Azərbaycanlılar arasında qarşılıqlı dəstək və birlik daha güclü olmalıdır

Xaricdə azərbaycanlılar nə qədər güclü olsa, dövlətimizin maraqları da o qədər müdafiə olunacaqdır

«Səfirliklərlə diaspor təşkilatları arasındakı əməkdaşlıq daha da güclü, daha da məqsədyönlü olmalıdır. Səfirlik Azərbaycan dövlətinin bir parçasıdır, Azərbaycan dövlətinin rəsmi nümayəndəliyidir, Azərbaycan dövlətinin xarici ölkələrdə simvoludur. Biz elə etməliyik ki, səfirliklərlə diaspor təşkilatları arasında daim mehriban münasibətlər olsun. Əgər hər hansı bir problem, anlaşılmazlıq, yaxud da ki, narazılıq varsa, o, dərhal öz həllini tapmalıdır. Yəni, hərə bir tərəfə, öz küncünə çəkilməməlidir ki, biz sonra müdaxilə edək və vəziyyəti normallaşdırmağa çalışaq. Onlar özləri bir-birinə hörmətlə yanaşmalıdırlar, bir-birinin fəaliyyətini dəstəkləməlidirlər, çünki bizim bir Vətənimiz var - Azərbaycan dövləti. Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, onun dövləti haqqında müsbət imic formalaşsın, xalqı haqqında reallığı əks etdirən bir təəssürat yaransın. Əgər xarici ölkə vətəndaşları görsə ki, azərbaycanlılar xaricdə bir-biri ilə yola getmirlər, yaxud da ki, bir-birinin əleyhinə aparırlar, istər-istəməz onlarda ölkə haqqında, xalqımız haqqında düzgün olmayan təəssürat yarana bilər. Ona görə də mən sizdən xahiş edirəm ki, əgər bu vaxta qədər, indi kimin səhvindən nə olub olub, onu gərək qoyaq kənara, o səhifəni bağlayaq. Bundan sonra diaspor təşkilatları və səfirliklər bir komanda şəklində, bir yumruq kimi işləməlidirlər və Azərbaycanın nə qədər gözəl ölkə olduğunu yaşadıqları ölkənin vətəndaşlarına birgə çatdırmalıdırla»,-Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Diaspor təşkilatlarının fəaliyyəti, eyni zamanda, erməni lobbisinin Azərbaycan əleyhinə apardığı çirkin kampaniyaya qarşı tutarlı bir cavabdır. Sirr deyil ki, müstəqilliyimizin ilk illərində bizimböyük maliyyə imkanlarımız var idi, xaricdə yaşayan azərbaycanlılar da o vaxt hələ təşkilatlanmamışdılar. Ancaq hazırda bütün ölkələrdə diaspor təşkilatlarımız erməni təbliğatına qarşı Azərbaycan reallıqlarını ortaya qoyurlar. Çalışmalıyıq ki, Azərbaycan haqqında reallıqları bütün dünyaya bildirək. «Bizə qarşı dünyada erməni lobbisi fəaliyyət göstərir. Bizə qarşı mübarizə aparır. Onların təsir dairəsində olan bəzi siyasətçilər, bəzi mətbu orqanlar, bəzi ictimai qurumlar Azərbaycana qarşı kampaniya aparırlar - ləkələmə kampaniyası, Azərbaycan reallıqlarını təhrif etmək üçün uydurmalar, düzgün olmayan faktlar yayırlar, yalanlar, böhtanlar yağdırırlar. Birlikdə bunun qarşısı alınmalıdır.

Azərbaycan dövləti özünü qoruyur və qoruyacaqdır. Ancaq mən çox şadam ki, diaspor təşkilatlarımız da nəinki erməni lobbi təşkilatlarına tutarlı cavab verir, eyni zamanda, onlar özləri orada Ermənistana qarşı çox ciddireal faktlar əsasında qurulmuş təbliğat işləri aparırlar. Mən xaricdə çalışan səfirlərimizlə görüşlərdə həmişə demişəm və bu gün də demək istəyirəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır. Bizim diplomatiyamız müdafiə, özünümüdafiə xarakteri daşımamalıdır. Hücum diplomatiyamız nəticə verir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan-Azərbaycan münaqişəsində haqlı tərəf və zərər çəkən tərəf bizik, əlbəttə, arqumentlərimiz daha da ciddidirdaha da tutarlıdır. Hesab edirəm ki, növbəti dövrdə də erməni lobbisinə qarşı bütün dünyada mübarizəmizi davam etdirməliyik, onların yalanlarını ifşa etməliyik, Azərbaycan həqiqətlərini təbliğ etməliyik və Azərbaycan reallıqlarını olduğu kimi təqdim etməliyik. Müxtəlif konfranslar, simpoziumlar, “dəyirmi masalar keçirilir. Mən bunu alqışlayıram. Qəzetlər buraxılır. Hesab edirəm ki, qəzetlərin sayı daha da çox olmalıdır və mütəmadi qaydada xaricdə Azərbaycan dilində qəzetlər buraxılmalıdır. O ölkələrin dillərində qəzetlər, jurnallar buraxılmalı, təbliğat xarakterli materiallar nümayiş etdirilməlidir. Biz indi internet dövründə yaşayırıq və Azərbaycanda internet azaddır. Bu da çox vacib bir məsələdir. Heç bir məhdudiyyət yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 50 faizə çatmışdır. Bəzi hallarda yenə də erməni təbliğatı nəticəsində, yaxud da ki, erməni lobbisinin təsiri altında olan bəzi riyakar siyasətçilər tərəfindən Azərbaycanda guya mətbuat azadlığının olmaması haqqında fikirlər eşidirik. Necə ola bilər ki, azad internet olan ölkədə, internet istifadəçilərinin sayı 50 faiz olduğu təqdirdə, bütün azad mətbuat mövcud olduğu təqdirdə bizə desinlər ki, burada mətbuat azad deyil. Yəni, internet dövründə biz bu imkanlardan da istifadə etməliyik. İnternet saytları açılmalıdır. Azərbaycan xalqının tarixini, mədəniyyətini, Azərbaycanın bugünkü reallıqlarını, siyasətini əks etdirən çoxsaylı saytlar yaradılmalıdır və Azərbaycanın dövlət qurumları bu işlərdə də öz köməyini göstərməlidirlər. Mən artıq müvafiq göstərişlər vermişəm. Yəni, bir sözlə, biz çalışmalıyıq ki, xaricdə özümüzü olduğu kimi təqdim edək. Bu işdə daha da böyük uğurlar əldə etmək mümkündür»,-dövlət başçısı deyib.

Dövlət başçısının sözlərinə görə,  xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız o ölkələrin daxili siyasətinin amilinə çevrilməlidir. Artıq bunun vaxtı gəlib çatıb. Həm ölkəmizin inkişafı, həm diaspor təşkilatlarımızın güclənməsi qarşımızda indi belə imkanlar açır. Soydaşlarımız - azərbaycanlılar yaşadıqları ölkələrdə dövlət, hökumət qurumlarında təmsil olunmalıdırlar. Onların sayı da bəzi hallarda buna imkan verir. Qanunvericilik orqanlarında təmsil olunmalıdırlar. Bunu etmək üçün azərbaycanlılar arasında qarşılıqlı dəstək və birlik daha da güclü olmalıdır. «Mən hesab edirəm ki, bu, realdır. Bu həm orada yaşayan azərbaycanlılar üçün bir dəstək olacaq, dayaq olacaq, həm ölkəmiz üçün. Çünki xaricdə azərbaycanlılar nə qədər güclü olsa, dövlətimizin maraqları da o qədər müdafiə olunacaqdır. Nə qədər Azərbaycan güclü olsa, soydaşlarımız özlərini o qədər də əmin, rahat hiss edəcəklər. Ona görə də hesab edirəm ki, diaspor təşkilatlarının bütövlükdə və onların üzvlərinin fərdi qaydada real siyasətə, real işlərə daha da fəal cəlb edilməsi çox arzuolunan bir məsələdir».  Bu gün Azərbaycanın iqtisadi imkanları genişlənir. Bizim investisiyalarımız indi nəinki Azərbaycanda, eyni zamanda, xarici ölkələrə də qoyulmağa başlamışdır. Bu da bizim strateji iqtisadisiyasi addımlarımızdan biridir. İndi Azərbaycanın həm dövlət, həm də ki, özəl şirkətləri xarici ölkələrdə işləyirlər, kontraktları icra edirlər, investisiya qoyurlar. Bu investisiyalar bəzi hallarda yüz milyon, bəzi hallarda milyard dollarla ölçülür.

Xaricdə Azərbaycan mədəniyyət evlərinin yaradılması Azərbaycançılıq ideologiyasının bir parçasıdır. Bu yeni təşəbbüsdür. Aparıcı ölkələrin mərkəzi şəhərlərində Azərbaycan dövləti mülkiyyət almaq niyyətindədir. Orada həm Azərbaycan mədəniyyət evlərinin fəaliyyəti təşkil edilməlidir, eyni zamanda, Azərbaycan ticarət evləri yaradılmalıdır. «Göstəriş verilib ki, paytaxt şəhərlərinin mərkəzi yerlərində, mərkəzi küçələrində Azərbaycan mərkəzləri yaradılmalıdır. Orada Azərbaycan məhsulları təqdim edilməlidir, satılmalıdır, digər təbliğat xarakterli materiallar yayılmalıdır. Yəni, bu, bizim planlarımızda var bu ildən başlayaraq artıq bu proses icra edilməyə başlanmışdır».

Üç nöqtə.- 2016.- 13 fevral.- S.9