Hələ ki
başım sənətə qarışıb
Ard-arda uğurlu layihələr təqdim edən, hər il tamaşaçılarına fəaliyyəti ilə bağlı hesabat verən müğənni Sevda Yahyayeva qonağımızdır. 11 ildir ki, peşəkar səhnədə olsa da, heç bir həmkarı ilə qalmaqalı düşməyən tək-tük müğənnilərdəndir. Şəxsi həyatı ilə deyil, sənəti ilə gündəmə gəlməyi sevən gənc və uğurlu müğənnilərdən biri sayılan Sevda Yahyayeva Publika.az-ın suallarını cavablandırır:
- Sevda, niyə illər sonra yenidən ilk prodüserin Pərviz Əsgərovla işləmək qərarına gəldiniz?
- Onunla işləmək çox rahatdır. İş münasibətindən savayı, bizim ailəvi münasibətlərimiz də var. Pərvizlə iş birliyimizə fasilə verəndə də münasibətlərimiz davam edib. İstədiyi vaxt o bizə gəlib, mən də onların evinə getmişəm. Dostluğumuz ailəvidir. Bu səbəbdən də ona indiyədək işçi kimi baxmamışam. O, yaxın dostum olub. Sözümüz-söhbətimiz tutub. Məhsuldar beyini var. Elə işçi var ki, sadəcə, pula görə işləyir. Belələri bəzən işə həvəssiz yanaşır, üzərinə düşənin birini edir, digərini yox. Pərviz isə həvəslə işləyir. Bizim birgə çoxlu uğurlu layihələrimiz olub. Məsələn, Heydər Əliyev sarayında konsert keçirmişik, ”Gecdir daha” mahnısına İstanbulda türkiyəli rejissora klip çəkdirmişik. Futbolçu Ruslan Abışovun klipimə çəkilməsi ideyası ona məxsusdur. “Yuxu” adlı konsertim, Rafet El Roman ilə birgə konsert... Bir sözlə, saymaqla bitməyən işlərə onunla birgə imza atmışıq.
- Bir neçə konsertin adını sıraladınız. Bu gün müğənnilər konsertdən qazanc əldə etmədiklərini deyirlər. Verdiyiniz konsertlərdən gəlir əldə edirsiniz?
- Düzünü deyim ki, konsertdən qazancım yoxdur.
- Bəs konsert vermək nəyinizə lazımdır?
- Bu, mənim tamaşaçılarım
qarşısında hesabatımdır. Hər il və ya
iki ildən bir hesabat verməliyəm. “Maddiyyat
güdmürəm”, - desəm, yalan olar. Əlbəttə,
konsertlərdən qazanmağı mən də istəyirəm.
Müğənnilər konsert verəndə dua
edir ki, qazanc götürməsə də, heç olmasa, xərci
ödəsin. Xeyir onsuz da olmayacaq.
- Yaşıl Teatrda verdiyin son konsertin səhnə
işləri möhtəşəmliyi ilə seçilirdi. İşıqlandırma,
rəqqaslar, musiqiçilər, səhnə kostyumları
yüksək səviyyədə idi. Bir
sözlə, bahalı konsert idi. O konsertdən ziyana
düşmədiniz ki?
- Verdiyim
konsertlərin sponsorları olur. Təkbaşına
gücüm çatmaz. Konsert salonunun icarə haqqı,
musiqiçilərlə bir-iki aylıq məşq, reklam işləri,
geyimlər və s. hamısı pul tələb edir. Konsertə dəstək göstərənlər,
sponsorlar olanda, müğənni üçün rahat olur.
Son konsertdən qazancım olmadı. Şükür ki, ziyana da düşmədim. Konsert öz xərcini ödəyə bildi.
- Konsertə
gəlmədiyi üçün bəzi həmkarlarınızdan
küsmüşdünüz. Düzü, ilk dəfə
idi ki, sizi tələbkar və həmkarlarına qarşı
incik görürdük. Həmin həmkarlarınızla
barışmısınız?
- Yox,
barışmadım, əksinə, münasibəti kəsdim.
O sözləri efir xatirinə demədim. İncidim və bunu
dedim. Axı kim dəvət etsə, gedirəm.
İndiyədək çağırılan yerdən
qalmamışam. Heç bir həmkarımın
sözünü yerə salmamışam. İştirak
edə bilməyəndə isə mütləq bunun səbəbini
izah etmişəm. Bu, biri-birimizə
hörmət əlamətidir.
- İncikliyini büruzə verdikdən sonra da zəng
edib üzrxahlıq etmədilər?
- Yox. İnciməyimin əsas səbəbi də məhz
bu idi. İnsandır, hər kəsin
işi çıxa bilər.
- İncidiyin həmkarlarından səni öz tədbirlərinə
dəvət edən olsa, getməyəcəksən?
- Yəqin
ki, onlar da başa düşər və məni dəvət
etməzlər. Fikirləşərlər ki,
getməmişəmsə, demək ki, gəlməyəcək.
- Bizim
toylar bir az rəngarəng keçir. Harada
da görüşməsəniz, toyda istər-istəməz
üz-üzə gələcəksiniz...
- (Sözümü kəsərək) salam-sağ ol var.
Salam Allah salamıdır. Bir məkana daxil
oluramsa, münasibətimdən asılı olmayaraq, tanımadıqlarımla
da salamlaşıram. Amma bu,
barışıq jesti deyil.
- Əksər müğənnilər ulduz xəstəliyinə
tutulur. Müğənninin başını belə gicəlləndirən
nədir?
-
Heç kəsin adından danışmaq istəməzdim. İnsanların həyata fərqli baxış
bucaqları var. Müğənniyə onun ətrafındakılar
da təsir edir. Müğənnilərin
elə işçiləri olur ki, “sən ulduzsan”, “sən belə
olmalısan”, “sən başını yuxarı tutmalısan”
kimi sözlər deyir. Belə şeylər var. Ya da insan özünü dəyişdirir. Amma belə şeylər mənə yaddır. Mənim üçün sadəlik gözəllikdir.
Məni tanıyanlar da bilir. 11
ildir peşəkar səhnədəyəm. Hər zaman
çalışmışam ki, keyfiyyətli iş təqdim
edim. Bu təkcə konsertlərimə aid deyil.
İstər mahnı olsun, istərsə də
kliplərim. Hər şeydə
tamaşaçımı nəzərə alıb, onlar
üçün zövqlü məhsul təqdim etməyə
çalışmışam. 11 ildə dəyişməmişəmsə,
bundan sonra da çətin ki dəyişim.
- “Yeni
ulduz” yarışmasından çıxandan mütəmadi
olaraq konsertlər verirsiniz...
- Təvazökarlıqdan
uzaq olsa da, deyəcəm. “Yeni ulduz”ların arasında ən məhsuldar
müğənni mənəm! Həmin layihədən
çoxsaylı istedadlı müğənnilər
çıxdı. İlhamə
Qasımova, Aysel Əlizadə və s.
- Bu
gün müğənnilərin toydan başqa heç bir
qazanc yeri yoxdur. Ona görə də əksər
müğənnilər mahnı ifa edərkən toyxananı
nəzərə alır. Siz mahnı
seçərkən nəyə diqqət edirsiniz?
- Bəli,
bu həqiqətdir ki, Azərbaycan müğənnilərinin
yeganə qazanc yeri toyxanalardır. Ancaq mahnı
ifa edəndə toyxananı düşünmürəm.
Fikirləşmirəm ki, bu mahnını oxusam,
toyum çoxalar. Bunu mənim
repertuarıma nəzər salsanız, görəcəksiniz.
Çalışmışam ifa etdiyim
mahnının sözləri təsirli, musiqisi isə gözəl
olsun. Onsuz da ifa etdiyim mahnı sevilsə,
toya çağıracaqlar. Toya
çağırsınlar deyə, toy mahnısı oxumağı
düşünmürəm. Çünki
müğənnini məclisə sümüyə düşən
mahnılar oxuduğuna görə dəvət etmirlər.
Bu, insanların seçimidir. Çalışmışam ki, mahnımı ifa
edim və təqdim etdiyim məhsul sevilsin. Həmçinin mahnılarımı təkcə gənc
nəsil üçün deyil, həm də yaşlı nəslə
oxuyuram. Mahnılarımla hər zümrənin
zövqünü oxşamağa çalışıram.
- Bəstəkardan
mahnı alarkən onun adlı-sanlı və ya gənc
olmasının əhəmiyyəti varmı?
- Yox, qətiyyən!
Mənim üçün bu, önəmli deyil.
Mən önəmi yaxşı mahnıya verirəm.
Gənc ola bilər, amma gözəl mahnılar
bəstələyə bilər.
-
Mahnı seçimində kim sizə
kömək edir?
- İfa etdiyim mahnıları özüm seçirəm. Elə
mahnı var, ilk dəfədən deyirəm ki, bu, mənimdir.
Belə mahnılar, həqiqətən də, hit olur. Düzü, mahnı seçmək çətin məsələdir.
Adam başını itirir. Bəzən
get-gəldə qalıram. Tərəddüd
edirəm. Hit mahnılarımı isə elə birinci dəfədən
seçmişəm. Tərəddüdsüz.
- Məsələn...
- “Tut əlimdən”,
“Sən”, “Unut”, “Buz kimi”, “O zaman”, “Sənsiz”, “Yalan”... Hətta elə olub ki, bəstəkar Pərviz
Mahmudov mahnıları mənə telefonda dinlədib və dərhal
cavab vermişəm. Amma bu işdə bir az
şans da olmalıdır. Hit olacağını bilmək o qədər
asan deyil. Onu əvvəlcədən müəyyənləşdirmək
mümkün olsaydı, bütün müğənnilər
hit oxuyardı (gülür). Vizit kartım ilk
mahnım oldu. “O zaman” adlanan həmin mahnı məni hər
kəsə tanıtdı.
-
Uğurlu mahnılarınız çox olsa da, onlardan
çoxuna klip çəkdirmədiniz...
-
Çox heyif... Kaş o mahnıların klipləri
olardı.
- Niyə
çəkdirmədiniz?
-
Heç bilmirəm. Belə alındı... İndi
təkcə təəssüflənə bilərəm.
Dinləyicilərim çox sağ olsun. Klipsiz də mahnılarımı sevdilər. Bu işdə internetin, radioların əvəzsiz
rolu oldu.
- Sevda Yahyayevanın uğurunun sirri nədədir?
- (Gülür) burada zəhmət var, əziyyət var,
işə məsuliyyət var, komanda var. İşin uğurlu
olması üçün, ilk növbədə, özün zəhmətkeş
olmalısan. Güclü komanda, hər şeydən əvvəl
isə istedad olmalıdır.
- Uğur
əldə edən insanın hər zaman
paxıllığını çəkib, ayağını
dartmaq istəyənlər olur. Belələri ilə
çox rastlaşmısınız?
- Belələri
həmişə olub, olacaq da. Bunları artıq
normal qəbul edirəm. Uğurlu insansansa,
səni ötmək, vurmaq istəyənlər də olacaq.
- Sizə
qarşı təzyiqlər nə vaxtdan başladı?
- Dəfələrlə
oturub ağlamışam. Axı heç kəslə
işim yox idi. Başımı
aşağı salıb işimi görürəm. Amma hər hansı layihəmi təqdim edirdim ki, səhəri
ona qarşı qara piar aparırdılar, xoş olmayan şeylər
yazırdılar.
- Məsələn?
-
Konsertimin hələ birinci gün idi ki, reklamı gedirdi. Bir
neçə saat sonra mətbuatda belə bir xəbər
çıxdı: Sevdanın konsertinə biletlər
satılmadı. Halbuki biletlər cəmi bir
gün əvvəl kassalara paylanmışdı. Belə
hallar o qədər olub ki... Amma bunlara heç vaxt
cavab verməmişəm. Əvvəllər
ağlayırdımsa, indi heç fikir də vermirəm.
Bunlara fikir versəm, elə yerimdə sayaram.
- Dəbi
izləyən xanımsınız?
- İzləməyinə izləyirəm. Amma bu, dəbdədirsə,
qaçım onu alım, - deyə
asılılığım yoxdur. Dəbdə ola
bilər. Əsas yaraşmaq məsələsidir.
-
Yaraşmayan paltarlarınız var?
- Elə əynimdəki
(gülür). Şəkli sosial şəbəkədə
paylaşmışam. Biri yazıb ki, kişi
pencəyinə oxşayır, digəri yazıb, sənə
yaraşmır. Bu geyimimi çox müzakirə
etdilər. "Instagram"da yazılan
şərhlərə baxmağa qorxuram (gülür). Çünki şərhlər göz
oxşayır. Amma fikirlər və
zövqlər müxtəlifdir.
-
Qarderobunuzda hazır geyimlərə üstünlük
verirsiniz, yoxsa sifarişlə tikdirirsiniz?
- Bir
çox dizayner və modelyerlərlə işləmişəm.
Son konsertimdə Ləman xanımla işlədim.
Geyimlərini çox bəyəndim. Artıq hər hansı tədbirə qatılanda
onun paltarlarından seçirəm. 10 ildən
çoxdur ki, dostluğumuz olsa da, indiyədək onun geyimlərindən
seçməmişdim. Ancaq
açdığı atelyenin ilk müştərisi mən
oldum.
- Sevda,
yerli şou biznesin ən öndə olan subay, baxımlı
xanımlarından birisiniz...
- (Sözümü kəsərək) bəs niyə ərə
getmirsən? (Ürəkdən gülür).
-
Doğrudan, niyə ailə qurmursunuz?
- Çünki hələ bu barədə düşünmürəm.
- Ailə qurmaq üçün yaş həddi qoymusunuz?
- Bu haqda danışmağı sevmirəm. Hələ ki başım sənətimə qarışıb. Sevdiyim, ailə qurmaq istədiyim biri olsa da, olmasa da, bu haqda danışmağı sevmirəm. Bu yerə, xahiş edirəm, çoxlu-çoxlu nöqtələr qoyun.
- Gənc və cazibədar qalmaq üçün nə edirsiniz?
- İdmana gedirəm. Bir ara kilo
almışdım. Boyum 163 sm-dir və 58 kilo
olmuşdum. Fikirləşdim ki, belə
davam etsə, bunun qarşısını ala bilməyəcəm.
Çünki kökəlməyə meyilliyəm.
Sonradan idmana başladım. 3
aya 4 kilo çəki atdım. Hazırda
çəkim 54 kq-dır. Bilsəydim,
çoxdan fitneslə məşğul olardım.
İdmana gedəndən özümü yaxşı hiss edirəm.
Hətta idmanda çəkdirdiyim şəkillərimi
sosial şəbəkədə paylaşanda mənə
“Olimpiadaya hazırlaşırsınız?” deyə sual verənlər
də olur (gülür). Həftənin 3
günü məşq edirəm. Bu təkcə
formada qalmağım üçün deyil, həm də
sağlam həyat tərzidir.
- Plastik əməliyyatlara
münasibətiniz necədir?
-
Münasibətim yaxşıdır.
- Elətdirərsiniz?
-
Lazım olsa, edərəm. Niyə də yox.
Ehtiyac varsa, kompleks yaradırsa, bu, normaldır.
Gələcəkdə ehtiyac yaranarsa, edəcəm.
Hələ ki heç bir plastik əməliyyat
etdirməmişəm.
-
Yanaqlarınıza gel doldurtdurduğunuzu söyləyirlər...
- Bəli,
belə söz-söhbət çoxdan gəzir. Amma yanaqlarım uşaqlıqdan belədir. Üzüm yumrudur. Kilo alanda üzümdə
hiss olunur. Gülərkən gözlərim itir.
Nə əməliyyat etdirmişəm, nə də
üzümə gel vurdurmuşam. Eləmiş
olsam, etiraf edərəm. Utanmaq
üçün səbəb yoxdur.
Üç nöqtə.- 2015.- 30
oktyabr.- S.13.