Molokanlar öz adət-ənənələrini,dillərinı və dini baxışlarını qoruyub saxlayib.

 

Azərbaycanda məskunlaşan, buranı özlərinin doğma Vətəni kimi qəbul edən molokanların maraqlı, özlərinə məxsus həyat tərzləri var. 1820-ci ildən başlayaraq molokanlar Cənubi Qafqaza, Krıma, 1870-ci illərdə isə Sibirə, Zakaspi və Qars vilayətlərinə köçürülüblər. Azərbaycanda molokanlar əsasən kəndlərdə ayrıca icmalar şəkilində məskunlaşıblar. Onlar öz adət-ənənələrini, dillərini və dini baxışlarını qoruyub saxlamaqla yanaşı, həmin ərazidə yaşayan yerli azərbaycanlılarla qarşlıqlı ünsiyyət də qurublar.

Molokanların dini hərəkatının əsasını XVIII əsrin 80-cı illərində Tambov quberniyasının kəndlisi Semyon Uklein qoyub. Öncə pravoslav olan Uklein duxobor təriqətinə daxil olur, sonra onlardan ayrılaraq özünün xüsusi dərnəyini yaradır. O, yeni təlimi açıq şəkildə təbliğ etmək üçün öz ardıcıllarından 70 "apostol" (həvari) seçərək, onlarla birgə "Zəbur"dan surələri ucadan oxuyaraq Tambova daxil olur. Lakin polis onları həbs edir. Yalançı "apostollar" pravoslav dininə qayıdaraq azad olunurlar, Ukleinin özü isə tənbeh olunması üçün ruhanilərin ixtiyarına verilir. Î da özünü pravoslavlığa qayıtmış kimi göstərərək azad olunur. Ancaq bundan sonra da Uklein öz təlimini, əvvəlkinə nisbətən ehtiyatla təbliğ etməkdə davam edir. O, Tambov, Voronej, Saratov, Yekaterinoslav, Həştərxan quberniyalarına, Don Ordusu torpaqlarına və Qafqaza səyahət edir. İmperator I Aleksandr taxta çıxdıqdan sonra təriqətçilərə qarşı müəyyən dözümlülük göstərdiyindən, yeni təlim təbliğatçılarının nailiyyətləri daha da artır.

İmperator I Nikolayın hakimiyyətinin əvvəlindən etibarən duxoborluların aqibəti molokanların da başına gəldi: hökumət yaşamaq üçün onların Qafqaza yerləşdirilməsi haqqında qərar çıxardı. Molokanlar başqa protestant qruplarının təsirinə uymurlar və daha mötədildirlər, yeni təriqətlərin ardıcılları ilə müqayisədə öz təlimlərinin təbliğatına az meyllidirlər. Molokanlar hərəkatının davamçıları orucluq vaxtı süd (rus dilində “moloko”) içdiklərinə görə belə adlanırlar. Molokanlar özləri isə bu adı, "mənəvi südlə qidalanmaları" ilə izah edirlər.

Molokanlar özlərinin dini təliminin yeganə mənbəyi kimi Bibliyanı tanıyırlar. Onlar kilsədə xüsusi səlahiyyətlərə malik şəxslərin iyerarxiyasını qəbul etmirlər. Molokanların kilsələri yoxdur, onların ehkamçılıq təlimi "Dini qaydalar" adlı kitablarda təsvir olunur. Tarixən molokan icmasına qocalar və ya seçilmiş şəxslər başçılıq edib. Onların təliminə görə, ölülər ruhən deyil, cismən diriləcəklər. Ukleinin bütün dini təlimini də məhz bu fikir təşkil edir. Duxoborlar kimi molokanlar Allaha ancaq ruhi etiqadı qəbul edir, dini ayinlər haqqında pravoslav təlimini rədd edirlər. Orucluğa gəldikdə isə molokanların fikrincə, oruc müəyyən vaxt müddətində deyil, insanın özünü günahkar olduğunu və nəfsinin ağlına üstün gəldiyini hiss etdikdə tutulmalıdır. Həm də orucluqda yemək və içməkdən tamamilə imtina olunmalıdır.

Molokanlar qidalanmada donuz əti və pulsuz balıqdan başqa bütün digər ərzaqlardan istifadə edə bilərlər. Molokanların ibadəti Bibliyanın, əsasən də Zəburun məşhur hissələrinin qiraətindən və nəğmə kimi oxunmasından ibarətdir. Bu halda aşağıdakı qaydaya riayət olunur: molokanların keşiş adlandırdıqları adam adətən ön cərgədə əyləşib Bibliyadan kəlamlar oxuyur, dinləyicilər isə onu uzada-uzada təkrarlayaraq nəğmə şəklində ifa edirlər.

Zaman keçdikcə molokanlar üç qrupa bölünüblər: ümumi, daimi və qərarsızlar. Molokan qaydaları xeyli dəyişikliyə məruz qalıb. Hazırda Azərbaycanda molokanlar əsasən Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Gədəbəy və Qubada yaşayırlar. İlk molokan icmaları Azərbaycanda XVIII əsrin ortalarında meydana gəlib. Onları bura Rusiyadan, kafirliyə və pravoslav kilsəsinin əleyhinə çıxdıqlarına görə sürgün etmişdilər. Onların dini mərkəzləri yoxdur və hər bir icma müstəqil şəkildə fəaliyyət göstərir. Bununla yanaşı Bakı icması ilə Stavropol diyarının molokan icmaları arasında əlaqə saxlanılır. Pul gəlirləri üzvlərinə maddi yardım göstərməyə, ibadət evlərinin saxlanılmasına sərf olunur.

Azərbaycanda məşhur olan İsmayıllı rayonunun İvanovka kəndində vaxtilə Rusiyadan bu diyara köçüb gəlmiş malakanlar nəslinin davamçıları yaşayır. Son illərdə dəfələrlə nəinki Azərbaycan telekanalarında, eləcə də Avropanın telekanallarında İsmayıllı rayonunun İvanovka kəndinin sakinləri haqqında reportajlar hazırlanıb. Reportajlarda yerli sakinlər olan malakanların gündəlik həyat tərzi, adət-ənənələri, milli mətbəx nümunələrindən bəhs edən maraqlı məlumatlar işıqlandırılıb.

İvanovkada kolxoz quruluşu olduğundan kəndin özünəməxsus daxili büdcəsi var. Kəndin maraqlı arxitekturası var. Yol boyu evlər sanki xətkeşlə çəkilmiş kimi simmetrik və səliqəlidir. Burada fəhlənin də, sürücünün də, kolxoz sədrinin də evi bir-birindən fərqlənmir. İvanovkada hazırda ruslarla yanaşı ləzgilər və azərbaycanlılar da yaşayır. Geyim və dünyagörüşü baxımından ivanovkalılar heç də paytaxt sakinlərindən seçilmirlər. İvanovka rusları dəbdəbədən uzaqdırlar. Onlar ata-babalarının əsrlər əvvəl qoyduğu milli ənənələrini qoruyub saxlamağı özlərinə borc bilirlər.

İvanovkada evlərin tikilişindən tutmuş insanların dünyagörüşünə, qonaqlara davranışına kimi hər şey fərqlidir. Kəndin tarixi də xeyli zəngindir. Kəndin əsası 1847-ci ildə çar Rusiyası dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulub. Kəndin adı da onun yaradıcısı olan kəndçi İvan Perşinin şərəfinə İvanovka adlandırılıb. İvanovkalılar daha çox üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Bu kəndin çaxır, pendir və s. kimi məhsulları daxili bazarda öz yerlərini tutub. Kənddə bir neçə sex, park və zavod fəaliyyət göstərir.

Gədəbəy rayonunun ərazisində yerləşən Yeni-İvanovka kəndində də malakanlar yaşayır. Gədəbəy rayonunun İvanovka kəndinin əsası XIX əsrin ortalarında, Çar Rusiyasının regionlarda apardığı əhalinin ruslaşması siyasəti nəticəsində Azərbaycana köçürülən malakanlar tərəfindən qoyulub. Şəhər mərkəzi ilə kənd arasındakı məsafə təxminən 38-40 kilometr təşkil edir. Kənd ağsaqqallarının dediyinə görə bura ilk malakanlar 1852-ci ildə Samara şəhəri və Rostov vilayətlərindən gəliblər. Yeni-İvanovkanin əsası qoyulan vaxt burada 600-ə yaxın malakan yaşayıb. İvanovka Ermənistanla sərhəd ərazidə yerləşdiyindən burada yaşayan malakanların əksəriyyəti 90-ci illərin əvvəllərində, yəni Ermənistanın Azərbaycana təcavüzü nəticəsində kəndi tərk edib.

G.Fazilqızı yazır ki, günümüzdə burada yaşayan malakanlardan biri Uvarova Nadejda Yakovlevnadır. O, 1941-ci ildə elə bu kənddə dünyaya gəlib. 74 yaşlı kənd sakini gənclik illərini belə xatırlayır: “Mənim cavanlığım çox gözəl keçib. Biz kənd klubuna gedirdik, rəqs edirdik. Dostlarımızla meşəyə gedirdik. Orada oyunlar oynayırdıq, gəzirdik. Bir sözlə əylənirdik. 1960-cı ildə mən ailə həyatı qurdum və həyatım bir az dəyişdi”. Nadejda Uvarovanın iki övladı hazırda Rusiyada yaşayır. O isə burada öz nəvəsi, gəlini və nəticəsi ilə qalır. Nəvəsinin azərbaycanlı qızı ilə evləndiyini deyən Nadejda Uvarova gəlinindən də razılıq edir: “O çox nəcib, qonaqpərvər, xoşniyyətli gəlindir. Mənimlə çox yaxşı rəftar edir. O gələndən evdə heç bir iş görmürəm, hamısını özü edir. Hətta həyət-bacadakı işləri də özü görür. Məni əziyyətə salmır.”

Malakanlarla azərbaycanlılar iki əsrə yaxındır ki, bu kənddə birlikdə yaşayırlar. Burada məskunlaşan malakanlar, yeni vaxtlarda ehtiyat etsələr də, sonradan isti münsibət görərək yerli əhali ilə qarışmağa başlayıblar. Zaman Rəhimov - kənd ağsaqqal: “Xeyirdi, şərdi, harda sevinc-kədər var, qarşılıqlı gediş-gəliş olub. Hazırda da əhali kənddə yaşayan ruslara köməklik edir. Köçüb gedənlər isə çox peşman olublar. Deyirlər ki, köçüb getməklə düz iş tutmamışıq. Çünki Azərbaycan xalqı kimi bir xalqı heç yerdə tapa bilmərik. Bu xalq çox isti, çox mehriban millətdir”.

Burada yaşayan malakanların sayı azalsa da, bu xalqın tarixi və məişətini yaşatmaq və gələcək nəsillərə ötürmək üçün kənddə “Rus tarixi və məişəti” muzeyi fəlaiyyət göstərir. Muzeydə slavyan xalqlarının evlərinə xas kürsülü sobaya, yun əyirmək üçün istifadə olunan cəhrəyə, palaz və ya kilim toxumaq üçün yararlı olan dəzgaha rast gəlmək olar. Burada eyni zamanda məişətdə istifadə olunan müxtəlif ev əşyaları da qorunub saxlanılır. Bundan əlavə muzeyi ziyarət edən hər bir kəs qonaq kitabına öz ürək sözlərini yaza bilər. Yeni-İvanovkada xüsusi diqqət cəlb edən məkanlardan biri də Qədim malakan qəbiristanlığıdır. Burada yaşı iki əsrə yaxın olan başdaşlarına rast gəlmək olar. Bu məzarlıqda malakanlarla yanaşı yəhudi xalqının da nümayəndələri dəfn olunub.

1852-ci ildə Azərbaycana gələn və ilk malaknlardan olan İvanov, elə İvanovka kəndinin əsasını qoyan şəxsdir. O, 1882-ci ildə vəfat edib və qədim malakan qəbristanlığında dəfn olunub. İvanov burada dəfn olunan ilk malakandır, bu səbəbdən də onun qəbri rəngi və həcmi ilə seçilir. Lakin məzarlıqda xüsusi diqqəti fırlanan başdaşı olan qəbir çəkir. Rəvayət olunur ki, başdaşının bu cür hazırlanması, burada dəfn olunan şəxsin İvanovdan sonra vəfat edən ikinci malakan olmasına işarədir. Günümüzdə də malakanlar öz atət-ənənələrinə uyğun olaraq dəfn olunur ki, mərasimdə kənd əhalisinin çoxu iştirak edir. Kənd ağsaqqalları qeyd edir ki, malakanlar tərəfindən inşa olunan məktəb binası taxtadan olduğundan istifadəyə yararsız olub. Hazırda isə kəndin tam təmirli məktəbi var. Bu gün Yeni-İvanovka kəndi, qəbiristanlığı, muzeyi və köhnə malakan evləri ilə tarixin izlərini yaşadır. Bura bir daha Azərbaycan xalqının qonaqpərvərliyini, özgə xalqların dininə, tarixinə, adət-ənənəsinə olan hörmət və ehtiramını sübut edir.

Gədəbəyə ilk ruslar 1831-ci ildə ayaq basdı. Sürgün edilmiş 12 malakan ailə Novosaratovka kəndinə yerləşib. Burada yaşayan ruslar Azərbaycan dilində Gədəbəy ləhcəsi ilə danışırlar. Malakan kəndlərinin memarlıq quruluşu və məişəti fərqlidir. Ruslar köhnə adət-ənənələrini, mətbəxlərini, musiqilərini yaşadırlar.

Üç nöqtə.- 2017.- 12 aprel.- S.3