“Ələkbər əmi”nin
nağılı
Bakıda əslən Gəncədən olan
Adıgözəl adlı bir kişi
yaşayırdı. Xanımının adı Yaqut,
kiçicik yeganə övladlarını adı Ələkbər
idi. Adıgözəl
kişi Bakı dəmir yolunda
maşinist işləyirdi. Cavanlığında
xanımı, ixtisasca həkim olan Yaqutun xəstəsi
olmuşdu, soyuqdəymədən müalicəsini onun əlıərindən
alandan sonra isə Yaqutun xəstəsinə
çevrilmişdi. Onun
üçün oxuduğu “Həkim qız”
mahnısının sehrinə düşən Yaqut ona necə
vurulmuşdusa bu məhəbbət evliliklə nəticələnmişdi.
1983-cü ildə, onda artıq Ələkbər
də böyük oğlan idi, Adıgözəl kişini Binəqədi
şosesini keçəndə “Volqa” markalı avtomobil vurdu.
Abşeron tərəvəz institutunun direktorunu gəzdirən
maşının sürücü hər gün onlara gəlir
yalvar-yaxar edir, göz
yaşları axıdırdı: “Mənim beş balaca uşağım
var. İndi hər şey sizdən asılıdır.
Onları yetim qoymaq istəmirsinizsə, şikayətçi
olmayın”.
O vaxt əsgərlikdən atasının
başına gələni eşidib icazə ilə evə gələn Ələkbərin ürəyi
dözməyib. “Ay ana,
yazıqdır. Hər bir adamın başına gələ
bilər. Onsuz da onu tutdurmaqla ata sağalan deyil”-deyə
anasını razı salıb şükayət etməkdən
çəkindirir.
Ata isə yataq xəstəsinə
çevrilir. On bir il yataqda qalır. 1994-cü ildə
Adıgözəl kişi elə yataqda ikən təkrar
insult keçirib dünyasını dəyişir.
Anası
Yaqut Hüseynova:
“Ələkbər 1961-ci ildə anadan olmuşdu. Sakit uşaq
idi. Səkkizinci sinfə qədər o biri
uşaqlardan heç nəylə fərqlənmirdi. Öz otağına
çəkilər, özünə müxtəlif məşğuliyyətlər
tapardı. Daha burada nələr
düzəltmirdi: təyyarə, maşın, qatar.
Onun üçün “Texnika-molodyoji”
jurnalını alardıq. Ordan maraqlı
konstruksiyalar seçib qurur, redaksiya ilə əlaqə
saxlayır, gənc texniklər üçün keçirilən
tədbirlərdə iştirak edirdi. Bir dəfə
indiki Azadlıq meydanında keçirilən yarışda
onun quraşdırdığı təyyarə modelini
uçurtdular. Bu an mənə elə gəldi
ki, bu, Ələkbərin fantaziyası, sakit, mülayim təbiətində
gizlədib-saxladığı xəyallarıdır,
genişliyə, ümmana doğru uçur. Ondan daim ehtiyat edirdim. Bir az
zəif uşaq idi, tez-tez soyuqlayardı. Ona
görə də çalışırdım onu bu işdən,
açıq havada təyyarrə uçurmaqdan
uzaqlaşdırım.
Amma hardasa 13-14 yaşlarından o özü texnikadan daha
çox musiqiyə, rəqsə meyil göstərməyə
başladı.
Nəyə görəsə son vaxtlar
xırda-xırda bizdən pul alır, özü
üçün yığırdı. Günlərin
bir günü gördük budur, həmin pula nağara
alıb gətirib evə. Azca keçəndən
sonra qarmon, sonra maqnitofon aldı. Beləcə,
otağını çevirib incəsənət guşəsi
elədi. Bununla paralel məktəbdə də
özfəaliyyət musiqi dərnəyinin solisti kimi
çıxış edirdi. Səs ona
atasından keçmişdi. Adıgözəlin
də gözəl səsi, qeyri-adi ifa tərzi vardı. Ələkbərin səsi isə çox nadir rast gəlinən
tembrə malik idi. Bir gün də
eşitdik ki, rəqsə gedir. Hardasa bir il
rəqsə gedəndən sonra müəllimi ona belə
xarakteristika verdi: bu uşaq artıq peşəkar rəqqasdır.
Sən demə, Ələkbərin
axtarışları bununla da bitməyəcəkdi. Bir
gün gəlib bizə xəbər verdi
ki, Yuri Qaqarin adına Pionerlər Sarayında (indiki Tofiq
İsmayılov adına Uşaq və Gənclər Sarayı
– red.) dram dərnəyinə yazılıb. Bax
özünü, nəhayət, orda tapdı. Ona baş rollar verirdilər. Bir
gün Mark Tvenin əsəri əsasında “Şahzadə və
dilənçi” tamaşasına məni
çağırdılar. Tamaşa
anşlaq keçdi. Mən hətta
unutmuşdum ki, baş rolda oynayan mənim
uşağımdır. Tamaşaya
baxdıqca gülür, ağlayırdım. Onuncu sinfə qədər Ələkbər
bütün diqqətini, gününü, vaxtını dram dərnəyinə
sərf etdi. Bir-birinin ardınca müxtəlif
tamaşalarda çıxış etdi. Açığı,
istəmirdim bu yolu tutsun. Onu fikrindən döndərmək,
başqa sənət seçməyə yönəltməyə
çalışırdım: “Alik, bax a… Birdən artistliyə
meyil salarsan… Biz atanla səni tamam başqa sahənin
adamı görmək istəyirik.”
Bakıdan
Şəkiyə və geri
Talehdən isə qaçmaq olmur.
Ələkbər özü də bu
taleyin ardınca məmnunluqla gedirdi. O, aktyor
olmalıydı. Onuncu sinfi qurtaran kimi sənədlərini
İncəsənət İnstitutunun aktyorluq fakültəsinə
verir və daxil olur.
”İnstituta imtahan verəndə mən də
qarşıdakı bağda oturub nəticəni gözləyirdim. Mənimlə
yanaşı dayanan, skamyada əyləşən valideynlər
dilənçilərə pul verir, dua eləyirdilər ki,
uşaqları yaxşı qiymət alsın. Mənsə ürəyimdə Allaha
yalvarırdım ki, qoy, Ələkbər daxil olmasın.
İstəmirdim o, aktyor olsun. İstəyirdim, texniki elmlərə yiyələnsin,
alim olsun. Bu fikirlərlə institutun
qarşısında məşhur aktyorların içəri
girdiyini, içəridən çıxdığına
baxır və onları ilk dəfə həyatda
gördüyümə görə xoş təəccüb,
maraq hissi keçirirdim. Rasim Balayev, Şəfiqə Məmmədova,
Mikayıl Mirzə… Birdən görürəm, daha bir tanış institutdan çıxıb, sevincdən
əllərini havada yellədə-yellədə mənə
doğru gəlir. O anda başa düşdüm ki, Allah belə
məsləhət görür, oğlum aktyor olacaq. Mənim yalvarışlarımın heç bir əhəmiyyəti
yoxdur.”
İxtisas
fənnindən imtahan götürən müəllimlər,
professorlar Mehdi Məmmədov, Rza Təhmasib, Ələmdar
Quluzadə, Nəsir Sadıqzadə və digər hörmətli
pedaqoq və sənətkarlar Ələkbərə şeir
dedizdirdikdən, etüd oynadandan, mahnı oxutdurandan, rəqs
etdirdikdən sonra onun aktyor olacağına tam əmin,
arxayın olmuş, hamı ona “əla” qiymət
yazmışdı. İnstitutda ixtisasdan ona Nəsir Sadıqzadə müəllim
dərs deyirdi.
Təhsilini başa vurandan sonra Ələkbər
hüseynov təyinatla Şəki teatrına yollanır. 1982-ci ildə Ələkbər
bir il hərbi xidmətdə olandan sonra yenə
öz işinə qayıtdı. 1987-də onlar
Şəkidən Bakıya qayıtdılar. Ələkbər Abdulla Şaiq adına Azərbaycan
Dövlət Kukla Teatrında işləməyə
başladı.
O vaxtdan
Ələkbər əminin sənət yolu başladı desək,
qəbahət etmiş olmarıq, çünki
oynadığı rollar, rejissor kimi hazırladığı
tamaşalar hamısı bir yana Ələkbər
balacaların Ələkbər əmisi böyüklərin də
yaddaşinda məhz Kukla teatrından başladığı
yolla qaldı.
Lap ilk gəncliyindən, o vaxtlardan ki, özü
uşaqlığa təzəcə əlvida deyib gəncliyinin
ilk sevgi deyilən günlərini yaşayırdı.
Əminin
sevgi tarixçəsi
Afaq
Hüseynova (həyat yoldaşı):
“İlk baxışdan
xoşuma gəlmədi. Analarımız bir yerdə
işləyirdilər.
Anası məni xoşlamışdı və anamla
qərarlaşmışdılar ki, bizi
görüşdürsünlər. Bir axşam Yaqut xala ilə
bir qarayanız oğlan gəldi evimizə, boyu ortadan bir az hündür, qalın, qıvrım, qapqara
saçlarını arxaya vermişdi. Nəyə
görə birinci görüşdə xoşuma gəlmədi,
bilmirəm. Amma ikinci görüşdə
mən konservatoriyada (indiki Bakı Musiqi Akademiyası) oxuyurdum.
Dərsdən çıxanda gördüm o
gün anamın rəfiqəsi ilə bizə gələn
oğlan dayanıb məni gözləyir. Üzündə
elə xoş ifadə var ki, sanki biz bir-birimizlə bir dəfə
yox, dəfələrlə, ömrüboyu
görüşmüşük. Onun bu ovqatı beş dəqiqədən sonra mənə
keçdi. Sən demə, evdə
görüşəndə hər ikimiz
sıxılırdıq. İndi isə Ələkbər
sıxıntını aradan qaldırıb
danışmağa başladı, özü də nə
başladı… Heç özümdən xəbərim
olmadan bir də gördüm, qəşş eləyib
gülürəm. O qədər maraqlı, məzəli,
mənim üçün yeni olan söhbətlər edirdi ki,
bütün varlığımla ona diqqət kəsilmişdim.
Bütün şəhəri gəzdik, elə bildik beş dəqiqə keçib. Xəbərimiz
olmadı ki, artıq gün keçib, axşam olub. Mən o görüşü heç vaxt, heç vədə
yadımdan çıxarmayacağam. O görüş
bizi bir-birimizə əbədi bağladı. Əbədi.
Bu gün Ələkbər dünyada yoxdur, amma
o görüşün təəssüratı yaşayır.
Özü də təkcə mənim daxilimdə
yox, ikimizin arasında yaşayır. O günü, ona bənzər
başqa günləri, eləcə də anları mən
Ələkbərlə birlikdə xatırlayıram.
Bir dəfə uroloji xəstəxanada
əməliyyat keçirmişdi. “Qətl günü”
tamaşasının televiziya variantı
hazırlanırdı. Onu heç kimlə
əvəz eləmədilər. Əsərin
müəllifi Yusif Səmədoğlu özü imkan vermədi
ki, onu kiminləsə əvəz etsinlər. Gözlədilər, Ələkbər azca sağalan
kimi elə xəstəxanadan gəlib onu çəkilişlərə
aparır, sonra yenə gətirib qaytarırdılar
yatdığı palataya. Hətta çəkilişlərin
birində qanazlığından huşunu itirdi. Təcili xəstəxanadan telestudiyaya həkim
çağırdılar. Birtəhər
onu özünə gətirəndən sonra yenə rolunu
oynamağa qayıtdı.
Ələkbər
üçün nə kiçik rol var idi, nə də
kiçik iş. Hər bir şeyə diqqət,
qayğı, işgüzarlıqla yanaşırdı.
Evdə adi su kranını düzəldəndə belə onu
ən yaxşı ustanın əlindən çıxan
iş səviyyəsinə qaldırardı. Amma bir şərtlə:
gərək buna daxilən hazır olaydı. Həvəs demirəm,
sadəcə, evdə nəsə xarab olanda hamımızı
belə sakit edərdi: “Darıxmayın, düzəldəcəyəm,
amma hələ yox, hələ məqamı gəlməyib”.
İndi də
bəzən nəyisə düzəltmək lazım gələndə,
mənə elə gəlir, yenə onun səsini eşidirəm:
“Darıxma, məqamı çatanda hər şey düzələcək”.
2002-ci ildə Ələkbər Hüseynov UNİMA
– beynəlxalq kukla teatrları birliyinin xətti ilə Parisdə
keçirilən böyük tədbirlərdə iştirak
etməliydi. Bu tədbirə ciddi
hazırlaşırdı. Amma diş ağrısı
ona əziyyət verirdi. Getməzdən əvvəl diş həkimi olan dostunun yanına
gedib o ağrılı dişdən yaxasını
qurtarır. Kaş elə diş ağrısı ilə Parisə
gedəydi, görünür bud a tale oyunudur. Fransaya
getdi, orada elə uğurlu çıxış etdi ki,
hamı bəyəndi, çoxlu dəvətlər aldı.
Gələndən sonra kefi yaxşı idi.
Ailəsini götürüb Yessentukiyə dincəlməyə
getdi. Hər şey yaxşı idi,
yaradıcılıqda da, həyatda da işləri əla
gedirdi. Amma həmin ilin sonlarında…
“Hepatit C”
diaqnozu
Günü-gündən üzünün rəngi
saralırdı. Gözlərinin içində də
sarılıq əmələ gəlmişdi. Yoldaşı onu məcbur həkimə aparır. Ciddi yoxlamadan sonra məlum
olur ki, onda “Hepatit C” adlı virus var. Nə özü, nə də
yaxınları buna inanmadı. Buna kim
inanmaq istəyərdi ki…Bir neçə fərqli yerlərdə
təkrar analizlər eyni nəticəni diktə edir.
2004-cü ildə Moskvada məşhur xəstəxanalardan
birində yenə həmin diaqnoz təsdiqləndi.
Bu virus yalnız qanla keçə bilərdi.
Ələkbər özü üçün
müəyyən edə bilmirdi ki, harda bu virusa yoluxa bilərdi? Ailədə hamı
susqunluq keçirirdi.
Moskva həkimi diş dibindən şübhələndiyini
deyir. Onda Ələkbərin yadına düşür ki, 2002-ci ildə
Paris səfərindən əvvəl dişini
çıxartdırmışdı. İki il ərzində virus gizlicə bədəndə
öz işini görübmüş. Artıq qara ciyəri
şişməyə başlamışdı.
Ana, mən
öləcəm…
İnternetdə maraqlı nəsə tapanda
çardaqdan bizi yanına çağırardı. Bir gün
eşitdim məni çağırır. Qalxdım
onun yanına. İnternetdə “Hepatit C” səhifəsini
açıb yavaşca mənə dedi:
-
Görürsən, ana? Burda yazılıb ki, bu
virusa tutulanlar üç ildən səkkiz ilə kimi
yaşayırlar. Mənim üç ilim başa
çatmaq üzrədir…
- Niyə
sən üç ili fikirləşirsən,
səkkiz ili yox? – etiraz edib
qışqırdım. Sonra
çalışdım onu sakit edəm. Özümdən
yalan hadisə danışdım:
- Bizim
yaşlı bir xəstəmiz var, iyirmi ilə yaxındır
bu diaqnozla yaşayır. Gəl sən də bədbin olma,
Allah kömək edər, bir çarə tapılar bizim
üçün də, mənim balam……
Yaqut
Hüseynova:
“Təzə
ev almışdıq,
beşinci mərtəbədə. Ələkbərin
əl qabiliyyəti yaxşı olduğundan
çardağı qəşəng düzəldib, yerə
metlax döşəyib, oranı səliqəli iş
otağına çevirmişdi. İndi də
ora iş otağıdır. Amma çox
zaman boş qalır. Ələkbər
internetdə maraqlı nəsə oxuyanda oradan bizi
çağırardı. İndi də bizə
elə gəlir ki, hansısa hadisə ilə əlaqədar,
yaxud maraqlı bir xəbər, ya da çox gülməli lətifə
tapıb bizi yuxarı çağıracaq. Bu onun adəti idi. Evdə olanda internetə girər,
maraqlı məlumatlarla tanış
olardı. Bir gün eşitdim məni
çağırır. Qalxdım onun
yanına. İnternetdə “Hepatit C” səhifəsini
açıb yavaşca mənə dedi:
-
Görürsən, ana? Burda yazılıb bu
virusa tutulanlar üç ildən səkkiz ilə kimi
yaşayırlar. Mənim üç ilim başa
çatmaq üzrədir…
- Niyə
sən üç ili fikirləşirsən,
səkkiz ili yox? – deyə ağlıma gələn
birinci fikirlə ona etiraz edib qışqırdım. Sonra çalışdım onu sakit edim.
Özümdən
yalançı bir hadisə danışdım:
- Bizim
yaşlı bir xəstəmiz var, iyirmi ilə yaxındır
bu diaqnozla yaşayır. Gəl sən də bədbin olma,
Allah kömək edər, bir çarə tapılar bizim
üçün də, mənim balam…
Bir neçə gündən sonra onun özünə gəlmədiyini,
fikirli olduğunu, daim gözlərinin yol çəkdiyini
görüb daha bir yalan danışdım. Mənim
Türkan kəndində bibim yaşayır. Onun adından
dedim:
- Bibi
gedib Quran ağzı açdırıb, orda sənin
üçün yazılıb ki, altmış yaşından
az yaşamayacaqsan.
Hər gün mən onu belə söhbətlərlə
qara fikirlərdən ayırmağa
çalışırdım. Ona təlqin edirdim ki,
xəstəlik keçəcək, yaxşı olacaqsan. Özüm isə dərdimi içimdə çəkirdim,
hər səhər yastığım gecə
tökdüyüm göz yaşlarından yamyaş olurdu.
Gözüm get-gedə tutulurdu.”
Artıq ömrünün sonuna az qaldığını duyan Ələkbər
əmi işinə həmişəkindən çox ciddi
yanaşmağa, bir-birinin ardınca yeni layihələrin
altından imza atmağa başladı. Qət
etmişdi ki, getdikcə azalan bu müddət ərzində
daha artıq işləmək lazımdır. Daha fəal, daha yaradıcı həyat
yaşamalıdır. Teatrda, televiziyada
maraqlı layihələr həyata keçirir, ən müxtəlif
tədbirlərdə iştirak edir, hara
çağırırdılar, hansı konsertə dəvət
edirdilər, gedirdi. Allah elə bil onun
gücünü artırmışdı. Səmərəli
işləyirdi. Rejissor kimi tamaşalar
hazırlayır, şou-proqramlar aparır, uşaqlar
üçün yeni verilişlər yazdırırdı.
Ölümünə bir neçə ay
qalmış onu teatrın baş rejissoru vəzifəsinə
təyin etdilər.
Teatrda uşaqlar üçün keçirilən
böyük bir tədbirdə direktor Rəhman Quliyev valideynlərə
müraciət etdi. Sonra televiziyalarda, onun iştirak etdiyi və etmədiyi
proqramlarda, qəzetlərdə xəstəliyi və ciddi,
böyük məbləğ tələb edən müalicəyə
ehtiyacı olduğu barədə məlumat verildi. Onun
üçün hesab nömrəsi açıldı. Heydər
Əliyev adına fond yardım etdi. Onun bədəni antibiotikləri
qəbul etmirdi. Bu xəstəliyin tələb etdiyi
çoxsaylı və güclü antibiotiklərlə onu
müalicə eləmək qeyri-mümkün idi. Onu xarici xəstəxanalara
göndərməyin də xeyri yox idi. Orada da antibiotiklə
müalicə edəcəkdilər. Odur ki bir yol qalırdı:
yüngül vasitələrlə onu saxlamaq, xəstəlik
hallarının gərginləşməsindən qorumaq.
Ölümünə bir neçə ay
qalmış ona Polşada 1968-ci ildə təsis olunan “Təbəssüm”
ordenini verdilər. Bu, dünyada yeganə orden-mükafatdır
ki, onunla kimin təltif olunmasını yalnız uşaqlar
müəyyən edir. Bu ordenə ən müxtəlif
vaxtlarda Tereza ana, Bill Klinton, Marqaret Tetçer, Dalay-lama, Sergey
Obraztsov, II İoann Pavel, Çingiz Aytmatov və başqa məşhur
şəxslər layiq görülüb. Kim özünü
uşaqlara, onların dünyanı daha rəngarəng görməsinə
həsr eləyibsə, bax o adamlara bu mükafat verilir. 2007-ci
ildə Ələkbər aldı bu ordeni.
Elə həmin
il 2 avqust aktyor taleyində yeganə həsrət
çəkdiyi kinonun
günündə uzun sürən
xəstəlikdən sonra vəfat etdi.
Balaca qızcığaz ağzını
açıb yeməyini yemək istəmir. Anası deyir ki,
yeməyini yeməsən Ələkbər əmi bizə gəlməyəcək.
Axı, o gün tamaşada sənə dedi ki, yeməyini ye,
bir gün sizə gəlib anandan soruşacam, yemək yemisən,
ya yox. Qız dərhal ağzını açıb yeməyini
həvəslə yeməyə başlayır.
Ramilə
Qurbanlı
Üç
nöqtə.- 2017.- 17 noyabr.- S.12.