Qayınananın son arzusu...
1999-cu
il idi, səhnəmizin qayınanası, həmkarlarının
anası hesab olunan 83 yaşlı Nəsibə xanım
Zeynalova ağır xəstə idi. Əslində vəziyyəti xəstəliyin
ağır vaxtlarında
nisbətdə bir az düzəlmişdi, amma bu da
xoş gələcək
vəd etmirdi. Bir il öncə
dili tutulmuşdu, ayaqları sözünə
baxmırdı. 1999-cu ildə
isə yenicə ayaq açan uşaq kimi addım atır, bir-iki kəlmə danışıb, sonra xeyli susurdu. Bizim gəlişimizə görə nəvəsi Nəsibə onu yatağından qaldırıb
geyindirdi. Nəsibə
xanım həvəssiz
halda qollarını qaldırıb qiyafəsini
əyninə keçirəndə
nəvəsi ilə balaca bir dialoqları
oldu.
- Qızım, bayaq Moskva televiziyasında
dedilər ki, göydən hansısa planet qopub yerə
yaxınlaşır, 2000-ci ilə qədər hara düşə düşə.
- Düşsün də...
Axı, mən
sizdən narahat gedirəm. Mən getdim, bəs, planet sizin başınıza düşsün?
- Düşməz, bir əlac taparlar.
Nənə nəvənin arxayın
cavabından bir az rahatlaşdı.
Bu kiçik dialoq bir nənənin öz gələcək nəslindən, nəvə-nəticəsindən
xırda narahatlığını
əks etdirir, amma burda həm
də xarakter var. Nənədən başqa,
həm də bir insanın, şəxsiyyətin portreti...
Bu insan ona
verilən qısa zaman çərçivəsində
nələr yaşamadı,
yetimlik, aclıq, kasıbçılıq, sevinc,
sevgi, göz yaşı, uğur.
Bu qədər müxtəlif, paradoks təşkil edən hissləri yaşamaq hər kəsin qisməti olmur.
Atasının 60 yaşı olanda
doğulmuşdu
Cahangir Zeynalov dövrünün çox
tanınmış, məşhur
sənətkarı olub. Adı Azərbaycanın
teatr tarixinə yazılıb. 50-ni artıq arxada qoymuş sənətkara bir gün sənət
yoldaşları irad tuturlar ki, sənin
var-dövlətinə sahib çıxmaq, adını
yaşatmaq, nəslini
davam etdirmək üçün bir övladın yoxdur.
Cahangir Zeynalovun
yeganə övladı
Nəsibə dünyaya
gələndə isə
onun yaşı
60-ı keçmişdi. Əslən Cənub
Azərbaycandan olan Cahangir Zeynalov düşünür ki, gərək ailəsini aparıb ata-baba yurdunu onlara göstərsin. Gedirlər, bir
müddət orda qonaq da qalırlar. Taleyin gərdişindən bu səfər İranda başlanan iğtişaşlarla
eyni vaxta təsadüf edir.
Tifdən
ölüm
Qayıdanda yolda gəmini saxlayırlar, arvad-uşağa
rəhm edən sərhəd gözətçiləri
onları buraxır, amma kişilər o cümlədən həmin
gəmidə olan Cahangir Zeynalovun ailəsi 8 gün açıq dənizdəki
gəmidə gecələməli
olur. Bakıya tif xəstəliyi
ilə qayıdan sənətkar çox keçmir ki, dünyasını dəyişir.
Onda Nəsibə yeniyetmə yaşlarına qədəm
basmışdı.
İlk işi fəhləlik olub
Danışırdı ki, o vaxtdan onun ağır
həyat tərzi başlayır: “Atam rəhmətə getdi, anam da savadsız qadın idi, bir müddətdən sonra evdə hər şeyi satıb qurtardıq, qaldıq ac-susuz”.
Nəsibə gəzib-dolaşıb zavodlardan
birində fəhləliyə
düzəlir. Tezliklə anasını da itirən
qızın həyat üzünə bir də Şəmsi Bədəlbəyli ilə
rastlaşdığı gün
gülməyə başlayır.
Onun istedadını zavodun özfəaliyyət dərnəyinin
çıxışında görən Şəmsi Bədəlbəyli Nəsibəni
Musiqili Komediya Teatrına işə götürür. Onun köməkliyi
ilə Nəsibə xanım Bakı Teatr Texnikumunu da bitirir. Sənətə addım atdığı
ilk günlər də
onun üçün ağrılı-acılı olur.
Texnikumu bitirəndə
1941-ci il idi, bunu demək
kifayətdir ki, səhnəyə yenicə
atılmış bir qızın əzablı sənət yolu gözlərimiz önündə
canlansın.
Amma bir gün bu əzabların
sonu çatır.
Musiqili Komediya Teatrının çox uzun bir tarixi
Nəsibə Zeynalovanın
adı ilə bağlıdır. İndi həmin tarixi vərəqləyirik. Rəxşəndə
“Qızılaxtaranlar”, Afərin
“Rəisin arvadı”, Kəblə Fatma “Hacı Kərimin aya səyahəti”, Həmşəxanım, Xeyransa
“Həmşəxanım”, “Sevindik qız axtarır”, Qızbacı
“Hicran”. Sonuncu sonrakı illərin
məhsuludur. Həm də
çox uğurlu məhsulu.
Kinoda da Nəsibə
xanım bir-birindən
maraqlı obrazlar yaradıb. “Ögey ana”, “Böyük dayaq”, “Qanun naminə”, “Bizim Çəbiş müəllim”
filmlərində yaratdığı
obrazların hər biri filmlərin adlarını çəkən
zaman tamaşaçının
gözləri önündə
canlanır. Özünəməxsusluğu, yumoru, təbiiliyi
ilə. Yaradıcılığı
boyu isə onun qayınana obrazı izləyir, istər kinoda, istərsə də teatrda...
Həyat
yoldaşı cəbhədə
həlak oldu, yenidən evləndi
İlk həyat yoldaşının
müharibədə həlak
olması Nəsibə
xanımın onsuz da əvvəldən cüzi
işıq ucları görünən qaranlıq
həyat yollarını
zülmətə qərq
etmişdi. Sonradan, bəlkə də
şəxsi həyatını
tamam arxa plana keçirib özünü yalnız sənətinə bağlayan
aktrisanın yoluna bir insan çıxdı.
Nəsibə xanım ailə quranda 38 yaşı vardı, yoldaşının
isə 27. musiqiçi
idi, qastrollarda bir yerdə olurdular. İlk vaxtlar
Nəsibə xanımın
ondan xoşu gəlmirmiş. Özbəkistan
səfərində elə
bil möcüzə baş verdi,
əvvəlcə gözü
artıq onu izləyən bir nəfərə alışan
Nəsibə xanım
evlənmə təklifini
qəbul etmədi. Bəhanəsi isə yaş
fərqi idi. Qastrolun sonunda bütün diqqət və qayğı ilə, özü də çoxdan, lap çoxdan görmədiyi
qayğı ilə əhatə olunan aktrisa evlənməyə razılıq verdi.
Bakıya qayıdan kimi toy-büsat quruldu. İki sənət
adamının gün-güzəranı
çox gözəl keçirdi. Bəzən ayrı-ayrı
qastrollara gedirdilər,
həmin qastrollar hər ikisi üçün telefon dəstəyindən asılı
keçirdi. Tamaşadan sonra
yoldaşı Nəsibə
xanımı hökmən
qarşılayar, evə
öncədən hazırlayıb
qoyub getdiyi süfrə arxasına bir yerdə əyləşərmişlər. Oğlu Cahangir dünyaya gələndə də aktrisanın köməkçisi
– yoldaşı, kaman ustası Mütəllim olur.
Allah onu mənə çox gördü
Nəsibə xanım xatirələrində
deyirdi: “Ailəmiz inam üstündə qurulmuşdu. Bir-birimizin qədrini bilirdik.
Çox
səmimi ailəm vardı. Bu səmimilik
həyat yoldaşımdan
gəlirdi. Mən xoş
söz eşitməmişdim,
atamı tez itirməyim anamı da elə bükmüşdü
ki, dilindən xoş söz eşitməzdin. Nə xoş
söz eşitdimsə,
yoldaşımdan eşitdim.
Allah onu da mənə
çox gördü,
tez aldı əlimdən. Onu itirəndən
sonra xoş günlərimi də itirdim, əvvəlki pis günlərimi də xatırlamağa ondan sonra vaxt
tapdım”.
Qiymətləndirilmirdi
Bu sözlərdə bir
nisgil də duyulur. Arada ailəsinə başı
qarışmış, buna
baxmayaraq artıq sənətkar olan Nəsibə Zeynalova 50 illik yubileyi qeyd olunanda heç
əməkdar artist də
deyildi. Nəvəsi
Nəsibə onun arxiv materiallarından elmi iş yazanda
Nəsibə xanım
özü də öz işləri ilə tanış
olur. 83 yaşlı
sənətkarın yanaqları
boyu yaş axmağa başlayır.
“İndi görürəm ki, gözəl sənətkar olmuşam, amma qiymətləndirilməmişəm”.
Bəlkə bu sözləri
dedirdən yaşın
kövrəkliyidir, amma
onu da xatırladır
ki, yubileyində tamaşaçılar arasından
kimsə söz atıb: “Bəsdir teleqrama oxudunuz, oxuyun görək hansı fəxri ad verildi ona”.
Yalnız ondan sonra Nəsibə xanım əməkdar artist fəxri
adının dadını
görür.
Son dəfə səhnəyə
çıxmaq istəyirdi
Ömrünün son dövrlərində isə
hərtərəfli sevgi,
diqqətlə əhatə
olunmasına rəğmən
yoldaşını xatırlayıb
ağlayırdı. Bir də
güclə addım atdığı ayaqları
ilə son dəfə
Musiqili Komediya Teatrının səhnəsinə
çıxmaq ən böyük arzusu idi. Son dəfə
hər hansı bir rol oynamaq.
Görünür, bu ömrünü
səhnədə başa
vuran bütün sənətkarların son arzusudur.
Nəsibə xanım bu arzusuna qovuşa bilmədi.
Xoşbəxt nikahından dünyaya gələn Cahangir Novruzov da sənətkar oldu, babasının, atasının, həm də anasının yolunu davam etdirir. Onun qızı
Nəsibə də sənət yollarında addımlayır, amma ondan əvvəlki nəslin keçdikləri
yaradıcılıq yolunun
araşdırmaçısı kimi.
Ondan sonra nə göydən planet düşdü, nə də dünya dağıldı. Planet düşüb
gələcək nəsilləri
məhv edəcəyindən
qorxduğu yerdən yalnız bir ulduz axıb söndü, vəssalam...
Zaman-zaman ulduzlar axıb
sönür, qalan hər şey öz yerindədir. Şair demiş “Göy belə göydür, qar isə ağdır”... O qorxulu planet də öz yerində.
Ramilə Qurbanlı
Üç
nöqtə.- 2017.-3 noyabr.- S.12.