Dinlərarası dialoq və əməkdaşlıq
vacib və labüddür
Bunun reallaşması
üçün münbit şərait formalaşmalı və
müəyyən şərtlər yerinə yetirilməlidir
"Bu gün qloballaşma prosesi sürətlə
gedir, ancaq müharibələrin nə sayı, nə də
qurbanları azalır. Etnik, dini zəmində baş verən
münaqişələr davam edir. İnsanlar rənginə,
dininə və etnik mənsubiyyətinə görə hələ
də təqib və təzyiqlərə məruz qalır. Dəhşətlisi
odur ki, bu, bütün qitələrdə baş verir; sadəcə,
bəzilərində az, bəzilərində çox".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədr müavini Gündüz İsmayılov deyib. Onun
sözlərinə görə, qloballaşma prosesi özü
ilə bərabər qlobal problemlər də gətirir.
"Üstəlik, bu proses sürətləndikcə etnik və
dini zəmində münaqişələr alovlanır.
Qloballaşma etnik və dini fərqliliyin ayrı-seçkiliyə
çevrilməsinə, sanki, təkan verir. Xalqlar,
xüsusilə etnik qruplar mədəni və mənəvi dəyərlərini
itirir və ya onları qlobal dəyərlərlə əvəzləyir.
Əsrlərin, minilliklərin sınağından çıxmış
adət-ənənələr sürətlə əriyir,
qloballaşma mətbəxdən tututmuş dövlət idarəetməsinə
qədər bütün sahələrə təsir
göstərir".
Komitə sədrinin müavini
qeyd edib ki, təəssüf ki, qloballaşma sürətləndikcə
dünyada tolerantlıq prinsipləri güclənmək əvəzinə
zəifləyir. İndi dininə və məzhəbinə
görə insanlar arasında ayrı-seçkilik edilir,
qanlı münaqişə və toqquşmalar baş verir,
minlərlə insan qurbana çevrilir. Gündüz
İsmayılov bildirir ki, bu cür cinayətlərin baş
verməsinin yeganə səbəbi tolerantlığın zəif
olması deyil. Əsas səbəblər arasında cinayətkarların
cəzasız qalması, ikili standart və siyasət amili də
var. "Əgər Xocalı qətliamına görə cinayətkarlar
beynəlxalq məhkəmədə cavab versəydilər
və işğalçı Ermənistana layiq olduğu
münasibət göstərilsəydi, sonrakı faciələr
baş verməzdi. Bu gün beynəlxalq aləmdə cəzasızlıq
mühitinin və ikili standartların hökm sürməsi gələcəkdə
belə faciələrin olması ehtimalını hələ
də saxlayır. Dünyada kütləvi qətliamlar və
ayrı-seçkilik halları olduğu təqdirdə isə
bəşəriyyətdə tolerantlığı bərqərar
etmək qeyri-mümkündür".
Göründüyü kimi
dünyada tolerantlıq prinsipləri bərqərar olunmayana qədər
dinlərarası dialoqdan danışmaq və bu istiqamətdə
səy göstərmək əbəs yerə enerji sərf etməyə,
obrazlı ifadə etsək, içərisində heç kim
olmayan evin qıfıllı qapısını döyməyə
bənzəyir. Çünki dialoqun baş
tutması üçün tərəflərin bir-birini qəbul
etməsi, bir masa ətrafında əyləşməyə
razılıq verməsi lazımdır. Əgər tərəflər
tolerant deyillərsə, deməli, bir-birilərini qəbul etməyəcəklər
və nəticədə dialoq baş tutmayacaq. Unutmayaq ki, çağdaş dünya bəşəri
dəyər kimi tolerantlıq prinsiplərini hamının qəbul
etməsi və bütün cəmiyyətlərdə bərqərar
olunması istiqamətdə XXI əsrə qədər xeyli
yol qət edə bilib. Ən azı ona görə ki, bu
gün dünyada heç bir dövlət beynəlxalq
müstəvidə qəbul olunmuş tolerantlıq prinsiplərindən
rəsmi şəkildə imtina etmir. Amma təbii ki, arxa planda
bu prinsiplərə əməl etməyən dövlətlər
və cəmiyyətlər kifayət qədərdir. Məsələn, Ermənistan insan hüquqları və
onun tərkib hissəsi kimi tolerantlıqla bağlı
konvensiyalara qoşulmasına baxmayaraq, etnik təmizləmə
və işğalçılıq siyasətindən hələ
də əl çəkməyib. Əksinə, dünyanın
gözü qarşısında və beynəlxalq təşkilatların
mövqeyinə zidd olaraq Ermənistan monoetnik dövlətə
çevrilib.
Deməli, bu gün dünyanın
tolertantlığa əsaslanan dialoqa böyük ehtiyacı
var. Çünki tarix göstərmişdir ki, dini ideologiya
sahəsində mübahisələr və qanlı
iğtişaşlara yol açan intriqalar problemin həlli yolu
deyildir. Bu gün masa arxasında oturmaq zamanıdır. Əgər
həqiqətən də bütün dinlər sülhə, əmin-amanlığa,
bəşəri münasibətlərdə yüksək əxlaqa
çağırırsa, bu artıq onların ortaq nöqtələridir.
Müxtəlif təmayüllü konfessiyaların mehriban
şəkildə yaşadığı Azərbaycanda bu
münasibətlərin qorunub saxlanılması hər bir kəsin
vəzifəsidir.
Xatırladaq ki, dini sahədə
dialoq, müxtəlif dinlərə mənsub olan insanların
inanclarını, düşüncələrini bir-birilərinə
zorla qəbul etdirmək yolunu seçmədən bərabərlik,
səmimiyyət, dürüstlük, sevgi, hörmət və
xoş niyyətlə ortaq olan, yaxud olmayan bir məsələdə barış, hürriyyət,
aşkarlıq atmosferində digərini öyrənmək,
bilmək, tanımaq, qulaq asmaq və başa düşmək
məqsədilə qarşılıqlı söhbət edə
bilmələrini, birlikdə iş görmələrini, birgə
yaşamalarını və hətta uzlaşmalarını təmin
edən bir ünsiyyət formasıdır. Aqil Hacıyev
bu barədə yazır: " Dialoq qurmağa
çalışan dinlər arasında nə qədər
çox fərqlilik olsa da, mühüm olan din mənsublarının
bir-birilərini olduğu kimi qəbul etmələridir. Dinlərarası
dialoq dinləri birləşdirmək və ya bir yerdə əridib
"yeni bir din" istehsal etmək təşəbbüsü
deyil. Dinlərarası dialoq bütün fərqlilikləri
qoruyaraq heç bir məhdudiyyətdən istifadə etmədən
səmimiyyət və anlayış daxilində ortaq məsələləri
müzakirə etmək, danışmaq və birgə həll
yolları axtarmaq cəhdidir".
Dövlət Komitəsinin sədr
müavini Gündüz
İsmayılov isə bildirib ki,
istənilən cəmiyyəti yalnız qanunlarla idarə
etmək mümkün deyil. Çünki insanları qanun vasitəsilə
nəyəsə sövq etmək çox çətindir. Bu
baxımdan tolerantlığa cəmiyyəti və dünyan
qanunun gücü olmadan qarşılıqlı hörmət
prinsipi əsasında idarə etmək imkanı və
şansı kimi də yanaşmaq olar. Bu da dini dialoqda sökənir.
Nəzərə almaq lazımdır ki, tolerantlıq dinlərarası
dioloqun əsas şərti və ilkin mərhələsidir.
Dinlərarası dialoq isə bu gün ehtiyacdan doğan zərurətdir.
"Cəmiyyətdə tolerantlıq gücləndikcə
qanunun həm işləməsi asanlaşacaq, həm də
onun sərt şəkildə tətbiqinə zərurət
qalmayacaq",- o deyib.
Danılmaz faktdır ki, dinlərarası dialoq
fəaliyyətləri üçün tolerantlıq və
dözümlülük ənənələri zəngin olan
ölkə və regionların təcrübəsi
böyük əhəmiyyət kəsb edir. Azərbaycan
bu baxımdan bir çox millətlərin və dini
konfessiyaların dinc yanaşı yaşamasının unikal
nümunəsidir. Ümummilli lider Heydər Əliyevin də
dediyi kimi, "Avropa ilə Asiyanın qovşağında,
Böyük İpək Yolunun üstündə yerləşən
Azərbaycanda zərdüştilik, atəşpərəstlik
kimi qədim dini inanclar öz izlərini qoymuş,
İslam, Xristianlıq və Yəhudi dinləri əsrlər
boyu dialoq və qarşılıqlı anlaşma mühitində
dinc, yanaşı yaşamış və hələ də
yaşamaqdadır".
Tarix göstərir ki, həm bu üç
böyük din, həm 90-cı illərin əvvəllərindən
etibarən Azərbaycanda yayılmağa başlamış
konfessiyalar arasında heç vaxt ən kiçik
anlaşılmazlıq belə olmayıb. Tarix boyu müxtəlif
qanlı müharibələrə səhnə olmuş Azərbaycanda
dinlərarası balans yenə də qorunub
saxlanılmış və dinlər arasında təfriqə
yaranmasına gətirib çıxarmamışdır.
Bu məsələdə dini dialoqla
yanaşı önəmli məqamlardan biri də insanların
din ehtiyacının necə və hansı formada ödənilməsidir.
Gündüz İsmayılovun sözlərinə görə,
bu, cəmiyyətin mənəvi və fiziki
sağlamlığı, eləcə də gələcək
inkişafı baxımından böyük əhəmiyyət
daşıyır. "Ona görə ki, insanların
inandıqları etiqadların hamısı din deyil və hər
din də səmavi-ilahi qaynaqlara söykənmir. Digər tərəfdən, dinin necə
yayılması və təbliğ olunması onun gerçək
mahiyyətindən heç də az əhəmiyyət
daşımır. Çünki mütərəqqi din belə,
elə təbliğ oluna bilər ki, insanlarda ona qarşı
ikrah hissi yaranar, yaxud yüksək səviyyədə
aparılan təbliğat nəticəsində qeyriinsani
prinsiplərə söykənmiş inancların gerçək
mahiyyəti gizlədilə bilər. Deməli, insanların,
bütövlükdə cəmiyyətin dinlərə, hətta,
konkret bir dinə ümumi münasibətinin
formalaşmasında təbliğatın çox böyük
rolu var. Bir sözlə, istənilən halda inanc insanlar, din cəmiyyət
üçün zəruri ehtiyacdır. Bəs
dinlərarası dialoq və əməkdaşlıq: bunsuz bəşəriyyətin
inkişafı mümkündürmü? Önəmli məqamlardan
biri də odur ki, zaman keçdikcə dinlərarası əməkdaşlığa
olan ehtiyac daha da artır. Çünki informasiya
texnologiyaları əsrində yalnız hansısa bir dinin və
ya xalqın mənsublarından ibarət təcrid
olunmuş cəmiyyət yaratmaq mümkün deyil. Bu səbəbdən
dini dözümlülüyün, tolerantlığın hakim
mövqe tutması ilə yanaşı, dinlərarası dialoq
və əməkdaşlıq da vacib və labüddür.
Amma bunun reallaşması üçün münbit şərait
formalaşmalı və müəyyən şərtlər
yerinə yetirilməlidir".
Üç
nöqtə.- 2017.- 7 iyun.- S.5.