Müstəqillik ən böyük sərvətdir
Hər bir
vətəndaş müstəqilliyi qorumalı, öz işi ilə
müstəqilliyimizə töhfə verməlidir
Azərbaycan iqtisadi uğurları ilə yanaşı, həm də müstəqil xarici siyasəti ilə dünya miqyasında maraq və mənafelərini layiqincə müdafiə edir. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yeridən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini son illərdə daha da inkişaf etdirməyə nail olub, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləyib. Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir.
Respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların da dönmədən davam etdirilməsi və bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çeviib. 2003-2015-ci illərdə respublikada təşkil olunmuş çoxsaylı mötəbər beynəlxalq tədbirlər ayrı-ayrı sahələri əhatə etməklə, rəsmi Bakının xarici əlaqələrinə ciddi təkan verib. Bunun nəticəsidir ki, beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi Gürcüstana, Ermənistana və yaxud digər başqa MDB respublikasına deyil, məhz Azərbaycana üstünlük verilir.
Dövlət başçısının İsmayıllı rayonuna səfəri zamanı qeyd etdiyi kimi, Azərbaycan heç zaman indiki kimi güclü olmayıb: “Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini göstərir. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır. Bunun başlıca səbəbi müstəqil olmağımızdır. Müstəqillik ən böyük sərvətdir. Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə müstəqilliyimizə töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin”.
Bütün bunlarla yanaşı, Azərbaycanın dövlət müstəqilliyi üçün müəyyən təhdidlərin hər zaman mövcudluğunu, lakin xalq-iqtidar birliyi qarşısında belə cəhdlərin uğursuzluğa düçar olduğunu da açıq demək lazımdır. Əhali və ərazi baxımından o qədər də böyük olmayan, əhalisi əsasən islam dininə etiqad göstərən bir ölkənin bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr narahatlıqlarını ən müxtəlif formada izhar etdirir, ölkəmizə qarşı “təzyiq rıçaqları” tapmağa çalışırlar. “İkili standartlar”ın əsirinə çevrilən bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkəmizdə demokratik proseslərin dərinləşməsini, vətəndaşların maddi rifah halının güclənməsini qətiyyən arzulamırlar. Onlar nəyin bahasına olursa-olsun, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi iqtisadi, siyasi və hüquqi islahatların, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq istəyirlər. Bu məqsədlə ənənəvi olaraq yenə də “demokratiya bayrağı” əldə dəstəvuz edilir. Şübhəsiz, insan hüquqlarının təminatı və demokratikləşmə proseslərinin sonu və son imkanları yoxdur. Bu gün Qərb ölkələrinin əksəriyyətində insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi problemlərin mövcudluğu, insanların sosial hüquqlarının, habelə sərbəst toplaşmaq hüququnun kobud şəkildə pozulduğu yaxşı məlumdur. Almaniya, Fransa, İngiltərə, Yunanıstan, İsveç və digər ölkələrdə sosial hüquqları uğrunda dinc mübarizə aparan insanların mitinq və yürüşlərinin zorakılıqla dağıdılması, müsəlmanlara qarşı ayrı-seçkiliyin, dözümsüzlüyün hökm sürməsi, islamafobiya, dini və etnik dözümsüzlük faktları göz önündədir. Qəribəsi budur ki, cəmi 30-40 il bundan əvvələ qədər zəncilərin ayrı məktəblərdə təhsil almasını, ayrı nəqliyyat vasitələrini minməsini istəyənlər, bu gün də aborigen hinduların qapalı rezarvasiyalarda yaşadıqlarını “unudanlar” bizə demokratiya dərsi keçməyə çalışırlar.
Azərbaycanla bağlı ən adi məsələlərin belə şişirdilməsinin, qərəzli şəkildə təqdim olunmasının arxasında müəyyən geopolitik niyyətlərin dayandığı heç kimə sirr deyildir. Əslində, bu proseslərin müəyyən ölkələrdə işə salınmasına cəhd göstərilən məlum ssenarilərin tərkib hissəsi olduğunu da diqqətdən qaçırmaq olmaz. Söhbət, ilk növbədə, ərəb ölkələrində həyata keçirilmiş və ya reallaşdırılmasına cəhd göstərilmiş bədnam ssenarilərdən gedir. Mahiyyətindən asılı olmayaraq, yaşananlar ərəb xalqlarının daha böyük səfalətlərə, fəlakətlərə sürüklənməsindən başqa heç nəyə xidmət etməyib. Misirdə inqilabla hakimiyyətə gəlmiş M.Mursinin özünün cəmi bir il sonra zorakılıqla devrilməsi, bu ölkənin növbəti xaos və anarxiya, vətəndaş müharibəsinə yuvarlanması deyilənlərin əyani sübutudur. Təkcə Misirdə deyil, bu gün inqilabın baş verdiyi digər ərəb ölkələrinin də səfalət, yoxsulluq, xaos içində olması ssenarisi məlum qitədə yazılmış “ərəb baharları”nın iflasa uğradığını göstərir. Faktiki olaraq, “ərəb baharı”nın baş verdiyi ölkələr sonu görünməyən böyük bir fəlakətə sürükləniblər. Bu inqilabları xalqların “xoşbəxtliyi”, “nicatı” kimi qələmə vermək istəyənlərin təbliğatı isə puça çıxmışdır. Çünki inqilabların baş verdiyi ölkələrdə vəziyyət əvvəlkindən daha da pisdir.
Baş verənlər sübut edir ki, əslində, “demokratiya” bayrağı altında müəyyən ölkələrin öz geosiyasi maraqlarını gerçəkləşdirmək niyyətləri dünyada imperializmin yeni dalğasına çevrilib. Bu mənada, Azərbaycanın müstəqilliyini həzm edə bilməyən qüvvələr onun təcavüzkar Ermənistan kimi “for-post”a, vassala çevrilməsini, müstəqil siyasət yürütməyə son qoymasını istəyirlər.
YAP-ın qurultayında respublikamıza bu cür təzyiq göstərmək istəyən qüvvələrin hələ də mövcudluğunu, lakin belə cəhdlərin hər zaman iflasa uğrayacağını əminliklə söyləyən Prezident İlham Əliyevin bu fikirləri, zənnimizcə, məlum qüvvələrin ifşası baxımından ən dəyərli rəydir: “Görəndə ki, özünün, necə deyərlər, ləyaqətini həmişə saxlayan, heç kimin qarşısında baş əyməyən, müstəqil siyasət aparan ölkə var, bu da bəziləri üçün bir problemə çevrilir. Yenə bu mərkəzdən də bizə qarşı hücumlar, təzyiqlər başlayır. Mən nəyə görə bunu deyirəm? Mən bunu deməklə birinci növbədə fikirlərimi bildirmək istəyirəm və mənim dediklərim, sadəcə olaraq, hər hansı bir emosiyalara əsaslanan sözlər deyildir. Bu, mənim son bir neçə il ərzində apardığım dərin təhlilin nəticəsidir. Burada təhlil aparmaq üçün məndə kifayət qədər geniş imkanlar var və beynəlxalq təmaslar, görüşlər, məlumat müxtəlifliyi və sair. Yəni bu, mənim, necə deyərlər, şüurlu seçimim və fikrimdir. Ona görə ki, bizim cəmiyyətdə də bu cür addımlara çox da böyük reaksiya verilməsin. Çünki üç mərkəz olmasın, beş mərkəz olsun, biz öz yolumuzla gedəcəyik, öz bildiyimizi edəcəyik. Çünki bizim, yenə də deyirəm, güclü dayaqlarımız vardır. Bu da Azərbaycan xalqıdır”.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Demokratiya yolunda: irs haqqında düşünərkən” əsərində demokratik cəmiyyətin yaradılmasında təkamül yoluna üstünlük verilməsi ideyasını müdafiə edərək yazır ki, “inqilab ssenariləri”nin acı sonluğu demokratik proseslərin inqilabi yolla sürətləndirilməsinin, demokratik dəyərlərin kor-koranə transferinin mümkün olmadığını göstərir. Hər bir ölkənin daxilində mütləq demokratik proseslərin getməsinə real zəmin yaradılmalı, tətbiq olunan yeniliklər ictimai şüur tərəfindən tam şəkildə mənimsənilməlidir. Demokratik inkişaf, ilk növbədə, suverenlik və özünütəminetmə prinsiplərinə söykənməlidir.
Demokratik dəyərlərin
özü də bəşəriyyətin
inkişaf səviyyəsinə uyğun olaraq dəyişir,
təkmilləşir, yeni məzmun kəsb
etməyə başlayır. Bu mənada akademik Ramiz Mehdiyev haqlı olaraq belə
mülahizə ilə çıxış edir
ki, demokratik prinsiplər
hansısa dövlət tərəfindən formalaşa
və elan oluna bilməz.
Demokratiya və insan
hüquqlarının qorunması pərdəsi altında öz iradəsini dünyaya
qəbul etdirməyə can atan, müəyyən planlarını
gerçəkləşdirməyə çalışan
ayrı-ayrı qüvvələrin təhdid və
şantajları demokratik idealların
möhkəmlənməsinə mane olur və tormozlayıcı amilə çevrilir: “Nəticədə
demokratiya XXI əsrin əsas ideoloji silahına – nəinki mövcud
rejimləri dəyişdirməyə, tranzitlər və transformasiyalar doğurmağa,
həm də Yer kürəsinin istənilən
nöqtəsinə hərbi müdaxiləni “legitimləşdirməyə”
qadir olan silaha çevrilib…
“Demokratiyanın müdafiəsi” bayrağı altında
ölkələrin daxili
işlərinə kobudcasına qarışmaq, onlara siyasi təzyiq
göstərmək, seçki proseslərinin,
vətəndaş hüquqları və
azadlıqlarının vəziyyətinin qiymətləndirilməsində
ikili standartları zorla
qəbul etdirmək cəhdləri demokratik
dəyərləri universallaşdırmaq işinə ziyan vurur”.
Üç nöqtə.- 2016.- 9 fevral.- S.9