Milli ideologiya dövlətçilik institutunun möhkəmləndirilməsinə xidmət edir

 

O xalqın milli özünədərkini kortəbii inkişafdan mütəşəkkil formaya keçməsinə zəmin yaradan sistemli prinsiplər və tezislərdən ibarətdir

Hər bir millətin varlığı ilk növbədə, milli ideyayaxud da milli ideyalarla bağlıdır. Məhz biryaxud bir neçə ideyanın sonucu olaraq milli ideologiya yaranır. Milli ideologiya bir millətin ictimai-sosial, milli-mədəni, mənəvi dəyərlərinin mühafizəkar formada qorunmasını və saxlanılmasını təmin edən elmi-fəlsəfi konsepsiyalar toplusudur. Milli ideologiya hər şeydən öncə dövlətçilik institutunun möhkəmləndirilməsinə xidmət edən, xalqın milli özünədərkini kortəbii inkişafdan mütəşəkkil formaya keçməsinə zəmin yaradan sistemli prinsiplər və tezislərdən ibarətdir. Milli ideyanın təşəkkülünün birinci mərhələsi 1828-1875-ci illəri əhatə edir. Rusiya-İran müharibəsindən sonra Azərbaycanın şimal hissəsinin ərazisi Rusiya imperiyasının tərkibində qalmış, burada azərbaycanlıların tədricən həmrəy olması prosesi başlanıb. O dövrdə Azərbaycan cəmiyyətinin qabaqcıl hissəsi hələ fars və ərəb ruhanilərinin təsiri altında idi. Bununla bərabər, məhz həmin dövrdə milli realist ədəbi məktəb formalaşmağa başlayır. Bu məktəbin səpdiyi milli oyanış toxumları sonrakı onilliklərdə cücəribdir. Özlərinin ensiklopedik bilikləri ilə fərqlənən Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazımbəy, Mirzə Fətəli Axundzadə və başqaları yaranmaqda olan yeni ziyalıların ən parlaq nümayəndələri idi. Mütərəqqi rus mədəniyyətinin əhatə dairəsinə cəlb edilmiş azsaylı Azərbaycan ziyalılarının bu ilk nümayəndələri həmin mədəniyyət vasitəsilə XIX əsr Avropa mədəniyyəti ilə tanış olublar. Şimali Azərbaycan əhalisinin etnik baxımdan oyanışı bu görkəmli mütəfəkkirlərin fəlsəfi, tarixi və ədəbi əsərlərindən qaynaqlaıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev qeyd edib ki, Azərbaycan xanlıqları Rusiya imperiyasının tərkibinə daxil olanda yerli zadəganlar öz titullarından məhrum edilib və Rusiyanın tərkibində analoji titullar almamış, bunun əvəzinə “müsəlman ruhaniləri” deyilən yeni zümrə yaranıb. Həmin dövrdə Azərbaycan cəmiyyətində identifikasiyanın əsas meyarı da bu idi.

Akademikin sözlərinə görə. ikinci mərhələnin başlanğıcı 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən Bakıda Rusiya müsəlmanları arasında Azərbaycan dilində ilk qəzetin - “Əkinçi”nin təsis edilməsi ilə bağlıdır və XX əsrin əvvəlinə qədər olan dövrü əhatə edir. Bu ilk Azərbaycan qəzeti milli oyanış tarixində müstəsna rol oynamışdır. Azərbaycan teatrının banilərindən biri və ədəbiyyatda realizm tərəfdarı olan Həsən bəy Zərdabi bu qəzetin səhifələrində dərc olunan məqalələrində dini-mistik poeziyaya qarşı çıxış edirdi. Qəzet öz redaktorunun dili ilə həmvətənləri milli məhdudiyyətə qarşı mübarizə aparmağao dövrün elmi nailiyyətləri ilə tanış olmağa çağırırdı. Maarifçilik ideyalarının daşıyıcısı kimi “Əkinçi” qəzeti sayca çox olmayan Azərbaycan ziyalılarında milli mənlik şüurunun formalaşmasının təməlini qoymaqla tarixi rol oynayıbdır. SeyidCamal Ünsizadə qardaşlarının yaratdığı “Ziya” və “Kəşkül” nəşrləri isə “Əkinçi”nin ideyalarını davam etdirərək oxucularını Avropa elm, təhsil və mədəniyyətinin nailiyyətləri ilə tanış edirdi. Bu nəşrlər öz dövrünün ictimai fikir tarixində nəzərəçarpacaq iz qoymasalar da, hər halda XIX əsrin son rübündə Azərbaycan ziyalılarının yaradıcı fəallığının başlanmasının göstəricisi idi. Şübhəsiz, bu nəşrlər mətbuat işinə maraq oyatmış və ən başlıcası – həmin nəşrlərdə dərc edilən məqalələrin tənqidi baxımdan dərk edilməsi günün tələblərinə cavab verən yeni nəşrlər yaranmasına güclü təkan veribdir.

Azərbaycan ziyalılarının XIX əsrin axırlarında formalaşmış ikinci nəsli artıq türk mədəniyyəti ənənələrinə müraciət etməyə başlayıbdı. M.Şahtaxtinskinin 1891-ci ildə “Kəşkül” qəzetində dərc edilmiş məqaləsində “Azərbaycan türkləri” terminindən istifadə etmək təklif olunurdu. Beləliklə, türklərin milli mənlik şüurunu Azərbaycan identikliyi ilə əlaqələndirməyə cəhd edilibdi.Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyiKaspi” qəzeti rus dilində çıxdığına baxmayaraq, xalqın əsas tribunasına çevrilibdi. Nəcəf bəy Vəzirov, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə və digər şəxsiyyətlər ikinci dövr maarifçilər nəslinin görkəmli nümayəndələri idi.

Ramiz Mehdiyev bildirib ki, üçüncü mərhələ Rusiyada 1905-1907-ci illər inqilabından başlanır və 1918-ci ilin may ayında Zaqafqaziya Seyminin süqutu ilə başa çatır. Bu illərin siyasi hadisələri Azərbaycan xalqının həyatında çox böyük rol oynayıb, onun ictimai-siyasi şüurunun inkişafına ciddi təsir göstəribdir. Yeni yüzilliyin birinci onilliyində mühüm ictimai irəliləyişlər nəzərə çarpır, xalqın oyanışı, milli mənlik şüurunun sonrakı formalaşması və Avropa sivilizasiyası dəyərləri ilə tanışlıq prosesinə fəal cəlb olunan ilk siyasi partiyalar yaranır, yeni jurnal və qəzetlər təsis edilir. “Həyat”, “İrşad” qəzetlərinin, “Füyuzat” jurnalının nəşri milli ideologiyanın yaranmasına, dövlətçilik təfəkkürünün və milli azadlıq ideyasının formalaşmasına təkan verir. Türkçülük ideyaları milli burjuaziyanın, yaradıcı və siyasi ziyalıların şüuruna hakim kəsilməyə başlayır, bu dövrdə yaradılmış siyasi təşkilatların əsas platformasına çevrilir. Bu ideyalar milli ideal xarakteri kəsb etməklə milli hərəkata güclü təkan verir. Bu dövrün səciyyəvi cəhəti ondan ibarətdir ki, Azərbaycan elitası milli ideyanın son məqsədi kimi Rusiya imperiyasının tərkibində milli ərazi muxtariyyəti yaradılması uğrunda mübarizə yolunu seçir. Tam azadlıq, milli və dövlət müstəqilliyi uğrunda mübarizə 1918-ci ilə qədər hələ siyasi təşkilatların gündəlik işinə çevrilməyibdi.

Dünya tarixində bu dövr dünya geosiyasətində tektonik dəyişikliklər, Rusiya imperiyasının dağılması və müstəmləkə xalqlarının müstəqil dövlət qurması üçün şərait yaranması ilə əlamətdardır. Məhz həmin illərdə ictimai fikrin avanqardı rolunda çıxış edən yeni ictimai-siyasi xadimlər təbəqəsi yaranır. Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və bır sıra başqaları Azərbaycan milli ideyasının daşıyıcıları olmaqla milli ideallar uğrunda mübarizəni demokratik dəyərlər və prinsiplərlə birləşdirirdilər.

Azərbaycan milli ideyasının formalaşması tarixinin dördüncü mərhələsi 1918-ci il mayın axırlarında Tiflisdə, Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında qərar qəbul edildiyi vaxtdan 1920-ci il aprelin sonuna qədər olan dövrü əhatə edir. Beləliklə, 1918-ci il 28 may tarixi Azərbaycan milli ideyasının həyata keçməsinin ilk rəmzi olubdur. Xalqın ən yaxşı övladları bu ideyanın təntənəsi uğrunda mübarizə aparıblar. Gənc dövlətin baniləri Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə tanınması uğrunda gərgin mübarizə aparmalı olmuşlar. Lakin böyük dövlətlərin maraqları, siyasi konyunktur bu məqsədə nail olmaq üçün ciddi maneəyə çevrilibdi. Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən az sonra Müvəqqəti Milli Şura ölkənin müvəqqəti paytaxtına – Gəncə şəhərinə köçmüş və yalnız sentyabrın ortalarında Bakı “Sentrokaspi diktaturası” qoşunlarından azad ediləndən sonra hökumət fəal dövlət quruculuğuna və ölkənin daxili həyatını tənzimləməyə başlaya bilmişdi. Lakin vaxt əldən verilmişdi. Təcili həll edilməsi tələb olunan çoxlu problemlər yığılıb qalmışdı, ixtisaslı milli kadrların olmaması isə ölkənin səmərəli idarə edilməsini xeyli ləngidirdi. Üstəlik, hökumətdə mövcud qarışıqlıq, rəhbər vəzifələrin proteksiya yolu ilə - “öz adamları” ilə və ya müxtəlif xarici siyasi qüvvələrin mənafelərinə xidmət edən etibarsız kadrlarla komplektləşdirilməsi, xarici dövlətlərin ölkənin daxili işlərinə qarışması, dərin sosial-iqtisadi böhransair - bütün bunlar, əlbəttə, dövlət hakimiyyətinin möhkəmlənməsi işinə əsla xidmət etmirdi. Nəticədə 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Sovet Rusiyasının təzyiqi altında hakimiyyəti Azərbaycan bolşeviklərinə təhvil verməyə məcbur oldu, onlar isə Azərbaycanda sovet hakimiyyəti elan etməklə tamamilə bolşevik Rusiyasının tabeliyinə keçdilər. Beləliklə, əsas məqsədi müstəqil demokratik dövlət yaratmaq olan Azərbaycan milli ideyasını reallaşdırmağa yönəlmiş ilk təcrübə uğursuz oldu.

Millətin siyasi və sosiomədəni baxımdan dəyişməsi ilə əlaqədar bütün təşəbbüslərin ideoloji əsaslarının yaranmasını yuxarıda göstərilən mərhələlərin əsas nailiyyətləri hesab etmək olar. Özünüidentikasiyanın kollektiv formaları – dini, etnik və sosiomədəni (sivil) formaları vahid milli, dövlət ideyası şəklində kooperasiya edilmişdir. Beləliklə, “millət”, “milli ləyaqət”, “dövlət” kimi əsas anlayışların formalaşması və millətin gələcəyi barədə ayrı-ayrı baxışların müzakirə edilməsi üçün imkan yaranmışdı. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu dövlətin demokratik xarakterini, Azərbaycan cəmiyyətinin siyasi təşkilini dəyişmiş və Azərbaycan millət-dövlət modelinin beynəlxalq miqyasda tanınmasına mənfi təsir göstəribdir.

Üç  nöqtə.- 2016.- 14 mart.- S.8