Multikulturalizm dövlət
siyasətinin mühüm istiqamətinə çevrilib
Azərbaycan dünyanın əsas
tolerantlıq və multikulturalizm mərkəzlərindən
biridir
"Azərbaycanda multikulturalizmin dövlət
siyasətinin mühüm istiqamətinə çevrilməsi
sadəcə müəyyən dövrü əhatə edən
bir kampaniya deyil. Bu, dövlətimizin milli-mənəvi,
ümumbəşəri, humanist dəyərlərə
söykənən davamlı və ardıcıl siyasətidir".
Bunu Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri akademik Kamal Abdullayev deyib. Onun
sözlərinə görə, Azərbaycanda dövlət-din
münasibətləri yüksək səviyyədə,
harmonik şəkildə öz inkişafını sürməkdədir.
"Dövlət-din münasibətləri ancaq İslam
dininin daşıyıcılarının dövlətlə
münasibətlərini deyil, eyni zamanda, Azərbaycanda
yaşayan digər konfessiyaların nümayəndələrinə
də dövlətin münasibətini ehtiva edir. Həm həmin
konfessiyaların dövlətlə münasibəti, həm də
onların bir-birinə münasibətinə nəzər
yetirdikdə biz bütün dünya üçün örnək
ola biləcək bir mənzərənin şahidi oluruq. Bu,
keçən il “Multikulturalizm İli”ndə də təsdiqini
tapdı, bu il “İslam Həmrəyliyi İli”ndə də
öz təsdiqini tapmaqdadır və bu siyasi platforma elə dərin
özüllərə malikdir ki, gələcəkdə də
öz təsdiqini tapacaq".
Kamal Abdullayev bildirib ki, multikulturalizm müxtəliflik
və müxtəlifliklərin münasibəti deməkdir. "Mənim fikrimcə, müxtəliflik iki cür
olur: ilkin müxtəliflik və sonrakı müxtəliflik.
İlkin müxtəliflik əsrlərdən bəri müxtəlif
xalqların, müxtəlif mədəniyyətlərin,
müxtəlif əxlaqların bir-birinin yanında olub bir-birinə
yardım etməsinin üzərindən yüksəlir.
Bu, Azərbaycan mühiti üçün son dərəcə
anlayışlı bir situasiyadır. Biz bilirik ki, əsrlərdən
bəri bu torpaqlarda müxtəlif mədəniyyət
daşıyıcıları bir yerdə yaşayıblar. Buna
görə də bu müxtəliflik onları bir-birindən
ayırmağa gətirib çıxarmayıb. Münaqişələr
olubsa da, bu münaqişələr həll də edilib. Bəlkə
də daha kəskin qarşıdurmalar olub. Lakin hər şey
bir vahidin, bir bütövün içərisində həll
olunub. Anlaşılmazlıqlar tarixə qovuşub. Artıq bu
gün biz həmin müxtəlifliklərin bir vahid, yekrəng
məxrəcə gəldiyinin şahidiyik".
Dövlət müşaviri bildirib ki, Azərbaycanda
2 mindən çox məscid fəaliyyət göstərir. Amma
o da var ki, bir çoxu qeydiyyatdan keçməyib, bəzilərində
dini icmalar təsdiq olunmayıb. "Bütün bunlar
prosesdir, bir gün ərzində baş vermir. Müstəqilliymiz
bərpa olunan gündən bu günə qədər proses
gedir. Dövlətin müəyyən olunmuş strategiyası
artıq özünü göstərir. Belə ki, məscidlərin
tikilməsi, hər kəndin, hətta böyük şəhərlərdə
hər məhəllənin öz məscidinin olması
dövlət strategiyasıdır. Biz bu mənzərəni
aydın şəkildə görürük. Dövlətin
dinə münaibətinin bu şəkildə davam etməsinə
mane olmaq lazım deyil".
Kamal Abdullayev qeyd edib ki, bu gün də müxtəlif
regionlarda məscidlərin tikilməsi ilə bağlı
müraciətlər olur.
"Bu müraciətlərin subyektiv və obyektiv tərəfləri
var. Onların bəziləri yerinə yetirilə bilər, bəziləri
üçün müəyyən zaman lazımdır. Bizim bu
gün həqiqi dini kadrlara böyük ehtiyac var. Xaricdə
oxuyub gələnlərlə yanaşı, Azərbaycan bu
istiqamətdə öz potensialını da geniş şəkildə
realizə etmək niyyətindədir. Azərbaycan Prezidenti bu
istiqamətə xüsusi dəyər və önəm verir.
Bilirsiniz ki, son zamanlar Azərbaycanda yeni mədrəsələrin
açılması ilə bağlı qərarlar var və
bunlar həyata keçirilir. Bütün bunlar dövlətin
dinə münasibətidir".
Dövlət müşaviri "Hacı
Cavad" məscidi ilə bağlı danışıb. Onun sözlərinə görə, xarici ölkələrdə,
hətta ən qatı müsəlman ölkələrində
dəfələrlə şahid olmuşuq ki, dünən də,
bu gün də nə qədər məscidlər, ziyarətgahlar,
müqəddəs məkanlar sökülüb, yerləri dəyişdirilib,
üstündən yollar çəkilib. "Heç zaman camaat onu
belə gərgin bir ictimai etirazla qarşılamayıb. İki-üç
nəfərin bu şəkildə insanları
qızışdırmaq, onları həyəcana gətirmək
istəyi əlbəttə ki, bütövlükdə
hamımızın vətəni olan Azərbaycana qarşı
yönəlmiş bir zərbədir. Bu
cür çıxışlar ki, həmin o balaca bir tikili ətrafında
aparılır, onlar ancaq və ancaq dövlətin dinə
münasibətində təhriketmə niyyəti
daşıyır ki, bu münasibət kəskin olsun. Amma dövlət heç zaman bu təxribatlara getməyəcək.
Çünki onun öz strategiyası var, o,
öz strategiyasına sadiqdir və dövlət öz
xalqına inanır".
Burada kənar amillərin təsiri özünü
açıq göstərir. Məlumdur ki, bəzi
xarici dairələr ölkədə dini durumu gərginləşdirməkdə
maraqlıdırlar. Bu ilin Azərbaycanda “İslam Həmrəyliyi
İli” elan olunması, İslam Həmrəyliyi
Oyunlarının ölkəmizdə keçirilməsi,
görünür, bəzi daxili və xarici dairələri
narahat edir. Çünki bütün bunlar
öz mahiyyətində həm islamdaxili harmoniya, həm də
İslamla digər konfessiyalar arasında harmoniyanı nəzərdə
tutur. Bu, eyni zamanda, radikal qüvvələrin
əzələ nümayiş etdirməsi, mənəm-mənəmlik
cəhdi təsiri bağışlayır. Azərbaycan dövləti daim bu kimi cəhdlərin
qarşısını cəsarətlə və qətiyyətlə
alıb və bundan sonra da alacaq.
"Hacı Cavad" məscidinin vəziyyətinin
araşdırılması ilə bağlı yaradılan
Komissiya öz işini davam etdirir, ədalətli qərar
hazırlamaq üçün araşdırmalar aparır". Bunu isə Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrii
Mübariz Qurbanlı deyib. O bildirib ki, məscidə
baxış olub, ərazidə yaşayan mömin insanların
nümayəndələri ilə görüş
keçirilib: "Hazırda təkliflər hazırlanır. Həmin təkliflər əsasında da qərar
veriləcək. Komissiyanın tərkibində Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi
(DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ),
Fövqəladə Hallar Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti,
eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri
fəaliyyət göstərir. Məsələ
ətraflı təhlil olunacaq, müxtəlif istiqamətlər
üzrə araşdırmalar aparılacaq və hazırlanan rəy
əsasında məscidlə əlaqədar təklif veriləcək.
Məscidlə əlaqədər məsələ
həllini tapacaq və həmin ərazidə yaşayan insanlar
da Prezidentimizin dinimizə, milli-mənəvi dəyərlərə
vedriyi dəstəyi bir daha görəcəklər".
M.Qurbanlı deyib ki, əgər söküləcək məscidin
yerində eyni adlı yeni məscid tikilirsə, bu, məscidin
fəaliyyətini davam etdirməsi deməkdir. Onun sözlərinə
görə, yeni məscid tikilərsə, "Hacı
Cavad" adı altında yeni formada fəaliyyət göstərəcək:
"Yenə də qeyd edim ki, veriləcək rəylərdən
sonra məscidin harada olacağı ilə bağlı qərar
qəbul olunacaq. Mühəndis təhlilləri
məscidin təmir olununmasının mümkün
olub-olmadığını göstərəcək. Bundan sonra məscid yeni formada fəaliyyətini davam
etdirəcək".
Komitə sədrinin sözlərinə görə,
məscidə baxışdan belə görünür ki, bina
o qədər də davamlı deyil. O, 1912-ci ildə tikilən
binanın sovet dövründə məscid kimi istifadə
olunmadığını da əlavə edib.
Quruculuq-abadlıq işləri ilə əlaqədar məscidin
ətarfındakı binaların söküldüyünü
deyən komitə sədri, ərazidə infrastruktur
yaradılacağını, yol çəkiləcəyini və
park salınacağını qeyd edib: "Məscidlə
bağlı qərar orada ibadət edən insanlarla aparılan
danışıqlardan sonra veriləcək. Verilən qərarda
onların maraqları əks olunacaq. Ədalətli bir qərar
olacaq. Prezidentimizin milli-mənəvi dəyərlərimizə,
dinimizə göstərdiyi böyük himayəni biz bu məsələdə
bir daha görürük".
Bakı şəhərində 136 məscidin fəliyyət
göstərdiyini deyən M.Qurbanlı, məscidlərlə bağlı
vəziyyətin daim araşdırıldığını da
bildirib: "Məscidlərin içərisində əvvəllki
əsrlərdə tikilərək indiyə qədər istifadə
olunanlar var. Restavrasiyaya, təmirə ehtiyac
duyulan məscidlərlə bağlı daim işlər
görülüb. İndiyə kimi onlarla məscid Heydər Əliyev Fondunun birbaşa
himayəsi altında təmir, restavrasiya olunub. Çoxlu ziyarət
yerləri təmir olunaraq ziyarətçilərin istifadəsinə
verilib. Mərdəkan qəsəbəsində olan tarixi
Mir Möhsün Ağa ziyarətgahı Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü
ilə təmir olunub. Bu işlər davam edir".
Göründüyü kimi dövlət ölkə
vətəndaşlarının dini etiqad
azadlığının təmin olunması üçün
bütün lazımi addımları atır. Azərbaycanın
bu istiqamətdə gördüyü işlər, həyata
keçirdiyi tədbirlər dünya dövlətləri tərəfindən
bəyənilir və təqdir edilir. Bu gün Azərbaycan
dünyanın əsas tolerantlıq və multikulturalizm mərkəzlərindən
birinə çevrilib. Bu gün dünyanın bir çox
ölkələrində multikulturalizm iflasa
uğradığı halda, ölkəmizdə bu sahədə
ciddi inkişaf gedir. Bunu bir çox xarici ölkələrin
dini liderləri və din xadimləri də öz
çıxışlarında dəfələrlə təsdiq
ediblər.
Üç
nöqtə.- 2017.- 27 aprel.- S.5