Azərbaycançılıq milli Azərbaycan ideologiyasının aparıcı tərkib hissəsi olub

Azərbaycan diliideoloji mübarizənin mərkəzində durub

Azərbaycançılıq ideologiyası Azərbaycan mədəniyyəti və sivilizasiyasının təməlini təşkil edən güclü mənəvi qüvvədir. Şərq, dünya, Avropa mədəniyyətlərinin sintezini özündə birləşdirən çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün ən mühüm ideologiya olan azərbaycançılıq tarixi zərurətdən yaranıb.  Azərbaycançılıq milli-etnik, ümumbəşəriliyin və mədəniyyətlərin müxtəlifliyinin vəhdəti olub xalqın milli-tarixi və mədəni yaddaşında və genində qorunub saxlanmış, islamçılıq, türkçülük, müasirlik, Avropa, Asiya, Qərb və Şərq dəyərlərini özündə birləşdirmişdir. Məlumdur  azərbaycançılıq milli Azərbaycan  ideologiyasının aparıcı tərkib hissəsi olub. Azərbaycan diliideoloji mübarizənin mərkəzində durub.

Xalqın taleyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafında ən mühüm amillərdən biridir. Ona dövlət dili statusunun verilməsi isə həmin xalqın milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsinə geniş imkan yaradır. Bu baxımdan ölkəmizdə avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi təqdirəlayiqdir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd edilir. Məhz Ulu Öndərin qətiyyəti və siyasi iradəsi nəticəsində respublikamız həmin tarixdən tam şəkildə latın qrafikalı Azərbaycan əlifbasına keçib.

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdəndir. Qobustan və Gəmiqaya təsvirlərini yaradan əcdadlarımız, ulu babalarımız çox-çox minilliklər bundan əvvəl müxtəlif yazı növlərindən və əlifbalardan istifadə etmişlər. İslam dininin qəbuluna qədər olan dövrün yazılı abidələrinin bir qismi ya məhv edilib, ya zaman keçdikcə həmin yazı şəkilləri unudulub, ya da ərəb qrafikasına keçirilib. İslamın yayıldığı dövrdən başlayaraq isə xalqımız ərəb əlifbasında min ildən artıq bir zaman ərzində zəngin mədəni irs yaradıb. Lakin ərəb qrafikasının dilimizin səs sistemini dolğun əks etdirə bilməməsi XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundzadə başda olmaqla dövrün maarifçi ziyalılarını əlifba islahatı üzərində düşünməyə vadar edib.

Əsrlər boyu təqib və təzyiqlərlə qarşılaşan dilimiz laylalarımızın, bayatılarımızın, nağıllarımızın, “Kitabi-Dədə Qorqudumuzun dilidir. Nizami müdrikliyi, Nəsimi üsyankarlığı, Şah İsmayıl qüdrəti, Füzuli məhəbbəti, Üzeyir dühası bu dildə ifadə olunaraq xalqımızın yaddaşına əbədi həkk olunub. Azərbaycan dilinin dünyada ən kamil dillərdən biri olduğunu bir çox xalqların görkəmli nümayəndələri də etiraf ediblər.

Tariximizdə xüsusi yer tutan Səfəvilər hakimiyyəti dövründə, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait üzündən uzunömürlü olmayıb.

Azərbaycanda əlifba islahatının reallaşdırılması sovet dövrünə düşür. 1929-cu ildə respublikada latın qrafikasına keçilsə də, bu, cəmi 10 il sürüb. 1939-cu ildən müstəqillik dövrünədək kiril əlifbasından istifadə edilib. Bu müddətdə dilçi alimlərimizin gərgin əməyi sayəsində dil tarixi, dialektologiya, müasir dil, lüğətçilik sahələrində dəyərli tədqiqatlar aparılıb.

Qeyd edək ki, Ulu Öndərin böyük qətiyyəti, cəsarəti və prinsipiallığı sayəsində hələ sovet dövründə - 1978-ci ildə qəbul olunan respublika Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə salınıb. Bu, həm də Ümummilli Liderin öz ana dilini dərindən bilmək, onun bütün sirlərinə, gözəlliyinə bələd olmaq, onlardan məharətlə, yerli-yerində istifadə edə bilmək qabiliyyətindən qaynaqlanıb. Əbəs yerə deyil ki, Ulu Öndər həm də söz sərrafı kimi tanınıb.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək dövlət dilimizin Azərbaycan dili adlandırılması müddəasına tərəfdar olduğunu bildirib.

Sonralar “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında fərmanlar, milli mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir.

Təsadüfi deyil ki, Heydər Əliyevin dövlətçilik ənənələrinə və siyasi kursuna sədaqətini nümayiş etdirən Prezident İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən biri də Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilində latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqındakı Sərəncam olub. Ölkə rəhbərinin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 14 yanvar, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” 2007-ci il 30 dekabr tarixli sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirdi. Bu sırada dövlətimizin başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may sərəncamları, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamları dilimizə, mədəniyyətimizə, zəngin mənəvi dəyərlərimizə böyük hörmət və ehtiramın bariz nümunəsidir. Dövlət proqramı 2013-2020-ci illər ərzində bu istiqamətdə bir sıra zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Proqramın məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.

Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il aprelin 26-da Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında söylədiyi giriş nitqində deyib: “Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”. Bu istiqamətdə həyata keçirilən siyasət də bu məqsədə xidmət edir.

Üç nöqtə.- 2016.- 6 yanvar.- S.6