Azərbaycançılıq ideologiyasının təməl prinsipi müstəqil Azərbaycanın varlığıdır

O xalqın kimliyini əks etdirən, milli təfəkkürü birləşdirən dəyərlər sistemidir

 Azərbaycan milli ideyası mürəkkəb təşəkkül yolu keçib, öz spesifikasına malikdir, məzmunu, universallığı, insanpərvərliyi, çevikliyi və təbiiliyi ilə seçilir. Bunu XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində milli ideyanın təşəkkülünün, daha sonra Azərbaycan Sovet İttifaqının tərkibində olarkən onun müəyyən transformasiyasının, nəhayət, müstəqilliyin bərpası, milli dövlətçiliyin qurulması və milli özünüdərkin sonrakı inkişaf mərhələsində qəti formalaşmasının tarixi təsdiq edir.Qeyd edək ki, Azərbaycançılıq ideologiyasının təməl prinsipi müstəqil Azərbaycanın varlığıdır. Bu isə XX əsrdə biz Şərqdə öz müstəqilliyimizi elan etdikdən sonra rəsmi səviyyəyə qaldırılaraq elan olundu. Əlbəttə qaraguruhun, cəhalətin tüğyan etdiyi Şərq ölkələrində ilk demokratik dövlət yaratmaq əvəzolunmaz bir nailiyyətdir. Hətta biz bir sıra Qərb ölkələrindən daha tez bu sistemə keçmişik, demokratik, insan haqlarına önəm verən qanunları qəbul etmişik. O dövrün böyük ziyalıları başda Həsən bəy Zərdabi olmaqla Seyid Əzim, Sabir, Mirzə Cəlil, Haqverdiyev, Məhəmməd Hadi, Ə.Ağaoğlu, Əli bəy Hüseyzadə, M.Ə.Rəsulzadə, F.Xoyski, Ə.Topçubaşov, N.Yusifbəyli və başqaları müqəddəs missiya hesab olunan maarif və dövlət yaratma məsuliyyətini öz üzərilərinə götürdülər. Cümhuriyyət az da olsa xalqımıza müstəqilliyi dadızdıra bildi. Doğrudur, sovet işğalı nəticəsində cümhuriyyət az yaşadı. Müstəmləkə vəziyyətinə düşdük. Məlum olduğu kimi, sovet dövrü cəmiyyətin obyektiv əsasları olmayansüni yaradılmış yeni identifikasiyanın müəyyən olunması ilə seçilirdi. Milli siyasi təşkilatların yaradılmasına qadağalar, həmçinin totalitar, inzibati-amirlik idarəçiliyi sisteminin qurulması Azərbaycan gerçəkliyinə milli təfəkkürün transformasiyaya uğramış, sovet dövrünün tələblərinə uyğunlaşdırılmış modelini gətirdi. ğKommunist ideologiyası proletar təfəkkür haqqında müddəanı irəli sürərək əslində milli özünüdərkin təkamülünə mənfi təsir göstərirdi, orada milli təfəkkürə yer yox idi.

Tələb olunurdu ki, hər halda tarix kommunist partiyasının alternativsizliyi şəraitində milli təfəkkürün və milli iqtisadiyyatın, mənəvi dirçəlişin, əhalinin rifah halının və milli özünüdərkin artması üçün baza olan təhsilin keyfiyyətinin yaxşılaşmasına hesablanan siyasət yürüdə bilən dövlət xadimini ön sıralara çıxarsın.

Millətin inkişafı problemləri və milli maraqlar Heydər Əliyev üçün həyatın mənası idi. Perspektivə hesablanan kadr potensialının formalaşması, yaradıcı ziyalılara, elm nümayəndələrinə qayğıkeş münasibət 1970-1980-ci illərdə millətin yüksək elmi-texniki və mədəni potensialını əks edən təşəbbüslərin yaranmasına və həyata keçirilməsinə imkan verdi.

Milli dəyərlərin dirçəldilməsi, əhalinin rifahının artması və təhsilin səviyyəsinin yüksəlməsi insanların davranış modellərində dəyişikliklərə əhəmiyyətli təsir göstərdi. O illərdəki dəyişikliklər hər yerə, ölkənin ən ucqar guşələrinə belə yayılırdı. Doğrudur, ənənəvi cəmiyyətin modernləşdirilməsi, hər şeydən əvvəl, ölkənin sənaye mərkəzlərinin əhalisinə təsir göstərir, sonra isə mərkəzdən əyalətə doğru yayılırdı. Əlbəttə, o dövrdə Azərbaycan cəmiyyətinin daxilində milli ideyanın formalaşması məsələlərinə dair geniş diskussiyaların aparıldığını söyləmək olmaz. Lakin fakt odur ki, "milli maraqlar" ("milli ideya"nın əsası kimi) anlayışı Azərbaycan cəmiyyətinin qabaqcıl hissəsinə və Heydər Əliyev başda olmaqla hakim elitaya yad deyildi. İttifaq dövləti çərçivəsində real siyasətdə milli maraqların ehtiyatla və ardıcıl reallaşdırılması ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkədə milli hərəkatın genişlənməsinə zəmin hazırlamış, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmək üçün baza yaratmışdır.

1991-ci ildə müstəqillik yoluna qədəm qoyulması, düşünmək olardı ki, Azərbaycan tarixində yeni səhifə açır, eyni zamanda, o vaxt meydana çıxan problemlərin dərhal həll edilməsi zərurətini ortaya qoyur.

Əfsuslar ki, müstəqilliyin ilk illərində Azərbaycan dövlət quruculuğunun zəruri vəzifələrinin heç kiçik hissəsini də (xarici təcavüzün dəf edilməsi, daxili siyasi kontekstin sabitləşdirilməsi, cəmiyyətin tam xaos və vətəndaş müharibəsinə sürüklənməsinin qarşısının alınması, heç olmasa, minimum həyat qabiliyyətinə malik iqtisadiyyatın yaradılması) həll etməyə müvəffəq ola bilmədi.

Və azərbaycançılıq ideologiyasının təşəkkülünə yenidən ehtiyac yarandı. Hazırda da sürətlə inkişaf edən ölkəyə çevrilmişik. Şübhəsiz ki, bu inkişafın təmin olunmasında, azərbaycançılıq ideologiyasının ərsəyə gəlməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycan müstəqilliyini möhkəmləndirmək, onun siyasiiqtisadi əsaslarını yaratmaq, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılığın irəli sürülməsi əsas şərtə çevrildi. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir. O deyirdi ki: “Hər yerdə azərbaycanlılar olanda Azərbaycanın dayağı da daha çox olur. Bir şərtlə ki, gərək millətini, torpağını, ana vətəni unutmayasan”.  Bax budur azərbaycançılıq. Azərbaycançılıq, eyni zamanda Azərbaycan ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya davakar millətçiliyi inkar etməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir.

Heydər Əliyevin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim - "azərbaycançılıq" ideologiyasını da yaratdı. Xalqımızın ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla müqəddəs bir missiyanı gerçəkliyə çevirdi: milliliklə dövlətçiliyi bir-birinə qovuşdurdu, onların sarsılmaz vəhdətini təmin etdi. Dünyadakı hər bir xalqın arzusunda olduğu bu əlçatmaz ideal Azərbaycan adlı məkanda da reallaşdı.

Professor Nizaməddin Şəmsizadə  “Azərbaycançılıq ideologiyası” əsərində haqlı olaraq qeyd edir ki, azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır. Beləliklə, azərbaycançılıq milli-mənəvi varlığın ilkin əlamətlərini, xalqın kimliyini əks etdirən, milli təfəkkürü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq, Azərbaycanın müstəqilliyini, birliyinihüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Bu gün millətin strateji fəaliyyət proqramı, dövlətin və millətin mövcudluğunun mənası, inkişafın məqsəd və prioritetləri kimi çıxış edən milli ideya uğurla həyata keçirilir.

Üç nöqtə.- 2016.- 2 fevral.- S.9