Azərbaycançılıq
fərqli mədəniyyətlərin bərabər hüquqlarla birgə və yanaşı
yaşamasıdır
Fərqli dini,
etnik qrup və mədəniyyətlərin
hüquq və azadlıqları konstitusion təminat altındadır
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dünyada tolerantlıq, dinlər və mədəniyyətlərarası dialoq prosesinin ən aktiv iştirakçılarından biri idi. Ölkəmiz iqtisadi imkanlarını və beynəlxalq nüfüzunu nəzərə almaqla bu istiqamətdə bütün səyləri dəstəkləyir və mümkün köməyini əsirgəmirdi. Amma son on ildə Azərbaycan bu prosesin aktiv iştirakçısı yox, əsas təşəbbüskarı və lokomotivi kimi çıxış edir. Bu baxımdan əminliklə söyləmək olar ki, ötən müddət ərzində Azərbaycan tolerantlıq, multikultralizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində nəinki hədəflərini dəyişib, hətta qarşıya qoyduğu məqsədə doğru xeyli irəliləyə bilib. Hazırda dünya ictimaiyyəti həm Azərbaycanı tolerant, multikultral ölkə kimi qəbul edir, həm də bu dəyərlərin dünyada təşviqi istiqamətində hökumətin qazandığı uğurları etiraf edir. Bunları YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, bu sahədə qarşıya qoyulmuş böyük hədəflərə çatmaq üçün əvvəlcədən müəyyən şərtlər təmin olunmalıdır. Məsələn, aktiv xarici siyasət yürüdülməli, maraqlı olan qüvvələri müxtəlif formalarda bir araya gətirməli, məsələnin nəzəri və praktiki tərəfləri üzərində işləyən strukturlar yaradılmalı, ciddi maliyyə ayrılmalı və s. "Son illər bu istiqamətə yönəlmiş tədbirləri nəzərdən keçirdikdə qeyd olunan şərtlərin tam təmin olunduğu qənaəti formalaşır. Belə ki, hazırda Azərbaycanın aktiv xarici siyasət yürütməsi, beynəlxalq təşkilatlarla yaxından işləməsi, regional və beynəlxalq səviyyədə ciddi təşəbbüslərlə çıxış etməsi hər kəsə bəllidir. Bunun bariz nümunəsi Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeydi-daimi üzvü seçilməsidir. Həmin seçkilər zamanı Azərbaycacanı 155 dövlətin dəstəkləməsi ölkəmizin xarici siyasət sahəsindəki ən böyük uğurlarından biridir.
Eyni zamanda, Azərbaycan hökuməti tolerantlıq, multikultralizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirib. Azərbaycan son on ildə bu sahədə onlarla beynəlxaq və regional konfrans, forum və simpoziumlar düzənləyib, beynəlxalq qurumların toplantılarına ev sahibliyi edib. Fəxrlə deyə bilərik ki bu gün beynəlxal aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi.
Bunlardan əlavə Azərbaycan tolerantlıq və multikultralizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu təşkilatlarla, o cümlədən BMT, UNESCO, İSESCO, ATƏT və digər qurumlarla yaxından əməkdaşlıq edir",- o deyib.
YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, indiyədək sözügedən sahədə fəaliyyət göstərən strukturların formalaşdırılması və onların işinin koordinasiya olunması istiqamətində də ciddi və əhəmiyyətli qərarlar qəbul olunub. Bu baxımdan Azərbaycan Respublikasının millətlərarası, multikultralizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, eləcə də Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin yaradılması xüsusi qeyd edilməlidir. Azərbaycan Respublikasınını Mədəniyyət və Turizm Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə yanaşı, qeyd olunan rəsmi qurumların yaradılması və bu prosesə cəlb edilməsi Azərbaycan hökumətinin tolerantlıq, multikultralizm, mədəniyyətlər və dinlərarası dialoq sahəsində hədəflərinə doğru irəliləməsini daha da sürətləndirir. Onun sözlərinə görə, multikulturalizm mahiyyət etibarı ilə fərqli mədəniyyətlərin vahiz və üstün bir zəmində əridilməsini deyil, bərabər hüquqlarla birgə və yanaşı yaşamasını zəruri edir. Bu baxımdan fərqli dini, etnik qrup və mədəniyyətlərin hüquq və azadlıqlarının qanunvericiklə tənzimləməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanda isə bu hüquqlar daha üstün – konstitusion təminat altındadır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində Azərbaycanda “fərqliliklərin” qorunmasına yönələn dövlət siyasətini aydın şəkildə öz əksini tapmışdır.
Onun sözlərinə görə, bu gün dünyada milli və dini zəmində baş verən qarşıdurmalar, axan nahaq qanlar, insanların bu münaqişələr ucbatindan öz yurd-yuvasından didərgin düşməsi hamını, eləcə də bəşəriyyətin bir parçası olan xalqımızı narahat etməyə bilməz. "O səbəbdən zərurət var ki, sahib olduğumuz tolerantlıq təcrübəmizi və multikulturalizm dəyərini bütün xalqlara aşılayaq və bu yolla dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına öz töhfəmizi verək. Məhz bu missiyanı həyata keçirmək məqsədi ilə ölkə başçısı cənab İlham Əliyev 2016-cı ili multukulturalizm ili elan etmiş, bu istiqamətdə ölkə daxilində və xaricdə məqsədyönlü işlərin aparılması üçün müvafiq göstərişlərini vermişdir. Eyni zamanda respublikamızın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın fədakar fəaliyyəti xüsusilə qeyd edilməlidir. Məhz onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə ardıcıl şəkildə sivilizasiyalararası dialoqun qurulması sahəsində dünyanın tanınmış elm və mədəniyyət xadimlərinin də iştirak etdiyi bir sıra mötəbər tədbirlərin, konfransların və beynəlxalq forumların Azərbaycanda keçirilməsinə nail olunmuşdur. Onların bir neçəsini xatırlatmaq yerinə düşərdi. 2007-ci il aprelin 3-4-də keçirilən “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və prespektivlər” mövzusunda beynəlxalq konfransı, 2009-cu il noyabrın 6-7-də keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfransı, 2008-ci il dekabrın 2-də keçirilən “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfnansı, 2009-cu il noyabrn 11-də keçirilən “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” mövzusunda konfnansı, 2010-cu il aprelin 26-27-də keçirilən Dünya Dini Liderlərin Bakı Sammiti, 2011-ci il aprelin 7-9-da keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və digər tədbirlər öz miqyas və əhəmiyyətinə görə, regional və qlobal əhəmiyyətli layihələrdir. Bu il isə “Dövlət və din: qloballaşan dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda II Beynəlxalq Bakı Forumunun keçirilməsi nəzərdə tutulur.
Yuxarda sadalanan fikirlərdən bir daha aydın olur ki, dövrümüzün mühüm çağırışlarından olan multukultralizmin Azərbaycanda tarixən formalaşmış zəngin ənənələri və möhkəm ictimai dayaqları mövcuddur. Qarşıda duran vəzifə bu hərtərəfli potensialı Azərbaycan dövlətçiliyinin inkişaf və tərəqqisinin vacib elementinə çevirmək, sahib oluduğumuz təcrübəni regional və qlobal məkanda uğurla paylaşmaqdır".
Üç
nöqtə.- 2016.- 14 may.- S.5