Əbülfəs Qarayev turizm işçilərini
təbrik etdi
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın turizm sektoru təmsilçilərini 27 sentyabr – Ümumdünya Turizm Günü münasibətilə təbrik edib. Müraciətdə bildirilir ki, 1979-cu ildə təsis edilən əlamətdar günün məqsədi turizmin təbliğ olunması və dünya iqtisadiyyatında rolunun diqqətə çatdırılması, müxtəlif ölkələrin xalqları arasında əlaqələrin inkişaf etdirilməsidir.
Turizm dünya iqtisadiyyatının aparıcı sektoruna çevrilib, dünya üzrə ümumdaxili məhsulun təxminən 10 faizi bu sahənin payına düşür. 2014-cü ildə Yer kürəsində 1 milyard 100 milyondan çox insan turizm səfərinə çıxıb. Bu il Ümumdünya Turizm Gününün “Bir milyard turist - bir milyard imkan” devizi altında qeyd olunması da turizmin qlobal miqyasının göstəricisidir. “Bu qlobal imkanlar içində Azərbaycanın da məxsusi payı var. Azərbaycanın 2013-cü ildən Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının üzvü olması, bu sahədə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dünya turizm ictimaiyyəti tərəfindən ölkəmizə verilən dəyərin göstəricisidir”, - deyə müraciətdə vurğulanır.
Qeyd olunur
ki, son illər Azərbaycanın
dinamik iqtisadi
inkişafı, ölkə rəhbərliyinin bu
sahəyə diqqət və qayğısı turizm
sənayesinin genişlənməsinə mühüm
zəmin yaradıb. Bu gün turizm respublikada qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir. Müraciətdə
daha sonra deyilir: “Azərbaycanın əlverişli təbii şəraiti, iqlim müxtəlifliyi, eləcə
də zəngin tarixi-mədəni irsi turizm üçün böyük imkanlar deməkdir. Son bir neçə ildə ölkəmizdə Ümumdünya
Turizm Günü ilə bərabər sentyabrın sonu - oktyabrın əvvəlində
"İrs Günləri"nin də keçirilməsi, tarixi-mədəni
məkanlara daha geniş ictimai diqqətin cəlb edilməsi mədəniyyət
və turizm anlayışlarının vəhdətini
bir daha sübut edir. Turizm məkanı dünyəvi
məkandır. Turizm sayəsində
mədəniyyətlərarası dialoq, insanlar arasında mübadilə,
dostluq münasibətləri
yaranır”.
Üç nöqtə.- 2015.- 27 sentyabr.- S. 5