Azərbaycan İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biridir
Azərbaycanlılar
arasında milli birlik,
dünyəvilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik,
mənəvi vəhdət hakimdir
"İslamın təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül ideyaları həm müsəlman ümməti, həm bütün qeyri-müsəlmanlar üçün mühüm dəyər kəsb edir. Əsrlər boyu İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi Müsəlman İntibahında mühüm rol oynamış Azərbaycanın bu gün də İslam dünyasının önündə gedən dövlətlərdən biridir". Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib. A.Paşazadə qeyd edib ki, ölkəmiz ümumbəşəri əhəmiyyət daşıyan ideyaların bütün dünya ictimaiyyətinə ünvanlandığı ənənəvi məkan statusunu qorumaqdadır. “Tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, İslami dəyərlər, multikultural ənənələr diyarı olan Azərbaycanda, şükürlər olsun ki, sabitlik mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Təbii ki, burada dövlətimizin başçısının siyasi iradəsi böyük önəm daşıyır”, - deyə A.Paşazadə əlavə edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin xalqımızın milli, dini və tarixi irsinə yüksək diqqət və qayğısı sayəsində ölkəmiz humanitar və mədəniyyətlərarası dialoq məkanına çevrilib. “İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdət, dini həmrəylik proseslərində öndə getməyə qadirdir. Müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə müstəsna qiymət verən ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməlində də milli birlik, dünyəvilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, islami həmrəylik dururdu. Məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi hökm sürür. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istərsə də İslam Həmrəyliyi illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə dəyərli töhfəsidir”, - deyə Şeyxülislam vurğulayıb.
A.Paşazadə Azərbaycanda dini dözümlülük ənənələrindən danışaraq deyib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar və yaşayırlar. «Azərbaycanda yalnız İslam deyil, bütün səmavi dinlər qorunub saxlanılıb. Bu gün Azərbaycanda onların dinləri, mədəniyyəti yaşamaqla yanaşı, milli azlıqlar ölkəmizdə tolerantlıq şəraitində yaşayırlar. Bu bizim multikulturalizm dəyərlərimizdir Heç vaxt Azərbaycanda dini zəmində münaqişələr müşahidə olunmayıb. Azərbaycan dinlər arasında münasibət və tolerantlıq baxımından bütün dünyaya nümunədir". Şeyxülislamın sözlərinə görə, Azərbaycanda müsəlmanlar arasında birlik var: “Bunun nümunəsi odur ki, sünni və şiə məzhəbinə aid olan insanlar birlikdə namaz qılırlar. Bununla dünyaya göstərmək istəyirik ki, Azərbaycanda birlik mövcuddur. Buna dövlətimiz də şərait yaradıb. Dövlət tərəfindən dinə və dindarlara böyük qayğı və dəstək var. Prezident dövlətimiz və xalqımızın mənəvi dirçəlişi üçün böyük işlər görüb”.
Şeyxülislam qeyd edib ki, dünya miqyasında dini ayrı-seçkiliyin gücləndiyi bir zamanda yaşayırıq. Bu səbəbdən dinlər və mədəniyyətlər arasında dialoqun bərqərar olması, həmrəyliyin gücləndirilməsi labüddür. QMİ sədri həm də bəzi ölkələrdən İslam dini adından sui-istifadə edərək, din pərdəsi altında iğtişaşlar törədilməsi və vəhşiliklər edilməsinə də münasibət bildirib: “Bilirsiniz ki, dünyanın ayrı-ayrı ölkələrində iğtişaşlar törədirlər. İslam dini adından sui-istifadə edirlər. Müsəlman müsəlmanın qanını tökməz. İslam dinlərarası, məzhəblərarası qarşıdurmanı qəbul etmir Biz istəyirik ki, İslam aləmində birlik olsun, bütün dünyada anlaşma və qarşılıqlı hörmət daha da artsın".
Şeyxülislam A.Paşazadə Azərbaycanda dini-mənəvi irsin elmlə dinin vəhdəti zəminində inkişaf etdiyini, ölkəmizdə İslami maarifləndirmə işlərinə böyük önəm verildiyini diqqət çatdırıb. Bildirib ki, İslam dəyərlərinin ümumbəşəri əhəmiyyətinə önəm verən dövlətimizin başçısı İlham Əliyev müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində yorulmaz səy göstərir. Azərbaycanın dəstəyi ilə Parisdəki Luvr muzeyində İslam mədəniyyəti bölməsinin açılması, Vatikanda ilk dəfə olaraq müsəlman ölkəsi Azərbaycanın sərgisinin təşkili bizim ümumislam mədəniyyətinə olan töhfəmizdir. Əlbəttə ki, bu, bizim siyasətimizin təzahürüdür, eyni zamanda, ümumbəşəri dəyərlərə verdiyimiz töhfədir. İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının seçilməsi də buna bariz nümunədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan QMİ sədri deyib ki, uzun illər davam edən, regionumuzda və dünyada sülhə təhdid olan bu münaqişə nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. "Erməni ekstremistləri tərəfindən əzəli Azərbaycan torpaqlarında etnik təmizləməyə məruz qalmış, Xocalı soyqırımını yaşamış azərbaycanlıların həyəcan təbili, təəssüflər olsun ki, dünya birliyi tərəfindən vaxtilə lazımi diqqətlə qarşılanmadı. Biz terrorun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir, beynəlxalq terrorizmə qarşı aparılan mübarizəni dəstəkləyirik. Uca Yaradanımızın yaratdığı müqəddəs dəyər olan insan həyatına qəsd edənlərin dini və milli mənsubiyyəti yoxdur. Terror bəşəriyyəti təhdid edən ümumi bəladır və bu bəladan yalnız birgə səylərlə qurtula bilərik. Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həll edilməlidir. Dünyada bütün münaqişələrin ədalətli, sülh yolu ilə həllini tapması üçün siyasi xadimlərin, dini liderlərin, dünya ictimaiyyətinin səylərini artırması zəruridir”, - deyə A.Paşazadə bildirib.
Şeyxülislam Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən tarixi, dini, mədəni abidələrin məhv edildiyini bildirib. Onun sözlərinə görə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində də Azərbaycanda yaşayan bütün millətlərin, konfessiyaların nümayəndələri bir nöqtəyə vurur. Yəni, bu, bizim ümummilli məsələmizdir. Hər bir Azərbaycan vətəndaşı hər gün çalışmalıdır və əminəm, çalışır ki, bu məsələ tezliklə öz həllini tapsın. " ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarına görə, işğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb. Bizim tarixi binalarımız, qəbirlər, məscidlər ermənilər tərəfindən dağıdılıbdır. Bu, misli görünməmiş vəhşilikdir. Azərbaycanda isə Bakının mərkəzində erməni kilsəsi yerləşir. Heç kim ona toxunmur, əksinə, təmir olunubdur. Azərbaycanda kilsələr, sinaqoqlar, məscidlər tikilir. Bax, fərq bundan ibarətdir".
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın tolerant,multikulturalizm sahəsində olduğu
kimi, İslam həmrəyliyi istiqamətində də səyləri ilə dünyaya
nümunə
göstərdiyini vurğulayaraq deyib: “Dinlərarası
və mədəniyyətlərarası dialoq və
əməkdaşlığa
önəmli
töhfələr vermiş
Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik
dönəmi də xalqımız və dövlətimiz üçün
xeyirlərə vəsilə,
dövlətimizin qlobal əhəmiyyətli məsələlərin həllinə töhfəsinin artmasına səbəb olacaqdır”
Üç
nöqtə.- 2017.- 18 mart.- S.5