İllərə qovuşan illər

 

Füzuli Mirzə oğlu Hacıyev rayonumuza rəhbərlikdən gedəndən sonra ilk dəfə idi ki, görüşürdüm.

2008-ci ildə bir yoldaşla dənizkənarı parkda gəzərkən yolumuzu Azərbaycan Dövlət Pedaqoji Universitetinin yanından saldıq. Məqsədimiz təhsil aldığımız elm məbədgahının, təhsil ocağının ötən illər ərzində hansı dəyişikliyini müşahidə etməkdi. Tini burulan kimi hörmətli Füzuli müəllimi bir qədər aralıdan gördük. O, yanındakı bir adamla astaca addımlarla bizə tərəf irəliləyirdi. Qış geyim formasında bizi əvvəlcə tanımasa da, salam verdik. Bizə nəzər yetirib, səkidə dayanmış maşınına oturdu, on addım sürmüşdü ki, bir də baxdı və tez maşını saxlayıb yerə düşdü. Səmimi görüşdük, hal-əhval tutdu. Rayonun vəziyyəti ilə maraqlandı, gəlişimizin məqsədini öyrənməyə çalışdı, evinə dəvət etdi. Razılığımızı bildirib ayrıldıq. Həmin günün səhəri oğlum, Əfsun Sucayevin disertasiya elmi işinin müdafiəsi idi. O, kimya ixtisası üzrə fəlsəfə doktorluğu adını alacaqdı. Müdafiə işi Bakı Dövlət Universitetində uğurla keçdi. Füzuli müəllimə desəydim, o, şübhəsiz, iştirak edəcəkdi. Çünki o özüalimdir. Elm və təhsili ürəkdən sevib qiymətləndirməyi bacaran bir ziyalı olduğunu yaxşı bilirdim.

Hər bayram günündə  ona zəng vurub bayramını təbrik edirdim. 2016-cı ilin oktyabr ayında Mərdəkanda müalicə alırdım. Birdən Füzuli müəllimi xatırladım və ona telefon açdım, harada olduğumu bildirdim. Füzuli müəllim gəldi. Vaxtilə onun rəhbərliyi altında işləyənlər xəbər tutub “Günəşli” sanatoriyasındakı çayxanaya toplaşdılar və bir stol ətrafında oturduq, maraqlı söhbət oldu, çay içdik, şəkil çəkdirdik.

Füzuli Mirzə oğlu Hacıyev 2002-ci ildə ulu öndər H.Ə.Əliyevin sərəncamı və xeyir-duası ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin olunmuşdu. Qeyd edim ki, o, 1956-cı ildə Siyəzən şəhərində doğulub, boya-başa çatıb. 1977-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakultəsini, sonra aspiranturanı bitirib. 1977-92-ci illərdə Şabran-Siyəzən rayonlarında müəllim işləyibdir. 1992-ci ildə Şabran Rayon İcra Hakimiyyəti başçısının humanitar sahəsi üzrə müavini, 1992-1995-ci illərdə Siyəzən XDC İcraiyyə Komitəsinin sədri, 1995-2002-ci illərdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

  1990-95-ci illərdə Siyəzən rayonunun deputatı olmuşdur. 2002-ci ilin aprel ayından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Eİ ekoloji təbliğat və sosial məsələlər şöbəsinin rəisi işləyir.

2000-ci ildə, “XVII-XIX əsrin birinci otuz illiyində Azərbaycan-Dağıstan münasibətləri” mövzusunda namizədlik disertasiyası müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru adını almışdır.

F.Haciyev Yeni Azərbaycan Partiyasının üzvüdür, ali məktəblər üçün yazılmış bir kitabın müəllifidir. Neftqaz sənayesinin inkişafında xidmətlərinə görə Fəxri Fərmana, eyni zamanda Azərbaycan Prezidenti cənab İ.H.Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.

Lerikə rəhbərliyə gəldiyi gündən yenilikqurub-yaratmaq həvəsi ilə başladı. Rayonun ümumi inkişafı naminə qarşıya qoyulan işlərin icrasını davam etdirib başa çatdırmaq üçün bacarıq və səyini əsirgəmədi.

F.Hacıyev yuxarıda deyildiyi kimi, alim idi. Məktəblərə, müəllimlərə, xüsusi qayğı ilə yanaşırdı. O ərəfədə ümumi liderimiz H.Əliyevin fədəkarlığı nəticəsində Neft kontraktları bağlanıb başa çatsa da, ölkəyə kapital axını, neft satışından daxil olan gəlir geniş vüsətini almamışdı. Ona görə də infrastruktur layihələrini ölkə daxilində tam həyata keçirmək mümkün deyildi. Amma o, yerli imkanlar hesabına rayonda uçulub yararsız hala düşən bir neçə məktəbin yenidən tikilib istifadəyə verilməsinə köməklik göstərdi. Rayonun Biləvər, Bülüdül, Sors, Hamarat, Lerik, Lərmərud və.s məktəbləri bu sıradandır. Ümumiyyətlə, 1000 şagird yeri olan 8 məktəb tikilib şagirdlərin sərəncamına verildi. İlk dəfə şəhərin küçələrində işıqlandırılma sistemi quruldu, səkilər qaydaya salındı.

İcra başçısı kəndə ayaq basan kimi birinci məktəbə gələr, təhsil müəssisəsinin və müəllimlərin problemləri ilə maraqlanardı.

Rayonda ciddi intizam yaranmışdı. Məmurlar ondan nümunə  götürürdülər. Yaşıllaşdırma işinə, təbii sərvətimiz olan meşələrin mühafizəsinə mühüm əhəmiyyət verirdi. Təəssüflər olsun ki, indi şəhər daxilində əllinci illərdə salınmış  görkəmli istirahət parkından əsər-əlamət qalmamışdır. Parkın sahəsi ayrı-ayrı adamlara satılmışdır.

İcra başçısı Lerik-Lənkəran yolunun asfaltlaşdırilmasına çalışdı və cənab Prezidentin verdiyi sərəncam bunu reallaşdırdı. F.Hacıyevin işlədiyi dövrdə ölkə başçısı iki dəfə Lerikə gəldi və onun gəlişi rayonun inkişafina xeyli təkan vermiş oldu. Prezident İ.H.Əliyevin Lerikdə, dağlar diyarında qazın açlışı münasibətilə rayon ictimaiyyətilə keçirdiyi toplantı bir el şənliyinə çevrildi. Dağ kəndlərinin bir qismində indi mavi alov şölələnməkdədir.

Lerikdə yeni bir parkın salınması, yol boyu ağacların əkilməsi, şəhərsalma mədəniyyətinə yeni ruhlu münasibət Füzuli müəllimin işlərində başlıca yer tuturdu. Elm adamları, ağsaqqallar, rayonun ictimai-siyasi həyatında böyük zəhmət çəkən insanlar qayğıdan və diqqətdən kənarda qalmırdı.

Əlli ildən artıq rəhbər vəzifələrdə işləmiş İbadov Məhəbbət Qubad oğlunun öz arzusu ilə təqaüdə göndərilməsinə həsr olunan təntənəli yığıncaq heç zaman unudulan deyil. Təşəbbüskarı icra başçısı Füzuli müəllim idi. Sankı bununla ömrünün çoxunu Heydər Əliyev siyasətinə, dövlətə və dövlətçiliyə həsr etmiş bir qocaman dövlət adamının həyatı bir qədər də uzanmış oldu.

Füzuli müəllim ətrafdakılarına qarşı diqqətli idionlardan həmişə məsuliyyət tələb edirdi. Laqeydliyə, səhlənkarlığa və eqoizmə yuvarlananları, ən çox da intizamsizlıq edənləri sevməzdi.

Bir gün ucqar bir dağ kəndinə gəlmişdi. Əhali ilə görüşdü, sonra onların qarşıya qoyduğu məsələləri müzakirə edir və münasibət bildirirdi. Bu vaxt məsul işçilərdən birinin mobil telefonu zəng çaldı. Yığıncaq qutardı, o oradan 7-8 km aralıdakı kəndə baş çəkməliydi. Maşına oturdu, yola düşərkən həmin şəxsi öz maşınına götürmədi və tapşırdı ki, o kənddə yığıncaqda iştirak etsin. Əhalinin yığıncağının gedişatinda həmin məsul şəxs gəlib çıxdı. Uzaq yolu piyada gəldiyindən onun üzündən tər damcılayırdı. İcra başçısı ona dedi: “Siz yol verdiyiniz qəbahəti başa düşdünüz?”- Bəli, -deyə cavab verdi.

Rayon rəhbəri bildirmək istəyirdi ki, yığıncaq zamanı o şəxs telefonunu söndürməli, danışanların diqqətini yayındırmamalıydı.

Lerik dağ rayonudur, burada işləyənlər fəal,işgüzar olmalıdırlar. Təsadüfi deyil ki, müharibə dövründə və sonrakı 50-ci illərdə  Məmməd Rəhimov, Kamal Qəhrəmanov, daha sonra Sultan Məmmədov kimi katiblərin adları hələ də dildə-ağızda gəzir.

Füzuli Hacıyev icra hakimiyyətinin tərkibini yenidən formalaşdırarkən kadrların savadını, bacarığını, işdəki intizamını, kollektivdəki davranışını əsas götürürdü. Təsadüfi adamların, yersiz demaqogiya yaradan nadanların oradan uzaqlaşdırılmasına nail olurdu.

Doğurdan da, rayona rəhbərlik edən şəxslərin, məmurların və idarə müdirlərinin xarakterinə, əməllərinə bələd olduqca, cılız, ləyaqətsiz insanların yerlərni dəyişməklə onlara bir növ tərbiyəvi təsir göstərir və bu yolda heç nədən çəkinmirdi.

Qeyd etdiyim kimi, Füzuli müəllim quruculuq işləri sahəsində xeyli çalışdı. Bunların arasında Masallı-Yardımlı-Lerik yüksək gərginlikli elektrik hava xətlərinin yeniləşməsi, dəmir-beton dirəklərlə əvəz edilməsini xüsusi qeyd edirik.

Nizamimülk əsrinin kamil, müdrik xadimlərindən idi. Alimləri, elm adamlarını daima himayə etmişdir. Öz dövründə “Nizamiyyə” elmlər Akademiyasını yaratmışdı.  Onun zamanında mirqəzəblər də olub ki, onların adı yalnız tarixdə qalıb. Onlar cəzaya layiq olanları cəzalandırardılar. Əlbəttə, mirqəzəblərin silahı, yarağı,təmtarağı yaxşı, nüfuzu son dərəcə yüksək olmalı idi. Bu baxımdan da şahlar, sultanlar onların əməllərinə, nüfuzuna və ədalətli olmalarına daha çox üstünlük verərmişlər. Füzuli Hacıyev də nüfuzu yüksək tutan, insaflavicdanla qiymət verməyi bacaran icra başçılarından sayılırdı. O hər bir buraxılan nöqsanın, yol verilən qəbahətin ağırlıq dərəcəsinə uyğun ölçü götürürdü.

Yeri gəlmişkən bir məsələni də xatırlatmaq istərdim. 2015-ci ilin avqust ayının isti günlərindən biri idi. Səhər çağı, sübh vaxtı oğlamlarımla bir yerdə “Niva” markalı maşında evdən çıxıb dağlara tərəf üz tutduq. Məqsədimiz dağlar qoynunda, sal sıldırımlı bir qayanın dibindən kükrəyib çıxan “Narzan” (Bülüdül) suyundan götürüb evə gətirməkdi.

Misli-bərabəri olmayan, sutkada bir milyon litr su tutumu olan bu kəhriz ölkədə məşhurdur. Orada mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün hər cür şərait yaratmaq mümkündür. Bu isə dövlət səviyyəsində və ya imkanlı şəxslər hesabına düzəldilməlidir. Amma illərlə bu müalicə suyu havayı axıb gedir.

Elə bu əsnada telefonuma zəng gəldi. Füzuli müəllim idi. Salamlaşdıq, zəhmət çəkib səhər vaxtı məni axtarmağının səbəbini soruşdum. O dedi:  SizinPalitra” qəzetində keçmiş məktəb illərilə bağlı yazdığınız yazını oxudum və elə bil ki, məni o illərə qaytardınız. Leriklilərə salam göndərdi. Təşəkkürümü bildirdim. Eyni zamanda bu il 60 yaşının tamam olmasına görə təbrik etdim, ona cansağlığı və xoşbəxtlik arzuladım.

 

Rəzzaq Sucayev,

Üç nöqtə.- 2016.- 1 noyabr.- S.7