"Aktyorun haqqını yemək
böyük günahdır"
Akademik Milli Dram
Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimovanın
APA-ya müsahibəsi
- Firəngiz xanım, sənət adamının qalmaqalla gündəmə gəlməyi necə hissdir?
- Çox pis. Mən belə şeyləri heç vaxt sevməmişəm. Beş il susdum, danışmadım, amma iş o yerə gəlib çatdı ki, ölkə başçısına müraciət etdik. Nə özümə, nə də heç kimə bu şəkildə gündəmə gəlməyi arzulamazdım.
- Yəni
belə şeylər sizi mənən incidir...
- Əlbəttə. Vicdan əzabı çəkirəm. Xalq artistiyəm, 35 il səhnədə olmuşam. Mən
sənətimlə gündəmə gəlmək istərdim,
nəinki qalmaqalla bağlı saytlara danışmaq,
açıqlama verməklə.
- Sizin
adınız belə məsələlərdə
hallanmayıb. Səbəb nə oldu ki,
müraciətə qol çəkdiniz?
- Teatra
gedəndə eşitdim ki, iki aktyorumuz dava edib, onları polis
bölməsinə aparıblar. Bunu eşidəndə
özümə gələ bilmədim. Üstəlik,
gördüm ki, başqa teatrların aktyorları bizim
teatrın foyesində özlərindən razı gəzirlər,
biz qalmışıq qıraqda. Getdim bizim uşaqlar
yığışan yerə, dedim, birləşmək
vaxtıdır.
-
Başqa teatr deyəndə “Yuğ”u nəzərdə
tutursunuz?
- Vallah, mən
onların çoxunu tanımıram. Vidadi Həsənovu, Məmməd
Səfanı tanıyıram, zəngləşib
danışırıq. Heç bir aktyorla
problemim yoxdur. Sadəcə, iki teatrı
bir-biri ilə üz-üzə qoyurlar. Aktyorun
adı direktordan da şərəflidir. Teatra
aktyora görə gəlirlər. Aktyoru
sevmək, ona qayğı göstərmək lazımdır.
Biz elə bir məvaciblə məzuniyyətə
çıxmışıq ki, onunla Azərbaycanın bir
rayonuna gedə bilmərəm. Halbuki, həkimə getməliyəm,
hələ qalmışam belə...
- Firəngiz
xanım, az məvaciblə məzuniyyətə
çıxmağın günahkarı İsrafil
İsrafilovdur?
- Bəli,
odur.
- Məvacibi
direktor təyin etmir...
- Onda
direktor təyin ediləndə deməzdi ki, sizin
maaşınızı artırıb 2000 manat edəcəyəm.
İndi deyir, işıq pulu verməyə imkan
yoxdur. Onda soruşuram: pul yoxdursa, bir belə adamı
teatra niyə gətirmisən? Qoy öz
kollektivimiz işləsin, ən çox əziyyət çəkən
adamlara üç adamın maaşını ver. Başqa
teatrlar aktyorları necə yaşadırlarsa, sən də
bizi elə yaşat. Heç olmasa, o biri
direktorların vaxtında Ramazan bayramında, 8 Martda əlavə
əlli manat alırdıq. Mən
İsrafil müəllimlə düşmən deyiləm.
Ondan deyə-gülə ayrılmışam.
Amma belə məsələlərdə
kollektivin yanında olacağam. Çünki
İsrafil müəllim mənim beşinci direktorumdur. Nurəddinlə, İlhamla, Rafaellə, Ramiz Məliklə
isə bir yerdə böyümüşəm. Onları qoyub teatrın direktorunu necə müdafiə
edə bilərəm?
- Deyirlər,
təşkilatçı Nurəddin Mehdixanlı olub...
-
Yalandır. O müraciəti hər kəs oxuyub, qol çəkib.
Mən necə xalq artistiyəm ki, beş
il ərzində bir dənə dövlət sifarişi ilə
olan tamaşada oynamamışam. Teatrda razı
olanlar var. Çünki onlara hər cür şərait
yaradılıb. Prezident mənə ev
verib, onu da satıb küçədə yaşayım? Bu qədər tamaşalara pul xərclənir, iki dəfə
oynayıb qoyurlar qırağa. Kimə
lazımdır bu qədər tamaşa? O qədər
pullar xərclənir, bizə çatanda pul olmur. Cənab prezident sağ olsun ki, bizə mükafat
verir. Başqa direktor olsaydı, mənim
kimi xəstə adamı çoxdan təqaüdə
keçirtdirərdi. Amma o istəyir,
özü təqaüd alsın. Bizə
heç nə etmir. Aldığım
aylıq, 500 manat mükafat ancaq dərman pullarıma
çatır. Deyirlər, niyə seriala
çəkilirsən? Yaxşı, seriala
çəkilməyib necə yaşayım? Serialdakı uşaqların mənə etdiyi hörməti
İsrafil İsrafilov etmir.
-
Müraciətə qol çəkib peşman olan yoxdur ki?
- Bilmirəm.
Amma qulağıma çatır ki, cavanlardan bəzilərinə
deyirlər, nahaq qol çəkmisən, sənin adını
qara siyahıya salıblar. Teatra gedəndə
bu məsələni də araşdıracam. Yeddi xalq artisti siyahıya qol çəkib. Rəsmi
olaraq kim çağırıb bizdən nə
soruşdu? Soruşulmayana qədər bu davam edəcək.
Öz adıma deyirəm: mən susmayacağam. Nə
haqsızlıq gördümsə, danışacağam.
Allah şükür, prezidentimiz özü deyib ki, saytlar var,
yazın, deyin, mənim siqnallara ehtiyacım var.
- Mədəniyyət
və Turizm Nazirliyi açıqlama verib ki, nazirliyin qərarına
hörmətlə yanaşmağı tövsiyə edirik…
- Mən
hörmətlə yanaşıram. Amma
İsrafil İsrafilovun direktor qalmağı məni çox
narahat edir. Sabah teatrda pis şeylər
olacaq. Görün, vəziyyət nə
yerdədirsə, biz bir dəfə iclas edə bilmirik. Bağçaya direktor təyin olunanda da kollektivi
yığırlar, tədbir edirlər. Bizdə
isə əksinə oldu. Heç kimin xəbəri
olmayıb ki, belə bir təqdimat olub. İsrafil
müəllimin elmi işlərinə mənim heç bir
sözüm yoxdur. Amma son vaxtlarda teatr
bazara çevrildi. Kim istəyirsə, gəlib
tamaşa hazırlayır. Tanımadığım
rejissorlar, uşaq-muşaq tamaşa qoyur.
-
Direktordan 25 yaşlı qız rolunda oynamağı siz
xahiş etmisiniz?
- Yox, mən
heç vaxt elə söz demərəm. Mən
elə şeyi dilə gətirsəm, bəs cavan uşaqlar
hansı rolda oynayar? Əksinə, elə
aktrisalara gülmüşəm ki, bunların başı
çatmır.
-
Eşitdiyimə görə, narazılıqlara səbəb həm
də Fəxrəddin Manafov və Mehriban Zəkinin teatra cəlb
olunmağıdır…
- Belə
şey olmayıb. Çünki Fəxrəddin
hələ gəlməyib. Fəxrəddinlə
ilk dəfə mən oynamışam. “Səhra
yuxuları” və “Gülüstanda qətl” tamaşalarında
tərəf müqabili olmuşuq. Əksinə,
Fəxrəddin mənim fəxrimdir. Aeroportda
onu görəndə qucaqlayıb ağladım. Deyirəm, İsrafil müəllim, demisiniz ki,
çoxdandır teatrda olmayan Fəxrəddin Manafov və
Mehriban Zəki teatra qayıdıblar. Soruşdum,
nə olardı, mənim də adımı çəkərdiniz
ki, Firəngiz Mütəllimova da qayıdıb. Yaxşı, yalandan deyərdin, könlüm xoş
olardı. Mən də uzun müddətdir
yox idim, özü də teatrda zəng edib soruşurlar. İctimai Televiziya zəng edib deyib ki, Firəngiz və
Sənubərlə efirə çıxmıram. Bir intervüsündə mənim adımı çəkməyib.
Məsələn, ona Zemfira Nərimanbəyova
haqqında sual verirlər, sual qalır havada, deyir, mən
Şükufə xanımı çox istəyirəm, onun əlindən
tutub, səhnəyə çıxaram. Çox
istəyirdinsə, Şükufə xanım “Şöhrət”
ordeni alanda təbrik edərdin də. Şükufə
xanıma zəng vurmuşdum, dedi, səndən başqa mənə
heç kim zəng vurmayıb.
-
İsrafil İsrafilovdan “Avropa Oyunlarında biz niyə məşəl
daşımadıq?” narazılığını kim edib?
- Mən
demişdim ki, Avropa Oyunlarına qürur hissi ilə
baxmışıq, sevinmişik, amma bizim teatrdan bir nəfər
məşəl aparmadı. Deməli, teatrın
direktoruna hörmət yoxdur ki, bu belə olub. Başqa teatrlardan məşəl daşıyan
adamlar var idi. Məsələn, Rafael və Coşqun
olub, Şəfiqə Məmmədova, Amaliya Pənahova
iştirak edib, bizdən heç kim
olmayıb. Yenə onlara görə sevindim ki,
biz olmasaq da, başqa aktrisalar iştirak edib. Bundan başqa, gənclər var, heç bir fəxri
adları yoxdur. Görən deyir, bəyəm
teatr işləyir? Biz heç yerdə
yoxuq. Allah qəni-qəni rəhmət eləsin, Heydər
Əliyev bizə mükafat verdi, indi də
o pulu alıram. İndiki prezidentimizə müraciət etdim, mənə
ev verdi. Nazirlik və
direktorumuz bir dəfə prezidentimizi dəvət etməyib ki,
tamaşaya gəlib baxsın. Çünki
sanballı tamaşamız yoxdur. Yaxşı
tamaşa olsa, dəvət edərlər. Deməli,
yoxdur ki, dəvət etmirlər.
- Son
vaxtlar baxdığınız və təəssüfləndiyiniz
hansı tamaşalar olub?
-
Üç ildir heç bir tamaşaya getməmişəm. Son baxdığım “Napoleon” tamaşasıdır
ki, orda da Napoleonun adı var, özü yoxdur. Sumqayıtdan bir oğlan
çağırmışdılar, onun da səsi
çatmadı, oynaya bilmədi.
- Firəngiz
xanım, üç ildir tamaşalara baxmırsınızsa,
yaxşı tamaşanın olmadığını necə
bilirsiniz? Yaxud, aktrisanın öz
teatrının tamaşalarına baxmamasını necə izah
etmək olar?
- Ona
görə getmirəm ki, əsəb keçirirəm, mənə
olmaz. Həm də əməliyyata görə,
xəstəliyim üzündən gedə bilmirdim. Bilirəm ki, eyni tipli tamaşalardır. O
teatrın tamaşaları mənə maraqlı deyil.
- Səhhətiniz
səhnəyə çıxmağa tam imkan verir?
- Bəli.
Həkim çoxdan deyir. Sadəcə,
mən tanımadığım rejissorun tamaşasında
oynamaq istəmirəm.
- Siz beyin
əməliyyatı keçirmisiniz. Səhnədə
qışqıranda, həyəcanlananda, ağlayanda,
özünüzü yıxanda problem olmayacaq ki?
- Mən səhnədə özümü niyə yıxım? Otuz beş il yıxılmışam da, çığırmışam da! Mənim özümə aid xanım-xatın rollar var. Silvester Stallone filmin sonunda bir dəfə “kapşon”u atır, axırda yazırlar, çox sağ olun, Stallone. Biz artıq o səviyyəyə çatmışıq. Mənim indi səhnədə oturan vaxtımdır. Necə olur, mən gedib universitetdə dərs deyə bilirəm, seriallara çəkilirəm, amma teatrda oynaya bilmirəm? İsrafil müəllim hamıya deyir, xəstədir, havayı maaş verirəm. Hamı yaxşı bilir o teatrdahavayı maaşı yeyənlər kimlərdir. Çox dərinə getmək istəmirəm.
- Maaşınızın məbləğini demək istəyirsiniz?
- 480 manat maaşımızdır, 300 manatdan
çox alırıq. Gedib Həmkarlar İttifaqından
çıxacağam. Hər ay 9 manatım ora gedir, mənə
heç nə etməyiblər. Həmkarlar ittifaqı 35 ildə
mənə heç nə etməyib. O pulu il ərzində
yığıb özümə fransız ətri alaram.
Üç
nöqtə.- 2015.- 6 sentyabr.- S.- 13