Azərbaycançılıq dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət edir

Qarşıdakı illər Azərbaycan üçün daha uğurludaha böyük nailiyyətlərlə dolu olacaqdır

 

H.Əliyevin uzaqgörənliyi ilə son illər irəliyə doğru atılan hər bir addım, qazanılan hər bir uğur dövlətçilik fəlsəfəsi və ideya irsi əsasında dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları daha da ruhlandırıb, onların müstəqil dövlətimizə inamını, milli hisslərini və gələcəyə ümidlərini artırıb, Azərbaycan Respublikasının milli maraqları ətrafında sıx birləşmələri üçün tarixi zəmin yaradıb. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirməklə, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb. Azərbaycan diasporları və icmaları arasında bağlar möhkəmlənib, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndiriblər. Onlar yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulan Azərbaycan bütün soydaşlarımızın və həmvətənlilərimizin güvənc yeri olan qüdrətli bir dövlətə çevriləcəkdir. Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının doğma ata-baba yurdudur. Odur ki, Asiyada, Avropada, Amerikada və digər qitələrdə məskən salmış soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Azərbaycanın əldə etdiyi heyrətamiz uğurlarla fəxr edirlər. Bu uğurların əldə olunmasında Heydər Əliyevin böyük xidməti var. Onqun sayəsində Azərbaycan tənəzzüldən, parçalanmaqdan xilas oldu. Heydər Əliyev həmişə xalqla bərabər, xalqın içində olmaqla onun problemlərini, qayğılarını yaxşı bilir, ağır, fəlakətli günlərdə sinəsini qabağa verməyi, xalqı səfərbər etməyi bacarır, əsil vətəndaş – şəxsiyyət – lider mövqeyində dururdu. Öz titanik fəaliyyəti ilə seçilən ulu öndər qətiyyətli, dözümlü, cəsarətli bir insan, yüksək mədəniyyətli, intellektli şəxsiyyət, güclü siyasi iradə və dərin məslək sahibi idi. Bunun nəticəsidir ki, ölkəmizdə yaşayan müxtəlif xalqlar azərbaycançılıq ideyası ətrafında sıx birləşdi. Bir sözlə, onun mənəvi siması, psixoloji təbibəti, kamillik simvolu, nəsillər üçün örnək idi. Ulu öndərin sayəsində “torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi “Azərbaycan” möhürü özümüzə qaytarıldı. Bununla Vətənçilik, xalqımızın adı və dili, qüdrətimizin və vahidliyimizin əsası olan islam-türk birliyi bərpa olundu, reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı. Milli dövlətçiliyimizin ideoloji, iqtisadi, sosial və mənəvi əsaslarının yaradılması Heydər Əliyev dühasının və zəkasının məhsulu, onun təntənəsidir. Böyük öndər azərbaycançılıq ideologiyası ilə xalqı özünə qaytarıb, milli ruhu və vətəndaşlıq qürurunu dirçəldib, H.Əliyev özündən sonra siyasi, iqtisadi, sosial, mədəni və fəlsəfi-pedaqoji fikrin elmi-nəzəri və təcrübi əsaslarını təşkil edən zəngin ideya irsi qoyub.

Qeyd edim ki, xalqların taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlər, ilk növbədə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə yönəlmiş milli ideyaları ilə tarixdə əbədiyaşarlıq hüququ qazanırlar. Heydər Əliyev belə fenomen şəxs idi.  Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideyalar dərin məzmun yükü ilə cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrilməklə yanaşı, həm də tarixi şəxsiyyətlərə xalqı öz ətrafında birləşdirmək, milli ideyalar uğrunda səfərbər etmək imkanı verir. Məhz Heydər Əliyev xalqı öz ətrafında birləşdirdi.Hər bir millətin tarixi inkişafı, qoyduğu hədəflərə yetişmək əzmi, ilk növbədə onun malik olduğu milli-mənəvi potensialdan, dəyərlər sistemindən qaynaqlanır. Belə bir potensial Azərbaycanda onun rəhbərliyilə yarandı. Zəngin milli-əxlaqi keyfiyyətlərini, milli “Mən”ini, heysiyyatını qorumağı bacaran xalq gələcəkyaşam fəlsəfəsini düzgün müəyyənləşdirməklə, dünya miqyasında layiqli yerini, mövqeyini təmin etdi. Onun həmişəyaşar ideyalarında zəmanənin sosial, iqtisadi, siyasi, mənəvi və s. problemləri tam dolğunluğu ilə öz əksini tapmış, onların tədqiqinə çoxsaylı kitab və məqalələr həsr olunub və əminik ki, bu istiqamətdə elmi axtarışlar hələ uzun illər də davam edəcəkdir. Tarixi faktlar sübut edir ki, şəxsiyyətcə bütöv, milli və mütərəqqi olmayan liderlərin cəmiyyətin konsolidasiyası prosesinə nüfuz və təsir imkanlarından danışmaq mümkün deyildir.

Ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu işinə və milli həmrəyliyimizin möhkəmlənməsinə yeni təkan verməklə ötən illərin əlamətdar hadisələrindən biri kimi yadda qalıb. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edilib, bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktlarının faktlarla dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkilib. Bu gün xalqımızın söz, əqidə və əməl birliyinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənir. Dünyanın dörd bir yanına səpələnmiş on milyonlarca azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk edir. Müstəqil Azərbaycan Respublikası tarix baxımından çox qısa bir dövr ərzində qərinələrə bərabər inkişaf yolu keçib. Bu gün Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə genişmiqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, Azərbaycanın Avropa xalqları ailəsində nüfuzu artır.

Elmi əsaslar üzərində qurulmuş xarici siyasət xətti ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini təmin edir. Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılması üçün həyata keçirilən düşünülmüş tədbirlər müsbət nəticələr verir. Xalqımızın ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ərazi bütövlüyü prinsipi beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən təməl prinsip kimi qəbul olunur.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarının birləşməsi sahəsində gördüyü prinsipial işlər xalqımız və bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir. Məhz bu mənəvi birlikmilli həmrəylik dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir. Böyük əminliklə demək olar ki, qarşıdakı illər Azərbaycan üçün daha uğurludaha böyük nailiyyətlərlə dolu olacaqdır.

Üç nöqtə.- 2016.- 6 may.- S.5