın perspektivdə isə bu rəqəmin ildə 250 min tona çatdırılması nəzərdə tutulur. “Azərikimya” İstehsalat Birliyinin 2015-2019-cu illər üçün hədəfi mövcud istehsalatı modernləşdirmək, yeni tikiləcək polipropilen və yüksək sıxlıqlı polietilen istehsalatlarını tələb olunan miqdarda və keyfiyyətdə xammalla təmin etmək və “EP-300” istehsalatının səmərəliliyini artırmaqdır.
Bildirək ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı sənayeləşmə strategiyasının əsas istiqamətlərindən biri də sənaye mərkəzlərinin yaradılmasıdır. Sənaye parkları yüksək rəqabətqabiliyyətli iqtisadiyyatın müxtəlif sahələrinin daha sürətlə inkişaf etdirilməsinə təkan verir. Bu baxımdan Prezident İlham Əliyevin iştirakı ilə 2013-cü ildə təməli qoyulan Sumqayıt Kimya Sənaye Parkı xüsusi əhəmiyyət kəsb edir. Park Sumqayıt şəhərində əvvəllər ekoloji fəlakət zonası hesab olunan 296 hektar sahədə yaradılıb. Parkın yaradılmasının əsas məqsədləri ölkədə innovasiyalı və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait formalaşdırmaq, bu sahə üzrə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. Sənaye zonasında 40-dək müəssisənin yerləşdirilməsi nəzərdə tutulur. Burada 10 minə qədər daimi yeni iş yerinin açılması gözlənilir. Sumqayıt Kimya Sənaye Parkının investisiya cəlbediciliyinin artırılması məqsədilə parkın rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, eyni zamanda, buraya gətirilən texnika və texnoloji avadanlıqlar əlavə dəyər vergisindən azad olunub. Sumqayıt Kimya Sənaye Parkında “bir pəncərə” sistemi tətbiq edilib. Burada artıq dörd rezident qeydiyyata alınıb. Parkın ərazisində ilk sərmayəçi olan “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin artıq bir neçə zavodu fəaliyyət göstərir. Zavodların keyfiyyət siyasətinin əsasını “müştəri məmnuniyyəti” təşkil edir. Bu hədəfə əsaslanaraq müştərilərə yüksək standartlara uyğun keyfiyyətli məhsullar təqdim edilir. Bunun nəticəsidir ki, ABŞ-ın Neft İnstitutu tərəfindən “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinə beynəlxalq keyfiyyət sertifikatı verilib. Kimya Sənaye Parkında şirkətin üç zavodu fəaliyyət göstərir. “Azertexnolayn”ın əsas istehsal sahələrindən biri polad borular zavodudur ki, burada təyinatı üzrə beynəlxalq standartlara cavab verən keyfiyyətli spiral tikişli polad borular istehsal olunur. Zavodda polad boru istehsalı üzrə üç xətt qurulub. Bu xətlərin hər birinin illik istehsal gücü 200 min tondur. Şirkətin digər bir müəssisəsi isə mexaniki məhsullar zavodudur. Bu zavodda əsasən polad armaturlu borular, metal hasar və plastik birləşdirici hissələr istehsal olunur. Artıq “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodu da istehsala tam hazırdır. Bunlar göstərir ki, Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə aid yeni müəssisələrin tikintisi və mövcud olanların yenidənqurulması istiqamətində önəmli addımlar atılır.
Üç nöqtə.- 2015.- 28
oktyabr.- S.9.