Çinli qonaqlar Azərbaycan Xalça
Muzeyindən xoş təəssüratla
ayrılıb
İyunun 1-də ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Xalça Muzeyi ilə tanış olub.
AZƏRTAC
xəbər verir ki, muzeyin direktoru Şirin Məlikova qonaqlara
xalqımızın qədim xalçaçılıq sənəti,
onun tarixi, adət-ənənəsi haqqında ətraflı məlumat
verib.
Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, materialın, yaratma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir. Qeyd edilib ki, tətbiqi sənətin nadir nümunələrinin toplandığı Azərbaycan Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirilib.
Diqqətə çatdırılıb ki, “Qızıl Fondu”nu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunub. Xalçalar xalqın həyatını əks etdirən insan, heyvan, quş, bitki ornamentləri ilə səciyyəvi üslubda bəzədilib. Muzeydə, həmçinin Böyük Britaniyanın “Viktoriya və Albert” Muzeyində saxlanılan məşhur Şeyx Səfi xalçasının surəti də var. Muzeyin terrasında - açıq səma altında sərgilərin təşkili mümkündür.
Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir.
Sonra qonaqlar muzeydə yerləşən “Zərgərlik fondu” ilə də yaxından tanış olublar. Burada Azərbaycanın müxtəlif tarixi dövrünə aid qızıl və gümüş eksponatlar yer alıb.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal
görünüşü, qeyri-adi ekspozisiya
zallarının quruluşu qonaqlarda xoş təəssürat
yaradıb.
Yeni Azərbaycan.-
2016.-2 iyun.- S.8