Böyük uğurların memarı

 

Zbiqne Bzejinski: “Heydər Əliyev sivil dünyanın görkəmli siyasətçilərdəndir”

Azərbaycan özünün dövlət müstəqilliyini elan etdiyi ilk illərdə ölkə rəhbərliyinin xarici siyasət, müdafiə qabiliyyəti və iqtisadi islahatlar kimi sahələrdə diletant idarəçilik metodları və bacarıqsızlığı sayəsində xarici aləmdən tədric olunmuş, beynəlxalq mövqeyi zəif olan dövlətə çevrildi və suverenliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldı. Ölkəmiz üçün ən ağır və taleyüklü bir dövrdə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı insanlarda gələcəyə inam yaratdı. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Zbiqne Bzejinski də Azərbaycanda ciddi dəyişikliklər baş verəcəyinə inananlar arasında idi: “Heydər Əliyev sivil dünyanın görkəmli siyasətçilərindəndir. O bu vəzifədə Azərbaycanın milli maraqlarına cavab verən, onun müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edən önəmli tədbirlər həyata keçirəcək. Heydər Əliyev nə edəcəyini çox yaxşı bilir”. Həqiqətən, Bzejinski Heydər Əliyevin ölkəmizin milli maraqlarının qorunmasına xidmət edən və bu müstəvidə mahir bir şahmatçı kimi olduqca incə və hadisələri illərlə qabaqlayan gediş edəcəyini gözəl anlamışdı. “Hadisələrin sonrakı inkişafı da amerikalı siyasətçinin haqlı olduğunu ortaya qoydu”,- Əziz Mustafa deyir.

ERMƏNİSTANIN BİR ÇOX MƏNFUR PLANLARININ QARŞISI ALINDI

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət siyasəti inkişaf etmiş iqtisadiyyata söykənən müstəqil və güclü dövlətçiliyin təmin edilməsinə, onun xarici siyasi aləmdə təcrid olunmuş vəziyyətdən çıxarılmasına, mövqeyinin möhkəmləndirilməsinə yönəldildi. Bu siyasətin təməlində ölkənin ərazi bütövlüyünün bərpası, təhlükəsizliyinin təmin olunması, beynəlxalq hüququn imkan verdiyi qaydada bərabərhüquqlu siyasi, iqtisadi, mədəni, elmi əməkdaşlığın inkişaf etdirilməsi təşkil edirdi. Bu istiqamətdə atılan addımlardan biri Azərbaycanın MDB-yə üzv olması idi. Orada aktiv iş aparılması ilə Ermənistanın bir çox mənfur planlarının qarşısı alındı. «Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistan faktorunu nəzərə alaraq veto qoya bildi. Xüsusilə, təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan verdi. Yeritdiyi çevik siyasət sayəsində Azərbaycan həm MDB-yə daxil olan dövlətlərlə sıx əməkdaşlıq etdi, həm də özünə qarşı ola biləcək təhlükəli qərarları neytrallaşdırdı. Məhz Azərbaycanın MDB daxilində özünün milli maraqlarını ən yüksək səviyyədə müdafiə etməsi digər dövlətlər üçün də bir nümunə oldu və onları imperiyanın bərpasına xidmət edən bir sıra sənədləri imzalamaqdan çəkindirdi»,- Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyir.

 1994-cü ilin mayında Ermənistanla atəşkəs barədə razılığın əldə edilməsi isə güclü iqtisadi infrastruktur yaratmağa imkan verdi. Dünyanın aparıcı neft şirkətləri ilə 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi» imzalandı. Bununla Heydər Əliyev ölkəmizin bölgənin ən aparıcı və güclü dövlətinə çevrilməsinə imkan verəcək bir gediş etdi. Bu, Azərbaycanın beynəlxalq aləmdə dövləti maraqlarının müdafiəsinə yönələn ən güclü addımlardan biri idi. Müqavilə imzalandıqdan sonra Zbiqnev Bjezinski, «Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyətdir-bir sözlə, şəksiz liderdir» dedi. O, haqlı idi. Heydər Əliyev enerji faktorunu xarici siyasətin aktual məsələsinə çevirməklə Azərbaycanın təhlükəsizliyini regional və beynəlxalq təhlükəsizlik sistemi ilə sıx əlaqələndirdi. Ölkəmiz beynəlxalq aləmdən suverenliyinə və müstəqilliyinə təminat ala bildi və iki istiqamətdə strateji dividend əldə etdi. Birincisi, Qərblə strateji əməkdaşlığa hazır olduğuna dünyanı inandırdı. İkincisi, bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq öz iqtisadiyyatının gələcək inkişafını təmin etmək imkanı qazandı.

Heydər Əliyev Milli Neft Stradegiyasını həyata keçirməklə yanaşı, ölkədə yaşayan, millətindən və dinindən aslı olmayaraq insanları, eyni zamanda xariçdə yaşayan həmvətənlərimizi azərbaycançılıq ideyası ətrafında birləşdirə bildi. Azərbaycanın müstəqilliyinə və suverenliyinə ciddi təhlükə olan iki dövlət çevrilişinə cəhdin qarşısını aldı, separatizm meylərini cilovlaya bildi. Onun rəhbərliyi altında hazırlanan yeni Azərbaycan Konstitusiyasında (1995) müəyyən edilən siyasi və hüquqi prinsiplər respublikamızın dövlətçilik ənənələrinin inkişaf etdirilməsinə, beynəlxalq aləmdə mövqeyini möhkəmlənməsinə səbəb oldu. Miçiqan Universitetinin (Çikaqo) professoru, erməni əsilli Ronald Süni 1997-ci ildə yazırdı: “Əliyev dağılma ərəfəsində olan ölkədə böyük sabitlik və nizam-intizam yaratdığına görə hörmətə layiqdir. Güclü dövlət qurmaq üçün bunlar çox önəmlidir”.  Həqiqətən də həmin dövrü Azərbaycanın suverenliyi və müstəqilliyinin təmininin ən böhranlı mərhələsi adlandırmaq olardı. «Ölkəmiz müəyyən mənada "suverenlik və müstəqillik imtahanı verdi»,- Novruz Məmmədov deyir.

STRATEJİ BORU KƏMƏRİ

Heydər Əliyevin Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən digər addımı neft və qaz potensialının şaxələndirilməsi məsələlərini tam şəkildə həll etməsidir. Dünya bazarına birbaşa çıxışı olmayan ölkə üçün bu, həlledici məsələ idi. Əvvəlcə Azərbaycan nefti xarici bazara Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri ilə çıxarıldı. Neft hasilatı artdıqca daha qlobal bir boru xəttinə ehtiyac yarandı. Lakin Rusiya və İrandan yeni kəmərin doldurulması üçün neftin az olduğu barədə müxtəlif fikirlər səsləndirildi. Əslində Rusiya yeni kəmərin Gürcüstan ərazisindən deyil, öz ərazisindən keçməsini istəyirdi. Bunu həmin dövrdə Gürcüstan prezidenti olmuş Eduard Şevardnadze «Üç nöqtə»yə verdiyi müsahibədə də təsdiqləyirdi. «Əlbəttə, biz hər üçümüz (Türkiyə, Azərbaycan və Gürcüstan prezidentləri) olduqca həmrəy, həmahəng bir iş qurmuşduq. Bir-birimizin rəyini mütləq öyrənirdik. Türkiyə maraqlı idi ki, Xəzərin neft ehtiyatları Qərbə-Avropaya Azərbaycan-Gürcüstan-Türkiyə vasitəsilə çıxsın. Eyni zamanda Rusiya maraqlı idi ki, bu ehtiyatların ötürülməsi üçün şimal marşrutu təsdiq olunsun. Maraqlı bir detala toxunmaq istəyirəm. O zaman mənə qarşı sui-qəsd təşkil edildi. Səhəri gün Svanetiyada tədbir keçirirdim. Bir də dedilər ki, Boris Yeltsin məni telefonla arayır. O, məni sağ qalmağım münasibətilə təbrik etdi və dedi: « Siz Xəzər dənizinin neft və qaz məsələlərindən əl çəkməlisiniz». Mən Yeltsinə cavabımda dedim: «Təəssüflər olsun ki, Gürcüstanın nə nefti var, nə də qazı. Neft də, qaz da Azərbaycanındır. Neftin-qazın hansı istiqamətdə axıdılması məsələsi də onun işidir... Mən əminəm ki, Heydər Əliyevə də bir dəfə deyil, bir neçə dəfə belə zənglər olmuşdu. Amma o, əlindən gələni etdi, məhz Qərb marşrutu qələbə çaldı. Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı ilə böyük rəhbər və insan kimi güclü iradəsi həlledici rol oynadı».

Neft marşrutlarının alternativliyi isə Azərbaycanın geosiyasi mövqeyinin möhkəmlənməsinə, çoxmilyardlı xarici investisiyaların axınına, gəlirlərinin artmasına, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsinə şərait yaratdı. Həm də 1999-cu ildə nəhəng «Şahdəniz» qaz-kondensat yatağının aşkar edilməsinə və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisini gündəmə gətirdi. Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum (bu layihələr artıq regional müstəvidən çıxıb və qlobal xarakter daşıyır) kəmərləri region və Avropanın enerji ilə təminatında önəmli rol oynamaqla yanaşı, bölgəyə sülh və sabitlik gətirdi. İkincisi, bu layihələr Türkiyə, Gürcüstan və Azərbaycanın iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına, tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, bir-birinə iqtisadi cəhətdən daha da sıx şəkildə bağlanmasına imkan verdi. Üçüncüsü, Xəzərin Azərbaycan sektorundan çıxan zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması ilə onun birinci əldən realizə olunmasına səbəb oldu. Dördüncüsü, kəmərlərin marşrutları boyu yerləşən iştirakçı ölkələrin tranzit rolu artdı. Bu tip layihələr Azərbaycanın iştirakı olmadan Mərkəzi Asiyadan başlayaraq Qafqazı keçməklə Türkiyə və Avropa istiqamətində uzanan enerji layihələrinin reallaşdırılmasının mümkün olmadığını göstərdi. Beşincisi, Avropa və region ölkələri layihələrin həyata keçirilməsi ilə enerji təhlükəsizliyi baxımından yenı mənbələr, Azərbaycan isə etibarlı, uzunmüddətli və qanunlarla tənzimlənən bazarlar əldə etdi.

CƏNUBİ QAFQAZIN LİDER DÖVLƏTİ

Həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin formalaşdırılması isə Azərbaycanı Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəltdi. Ölkəmiz xarici siyasətdə milli maraqlarını uğurlu şəkildə təmin etmək üçün bir sıra regional  qurumların işində fəal iştirak etdi. Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanı birləşdirən GUAM təşkilatı daxilində Azərbaycan öz strateji müttəfiqləri ilə maraqlarını qarşılıqlı, anlaşma və hüquq bərabərliyi əsasında uzlaşdırmağı bacardı. İkitərəfli münasibətlərin inkişafı da xarici siyasətin prioritetlərdən biri idi.  Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xarici siyasətdə Avropaya və Avroatlantik məkana inteqrasiyanı da başlıca məqsədlərdən biri sayırdı. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, MDB, İƏT, ECO, QDİƏT, GUAM, NATO, Qoşulmama Hərəkatı və başqa təşkilatlarla hərtərəfli münasibətlərin qurulması və bu təşkilatlar daxilində aparılan aktiv diplomatik və ideoloji iş öz bəhrəsini verdi. Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişdi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapdı. BMT Dağlıq Qavrabağ problemi ilə bağlı dörd qətnamə qəbul etdi. Avropa Şurasında reallığı əks etdirən qətnamə qəbul edildi və orada açıq-aydın göstərilir ki, Ermənistan Azərbaycana qarşı təcavüz edib, etnik təmizləmə siyasəti aparıb. İndiyədək beynəlxalq təşkilatlar tərəfindən bu qədər açıq-aydın, kəskin qərar qəbul edilməyib. Artıq etiraf olunur ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti aparır və ATƏT-in bölgədə olmuş faktaraşdırıcı missiyası da bunu təsdiq edir. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal problemlərin həllində yaxından iştirak etmək, dünya səviyyəsində qəbul olunan qərarlara təsir göstərmək imkanı əldə etdi. Ölkəmiz xarici məkanda tərəfdaşlar toplamaq, öz mövqeyini inandırmaq, iqtisadi-siyasi münasibətlərini vacib məqamlarda real səsə və qərarlara çevirmək gücünü ortaya qoymaqla, sivilizasiyalararası dialoqun genişlənməsinə ciddi təsir göstərdi. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin əsasında da Heydər Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət durur. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın artan nüfuzu, imici, imkanları, gücü bax, bu reallıqları mümkün etdi.

Üç nöqtə.- 2016.- 3 may.- S.5