Azərbaycan sosial
dövlətdir
Azərbaycançılıq
xalqın səadət və xoşbəxtliyi, dinclik
və əmin-amanlığı naminə
çarpışmasıdır
Azərbaycançılıq təkcə milli ideyanı milli ideologiyaya çevirmək, milli mentallığı, milli özünüdərkin mahiyyətini qoruyub saxlamaqla bitmir. Azərbaycançılıq həm də ölkənin iqtisadi potensialının artması, doğma məmləkətin beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilməsi, xalqın səadət və xoşbəxtliyi, dinclik və əmin-amanlığı naminə çarpışmasıdır. Azərbaycançılıq həm də ölkə əhalisinin sosial şəraitinin, onların rifah halının yaxşılaşdırılmasıdır. Bu xalqın səadət və xoşbəxtliyinin əsasıdır. Bu istiqamətdə görülən işlər Azərbaycanda böyük uğurlar qazanıb. Cari ilin birinci rübünün göstəriciləri də bunu deməyə əsas verir. Birinci rübdə 37 min yeni iş yeri yaradılıb. Onlardan 31 mini daimi iş yeridir. Onu da qeyd etməliyəm ki, yeni iş yerlərinin yaradılması daha çox dövlət sektorunda baş verib. "Tikinti sektorunda, digər sektorlarda bəzi işlər ixtisara düşüb. Belə olan halda işsizlik səviyyəsini aşağı səviyyədə saxlamaq üçün mən qərar qəbul etdim ki, dövlət şirkətləri, dövlət qurumları yeni iş yerlərini açsınlar. İctimai işlər açılır və birinci rüb ərzində bu qədər iş yerlərinin açılması, əlbəttə ki, insanların sosial müdafiəsinə hesablanıb",-Azərbaycan Prezidenti İlham Əliyev deyib. Onun sözlərinə görə, sosial siyasət həmişə prioritet olub və olacaq. Birinci rübdə atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Azərbaycançılığın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Bütün iqtisadi islahatlar, bizim uğurlu neft-qaz siyasətimiz də bu məqsədi güdür ki, insanlar daha da yaxşı yaşasınlar.
İndi dünyada böhran yaşanır. İqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, ancaq bu böhrandan ən az itkilərlə çıxan ölkələrdən biridir. "Bir misal da gətirə bilərəm ki, neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, bu il Azərbaycanda maaşlar və pensiyalar artırılıb, 10 faiz artım var. Bu da nadir hadisələrdən biridir. Adətən hətta neft və qazla zəngin olmayan ölkələr ya maaşları dondururlar, ya kəsirlər, ya maaşların verilməsində problemlər yaşanır. Ancaq biz dünyada hökm sürən bu böhrana baxmayaraq, maaşları və pensiyaları artırmışıq. Digər sosialyönümlü addımlar atılır, o cümlədən yeni təşəbbüslər, iş yerlərinin yaradılmasının yeni formaları artıq işə düşür. Əminəm ki, Azərbaycanda işsizliyin səviyyəsi həmişə olduğu kimi, çox aşağı səviyyədə olacaqdır",- dövlət başçısı deyib.
Beləliklə, ciddi dərin iqtisadi islahatlar aparılır və bu islahatlar dərinləşməlidir. Çox güclü sosial siyasət aparılır ki, iqtisadi islahatlar həyata keçirilərkən insanlar bundan əziyyət çəkməsinlər. İnsanların rifah halının yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaqdır. Bu il regional inkişaf istiqamətində də çox böyük layihələr icra edilməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov isə bildirib ki, 2016-cı ilin birinci rübündə əhalinin, xüsusən də onun aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə Prezident İlham Əliyev bu ilin birinci rübündə 25-dən artıq Fərman və Sərəncam imzalayıb. Bütün sosial ödənişlər fevral ayının 1-dən orta hesabla 10 faiz artıb. Bu artımlar 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib. Həmin tədbirlərin maliyyələşdirilməsi məqsədilə 2016-cı ilin büdcəsində müvafiq düzəlişlər edilib və əlavə maliyyə təminatları nəzərdə tutulub. Bunun çox riskli, çətin, eyni zamanda, düşünülmüş ciddi sosial addım və Azərbaycan Prezidentinin vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasını hər şeydən üstün tutduğunun göstəricisi olduğunu vurğulayan nazir Səlim Müslümov deyib: "Cari ilin birinci rübündə, ilkin məlumata görə, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 milyon manat artaraq 756 milyon manat olub ki, bu da yanvar və fevral ayları üzrə pensiyaları qrafikdən əvvəl, mart ayında isə Novruz bayramınadək maliyyələşdirməyə imkan verib. Fondun 762 milyon manat həcmində xərclərinin 98,4 faizini pensiya və müavinət xərcləri təşkil edib. Pensiyaların baza hissəsinin fevralın 1-dən 10 faiz artırılması nəticəsində fevral-mart aylarında bu məqsədə əlavə olaraq 26,5 milyon manat vəsait yönəldilib. Həmçinin əmək pensiyalarının sığorta hissəsi əvvəlki ilin 4 faizlik istehlak qiymətləri indeksinə uyğun artırılıb. Bundan əlavə, bəzi kateqoriya hərbi qulluqçuların vəzifə maaşlarında baş vermiş artımlarla bağlı hərbi pensiyalar orta hesabla 23 manat artıb".
Bütün bunların nəticəsində pensiyaların orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 7 faiz artaraq 190 manat, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 210 manat olub. Nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi qurulub, ünvanlı sosial yardım üçün istər kağız üzərində, istərsə də elektron formada olunan müraciətlərin “bir pəncərə” prinsipi ilə qəbulu və həmin müraciətlər üzrə tələb olunan arayış və məlumatların sistemə müvafiq dövlət qurumlarından elektron formada ötürülməsi əsasən təmin edilib. Fevralın 15-dən istifadəyə verilmiş sistemə ötən müddətdə 42500 ərizə-bəyannamə daxil olunub, sistem onlardan 21500-nə imtina verib, 20960-ı isə emal mərhələsindədir.
Eyni zamanda, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi yaradılıb, əlilliyin qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmək imkanı verilib. Bu məqsədlə edilmiş müraciətlər, keçirilmiş müayinələr, qəbul olunmuş qərarlar barədə məlumatların elektron formada real vaxt rejimində sistemə ötürülməsi və vətəndaşlar tərəfindən eyni rejimdə əldə edilməsi imkanı yaratmaq məqsədilə müayinə olunan şəxslərin, işəgötürənlərin və bu məlumatdan istifadə edən dövlət orqanlarının “Elektron hökumət” portalı vasitəsilə sistemə çıxışı təmin edilib. Eləcə də sistem tərəfindən avtomatlaşdırılmış şəkildə əlillik müddəti başa çatmamış birinci dərəcə əlillik müddətsiz müəyyən edilib, ikinci və üçüncü dərəcə əlilliklərin müddəti 5 ilə qədər uzadılıb. Nəticədə hər il təkrar müayinə edilməli olan 200 minə yaxın vətəndaşın bu prosedurdan keçməsinə ehtiyac qalmayıb.
İlin birinci rübü ərzində 112730 ailəyə və ya onların 492 min üzvünə, yəni ölkə əhalisinin 5,1 faizinə ünvanlı dövlət sosial yardımı verilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu yardımdan faydalanan ailələrin sayı 3300 vahid artıb. Cari ilin 1 aprel tarixinə hər ailəyə düşən orta aylıq yardım məbləği ötən ilə nisbətən 5,6 faiz artaraq 151 manat olub. Hesabat dövründə 395 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 55 min nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib. Ümumilikdə, sosial yardımların və müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən rüb ərzində 84 milyon manat vəsait xərclənib.
Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərə və şəhid ailələrinə son 3 ay ərzində 53 mənzil, 41 fərdi ev verilib. Bu müddətdə 3 min 120 nəfərə protez-ortopedik xidmət göstərilib, əlilliyi olan şəxslər 553 ədəd əlil arabası və 158 ədəd eşitmə aparatı ilə təmin edilib. Respublikada fəaliyyət göstərən əlillərin bərpa mərkəzlərində cari ilin birinci rübündə 1690 əlil bərpa müalicəsi alıb.
Azərbaycan Prezidentinin müvafiq tapşırığına uyğun olaraq əhalinin məşğulluğunu artırmaq məqsədilə rüb ərzində dövlət şirkətləri ilə birgə səmərəli fəaliyyət həyata keçirilib. Bu şirkətlər tərəfindən qısa müddətdə məşğulluq orqanlarına 18 minə yaxın yeni vakansiya barədə məlumat təqdim edilib və işaxtaran kimi qeydiyyata alınmış şəxslər göndərişlərlə həmin iş yerlərində müvafiq işlə təmin olunub. Bundan əlavə, məşğulluq orqanlarına təqdim edilmiş vakansiyalar üzrə 13 minə yaxın işaxtaran şəxs yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilən abadlıq və təmir-tikinti işlərinə cəlb edilib və bu şəxslərlə əmək müqavilələri bağlanıb. İlin ilk rübündə məşğulluq orqanlarına müraciət etmiş şəxslərdən ümumilikdə 33,3 min nəfəri müvafiq işlə təmin edilib.
Fevralın 1-dən işsizlik
müavinətinin minimum məbləği
36,4 faiz, bu məqsədə
ayrılan büdcə vəsaitinin məbləği isə
2,4 dəfə artırılıb. Bu əlavə maliyyə
imkanları işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə,
eləcə də vətəndaşların işsiz
qalma risklərinin qarşılanmasına
yönəldilib. Əmək münasibətlərinin şəffaflaşdırılmasını
təmin edən və əmək bazarı ilə
bağlı dolğun və obyektiv informasiya bazası
formalaşdıran əmək müqaviləsi bildirişi
üzrə elektron informasiya
sistemi əmək münasibətlərinə
birbaşa və operativ
nəzarətin həyata keçirilməsinə imkan yaradıb. Bu sistemin məlumatına əsasən,
2016-cı ilin 1 yanvar
tarixinə nisbətən muzdla işləyənlərin
sayı 3 ay ərzində 6,6 min nəfər artaraq 1 aprel tarixinə 1256,7 min nəfər
(Naxçıvan MR və əmək müqavilələri kağız
üzərində bağlananlar istisna olmaqla) təşkil
edib. Bəli, bu gün Azərbaycanın həyata keçirdiyi sosial siyasət
ölkə əhalisinin rifah
halının yüksəlməsinə, onların dinclik və əmin-amanlığına
yönəlib. Bunlar əhalinin sıx birləşməsini,
ölkəmizin qürətinin artmasına xidmət edir.
Üç
nöqtə.- 2016.-19 aprel.- S.5