Milləti formalaşdıran
birgə həyata istiqamətlənmiş vahid
iradədir
Millətin müstəqilliyinin və təhlükəsizliyinin güclənməsinə aparan yol demokratik prinsip və normaların sosial və siyasi praktikaya tətbiqindən keçir
Millət quruculuğa, çox vaxt isə dəyişik yenilənməyə yönəlmiş iradədir. Milləti formalaşdıran birgə həyata istiqamətlənmiş vahid iradədir. Lakin ideya ilə yüklənməmiş millət məhvə məhkumdur. İdeyasız heç nə yaranmır. Nəyisə yaratmaq üçün ideya lazımdır. Millətin mənası da bundan ibarətdir. Lakin güclü xarakterli və yüksək intellektli şəxsiyyətlər, ideya və quruculuq əzmi lazımdır. Şəxsiyyətlər olmadan millət yaranmır. Etnosun əsl konstruktorları məhz onlardır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramimz Mehdiyev verdiyi müsahibədə bildirib ki, Azərbaycan xalqının milli ideyasının təkamülü prosesində ideoloji konsepsiyanın son versiyasının formalaşmasına öz töhfəsini verən parlaq şəxsiyyətlər olub. XIX əsrin ortalarından ictimai-siyasi mühit siyasi arenaya proseslərin sükanını əlində saxlayan şəxsiyyətlər irəli sürdü. Həmin proseslərin nəticəsi Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi oldu. Bu insanların öz xalqına sadiqliyi, milli maraqlar üçün canlarından keçməyə hazır olmaları onların gördükləri böyük işlərin mahiyyətini dərk etmələrinin əsl nümunəsidir. Azərbaycan tarixində fəaliyyətləri ilə dərin izlər buraxmış, Azərbaycan xalqının taleyini dəyişmiş şəxsiyyətlər olub. Həyatında Azərbaycanda iki dəfə hakimiyyətə gələn, ölkəni böhran vəziyyətindən çıxaran və milli inkişafın əsas prinsiplərini müəyyən edən Heydər Əliyev də belə şəxsiyyətdir. "Heydər Əliyev hesab edirdi ki, yalnız milli zəmin – azərbaycançılıq, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin bərabərliyi və əməkdaşlığı, milli həmrəylik, milli mənəvi dəyərlərin qorunması, ümumi tarix və ümumi ünsiyyət dili etnik mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlıya özünü hamı üçün ümumi evin qurulmasına səfərbər edilmiş müstəqil insan kimi hiss etmək imkanı verəcəkdir. Heydər Əliyev başa düşürdü ki, tarix statik fenomen deyil, o, dəyişir, yeni hadisələrlə zənginləşir. Vaxt gələcək, Azərbaycan xalqının sabahkı günə inamı artacaq, odur ki, gələcəyə baxmaq, tarixin lokomotivindən geri qalmamaq haqda düşünmək lazımdır. Əvvəlki əsərlərimin birində mən Heydər Əliyev və Almaniya kansleri Konrad Adenauer arasında analogiya aparmışdım. Millətlərinin və dövlətlərinin tarixində dərin izlər qoymuş, uzun illər üçün inkişaf strategiyası yaratmış hər iki şəxsiyyət məqsədə nail olmaq naminə sarsılmaz mətinlik və cəsarət nümayiş etdirən dahi dövlət xadiminin mücəssəməsidir.
“Yeni Almaniya” yaradarkən Konrad Adenauer müharibədən təzəcə çıxmış, iki dövlətə parçalanmış və sabaha inamını tamamilə itirmiş almanlar üçün yeni milli ideya formalaşdırdı. Heydər Əliyev 1969-cu ildən başlayaraq azərbaycanlılarda özünə inam hissi formalaşdırır, milli maraqların müdafiə olunmasının mümkünlüyünü təsdiq edir, azərbaycanlıları milli inkişaf naminə birləşdirirdi. Konrad Adenauerin qarşısında müharibənin külə döndərdiyi, bir vaxtlar “Avropa konserti”ni formalaşdıran Bismark və Höte Almaniyasını bərpa etmək vəzifəsi dururdu.
Geridə qalmış Azərbaycanı 13 il ərzində transformasiya edib SSRİ tərkibində özünü təmin edən respublika səviyyəsinə qaldıran Heydər Əliyevi on ildən sonra geri qayıdıb artıq müstəqil ölkənin yeni uğurları və nailiyyətləri naminə bir daha dövlət sükanı arxasında dayanmaq gözləyirdi. Onların hər ikisi ilk addımlarını totalitar sistemlərdə atmış, quruculuq fəaliyyətlərini isə milli kredo və dövlətin inkişaf perspektivlərini formalaşdırıb müstəqil dövlətçilik şəraitində davam etdirmişlər. 1969-cu ilə qədər milli dilin dövlət dili kimi işlədilməsinə qadağadan tutmuş minlərlə kvadratkilometr ərazilərin itirilməsi təhlükəsinə qədər Azərbaycanın üzləşdiyi problemləri təhlil edərkən Heydər Əliyevin respublikanı hansı şəraitdə qaldırması və azərbaycanlılarda özünə inam hissini bərqərar etməsi aydın olur"- akademik deyib.
Onun sözlərinə görə,XXI əsrdə iqtisadi tərəqqiyə, azad və layiqli həyata, millətin müstəqilliyinin və təhlükəsizliyinin güclənməsinə aparan yol demokratik prinsip və normaların sosial və siyasi praktikaya tətbiqindən keçir. Cəmiyyətin demokratikləşməsi millətin intellektual potensialının həyata keçməsinə real imkanlar yaradır, qarşıdan gələn yeni sivilizasiyaya yaxınlaşmaq üçün meydan açır. Ancaq demokratikləşmənin özü də milli ideyaya bağlı olmasa, sosiumun milli özəlliyi nəzərə alınmasa uğursuzluğa məhkumdur. Milli ideyanın millətin inkişafına, dövlətin tərəqqisinə tam dolğun xidmət etməsi üçün o, demokratiyanı “kəməndinə salmalıdır”, cəmiyyəti innovasiyalı modernləşməyə istiqamətləndirməlidir. İnsanların şüuruna hakim kəsilən milli ideya millətin konkret fundamental məqsəd və vəzifələrinə nail olmaqda reallaşmalıdır. Buna görə də müasir şəraitdə demokratiya Azərbaycan milli ideyasının ən mühüm komponentinə çevrilir. "Bu gün respublikanın elmi dairələrində modernləşmə planlarının həyata keçirilməsinin konseptual layihələri fəal müzakirə olunur, müasir Azərbaycan cəmiyyətinin reallıqları, onun sosial strukturu və cəmiyyətimizin həyatında baş verən dəyişikliklərin dinamikası nəzərə alınmaqla transformasiya prosesləri tədqiq edilir. Sosiumun sosial quruluşunun vacib elementi, demokratiyanın tərkib hissəsi sayılan formalaşmaqda olan vətəndaş cəmiyyətinə xüsusi diqqət yetirilir. Azərbaycan üçün vətəndaş cəmiyyəti elə bir sosial mühitdir ki, orada bütün sosial və etnik qruplar dinc yanaşı yaşayır, özlərini ölkənin siyasi və iqtisadi inkişafında, bütün millətlərin nümayəndələrinin birgə yaşayış atmosferinin mütəmadi mənəvi-psixoloji yeniləşməsində dərin marağı olan bərabərhüquqlu vətəndaşları kimi hiss edirlər. Beləliklə, müasir dövrdə milli ideyanın vətəndaş cəmiyyətinin maraqları xaricində reallaşdırılmasının perspektivi yoxdur. Müasir mili ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hiss edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur. Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir. Qloballaşma şəraitində bu, olduqca vacib amildir. Hələ 2004-cü ildə Prezident qeyd edirdi ki, “iqtisadi artım və cəmiyyətin demokratikləşdirilməsi siyasətimizin əsas elementləridir, bunların biri olmadan digəri mümkün deyildir. İqtisadi cəhətdən güclü olmaq olar, lakin əgər demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur gözləməyə dəyməz”.
İndiki dövrdə gənc
dövlətin yaradılması və inkişafı olduqca çətin məsələdir. Yalnız öz qüvvə və
resurslarına arxalanaraq müstəqil daxili və xarici siyasət
yürütmək isə müstəsna çətin məsələdir.
2Bu məsələnin həllinə nail olan dövlət rəhbəri həqiqətən
milli liderdir. Prezident İlham Əliyev müstəqilliyimizin iyirminci ilində ölkəyə uğurla rəhbərlik edir
və dövləti yeni üfüqlərə,
inkişafın keyfiyyətcə yeni səviyyəsinə
keçməyə doğru aparır.
Ölkə tarazlı və ardıcıl siyasət sayəsində
həm mədəni, həm də siyasi
kontekstdə dünyada getdikcə daha çox
uğurlar qazanır. 2011-ci il Azərbaycan ili olub – Avropanın ən böyük
mədəniyyət yarışmasında qələbə və
BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü statusunun qazanılması
– bütün bunlar
ağıllı, düşünülmüş
siyasətin nəticəsidir. Eyni zamanda, bu faktların özü dünya birliyi tərəfindən Azərbaycanın
beynəlxalq problemlərin həllinə təsir göstərmək
iqtidarında olan dövlət kimi tanınmasının göstəriciləridir.
Bu, həmçinin ölkəmizin beynəlxalq
nüfuzunun etiraf edilməsidir.
Şübhəsiz ki, bütün
bunlar azərbaycanlıların kollektiv şüurunda Vətəni
ilə bağlı qürur hissi doğurur",-Ramiz Mehdiyev deyib..
Üç
nöqtə.- 2016.- 29 mart.- S.9