Milli mənlik şüurunun formalaşdırılmasında Vətən təəssübkeşliyi

 

"Hər bir vətəndaş, tutduğu yerindən asılı olmayaraq, öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir»

Dövlət Bayrağı Meydanının açılışında iştirak edən prezident müstəqil Azərbaycanın vətəndaşı olduğu üçün hər bir kəsin fəxr etməli olduğunu bildirərək ölkə vətəndaşlarının, o cümlədən, gənclərin üzərinə düşən vəzifələri bir daha xatırladıb: "Hər bir vətəndaş, tutduğu yerindən asılı olmayaraq, öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir. Öz əməli işlərimizlə, Vətənə sədaqətlə, görülən işlərlə, atılan addımlarla. Bu gün Azərbaycan cəmiyyətində bu həmrəylik, milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu vardır. Biz gənc nəsli bu ruhda tərbiyə etməliyik ki, Azərbaycanda gənc nəsil peşəkar, vətənpərvər, Vətənə sadiq olsun. Çünki bütün dövrlərdə Azərbaycanın uğurlu gələcəyini biz təmin etməliyik" Azərbaycan gəncliyinin sahib olduğu ən vacib xüsusiyyətlərdən biri hərbi vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasıdır. Hamıya bəllidir ki, ötən əsrin sonlarında Ermənistanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təcavüzünün qarşısının alınmasında Azərbaycanın vətənpərvər gəncləri öndə olublar. Zaman keçdikcə gənc nəsildə vətənpərvərlik, milli qürur hissləri daha da güclənir. Bildiyimiz kimi, bu gün torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır, bir milyondan çox soydaşımız isə qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu fakt Azərbaycan gəncliyini daha ayıq-sayıq olmağa, istər informasiya sahəsində, istərsə də cəbhə xəttində ölkənin müdafiəsi uğrunda əlindən gələni etməyə sövq edir.

Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığının səmərəliliyi nəzarətdə olunmağı tələb edir. Fərəhli haldır ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi, milli istiqlal yoluna qədəm qoyduğu bir dövrdə hərbi-fiziki tərbiyənin yeniləşməsi mühüm vəzifələrdən biri kimi qarşıya qoyulub. Ölkədəki müəyyən çətinliklərə baxmayaraq, hərbi-fiziki tərbiyə ilə əlaqədar məsələlər bir an belə arxa plana çəkilməyib, əksinə, bu sahədə işlər böyük vüsətlə davam etdirilir. İnkaredilməz həqiqətdir ki, hərbi-fiziki tərbiyəyə laqeydlik nəticə etibarilə gənc nəslin sağlamlığına, hərbi işə, mənəviyyata böyük ziyan vura bilər.

Bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabineti "Hərbi qulluqçuların fiziki hazırlıq normativləri” haqqında sərəncam imzalayıb.

Şübhəsiz, ölkəmizin müharibə şəraitində olması, işğal faktının hələ də davam etməsi Azərbaycanın güclümüasir ordusunun olmasını zəruri edir. Sevindirici haldır ki, Azərbaycanın bu gün belə bir ordusu var. Çünki dövlətin gənclər siyasəti var. Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Yeni nəslin inkişafının əsas vasitəsi - gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir.

Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.

2005-ci ildə Azərbaycan prezidentinin imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələr uğurla həyata keçirildi. Bunun nəticəsində gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması, gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şərait yaradılmağa başlandı. Eyni zamanda gənclərin sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi məqsədi ilə tədbirlər həyata keçirildi. Sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərildi. Gənclərin sağlamlığının qorunması sahəsində tədbirlər həyata keçirildi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişafı böyük uğurlar gətirdi.

Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şərait yaradıldı.

Artıq inkişaf etmiş ölkəmizdə gənc nəslin milli mənlik şüuru tələb edir ki, özünü azərbaycanlı adlandıran şəxs Azərbaycan xalqının sevincinə sevinsin, kədərinə şərik olsun, xalqı ilə qaynayıb qarışsın. "Mən azərbaycanlıyam" demək azdır. Azərbaycana məxsus olduğunu işdə, davranışda isbat etmək lazım gəlir. İdeya-siyasi tərbiyənin əlamətlərindən, vəzifələrindən biri məhz milli mənlik şüurunun gənc nəsildə formalaşmasına xidmət etməkdən ibarətdir. Azərbaycanda sosialiqtisadi, siyasi və mənəvi inkişafa əsaslı kömək edən ideyalardan biri milli mədəniyyətimizi sevməkdir. İdeya-siyasi tərbiyə vasitəsilə gənc nəsil çoxcəhətli Azərbaycan mədəniyyəti, onun ayrı-ayrı növləri barədə konkret təsəvvür əldə edir. Bəstəkarların, müğənnilərin, rəssamların, alimlərin, şair və yazıçıların, mədəniyyətin digər sahələrində dünya şöhrəti qazanmış elm və mədəniyyət xadimlərinin həyat və yaradıcılıq yolları gənc nəsil üçün çox gözəl fəaliyyət nümunəsidir. Bu sahələrdə Azərbaycana başucalığı gətirmiş şəxslərin tükənməz yaradıcılıq xəzinələri ilə uşaqları, yeniyetmələri və gəncləri tanış etmək ideya-siyasi tərbiyənin əlamətlərindən, vəzifələrindəndir. Azərbaycanda milli mənlik şüurunun formalaşdırılması milli mədəniyyətin öyrənilməsinə, tarixi yaddaşımızın qorunub saxlanılmasına və nəhayət, Vətən təəssübkeşliyinə qətiyyən Azərbaycanda ideya-siyasi tərbiyə bəşəri dəyərlərə laqeyd deyildir.

İdeya-siyasi tərbiyənin istiqamətlərindən biri məhz bəşəri dəyərlərlə əlaqədardır. Bəşəri dəyərlərə, məsələn, demokratiyaya, sülhə, azadlığa, türkçülüyə, islamın mütərəqqi adət və ənənələrinə qovuşmaq indi bizim əsas götürdüyümüz ideyalardandır. Hazırda respublikamızda demokratik hüquqi dövlət quruculuğu davam edir, insan hüquqları qorunur, söz azadlığı, mətbuat azadlığı təmin olunur. Dini əqidəyə görə heç kəs təqib olunmur, məscidlər sərbəst fəaliyyət göstərir; Türk dünyası ilə əlaqələrimiz genişlənir, gediş-gəliş artır, qarşılıqlı yardım güclənir. Vicdan azadlığı ilə əlaqədar Konstitusiyada yazılır: Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dünyada hər şeyin (bitkilərin, həşəratların, heyvanların, quşların, insanlar arasında münasibətlərin) ilahi qüvvə tərəfindən yaradıldığı və tənzimləndiyi haqqında fikirlərin dini müəssisələrində adamlara məqsədyönlü, planlı və mütəşəkkil surətdə aşılanması dini tərbiyədir. Uşaq bağçasından başlayaraq təhsilin bütün vəsilələrindən təbiət və cəmiyyətə dair həyat və fəaliyyət üçün faydalı olan real biliklərin, bacarıq və vərdişlərin, habelə, mənəvi keyfiyyətlərin gənc nəslə məqsədyönlü, planlı və mütəşəkkil aşılanması dövlət təhsil sisteminin dünyəviliyidir.

Üç nöqtə - 2016.- 14 yanvar.- S. 9