Dövlət dilimiz
həm də azərbaycançılıq məsələsidir
O Azərbaycan xalqının milli varlığını müəyyən
edən başlıca amillərdəndir
«Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir»,-üymummilli lider Heydər Əliyev deyib.
Dövlət dili Azərbaycan xalqının milli varlığını müəyyən edən başlıca amillərdəndir. Bu bir faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovet hakimiyyəti dövründə, xüsusən də 20-ci, 30-cu, 40-cı, 50-ci, hətta 60-cı illərdə əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, respublikamızda Azərbaycan dili hakim bir dil deyildi. Sovet ideologiyasının ən qızğın məddahları bu ideologiya çərçivəsində milli dillərin hər birini yeni tarixi birliyin - vahid dili rus dili olan sovet xalqının formalaşması və təşəkkülü yolunda yalnız maneə hesab edirdilər. Qeyd edək ki, SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Çünki bu, onlardan ötrü tale məsələsi ola bilə
Ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi və dövlət tərəfindən bu məqsədlə hər hansı bir tədbir də görülmürdü. Belə bir şəraitdə, 1960-cı illərin axırlarından respublikaya başçılıq edən Heydər Əliyev özünün zəngin siyasi təcrübəsi, yüksək intellektual qabiliyyəti, milli mədəniyyətimizi, mənəvi meyarlarımızı dərindən bilməsi sayəsində milli dilin inkişafına və tətbiqinə şərait yaratmış uzunmüddətli siyasət işləyib hazırlamış və bütün əngəllərə baxmayaraq, durmadan həyata keçirmişdir. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Mübaliğəsiz deyə bilərik ki, XX əsrin son 30 ilində Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi və zənginləşməsi, onun dövlət dilinə, rəsmi sənədlərin dilinə çevrilməsi, gündəlik həyatda, praktikada bu dildən istifadə edilməsi, beynəlxalq münasibətlər, dünya diplomatiyası sahəsində tətbiqi və onun hörmət qazanması - bütün bunlar Heydər Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyətinin, daimi diqqət və qayğısının nəticəsi olmuşdur. O, Azərbaycan dilinin inkişaf etməsi, onun insanların mənəvi-əxlaqi və siyasi dünyagörüşünün əsasına çevrilməsi, cəmiyyətimizdə layiqli yer tutması üçün nə etmək lazım olduğunu çox gözəl bilir və hiss edirdi.
Bu halda onu da unutmamalıyıq ki, Azərbaycan dili çox əlverişsiz inkişaf şəraitində olduğu bir vaxtda ilk dəfə bu problemə Heydər Əliyev müraciət etmişdir. Məlumdur ki, dil ona qarşı zorakılığa dözmür, bu və ya digər dilin istifadəsi və inkişafı sahəsini məhdudlaşdırmaq arzusuna əsaslanan hər hansı siyasi kataklizmlərə son dərəcə həssas reaksiya verir.
Bütün çətinliklərə baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.
O, mərkəzdən asılı olan, qapalı sistemdə yaşayan və üstəlik, müsəlman-türk olan respublikamızda milli dil siyasətini olduqca dərindən ölçülüb-biçilmiş şəkildə həyata keçirirdi. Heydər Əliyev heç vaxt ötəri imic yaradan tələsik addımlar atmırdı. Onun bu keyfiyyəti milli dilə münasibətdə daha parlaq şəkildə ifadə olunmuşdu. Hər bir vətəndaş və ilk növbədə yaradıcı ziyalıların nümayəndələri dilə çox ağrılı, həssas münasibət göstərirdilər. O, hər kəsin diqqətini bu problemə cəlb etməklə onu gündəmə çıxardı və təkcə rəhbərlik səviyyəsində deyil, həm də zəngin tarixə və mədəniyyətə malik olan bütün xalq səviyyəsində həll etdi.
Beləliklə, Azərbaycan dilinin dövlət dili statusu qazanması SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihəsi dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Bu layihədə Azərbaycan dilinin hansı status daşıması məsələsi öz əksini tapmamışdı. Kommunist ideologiyasının hökmranlıq etdiyi o dövrdə əhalinin iştirakı ilə keçirilən müzakirələr formal xarakter daşıyırdı. Buna baxmayaraq, milli ruhlu ziyalılar layihəyə Azərbaycan dilinin salınmamasından narazılıqlarını bildirmişdilər. Yenə də respublikamızın rəhbəri Heydər Əliyev həyatını riskə qoyaraq Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdı. Lakin Moskvadakı rəhbər xadimlər müxtəlif bəhanələr gətirərək bunun qarşısını alırdılar. Xalqını, millətini böyük məhəbbətlə sevən ulu öndər isə inadından əl çəkmirdi. Öz məqsədinə çatmaq üçün fəaliyyətini israrla davam etdirirdi. Ulu öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L. İ. Brejnevlə danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini, nəhayət, birdəfəlik həll edir. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorudu. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Hələ Kommunist ideologiyasının hökmranlıq etdiyi dövrdə ulu öndər deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının çoxaldılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədini daşıyırdı. Ana dilimizə göstərilən bu qayğı və dövlət başçımızın fədakarlığı nəticəsində xalqımızın milli ruhu getdikcə yüksəlir, özünə inam artır və müstəqillik düşüncələri daha da güclənirdi. Azərbaycan dilinin inkişafı isə daim diqqət mərkəzində saxlanılırdı. Bu gün dövlət dilimiz inkişaf edir, zənginləşir. Dünyada hörmətlə yanaşılan dillərdən birinə çevrilib.
Üç nöqtə.- 2016.- 16 fevral.- S.9