Gənclər vətənpərvərlik
və azərbaycançılıq ruhunda
tərbiyə olunur
Onların cəmiyyətin ictimai-siyasi, iqtisadi- sosial və mədəni həyatında fəallığının artırılması üçün yeni imkanlar yaradılır
«Azərbaycan gəncliyi 2011-2015-cu illərdə Dövlət Proqramı»nın qəbulu, Gənclər Fondunun yaradılması müasir gəncliyin dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin artırılması, ixtisaslı mütəxəssislərin hazırlanması üçün əlavə islahat və layihələrin tətbiqini sürətləndirir. Gənclərin cəmiyyətin ictimai-siyasi, iqtisadi- sosial və mədəni həyatında fəallığının artırılması üçün yeni imkanlar yaradır. Dövlət Proqramına uyğun olaraq gənclər arasında işsizlik probleminin aradan qaldırılması, yaşayış sahələri ilə təmin olunması üçün ipoteka kreditlərinin ayrılması, Azərbaycanın indiki dinamik inkişafına uyğun, ən müasir texnologiyaları idarə edəcək mütəxəssis, kadr hazırlığına diqqətin artırılması kimi mühüm amillərə əsas prioritet kimi xüsusi diqqət göstərilir. Dövlətimizin başçısı İlham Əliyev cari ilin yanvarında Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münamsibətilə ölkə gənclərinin biri qrupu ilə görüşündə də bu fikri xüsusi qeyd etmişdir ki, gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin gücləndirilməsində əsas rol oynayırlar. Vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıyıq və qoruyuruq. Milli Məclisin gənclər və idman komitəsinin üzvü Elşad Həsənovun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə Baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış «Xocalıya ədalət» kampaniyası çərçivəsində keçirilən tədbirlərdə gənclər fəallıq nümayiş etdirməklə ölkə həqiqətlərimizin təbliğinə öz töhfələrini verməyə çalışırlar. "Dünyanın 70-dən artıq ölkəsində keçirilən tədbirlərdə iştirak edən soydaşlarımızı təmsil edən azərbaycanlı gənclər birlik, həmrəylik nümayış etdirirlər. Türkiyənin Taksim meydanında, Almaniyada, Böyük Britaniyada, Hollandiyada və digər ölkələrdə keçirilən aksiyalarda Dağlıq Qarabağ münaqişəsini yaradan səbəblər barədə dünya ictimaiyyətinə əsil həqiqəti catdıran, beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil edən gənclərimizin gələcəkdə yaşadıqları ölkələrin parlamentlərində, dövlət strukturlarında təmsil olunması yaxın illərdə reallaşacaq proqnozlardır. Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və cəmiyyətə inteqrasiyası, mədəniyyətlərarası dialoqun təşkilinə, lobbi quruculuğuna müasir dünyanın tələbləri baxımından diqqət yetirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi aktual məsələlərdə gənclərin fəallığına xüsusi önəm verilməsi, eyni zamanda etibarlı gələcəyimizin təminatı baxımından vacibdir. Bir əsas məqamı da qeyd edək ki, xaricdə təhsil alan gənclərimiz öz növbəsində Azərbaycanın təbliğatçılarıdır. Gənclərimiz elmin sirlərinə dərindən yiyələnməklə, təhsil aldıqları ölkələrdə həqiqətlərimizin təbliğinə xidmət edən layihələrin reallaşdırılmasına, tədbirlərin keçirilməsinə səy göstərirlər. Bu gün harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə güclü, qüdrətli dövlətin vətəndaşı olmağı ilə qürur duyur, respubilkamızın daha da güclənməsinə, qüdrətlənməsinə öz töhfələrini verməyə çalışırlar. Bir sözlə, Azərbaycanın qısa müddətdə iqtisadi, sosial sahədə əldə etdiyi uğurları müəyyənləşdirilmiş düzgün siyasət və strategiyanın uğurlu addımları kimi dəyərləndirən gənclərimiz dövlətin onlara göstərdiyi diqqəti əməli fəaliyyətləri ilə doğrultmaqla əsil vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai siyasi həyatında tutduqları sağlam mövqe ilə təsdiqləyirlər".
Milli Məclisin gənclər və idman komitəsinin üzvü Elşad Həsənov bildirib ki, Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun Bakıda keçirilməsi də gənclər ölkəsi olan Azərbaycanda gəncliyə diqqət və qayğının yüksək olmasının göstəricilərindəndir. " Ən möhtəbər Forumların, simpoziumların keçirilməsi üçün Bakının seçilməsi Prezident İlham Əliyevin davam etdirdiyi daxili və xarici siyasətin uğuru, ölkədə davamlı sabitliyin təminatı, Azərbaycanın dünyada möhkəmlənən mövqeyinin dəstəklənməsidir. Müstəqil Azərbaycanda gənclər siyasətinin dövlətin fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edən möhtərəm Prezidentimiz İlham Əliyevin Forum iştirakçılarına təbrikində də ölkə gənclərinə göstərilən diqqət və qayğı əksini tapmışdır: « Bu ilk forumun Bakı şəhərində keçirilməsi barədə qərarı ölkəmizin gənclərlə iş sahəsindəki təcrübəsinə verilən qiymət kimi dəyərləndiririk. Hesab edirik ki, bu toplantı qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə gənclər siyasətinin prioritetlərinin dəqiqləşdirilməsi, problemlərin həlli yollarının araşdırılması, iştirakçı ölkələrin dövlət orqanları və qeyri –hökumət təşkilatları arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli olacaq, səmərəli müzakirələrlə yadda qalacaqdır».
Azərbaycanda yeni nəslin təlim-tərbiyəsinə, fiziki sağlamlığına, dünya görüşünün yüksəlməsinə göstərilən diqqəti yüksək dəyərləndirən BMT Baş katibinin köməkçisi Maqdi Martinez- Soliman bildirib ki, Azərbaycan fəal şəkildə gənclər siyasəti proqramlarına qoşulur: «Ölkədə yoxsulluq azalır, sosial sahəyə sərmayələr yatırılır, iş yerləri açılır. Bu, ölkə siyasətinin nəticəsidir.»
Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının belə yüksək dəyərləndirilməsi təsadüfi deyil. Azərbaycan gəncliyini yenilməz qüvvə hesab edən ümummilli lider Heydər Əliyevin yeni nəslin nümayəndələrinə xitabən söylədiyi müdrik kəlamların hər biri özlüyündə dəyərli və qiymətlidir: «Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bizim bu gün təhsilimiz də, mədəniyyətimiz də, incəsənətimiz də məhz Azərbaycan dövlət müstəqilliyinə xidmət edərək əsl vətəndaş tərbiyə olunması prosesinə cəlb edilibdir. Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir».
Elşad Həsənov bildirib ki, Milli Məclisin komitələri sırasına yeni- Gənclər və idman komitəsinin əlavə olunması da dövlətimizin siyasətində bu sahənin xüsusi yer tutmasının təsdiqidir. "Gənc idmançılarımızın uğurları da ürəkaçandır. İdmançılarımız 2013-cü ildə dünya və Avropa çempionatlarında, birinciliklərində, kubok yarışlarında 70 qızıl, 86 gümüş və 96 bürünc medal qazanmışlar. XXX London Yay Olimpiya oyunlarında idmanın bir neçə növü üzrə qazanılan medallar bütünlükdə idmanın inkişafına göstərilən diqqətin və gənclərin fiziki hazırlığının yüksəlməsinin təzahürüdür".
Onun sözlərinə
görə, 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunları
üzrə yarışlarda da
idmançılarımız 56 medal qazanmaqla layiqli qələbəyə
imza atdılar. Uğurlarımızın
davamlılığı hərtərəfli inkişafın
göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev daim
çıxışlarında bildirir ki, Azərbaycanın hər sahədə təcrübəsi
nümunə olmalıdır. Yeniləşmə, təkmilləşmə
dövlət siyasətimizin əsasını təşkil edir. Bir əsas məqamı
da unutmayaq ki, idman eyni
zamanda bir siyasətdir.
İdmançılarımızın yarışlarda qələbəsi
dövlət himnimizin səsləndirilməsi,
üçrəngli bayrağımızın
ucaldılması ilə müşaiyət olunur.
Bu, öz növbəsində
müstəqil Azərbaycanımızın təbliği,
tanıtımıdır. Gənclərimizin sağlam
böyüməsinə, idmanın müxtəlif növlərinin
inkişafına xidmət edən 40-dan artıq idman komplekslərinin
yaradılması da bu uğurlar üçün
əsaslı təminatdır. Tam mənası
ilə demək olar ki,
sabahımızın qurucuları olan gənclər
onlara göstərilən diqqət və
qayğını vətəndaşlıq
mövqelərinə, dövlət siyasətinə sadiqliyi ilə doğruldurlar.
Hərtərəfli inkişafa xidmət
edən qanun layihələrinin
hazırlanması və qəbulu digər komitələr kimi Gənclər və İdman
komitəsinin də fəaliyyətinin əsasını təşkil
edir. Məqsəd gənclərin potensial imkanlarının ortaya
qoyulmasına şərait yaratmaq, Azərbaycanın
davamlı, dayanıqlı inkişafına töhfəmizi verməkdir".
Bunlar isə azərbaycançılıq
ideologiyasının əsasında durur.
Üç
nöqtə.- 2016.- 25 may.- S.5