İstənilən anda öz doğma
torpaqlarımızı azad edə bilək
Güclənən ordumuz erməniləri təşvişə
salır
Sürətlə qloballaşan müasir dünyada ölkənin inkişafını təmin etmək, sərhədləri düşmən təcavüzündən qorumaq nə qədər vacibdirsə, milli mənəvi dəyərlərimizin, necə deyərlər, sərhədlərini də yad və zərərli təsirlərdən, ideologiyalardan qorumaq bir o qədər zəruridir. Yəni güclü ordu, siyasi iradə və dayanıqlı iqtisadi inkişafla yanaşı, Azərbaycan dövlətçiliyinin, onun milli təhlükəsizliyinin dayaqlarından biri də sağlam milli mənəviyyat amilidir. Milli mənəvi dəyərlərin qorunması isə özlüyündə milli ideologiyanın, milli mənəviyyatın formalaşmasında, yaşamasında əsaslı rol oynayır. Milli mənəviyyata malik olan şəxs ölkəsinin fəal vətəndaşı olur, milli dövlətçilik məsuliyyətini daşıyır, dini inancından, ictimai-siyasi mövqeyindən, həyata baxış və maraqlarından asılı olmayaraq, dövlətinə, xalqına, ölkəmizin müstəqillik və inkişaf siyasətinə, milli əxlaqımıza hər zaman sadiqlik nümayiş etdirir, dilimizə, adət-ənənələrimizə, ailə və məişət dəyərlərimizə bağlı olur. Göründüyü kimi güclü ordunun mövcudluğu da vacib şərtlərdən biridir. Azərbaycanda da güclü ordu formalaşıb. Bu ordu çox sürətlə inkişaf edir: “Azərbaycanda ordu quruculuğu çox sürətlə gedir. Ordumuzun indiki vəziyyəti çox sevindiricidir. Biz həm hərbi potensialımızı gücləndiririk, həm də orduda hazırlıq səviyyəsi yüksəlir və beləliklə, ordumuz qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi-diplomatik səylər davam etdirilməlidir, eyni zamanda, qüdrətli ordu potensialının yaradılması prosesi daha da güclənməlidir. Biz son bir neçə il ərzində orduya ayrılan xərcləri bir neçə dəfə artırmışıq. Biz müharibə şəraitində yaşayırıq. Bizim torpaqlarımız işğal altındadır. Ona görə istənilən vəsaiti biz bu sahəyə yönəltməliyik. Biz güclü ordu yaratmalıyıq, güclü hərbi potensial yaratmalıyıq ki, istənilən anda öz doğma torpaqlarımızı azad edə bilək". Dövlət başçısının ordumuz barədə söylədikləri ictimaiyyət tərəfindən də dəstəklənir və təqdir olunur. bu gün Azərbaycan əsgərləri vətənpərvər, yüksək mənəvi-psixoloji hazırlığı olan, yetərincə dünyagörüşə malik gənclərdir. Onların həyat məktəbi adlandırdıqları hərbi xidmət həyatlarında müsbət iz buraxmaq və formalaşmalarına təsir göstərməklə bərabər, həm də Azərbaycan Ordusunun qarşısında müəyyənləşən vəzifələrin tezliklə gerçəkləşməsinə inam yaradır
Ümumiyyətlə, ölkəmizin hərbi büdcəsi imkan verir ki, Azərbaycan Ordusu müasir hərbi texnika və silah-sursatla təmin edilsin. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov düşmən ölkə ilə müqayisə apararkən fərqləri belə izah edib: "Ermənistanın dövlət büdcəsinin bütün xərcləri Azərbaycanın 2015-ci il üçün hərbi büdcəsindən təxminən 2 milyard ABŞ dolları azdır. Ermənistanın hərbi xərcləri isə, ümumiyyətlə, Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür". Politoloq Emin Həsənli bildirib ki, artıq Ermənistan və onun havadarları Azərbaycanın hərbi büdcəsindən, aldığı müasir hərbi texnikadan narahatlıq keçirdiklərini əksər beynəlxalq tədbirlərdə nəzərə çatdırırlar. Azərbaycan regional hərbi əməkdaşlıq sahəsində Ermənistanın təcrid edilməsinə nail olub. Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirliklərinin üç tərəfli hərbi əməkdaşlığı regionda Ermənistanın əməkdaşlıq şansını sıfıra endirib. Üç ölkənin xüsusi təyinatlılarının birgə keçirdikləri "Qafqaz qartalı" təlimi, həmçinin Azərbaycan və Türkiyənin birgə keçirdikləri hərbi təlimlər ordumuzun peşəkarlığının artırılmasına, müasir döyüş üsullarının tətbiq edilməsində təcrübə qazanmasına müsbət təsir edir. Müdafiə nazirinin də qeyd etdiyi kimi, irimiqyaslı təlimlər ordunun döyüş hazırlığının gücləndirilməsinə xidmət edir: "Döyüş hazırlığının çöl şəraitində, o cümlədən müəyyən hissəsinin gecə vaxtı, özü də birbaşa döyüş şəraitinə uyğun keçirilməsinə üstünlük verilir. Bununla əlaqədar döyüş hazırlığı planına uyğun olaraq, Silahlı Qüvvələrin bütün birlik və birləşmələrində, Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunda, o cümlədən Hərbi-Hava Qüvvələri və Hərbi-Dəniz Qüvvələrində, tank, artilleriya, kəşfiyat, mühəndis-istehkam hərbi hissələrində, Xüsusi Təyinatlı Qüvvələrdə gündüz və gecə şəraitində müxtəlif səviyyəli irimiqyaslı təlimlər keçirilir".
Onun sözlərinə görə, Türkiyə ilə birgə hərbi təlimlər xüsusi əhəmiyyət kəsb edir. NATO üzvü olan Türkiyə dünyanın ən güclü ordularından birinə sahibdir. Həmçinin, Azərbaycanın ordu quruculuğu prosesində öz köməyini əsirgəməyən qardaş ölkə ilə hərbi sahədə əməkdaşlıq Azərbaycan Ordusuna NATO-da tətbiq olunan qaydaları öyrənməyə, müasir döyüş texnikaları ilə tanış olmağa imkan verir. Ötən il Müdafiə Nazirliyinin, Daxili Qoşunların və Dövlət Sərhəd Xidmətinin biləşmə və hissələrinin irimiqyaslı əməliyyat taktiki təlimləri baş tutdu. Təlimləri izləyən Ali Baş Komandan İlham Əliyev təlim zamanı bölmələrin qarşıya qoyulmuş vəzifələri peşəkarlıqla yerinə yetirdiyini bildirdi və düşmənin ordumuzun güclənməsindən qorxuya düşdüyünü bildirdi: "Hazırda güclənən Azərbaycan Ordusu Ermənistan üçün böyük təhlükə mənbəyidir. Onu özləri də etiraf edirlər. Özləri də öz məğlubiyyətlərini etiraf edirlər. Çünki onların yüksək vəzifəli rəsmi şəxsləri dəfələrlə bəyan etmişlər ki, Ermənistan təhlükəsizliyini özü təmin edə bilmir. O ölkə ki, öz təhlükəsizliyini təmin edə bilmir, o ölkə müstəqil ölkə sayıla bilməz. Bu etiraf əslində məğlubiyyətin etirafıdır. Bu etiraf acizliyin etirafıdır. Onlar bizim qarşımızda duruş gətirə bilmir, özləri bunu etiraf edir. Bu gün güclənən Azərbaycan Ordusu məsələnin həlli üçün ən birinci amildir. Hətta atəşkəs rejimi şəraitində bizim güclənən ordumuz erməniləri təşvişə salır".
Ötən il ehtiyatda olan hərbi vəzifəlilərin keçirilən təlimlərə cəlb edilməsi böyük əhəmiyyətə malikdir. İyul ayında keçirilən təlimdə 3000 nəfərdən artıq, sentyabrda keçirilən təlimlərdə isə 10000 nəfərədək ehtiyatda olan hərbi vəzifəli şəxs iştirak edirdi. Ehtiyatda olan hərbi vəzifəlilərin iştirak etdiyi təlimlər zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əlaqədar qurumlarla koordinasiyalı işini və ehtiyatda olanların cəlb edilməsində peşəkarlığını xüsusi qeyd etmək lazımdır. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında hərbi sahədə aparılan islahatlar ordumuzun müasir dünya standartları əsasında inkişafında mühüm əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, hərbi qulluqçuların yalnız öz peşələrinə aid işlərlə məşğul olmaları, döyüş hazırlıqlarını yüksəltməyə daha çox vaxt ayırmaları üçün təsərrüfat xarakterli işlərə mülki insanların cəlb edilməsi, müqavilə əsasında xidmət edən hərbi qulluqçuların sayının artırılması müsbət addımdır. Həmçinin, hərbi qulluqçuların qida rasionunda dəyişiklik edilməsi, milli mətbəxə üstünlük verilməsi, hərbi geyim təchizatında edilən dəyişikliklər öz müsbət nəticələrini göstərir.
Silahlı Qüvvələrin
yaradılmasının 97-ci ildönümü
münasibətilə fikirlərini bölüşən
müdafiə naziri, general-polkovnik
Zakir Həsənov 2015-ci ilin
döyüş hazırlığı ili olduğunu diqqətə
çatıdırıb: "Ali Baş Komandanın tapşırığı
ilə 2015-ci il Silahlı Qüvvələrdə
döyüş hazırlığı ili elan olunub.
Burada planlı şəkildə, mərhələlərlə
mühüm məsələlər həyata
keçirilir. Həm struktur,
həm kadrlar baxımından mühüm işlər görülür.
Qarşımıza qoyulan məqsəd
isə hər bir hərbi qulluqçunun,
tutduğu vəzifədən asılı
olmayaraq, öz yerində
tapşırıqları yüksək səviyyədə
yerinə yetirməsinə qadir olması və
vəzifələrini döyüş
şəraitinə uyğun
bacarmasıdır". Bütün bunlar bir daha
göstərir ki, Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad edilməsinə hər zaman
hazırdır və bu
hazırlığın möhkəmləndirilməsi üçün işlər yorulmadan
davam etdirilir. Məqsəd
ordumuzun döyüş
hazırlığını yüksək səviyyədə saxlamaq, daim inkişaf etmək və müasir
hərbi texnika ilə Silahlı Qüvvələrin
təchiz edilməsini təmin etməkdir. Azərbaycan Ordusunda aparılan islahatlar,
ordunun maddi-texniki təchizatının
yaxşılaşdırılması, kadr
dəyişiklikləri ordumuzun daha da güclənməsinə,
qarşıya qoyulmuş vəzifələri
layiqincə yerinə yetirməsinə xidmət edir. Güclü ordu dövlətin suverenliyinin
zəmanətidir. Güclü Azərbaycan
Ordusu respublikamızı düşmənlərdən
qorumağa, təhlükəsizliyimizi təmin
etməyə qadirdir. İnanırıq ki, Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmr
verəcəyi anda torpaqlarımızı
azad edəcək.
Üç
nöqtə.- 2016.- 18 mart.- S.9