Heç “təəssüf” belə demədi

 

Müharibə övladı

 

Balacaboy, tösmərək bir oğlan qoltuğuna vurduğu tar boyda idi az qala, Bakının dar dalanları ilə bu tarı güclə daşıyıb hər gün dərsdən sonra “Pionerlər evi”nə gedərdi. O vaxt üçüncü sinifdə oxuyurdu, tarı çox sevirdi, amma dram dərnəyinə gedən Hacıağa adlı dostu teatrın əlçatmaz gözəlliklərindən o qədər danışdı ki, bir gün ona qoşulub dram dərnəyinə yollandı. İlk məşqlər, ilk tamaşalar və ilk rol... Beləcə gələcəyin, məşhur, sevimli aktyorunun həyat yolu və taleyi müəyyən olundu.

1935-ci il sentyabrın 5-də Bakıda sürücü Məmmədağa kişi və onun həyat yoldaşı, evdar qadın Anaxanımın kasıbvari komasında bir oğlan uşağı dünyaya gəldi. Adını Səyavuş qoydular ki, bəxti yüyrək olsun. Səyavuş fars dilindən tərcümədə atlı mənasını verir. Hamının uşağı kimi küçədə oynayır, deyir-gülür, axşam evə yığışırdı. Məktəbə gedəndən sonra o vaxtın əksər ailələri kimi uşağı ya musiqiyə, ya idmana, ya da hansısa dərnəyə yazdırmalı idilər. Bu uşaq tarı seçdi, üç il sonra isə könüllü dram dərnəyinə keçdi.

Səyavuşun taleyi yüyrək oldu deyəsən, həyatda hər şey sürətlə, hələ yaşı çatmamış gəlib-keçdi, iz buraxdı.

Böyük Vətən Müharibəsinin şətəsi bu ailədən də yan keçmədi, taleyinə müharibə dövründə yaşamaq yazılmış hər bir insan bu və ya digər dərəcədə dövrünün qurbanı olur. Bu uşaq da hələ orta məktəbin ilk illərində müharibənin dəhşətlərini yaşadı. Hər şeydən qurtulmaq üçün işləmək, çalışmaq lazım idi, artıq oxumağa vaxt qalmırdı.

7-ci sinfi bitirib Dəmiryol Texnikumuna üz tutur ki, tezliklə bir sənətin sahibi olsun, əli çörəkpuluna çatsın. Oxuya-oxuya isə həyatın bütün çətinliklərinin, ağrı-acısının yükünü çiyinlərindən getdiyi “Dram dərnəyi”ndə müəllimi Ağadadaş Qurbanovdan öyrəndikləri sayəsində boşaldırdı. Onunla birgə həmin dərnəyə dostu Həsən də gedirdi. Sonralar bu dostlar Azərbaycan kino və teatr mədəniyyətinin iki möhtəşəm sütunu olacaqdılar – Səyavuş Aslan və Həsən Turabov.

Ağadadaş Qurbanov Səyavuşu peşəkar teatr səhnəsinə gətirmək üçün çox sınaqlara çəkirdi, ən çətin, fərqli obrazlar verirdi. Aktyor hamısının öhdəsindən gəlirdi.

Səyavuş Aslan peşəkar teatr səhnəsinə ilk dəfə 1954-cü ildə Musiqili Komediya Teatrı səhnəsində xorun solisti kimi çıxır. Xorda işləyən Səyavuş Lütfəli Abdullayevin oynadığı bütün rolları o qədər sevir ki, onları özündən asılı olmayaraq əzbər bilirdi.

Bir gün “Arşın mal alan” tamaşasının premyerası zamanı Lütfəli Abdullayev xəstələnir. Səyavuş teatrın rəhbəri Ələsgər Şərifovdan xahiş edir ki, Vəli rolunu əzbər bildiyi üçün ona Lütfəlini əvəz etməyə icazə versin. Başqa yol yox idi.

Səyavuş Aslan Vəli obrazında yeni heç nə deyə bilməsə də rolun öhdəsindən gəlir. Təpədən-dırnağa Lütfəlini yamsılamağı onu vəziyyətdən çıxardırdı.

Həmin illərdə onlar arasında ata-bala münasibəti yaranmışdı. Lütfəli bu inadkar, oynamaq istəyi ilə yanıb-qovrulan gənci çox sevirdi, hətta hərdən özünü xəstəliyə vururdu ki, Səyavuşun səhnəyə çıxıb özünü göstərmək imkanı yaransın.

 

Məşədi İbad “qubbaxda”

 

Əsgərlikdə də Səyavuş sevimli peşəsi ilə məşğul olurmuş. Şəhər Mədəniyyət Evinin tamaşalarında oynayırmış. Bir dəfə isə çox maraqlı hadisə baş verir. Onu rol aldığı tamaşanın premyerasına getməyə qoymurlar. Səyavuş hissədən qaçır. Əynindəki əsgər mundirini çıxardıb stulun başına keçirir. Tamaşaya gələn patrul təsadüfən açıq pəncərədən əsgər paltarını görür. Maraqlanır və həqiqət çıxır ortaya.

Səyavuş Aslan İlham Rəhimlinin onun haqqında yazdığı kitabda bu barədə danışıb. Deyir, zalıma nə qədər dil tökdümsə, tamaşanın ikinci hissəsini oynamağıma imkan vermədi: “Məni tutub apardı ki, hərbi hissədən icazə kağızım olmadan çıxmışam. Özü səhnəyə çıxıb Məşədi İbadın ikinci hissəsini oynaya bilməyəcəyini söylədi, dedi, Məşədi İbadı tutub aparırıq, üç sutkalıq”.

Əsgərlikdən sonra Səyavuş Aslan gah Kukla Teatrında, gah Quba dövlət Dram teatrında çalışır, amma hiss edirdi ki, yerində deyil. Nəhayət, bir gün onu Musiqili Komediya Teatrına dəvət edirlər. Şəmsi Bədəlbəylinin teatra rəhbərlik etdiyi vaxtlar idi. Amma onu aktyor heyətinə götürmürlər, bunun üçün o vaxt uğurlu bir rolla sınaqdan keçməli idin.

Şəmsi Bədəlbəyli “Yoy” tamaşasına quruluş verəndə Qoşun rolunda Lütfəli Abdullayevə Səyavuşu dublyor verir, amma onu da deyir ki, premyera sənin sınağın olacaq. Premyera günü Şəmsi Bədəlbəyli mötəbər qonaqları nəzərə alıb sözünü geri götürür, “qoyun, Lütfəli özü oynasın” deyir. Səyavuş çox pərt halda, amma ötkəm səslə: “Ya premyeranı oynayıram, ya gedirəm” – deyir. Şəmsi Bədəlbəyli deyəsən gələcəyin potensial aktyorunu itirə biləcəyini anlayıb razılıq verir. Səyavuş sınaqdan uğurla çıxır və sabahısı teatrın aktyor heyətinə qəbul olunur.

Onun sənət taleyində Mirzəağa Əliyevin, Cahangir Zeynalovun böyük rolu var, hər ikisi heç bir məktəb keçməyən Səyavuş Aslan üçün əsl sənət məktəbi olublar. Daha bir uğuru Lütfəli Abdullayevlə olan münasibətləri idi. Özünün də bir vaxtlar etiraf etdiyi kimi doğma atasını itirəndə hələ həyatı dərk etmədiyindən almadığı zərbəni Lütfəli Abdullayev dünyadan köçərkən, onu itirərkən alıb.

Səyavuş Aslan adı artıq afişalarda parlayır, tamaşaçılar onun adına tamaşalara gəlir. Yavaş-yavaş kino dəvətləri başlayır. Teatrda bir-birinin ardınca təkrarçı, eyni səpgili, komik rollar oynayan aktyor kinoda bəzən faciəli obrazların öhdəsindən belə məharətlə gəlməyi bacarırdı.

Onun kinodakı, teatrdakı rollarını sadalamayacam. Səyavuş Aslan dövrümüzün sənətkarı olub və rollarını hamımız bilirik. Amma onun bir insan kimi, bir sənət adamı kimi zəmanəmizdəki rolu hamı üçün aydın deyil.

Səyavuş Aslan səhnədə eyni və daha çox komik rollar yaradıb. Bu onun potensialından irəli gəlmirdi, əksinə, onun zəngin potensialını ortaya çıxarda biləcək dərin dramaturji material yox idi. Gəncliyində də, orta yaşda da, ömrünün sonuna qədər ürəyindən xəbər verən, içini göstərə bildiyi bir rol yazılmadı onun üçün. Son illər Milli Dram Teatrının səhnəsində gürcü müəllifin “Kaş, araba aşmayaydı” tamaşası məxsusi onun üçün tamaşaya qoyulsa da yenə Səyavuş Aslan sənətkarlığı üçün az idi. Bax, bu sənətkarın faciəsidir.

Səyavuş Aslan təbiətcə kəskin təzadlı xarakterə malik insandır. O, həm həyatından çox sevdiyi qadını – Ofeliya Aslan üçün göz yaşları tökürdü, həm də onu dəlixanaya saldırmağa qadir idi. Həm müxtəlif, şirkət rəhbərlərindən, brend firma mağazalarından bir kostyum istəyəcək qədər enə bilirdi, həm də ölkə prezidenti ilə üzbəüz gələndə özü üçün deyil, gənc aktyorlar üçün təqaüd xahiş edəcək qədər yüksəklikdə görünürdü.

 

Qibtə edilən sevginin

iflası və sənətdə tənəzzül

 

25 il Musiqili Komediya Teatrında çalışırdı. Bədii rəhbər vəzifəsinə qədər ucaldı.

Həmin illər ərzində bu teatrda nəhəng sənət simalarından ibarət gözəl kollektiv formalaşmışdı. Onların arasında gənc, gözəl Ofeliya da vardı. Sevgi özünü gözlətmədən gəldi. Bir-birinə həm xarakter, həm zahiri görkəmcə çox bənzəyən bu iki gənci bir yerdə görməyə alışmış gözlər, bir gün onların toy sevincini də yaşadı, övladlarının doğuluşu münasibəti ilə təbriklər də söyləmək düşdü qismətlərinə.

Teatrın kollektivi elə bil ailə idi, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslan üçlüyü isə Bəşir Səfəroğlu, Lütfəli Abdullayevdən sonra səhnəni çiyinlərində şərəflə daşıyırdılar. Bəli, səhnə böyük sənətkarların çiyinlərində daşınır və ötürülür.

Şan-şöhrət, sənət yanğısı, uğur, ailə xoşbəxtliyi – hamısı eyni vaxtda gəldiyi kimi bir gün ya bir-bir, ya da elə gəldiyi kimi eyni vaxtda əldən çıxa bilərmiş.

İllər bir-birini əvəz etdikcə nədənsə sabahın yox, keçən günün təəssüf və həsrətilə yaşayırsan.

Yaxşı yaradıcı, mehriban kollektiv dağılmağa başlamışdı. Teatra, sənətə, sənətkara münasibət də dünənki kimi deyil nəysə, axı 90-cı illər astanadadır. Elə bil lənətlənib bu illər, hər il o birindən ağır gəlir. Mədəniyyətimizin tənəzzül illəri idi.

 

O, qadınların deyil, qadınlar

onun arxasınca gələrdi

 

Üstəlik də ailədəki problemlər. Səyavuş Aslan qadın düşkünü deyildi. O, heç bir qadının arxasınca düşməzdi, sevdiyi xanımı onun üçün bütün başqa qadınlardan üstün idi. Amma onun şöhrətinə aludə olan qadınlar vardı ki, Səyavuş Aslana rahatlıq vermirdilər. Bəlkə də haqqında yayılan söz-söhbətlər, şayiələr bu qadınların uydurması, xəyalı idi. Ofeliya Aslan isə qadındır – zəif məxluqdur, bu şayiələrdən artıq təngə gəlib, psixoloji problemlər baş qaldırıb onda. Səyavuş Aslan ailəsini sevir, ürəyi onlarladır, amma qayğı göstərmək, bu sevgini onlara yaşatmaq xislətinə xas deyil.

Söz-söhbət belə kişilərin ailəsindən əskik olmur. Qadının dığdığından qurtulmaq üçün isə ya boşanmaq lazımdır, ya da...

Səyavuş Aslan hər ikisinə əl atır, illərlə həm səhnəni, həm də yastığını bölüşdüyü sevimli Ofeliyadan ayrılır, üstəlik onu psixoloji dispanserə təhvil verir.

Teatr sənətimizin tarixinə qızıl hərflərlə yazılmış məşhur “Hicran”ın qəhrəmanları arasında da hər şey qaydasında deyil. Nəsibə Zeynalova, Səyavuş Aslanın xanımına göstərdiyi, onun qənaətincə anlayışsızlığa görə qınadı, küsdü ondan.

Hətta “Hicran” tamaşası lentə yazılıb tarixə köçürülən zaman o üç aktyorun üçü də bir-biri ilə danışmırmış. Düzdür, o vaxt hələ Səyavuşla Ofeliya ayrılmamışdılar, qadının psixoloji durumu da pozulmamışdı, amma artıq narazılıqlar axarından çıxırdı.

 

Hacıbaba Bağırovun Səyavuş

Aslanın yerinə keçməsi

 

İllərin dostları Hacıbaba Bağırovla Səyavuş Aslan arasındakı soyuqluğa isə səbəb tamam başqa amillərdir. Burda birincinin ikincinin yerinə göz dikib, dostluğu tapdayıb xəbərdarlıqsız onun vəzifəsinə sahib çıxması amili ilə yanaşı, qadın məsələsi də istisna olunmurdu. Düzdür, bədii rəhbər təyinatla olurdu, amma iki dostdan biri o birinin yerinə gəlməyə razılıq verirsə bu ikinci dostu incitməyə bilməzdi.

Səyavuş Aslan Musiqili Komediya Teatrının bədii rəhbərliyindən çıxarılanda həm də övlad nisgili vardı, övladlar ata-ana arasında olan soyuq münasibətdən, valideynlərin onlara qayğısızlığından “bəhrələnmişdilər”.

Şöhrət bəzən insanın gözünü elə tutur ki, bu şirin “pərdə”dən başqa heç nəyi görə bilmirsən. Görə bilmirsən ki, sənin həyatında başqa dəyərlər var. Onları gözdən qoysan sadəcə itirə bilərsən, övlad kimi, həyat yoldaşı kimi, ailə kimi dəyərləri. Onlar qayğısızlıqdan, sevgisizlikdən yanlış istiqamətlərə düşə bilərlər.

Səyavuş Aslan Ofeliyası ilə bir evdə iki yad adamlar kimi yaşayırdılar. Gecələdiyi doğma teatr da, vəzifə də beləcə əldən getdi. İndi onu nə gözləyir? Üstəlik insanların etibarsızlığı. Ən yaxın dost onun kreslosunda və bir vaxtlar ciblərinə pul qoyduğu, problemlərini həll etdiyi həmkarları həmin dostun ətrafında.

 

Bundan ağır stress ola bilərdimi?

 

Bir vaxtlar üzündən gülüş əksik olmayan insan beləcə aqressiya ilə yüklənir. Milli Dram Teatrına onu uşaqlıq dostu, həmin vaxtlar teatrın rəhbəri olan Həsənağa Turabov gətirir. Bu teatrın səhnəsində də maraqlı obrazlar imza atırdı Səyavuş Aslan, amma insan hamıya qarşı aqressiya ilə yüklənmişdi. Teatrda onu sevən çox az adam olardı, çünki heç kimə xoş münasibət göstərmirdi, onda xoş əhval qalmamışdı. Yalnız çox az – bir neçə adam bunları bilirdi və Səyavuş Aslanın əslində çox kövrək qəlb sahibi olduğunu dəyərləndirib ona münasibətini dəyişmirdi.

Əgər həmin vaxtlar bu böyük sənətkarın içinə aqressiya, insanlara inamsızlıq, qəzəb hakim kəsilmişdisə, illər ötdükcə qəlb öz sözünü deyirdi, kövrəkləşir, həzinləşir, günahları üçün özü öz qarşısında hesabat verirdi. Hesabat zamanı isə heç kim, hətta insanın öz məni belə onu bu günahları eləməsinə gətirib çıxaran səbəbləri araşdırmır, haqq qazandırmır, sadəcə mühakimə edir.

Belə çıxır ki, nə həyatda bir işin sahibi olmadın – ata, ər, oğul kimi. Nə də səhnədə olmaq istədiyin kimi ola bilmədin. Niyə yaşadın, nə dedin, kim oldun? – bu sualları hər gün özünə verir, göz yaşlarını qəlbinin çatlarına axıdırdı. Bəzənsə o göz yaşları elə efirdəcə özünü büruzə verirdi. Xüsusən də ailəsinə - həyat yoldaşına münasibətinə görə özünü günahkar bilirdi, qınayırdı. Ofeliya üçün hər şey edirdi, bəlkə günahını yuyar deyə bazarlığına qədər daşıyıb yaşadıqları eyni mənzildəki otağına gətirərdi, amma qadın qəlbi bağışlamırdı ki, bağışlamırdı.

Ömrünün axırına qədər də belə oldu, o, bunu, bu da özünü bağışlamadı.

Beləcə xanımından sonra yaşadığını da saya almayan, ömründən hesab etməyən bir kişi, sənətkar sakitcə, səssiz-səmirsiz, təəssüfsüz, göz yaşsız köçdü həyatdan. Soyuq, boş divarlar arasından əbədi soyuq torpağa köç etdi.

Yayın əvvəlində, iyunun 27-də həyatdan bir müharibə uşağı, talesiz ata, ər, etibarsızlıqdan sarsılan dost, potensialını tam göstərə bilməyən, dəyərini özü ilə aparan sənətkar getdi. Kiminsə qəlbində sadəcə həzin, xoş xatirəsi qaldı, sadəcə qoyub getdiyi obrazlarla... Kimsə ondan bir də olmayacaq dedi. Əksəriyyət isə... Heç “təəssüf” belə demədi.       

          

Ramilə QURBANLI

 

Üç nöqtə.- 2017.- 18 avqust.- S.6.