Azərbaycançılıq tolerantlığı, polietnik zənginliyi özündə ehtiva edir

 

Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi sayır

Azərbaycançılıq həm də Azərbaycanın tarixinin, mədəniyyətinin dünyada təbliği deməkdir. Azərbaycanın böyük ədib və mütəfəkkirlərinin, alimlərinin, mədəni irsimizin beynəlxalq miqyasda tanıdılması da bui şin mühüm tərkib hissəsidir.

Əlamətdar haldır ki, bu istiqamətdə dövlət qurumları ilə yanaşı, qeyri-dövlət xəttilə də mühüm işlər görülür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir. Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir.

Dünyada qloballaşmanın yayıldığı zamanda bu prosesə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası da məhz bu qlobal çağırışlara cavab verir.

Bu nöqteyi-nəzərdən azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün bu ideologiya mədəniyyətlərarası dialoqa mühüm bir körpüdür.

Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, bu gün «Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir». Bu interqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini, milli identifikasiyasını qoruyub saxlamaq müstəsna əhəmiyyət kəsb edir ki, onu da da azərbaycançılıq fəlsəfəsi təmin edir: «Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər».

Digər tərəfdən, azərbaycançılıq tolerantlığı, polietnik zənginliyi özündə ehtiva edir. Azərbaycan dövləti ölkədə yaşayan bütün milli azlıqlara hörmət və izzət aşılayır, onlara xoş münasibəti təlqin və təbliğ edir. Din xadimlərinə, dini ibadət yerlərinə dövlətimizin başçısı tərəfindən yüksək diqqət və qayğı göstərilir. Heç bir dini ayrı-seçkiliyə yol verilmir. Elə Bakı şəhərinə diqqət yetirək:  burada kilsələr, məscidlər, sinaqoqlar, hətta bizə düşmən kəsilmiş ermənilərin kilsəsi də çox böyük qayğıyla qorunub saxlanılır. heç kəsin ağlına belə gəlmir ki, bunlar sökülməlidir, dağıdılmalıdır. Əksinə dövlət tərəfindən dini abidələrin bərpa edilməsi və yenilərinin tikilməsi həyata keçirilir, Məscidlər, provaslav, katolik kilsələri, sinaqoqlar, tarixi keçmişimizin, zərdüştilik dövrünün abidəsi olan Atəşgah dövlət tərəfindən, dövlətin dəstəyi ilə əsaslı şəkildə təmir edilib.  Bundan başqa, Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. O, müsəlmanlarla yanaşı, müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını da əsas dini bayramları münasibətilə təbrik edir. Bu siyasətin nəticəsidir ki, müxtəlif dinlərin nümayəndələri arasında dostluq və qardaşlıq münasibətləri hökm sürür. Müsəlmanların, pravoslavların, katoliklərin və yəhudilərin bütün tədbirlərində, bütün bayramlarında bütün konfessiyaların rəhbərləri həmişə bir yerdə, bir masa arxasında olur, sevinclərini, kədərlərini bölüşürlər. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi sayır, dövlətin diqqətini, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Deməli, Azərbaycanda dini etiqad azadlığı tamamilə təmin edilir, dini durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir, dini mövzularda beynəlxalq konfranslar və görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Dövlət orqanları bütün vətəndaşların, o cümlədən dini icmaların üzvlərinin hüquqlarını qoruyur. Cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında ümumi dostluq mühiti hökm sürür. Azərbaycanın din sahəsində apardığı siyasət fikirsöz azadlığı, vicdan azadlığı üzərində qurulur. Dövlətin din sahəsində siyasəti beynəlxalq hüququn prinsipləri və normalarına, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır. Bunlar, ölkədəki stabillik gərgin əməyin, ölçülüb-biçilmiş çox incə bir siyasətin və möhkəm iradənin nəticəsidir. Bu milli adət-ənənələrə, mənəvi-dini dəyərlərə ölkə rəhbərliyinin münasibəti fonunda yaranmış əlverişli şəraitin təbii təzahürüdür. Bu da onu göstərir ki, tolerantlıq dövlət səviyyəsində dəstəklənir. «Zənnimcə, bu da ölkəmizin qiymətli sərvətlərindən biridir. Bu onu göstərir ki, bu gün Azərbaycan ayrı-ayrı din və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın, hörmət və etimadın hökm sürdüyü nadir ölkələrdəndir…Multimədəniyyətli cəmiyyət, dinlərarası dialoq, xalqlar arasındakı dostluq və qardaşlıq bizim dövlətimizi gücləndirir. Çünki bu, cəmiyyətdə çox gözəl ab-hava yaradır, bu, həm dövlət siyasətidir, eyni zamanda, cəmiyyətin sifarişidir»,-Prezident İlham Əliyev deyib. 

Tolerantlığı, polietnik zənginliyi özündə ehtiva edən azərbaycançılıq ideologiyası həm də Azərbaycanın şovinist siyasətli, monoetnik Ermənistanla apardığı informasiya mübarizəsində güclü siyasi və təbliğati silahdır. Çünki, ifrat ksenofobiya, davakar milətçilik üzərində köklənən ermənilik ideologiyasından fərqli olaraq, azərbaycançılıq sağlam vətənpərvərlik ideologiyasıdır, onun mayasında başqa xalqlarla sülh içində yaşamaq, millidini dözümlülük fəlsəfəsi dayanır. Bu baxımdan dünyaya açıq, mütərəqqi ümumbəşəri dəyərlərin təcəssümü olan azərbaycançılıq özünütəcrid üzərində köklənən, qonşu xalqlara düşmənçilik, milli nifrət aşılayan ermənilik ideyasının tam əksidir.

Odur ki, azərbaycançılıq fəlsəfəsini vahid Azərbaycanın ideya əsası, dünya azərbaycanlılarını birləşdirən ortaq dəyər və Azərbaycanı dünya tanıdan milli-mənəvi irs olaraq öyrənmək və təbliğ etməklə yanaşı, onu ölkəmizin milli təhlükəsizliyinin mühüm postulatı kimi də diqqətdə saxlamaq gərəkdir. Bu baxımdan əminliklə qeyd etmək olar ki, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, sürətlə dünyaya inteqrasiya olunduğu indiki vaxtda azərbaycançılığın milli-ideoloji plast olaraq dərindən tədqiqi, onun dünya azərbaycanlıları arasında və bütövlükdə beynəlxalq miqyasda təbliği təkcə bugünün deyil, həm də sabahın tələbidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər qarşıya qoyulan məqsədə çatmaq yolunda çox önəmlidir.

Üç nöqtə.- 2016.- 17 fevral.- S.9