Osmanlı və Səfəvi dövlətləri

arasında diplomatik münasibətlər

 

Şah I Təhmasib ata ilə oğul arasındakı ziddiyyətləri aradan qaldırmağa çalışdı

 

(əvvəli ötən sayımızda)

 

Zəngin dövlətçilik tariximizin öyrənilməsində Azərbaycan dövlətlərinin diplomatik münasibətlərinin tədqiqi müstəsna əhəmiyyət kəsb edir. Orta əsrlərdə Azərbaycanın mövcud olduğu regionda diplomatik münasibətlərdən danışarkən tədqiqatçıların əksəriyyəti türk–müsəlman dövlətlərində bu əlaqələrin elçilər vasitəsilə tənzimləndiyini qeyd etmişlər.  Tədqiqatçıların əsərlərində dövrə bağlı diplomatik etiket qaydaları, dövlət başçıları və şahzadələrin qəbulu məsələlərinə diqqət yetirilmişdir...

Rəsmi görüş ənənəsi bitdikdən sonra onu hər günlük ehtiyacı nəzərə alınmaqla gözəl bir mənzilə gətirdilər. Yorğunluğunu dəf edəndən bir neçə gün sonra elə həmin Səadətabad meydanında onun şərəfinə ziyarət verildi, işrət büsatı başlandı. Meydanın yerini Süleyman sarayı kimi rəngarəng xalılarla bəzədilər. Elə gözəl bir qonaqlıq verildi... Həmin məclisdə şahzadəyə on min tüman məbləğində nağd qızıl, daş-qaşla bəzədilmiş silah, qumaş, parça, silah avadanlığı verildi. Onun mülazimlərini onların hər günlük ehtiyacları ödənilmək şərti ilə ayrı-ayrı əzəmətli əmir və hakimlərə tapşırdılar. Şahzadə Bayəzid şahın yanında olduğu vaxt ona verilən yerli hədiyyələrdən başqa, qarşılanma zamanı pay göndərilən töhfələrdən və bu məclisdə təqdim olunan ənamlardan savayı on beş min tümən pul, cəvahir, qiymətli daşlarla bəzədilmiş silah, qızıl və gümüş qab-qacaq, gözəl töhfə, nəfis kitab, zərli saplarla toxunulmuş kirmani və cuşmani xalıları, əlvan parçalar, xarici ölkə qumaşlarına layiq görüldü. Şah, ümumiyyətlə o sultanzadəni layiq olduğundan daha çox şahanə diqqət və qiymətli hədiyyələrə layiq bildi”. Ata ilə oğul arasındakı ziddiyyətləri aradan qaldırmağa çalışan Şah I Təhmasib (1524 – 1576) “özünün bir etibarlı adamını sultanın (Sultan I Süleymanın – T.C.) yanına göndərib, şahzadənin təqsirinin əfv edilməsini xahiş etdi. Lakin Sultan Süleyman oğlundan elə bərk incimişdi ki, onun sağ qalması ilə heç cür razılaşa bilmir, şahzadənin vücudunun Osman sülaləsi [“Ale-Osman”] dövlətinin dağılacağına səbəb olacağını düşünürdü. O, sülh sazişinin onun vasitəçiliyi ilə imzalandığı öz etibarlı adamı olan Sinan bəyi əşrəfin Şah Təhmasibin yanına yolladı. Sinan bəy əhd-peyman şərtlərinin möhkəmlənməsindən söz açdı, Şahzadə Bayəzidlə əlaqədar təkzibolunmaz dəlillərlə söhbət apardı. Sultan Süleyman öz əli ilə yazdığı məktubda şahdan şahzadənin ya diri halda onu aparmağa gələnlərə verilməsini, ya da öldürülməsini təmənna etmişdi. Yazmışdı ki, əgər şah şahzadəni sağ halda vermək istəməzsə, qoy onun fitnə-fəsad çırağı olan gözlərini işıqdan salaraq kor etsin. Cənnətməkan həzrət şah bu işin mürüvvətdən uzaq bir əməl olduğunu düşünüb, Sinan bəyi mehribanlıqla yola saldı. O, yenidən oğlunun dilli-dilavər, sözlü-söhbətli elçilərini göndərərək ondan xahiş etdi ki, şahzadəyə iqta olaraq bir yer verilsin ki, o gedib həmin yerdə ömrünü başa vursun. Əgər bundan sonra da ondan ədəbsiz bir hərəkət baş verərsə, onu cəzalandırmaq çətin bir məsələ ola bilməz. Bu danışıqların getdiyi vaxt Şahzadə Bayəzid qaçmaq planları hazırladı. Sultanzadəni yanına dəvət edən Şah I Təhmasib onu həbs etdirdi. Şah Təhmasibin bu hərəkətinə haqq qazandıran İsgəndər bəy Türman yazır: “Sülhün (1555-ci il Amasiya sülhu - T.C.) ən mühüm şərtlərindən biri bu idi ki, əgər tərəflərin adamlarından biri qaçaraq qarşı tərəfə sığınarsa, onu himayə etməyərək geri qaytarsınlar. Doqquz yüz altmış doqquzuncu ildə (miladi 1561/62) Sultan Süleyman Mərəş hakimi Əli paşanı və öz çaşnigirbaşısı Həsən ağanı iki yüz etimadlı ağa və çavuşla birlikdə şahzadəni geri tələb etmək məqsədi ilə saraya yolladı. Lakin Şah I Təhmasib onlara etibar etməyib, Allah bəndəsi olan ixtiyar sahibi ağsaqqalların göndərilməsini xahiş etmişdi. İkinci dəfə isə əməlisaleh və Osmanlı sultanının çoxdankı xidmətçilərindən olan Xosrov paşa bir dəstə etimadlı ağsaqqalla birlikdə gəldi. Heç güman edilmirdi ki, onlar bu məmləkətdə şahzadəyə xəsarət yetirə bilərlər. Buna baxmayaraq, onlar sultanın fərmanı ilə, təxirə salmadan onların beşini də qətl edib, cəsədlərini Ruma apardılar. Şah Təhmasib “Təzkirəsinə” istinad edən Ş.Fərzəlibəyli bu əməlinə görə Qanuni və Səlimdən onun qızıl pul və bəxşişlər aldığını yazır.

Qarşılama mərasimi ilə bağlı təsvirlərə XVI əsrin sonunda baş verən hadisələrdə də rast gəlirik. 1588-ci ildə Abdulla xan Şeybani Heratın tutulması ilə Xorasana sahibləndi. Bu məsələdə Böyük Moğol dövlətinin başçısı Cəlaləddin Məhəmməd Əkbər şah neytal mövqedə dayanmışdı. 1590-cı ildə Osmanlı dövləti ilə müqavilə bağlayan Şah I Abbas (1587-1629) Cənubi Qafqaz və Cənubi Azərbaycanı onlara güzəştə gedib, əsas diqqətini Xorasana yönəltdi. 1590/1-ci ildə Şeybanilərə qarşı hərbə hazırlaşan Şah I Abbas Böyük Moğol dövlətinə Yadigar Sultan Rumlunu elçi olaraq göndərir. Onun Cəlaləddin Məhəmməd Əkbər şaha məktubunda deyilirdi: “Qəza-qədərin tələbi ilə Abdulla xan və özbək qoşunları Xorasanı tutmuşlar. Özbək ləşkərinin dəf olunması və irsi məmləkətimiz olan Xorasanın xilas olma zərurəti hamıya məlumdur. Siz əgər bizə zahiri imdad edə bilməsəniz belə, batini mərdlikdən (himmət) və diqqətdən kənar olmayın”. Şeybanilərə qarşı hərbi əməliyyatlar aparan  I Şah Abbas Din Məhəmməd xanı məğlub edib 1598-ci ildə Xorasanı geri qaytardı. Bu xüsusda “Tarixe- aləmaraye-Abbasi”nin məlumatları maraq doğurur. Orada deyilir: “Özbək sultanlarının eyni sülaləsinə mənsub və Şeyban ibn Cuci ibn Çingiz xan nəslindən olan Ürgənc valisi Nurməhəmməd xan ibn Əbülməhəmməd xan və Xarəzm padşahı Hacı Məhəmməd xan ibn Əta xan Nisa vilayəti üstündə düşmənçiliyə başladılar. Nurməhəmməd xan Abdulla xana pənah apardı, Nisa vilayətini ondan almaqdan ötrü kömək əvəzinə Mərvi peşkəş kimi verəcəyini boyun oldu. Abdulla xan Mərvi artıq özünə götürdüyünə baxmayaraq, Nurməhəmməd xanın istəyinin icrasından ötrü vaxtı uzatdı, çünki Nurməhəmməd xanla Hacı Məhəmməd xanın arasındakı düşmənçilik Abdulla xanın məqsədinə müvafiq idi. Bütün niyyəti Xorasan vilayətini və Xarəzmi ələ keçirmək olan Abdulla xan Ürgənc sultanlarının həzrət zillallah şahla birlik və dostluq etmələrindən narazı idi. O, həmin sultanların bir-birləriylə çəkişmələrini qənimət sanıb, bu il əlahəzrətin sərhədyanı işlərlə məşğul olmasını fürsət bildi və [oğlu] Əbdülmömin xanı Əbivərd, Nisa və Nişapur [şəhərlərini] fəth etməkdən ötrü Xorasana göndərdi, özü isə Xarəzmə qoşun çəkdi. Əbdülmömin xan Mərvə çatdıqda Nurməhəmməd xanın xidmətində olan özbəklər canlarının qorxusu və mallarının qarətə gedəcəyindən qorxub, bivəfalıq etdilər və qala açarını ona göndərdilər. Ləşkərin bivəfalığını və düşmənin fəthini görən Nurməhəmməd xanın daha həmin vilayətdə qalmaq imkanı qalmadı, Hafizək Sultan Xəbuşaninin köməyi ilə həmin vilayətdən çıxaraq özünü şah [dərgahının] astanəsinə çatdırdı. Əlahəzrət də onun gəlişini qiymətləndirib adlı-sanlı şahzadə Məhəmməd Bağır Mirzəni xanı qarşılamaqdan ötrü cənab etimadüddövlə, bəzi əmirlər, xüsusi adamlar və yaxın şəxslərlə birlikdə bir fərsəx məsafəyə göndərdi. Məhəmməd Bağır Mirzəyə gəlib çatan Nurməhəmməd xan atdan yerə endi və şahzadə ilə rəsmi görüş qaydasını yerinə yetirdi, hümayun dövlətxanaya gəldi, Çehelsütun qəsrində hümayun nəvvabla görüşməklə şərəfləndi. Abdulla xan Xarəzmə qoşun çəkmişdi. “Hacı Məhəmməd xan fərardan başqa çarə görmədi, hiyləgərliklə özünün böyük oğlu Ərəb Məhəmməd Sultanı, kiçik oğlu Sevinc Məhəmməd Sultanı, nəvəsi Bərənduq Sultanı, qardaşı oğlu Babacan Sultanı və Astrabad hüdudunda türkmanların qırx-əlli nəfər etibarlı mülazimini ataraq, oradan şahın mülazimət ehramına bürünüb ali paytaxta tərəf üz tutdu”.

 Şah I Abbas Luristanda bu xəbəri eşidir. O, “Qəzvində ondan ötrü münasib mənzillər hazırlatdı ki, bir neçə günlük yol yorğunluğundan və gecə-gündüz at sürmək məşəqqətindən asudə olub istirahət etsin. Hacı Məhəmməd xan bir neçə gün dincələrək, hümayun ordunun gəlişini gözləməkdəydi. Luristandan Qəzvinə qayıdan Şah Abbas “Əvvəlcə Hacı Məhəmməd xanın qaldığı mənzilə getdi, xosrovanə sorğu-suallarla onun pərişan ovqatını sevindirdi. Şah buyurdu ki, əgər ilahinin razılığı olarsa, bir daha onu və Nurməhəmməd xanı Xarəzm və Ürgənc taxtına əyləşdirərəm. Şahın bu arzusu İlahi tərəfindən qəbul olundu, nəhayət, onların hər ikisi bu dudmanın yardım və imdadı sayəsində özlərinin irsi mülklərində yenidən taxta oturdu” .

 

Tahir Cəfiyev

(ardı var)

 

Üç nöqtə.- 2016.- 9 avqust.- S.5.