Azərbaycançılıq ölkədə yaşayan bütün millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında birləşdirir

 

Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır

Azərbaycançılıq termini ictimai elmlər dövriyyəsində nisbətən yeni yaranan anlayışdır. Bununla belə, son illər alim və tədqiqatçılar, ictimai xadimyazarlar tərəfindən bu mövzuda bir sıra dəyərli məqalələr, monoqrafiya və dərsliklər yazılmış, azərbaycançılığın əsasları, mahiyyəti və konseptual tərəfləri şərh edilmişdir. Akademik Ramiz Mehdiyev qeyd edir ki, azərbaycançılıq “ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə xüsusilə geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir”. Bunu Azərbaycan Milli Məclisinin üzvü Rövşən Rzayev deyib. Onun sözlərinə görə, buradan belə nəticəyə gəlmək olar ki, azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafı təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. «Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır»,- o bildirib.       

Onun sözlərinə görə, çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafahüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Ümumilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında deyib: “Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”. Bununla ulu öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını bəyan etmişdir.

Lakin azərbaycançılıq Azərbaycanın ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya davakar millətçiliyi inkar etməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir. Professor Nizaməddin Şəmsizadə qeyd edir ki, “Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır”. Azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətində milli birliyiümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah, təsdiq və inkişaf etdirmək məqsədini daşıyır.

Beləliklə, azərbaycançılıq milli-mənəvi varlığının ilkin əlamətlərini, xalqın kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyinihüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır».  

Azərbaycançılıq məfhumunun təhlil etmək, onun mahiyyətini dərk etmək, tərkib elementlərini səciyyələndirmək metodoloji cəhətdən çətindir. Bu da təbiidir. Çünki ictimai elmlərdə əksər kateqoriya və anlayışların dəqiq çərçivələrini aşkar etmək çətindir. Neotomizmin yaradıcısı fransız filosofu J.Mariten qeyd edirdi ki, “müasir tarixin faciəsi əsas anlayışların sistematik ümumiləşdirməsindədir”

İslam nəzəriyyəçiləri də etiraf edirlər ki, İslam dinində əsas anlayışlar fərqli şərh olunurlar, lakin ümumi fəlsəfə kimi təqdim olunur. İctimai elmlərin əsas vəzifəsi sosial reallıq haqqında sistemləşmiş bilik yaratmaqdır. Avstriyalı sosioloq A.Şyus nəzəriyyəsində göstərir ki, “ictimai elmlərdə bir anlayışa vahid yanaşma yoxdur, bu tədqiqatlarda ən əsası elmi məntiqdən çıxış edərkən obyektivliyə doğru getməkdir”. Ona görə azərbaycançılığın mahiyyətinin açıqlanmasında vahid yanaşma olmasa da, elmi məntiqə əsaslanaraq onun tərkib elementlərini müəyyənləşdirməyə cəhd etmək olar.

Hər bir halda politoloji, sosioloji, hətta etimoloji cəhətdən azərbaycançılıq termininə müxtəlif yanaşmalar mövcud olsa da, onun əsas fəlsəfəsi dəyişməzdir. Azərbaycançılıq - özündə “vətəndaşlıq”, “vətənpərvərlik”, “loyallıq”, habelə cəmiyyət və dövlət qarşısında vətəndaşın məsuliyyətini birləşdirir.

Beləliklə, Azərbaycançılıq milli dövlət ideologiyası kimi Konstitusiya əsaslarına söykənən, insanlarda vətəndaşlıq, vətənpərvərlik, loyallıq və vətəndaş məsuliyyətini formalaşdıran, Azərbaycanın müstəqilliyinə, onun hüquqidemokratik dövlət kimi inkişafınamilli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.                                         

Qeyd edək ki, Azərbaycançılıq ümummilli ideologiya, milli vəhdət və milli-mədəni vəhdət məfkurəsi kimi cəmiyyətdə səfərbəredici, birləşdirici, ruhlandırıcı rol oynayır. Milli mədəniyyət azərbaycançılıq milli ideologiyasının ideya mənbəyi olduğu kimi, həm də ideologiyanın dövlət və xalq üçün zəruri mənəvi, siyasi fəaliyyətinə təkan verən dil, mentalitet, milli xaraktermilli psixologiyanın ifadəsi kimi də çıxış edir.

Milli mədəniyyət və milli ideologiya qlobal mədəniyyətə qovuşaraq ümumbəşəri mənəvi-mədəni dəyərlərlə birləşir, Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi qlobalyerli düşüncə tərzlərinin birliyini yaradır, ölkədə və ölkədən xaricdəki bütün azərbaycanlıların mənəvi imperativinə çevrilir.     Tədqiqatçı alim Vahid Ömərov bildirib ki,düünyanın ən nadir mədəni sivilizasiyalarından və milli-etnik tərkibilə özünəməxsus bir demokratik, hüquqi dövlət olan Azərbaycanda müxtəlifliyin vəhdəti hakimdir. «Azərbaycanda reallaşan mədəniyyət və milli ideologiya “Azərbaycan xalqının ortaq dəyərlər və davranış münasibətləri adlı məkanın formalaşmasına, etnik şüurda hər bir qatın statusunu sezməyə imkan verir, özünün real, tarixi-mədəni varlığının subyekti olmasına şərait yaradır.

Azərbaycanda mədəniyyətlər və dinlərarası durum, etnik-milli-bəşəri müstəvilərin ahəngdar mövcudluğu baxımından dünyaya örnək ola bilər»,- o deyir.

Heydər Əliyev azərbaycançılıq ideologiyasını və azərbaycanlıların ortaq mənəvi-mədəni dəyərlərini “ən başlıca sərvət” hesab edirdi. Azərbaycanda bütün etnik birliklərin nümayəndələri bir azərbaycanlı, Azərbaycan vətəndaşı kimi tolerantlıq, humanizm, xeyirxahlıq şəraitində azərbaycançılıq ideologiyasını və ölkəmizdə formalaşan mədəniyyəti özünün mənəvi-mədəni sərvəti sayır. Azərbaycanın gələcək inkişafı azərbaycançılıq və Azərbaycan mədəniyyətinin birləşdirdiyi bütün xalqların və dünya azərbaycanlılarının birgə fəaliyyətindən asılıdır.

Qüdrətli şəxsiyyət Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Bu baxımdan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanı və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli Fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malik sənədlər idi. Bu tarixi sənədlər artıq yeni əsrin və üçüncü minilliyin əvvəllərində ana dili uğrunda mübarizənin dövlət səviyyəsində milli müstəqillik uğrunda mübarizənin - azərbaycançılığın tərkib hissəsi kimi əks etdirən dövlət proqramaları - böyük strategiyanın təməl faktları idi.

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Bu dil birliyimizin təməlidir.

Üç nöqtə.- 2016.-8 yanvar.- S.9