Azərbaycançılıq
ideologiyası Azərbaycan dövlətini möhkəmləndirməyə
xidmət edir
Azərbaycançılıq ideologiyası geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlər də güdür. Bu ideologiya Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir. Azərbaycanda insanların düşüncələrində azərbaycançılıq ideologiyasının formalaşması, onların fəaliyyətlərində bu ideoloji dəyərlərin rəhbər tutulması konstitusiya quruluşunun əsaslarının sabitliyinə də zəmin yaradır. Digər tərəfdən, bu ideologiyanın mövcudluğu Azərbaycanda yaranmış sosial birliyi kənardan qiymətləndirməyə imkan verir. Deputat Rövşən Rzayev bildirir kki, azərbaycançılıq nisbətən yeni ideologiya olsa da, uzun müddət hüquqi dövlət və demokratik rejimin formalaşmasında rol oynayan, azad xalqları birləşdirən, hüquq elmində kifayət qədər təhlil olunan konstitusionalizmin elementlərini cəmləşdirir. «Konstitusionalizmin əsas elementlərinə bunları aid etmək olar: demokratik və hüquqi rejim, insan hüquqlarının aliliyi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti, yerli özünüidarə və s. Təbiidir ki, konstitusionalizm ideologiyasının hakimiyyət strukturunda, vətəndaş cəmiyyəti institutlarında dərk edilməsi konstitusiya münasibətlərinin sabit inkişafı ilə bağlıdır»,- o deyir.
Konstitusionalizmin çox lakonik və əhatəli tərifini macar professoru A.Şayo vermişdir: “konstitusionalizm - ictimai sabitlik məqsədi ilə hakimiyyətin məhdudlaşdırılması prosesidir”.
Bu ideologiyanın əsas məqsədi hakimiyyətin şəffaf və effektiv hüquq çərçivəsində idarəçiliyini təmin etməkdir. Ona görə hüquqi cəmiyyətdə konstitusionalizmin mahiyyəti və Əsas Qanunun fəlsəfəsi aydın təsəvvür olunmalıdır. Rövşən Rzayev yazır: « Cəmiyyətin hər bir üzvü, xüsusilə dövlət qulluqçuları konstitusionalizmin məqsəd və vəzifələrini dərk edərək onları gündəlik fəaliyyətində rəhbər tutmalıdır. Belə olan halda hakimiyyət sistemi, dövlət idarəçiliyi institutları Konstitusiya əsasında sabit fəaliyyət göstərir və cəmiyyətdə ali dəyər olan insan hüquqlarının təminatına real imkan yaradırla».
Azrərbaycançılığın və konstitusionalizmin məqsədlərində böyük oxşarlıq var. Hər ikisi ideoloji funksiyalarına görə fərdlə dövlət arasında ədalətli bərabərhüquqlu münasibətlər və dəyərlər sistemi yaradır, habelə demokratik və hüquqi dövlətdə idarəçiliyin effektiv təşkilinə xidmət edir. Azrərbaycançılıqla konstitusionalizmin oxşarlığını aşağıdakı fikirlə ifadə etmək olar: azərbaycançılıq ideologiyası hüquqi və demokratik Azərbaycan dövlətini möhkəmləndirməyə, müstəqil Azərbaycanı sivilizasiyalı dövlətlər sırasına çıxarmağa xidmət edir.
Konstitusionalizm də dövlət quruculuğunda analoji məqsədləri güdür. Bu iki ideologiyaların fərqli xüsusiyyətləri də var. Təsir etdikləri obyektlərin predmeti eyni olsa da, öz əhatə dairəsinə görə konstitusionalizm qlobal xarakter, azərbaycanşılıq isə konkret bir xalqı birləşdirən lokal xarakter daşıyır.
Azərbaycançılığı neokonservatizmlə də müqayisə edirlər. Neokonservativizm nisbətən yeni ideoloji cərəyandır və Qərbin sivil dəyərlərini təbliğ edir. Neokonservativizmin banisi Leo Ştraus olsa da bu nəzəriyyənin müasir əsasları ətraflı şəkildə Vilyam Kristal və Robert Kaqan tərəfindən 1996-cı ildə şərh edilmişdir.
Neokonservativizmin tərəfdarları hesab edirlər ki, demokratiyanı, bazar iqtisadiyyatını və söz azadlığını cəmiyyətə imperativ şəkildə çatdırmaq lazımdır. Azərbaycançılıq sivil cəmiyyət quruluşunu inkar etmir, əksinə, bunun üçün dəyərlər sistemini yaradır. Beləliklə, azərbaycançılığın müəyyən hallarda neokonservativizm xarakterli imperativ olması, digər hallarda isə qloballaşma baxımından konstitusionalizmin vahid dəyərlər sisteminə inteqrasiyası vacibdir.
Hər bir xalq inkişafa doğru gedir. «Bu inkişaf vahid prinsiplərə əsaslanır.
Düzdür, sivilizasiya baxımından
xalqların inkişaf
yolları bir qədər fərqlidir.
Məsələn, Şərq sivilizasiyasının
adət-ənənələri Qərb sivilizasiyasının
dəyərlərindən fərqlidir.
Lakin insanlar universal dəyərlərin
daşıyıcılarıdırlar.
Hər bir kəs arzulayır ki, o yaşadığı
cəmiyyətdə hüquqi
bərabərlik, hakimiyyətin
ədalətliyi, azad bazar iqtisadiyyatı, söz və vicdan azadlığı, işgəncələrə məruz
qalmamaq, şəxsi toxunulmazlıq, ədalət
mühakiməsi və
s. təmin olunsun. Bu dəyərlər insan hüquqları üzrə beynəlxalq standartlarda universallaşıb.
Onların təminatı üçün
demokratik rejim və hüquqi dövlət quruculuğu tələb olunur»,-Rövşən
Rzayev deyir.
Hərçənd müəyyən tarixi zaman və şəraitdə
hətta Avropada demokratiyanın tənqidçiləri,
bu idarəçilik rejiminin mənfi fəsadlarını müşahidə
edənlər olub. Məsələn,
Uinston Çörçill
II Dünya müharibəsindən
sonra çıxışların
birində qeyd etmişdir ki, “Demokratiya - idarəetmə
formasının ən
pisidir, ancaq digər formalar ondan da pisdir”
Zaman göstərdi
ki, demokratik rejim və hüquqi
dövlət xalqların
rifahının artmasına,
qlobal konstitusionalizm ideyası isə ədalətli cəmiyyət
quruluşuna aparan inkişaf yoludur. Ona görə
Azərbaycanda dövlət
quruculuğu prosesində
konstitusionalizm, azərbaycançılıq
ideologiyalarının dəyərləri
üstün tutulur.
Müasir dövrdə qloballaşmanın
bir sıra inkişaf göstəriciləri
milli mənsubluğa təsir göstərir. Qloballaşan dünyada bəzən vətənpərvərlik hissi
daha çox vətəndaşlıq, loyallıq
və tolerantlıq hissləri ilə əvəz olunur (bu barədə bir qədər sonra). Müəyyən
hallarda isə sənayeləşmə, demokratikləşmə,
məlumat mübadiləsi
dairəsinin genişlənməsi
və s. qloballaşma
prosesləri etno-milli mənsubiyyətə təsir
edərək münaqişələrə
də səbəb olur. Bunu nəzərə
alan bır
sıra təhlilçilər
qloballaşmanın milli
ideologiya ilə ziddiyyət təşkil etdiyini önə çəkir, onları antaqonist dəyərlər
sistemi kimi xarakterizə edirlər.
Məhz
ona görə çağdaş zamanda milli ideologiya ilə ümumbəşəri
dəyərlərin ahənginə
nail olmaq, qloballaşma
prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq
üçün böyük
önəm daşıyır.
Azərbaycançılıq ideyası bu
çağırışlara cavab verir, milli
mənsubluğun müdafiəsi
ilə yanaşı, ümumbəşəri dəyərləri
də özündə
ehtiva edir.
İstənilən cəmiyyət dünya iqtisadi məkanın bir hissəsi olmadığı halda ümumi rəqabətə
dözümsüz olur. İqtisadi uğursuzluq
isə öz növbəsində sosial problemlərin həllini mümkünsüz edir, sosial gərginliyə səbəb olur və nəhayət, insan hüquqlarının
həyata keçirilməsini
çətinləşdirir. Müasir dünyada ölkələr
iqtisadi inkişafa, milli təhlükəsizlik
və hüquqi rejimin qorunmasına beynəlxalq iştirakçılıq
olmadan tam olaraq zəmanət yarada bilməzlər. Bu baxımdan dövlətlər
daha çox qloballaşma proseslərinə
üstünlük verərək
öz daxili problemlərinin həllini beynəlxalq əməkdaşlıqda
görürlər.
Bu nöqteyi-nəzərdən azərbaycançılıq Azərbaycanın
dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil
edir. Biz bu ideya
ilə özümüzü
dünyaya tanıdır,
onu mütərəqqi
dünya dəyərlərini
(tolerantlıq, etnik müxtəliflik) özündə
birləşdirən ideologiya
kimi təbliğ edirik. Prezident İlham Əliyevin
öz çıxışlarında
dəfələrlə qeyd
etdiyi kimi, bu gün Azərbaycanın
əsas prioritetlərindən
biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya
birliyinə inteqrasiya etməsidir. Bu inteqrasiyada
Azərbaycanın öz
yerini tapması, eyni zamanda, milli
eyniyyətini qoruyub saxlaması müstəsna
əhəmiyyət kəsb
edir: “Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa
dövlətlərin tərkibində
yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi
itirməmişik. Nəyin hesabına?
Onun hesabına ki, öz ana dilimizi,
mədəniyyətimizi saxlaya
bilmişik, ədəbiyyatımız
inkişaf edib, milli ənənələrimiz
qorunub saxlanılıbdır.
Budur, hər bir xalqın
milli identifikasiyasını
şərtləndirən əsas
məsələlər”.
Azərbaycançılıq ideyası qloballaşma şəraitində universal dəyərlərin
qorunmasını önəmli
hesab edir və ölkəmizin müasir milli modernləşmə yolunu
bu dəyərlərin
bərqərar olduğu
Avropa məkanına inteqrasiyada görür. İnkişaf etmiş Avropa ölkələrinin tarixi
göstərir ki, baş verən hər hansı siyasi, iqtisadi kataklizmlərə, hakimiyyətlərin
bir-birini əvəzləməsinə,
dövlət quruluşunda
dəyişikliklərə baxmayaraq, bu ölkələrdə müstəqillik
və demokratik inkişaf yolu dönməz və sarsılmazdır. Azərbaycançılıq ideyası da
universal dəyər olan
insan hüquqlarının
qorunması, vahid Avropa məkanında beynəlxalq təhlükəsizliyin
təmin edilməsi, eyni zamanda ölkələrin
ərazi bütövlüyü
prinsipi və digər vacib dəyərləri nəzərdə
tutaraq qloballaşmanı
müasir dünyanın
təbii inkişaf prosesi hesab edir.
Üç nöqtə.- 2016.-8 yanvar.- S.10