“Gənclik gedəndən sonra
sevgi şeirləri yazmaq olmur” – Şairə-dramaturq Kəmalə
Ağayeva Ramilə Qurbanlının “Gərdişi-dövran”
layihəsində...
Onun imzasını tanıyanda hələ orta məktəbin
aşağı siniflərində oxuyurdum. Aşağı deyəndə
ki, yəni sevgi şeirlərinə maraq yaranan yaşda idim.
“Azərbaycan”, “Ulduz” jurnallarını əlimə alan kimi
axtardığım imzalar sırasında bir imza daha çox
yadımda qalıb - Kəmalə Ağayeva.
Son vaxtlar Teatr Xadimləri İttifaqında bir
yaşlı, amma yaşına xas olmayacaq dərəcədə
abırlı bir xanım diqqətimdən yayınmadı.
Soruşdum kimdir? Dedilər Kəmalə Ağayevadır.
Həm Yazıçılar Birliyinin, həm də
Teatr Xadimləri İttifaqının üzvüdür. Tərcümə işlərinin,
şeirlərinin sayı-hesabı yoxdur. Pyesləri səhnədə,
televiziyada oynanılıb.
- 10 yaşımdan şeir yazırdım.
Naxçıvanın bir şairəsi var, Heyran xanım,
6-cı sinifdə oxuyanda onun
yaradıcılığını öyrənirdim. Mənə
qəribə gəlmişdi ki, qadın da şeir
yazarmış, ona görə də tam
yaradıcılığı ilə tanış olmağa qərar
verib oxudum. Bir də gördüm ki, qələmi alıb əlimə
özüm də şeir yazmağa başlamışam.
İlk şeirlərimi yazmağa belə başlamışam. İlk
şeirimin adı “Bahar” oldu.
Gəlir sevimli şən bahar,
Üçub gəlir gözəl quşlar,
İnsanların ən sevdiyi,
Gözəl bahar, gözəl bahar.
Atam da şeir yazan idi, Sabiranə şeirlər
yazırdı. Mən bu baradə sonralar bildim, özüm
artıq şeirlər yazandan, çap olunandan sonra. Bir gün
atam öz şeirlərini mənə göstərib dedi ki, mən
satirik şeirlər yazıram, sən daha çox lirik
üslubda işləyirsən.
Məktəbdə biləndə ki, şeir
yazıram, alıb divar qəzetlərinə verdilər.
Sonra müəllimlərimgöndərirdilər
“Pioner” qəzetinə, başqa qəzetlərə. Heç bəzən
özümün xəbərim olmurdu, nə bilirdim harda
hansı qəzet çıxır.
Orta məktəbi bitirib Xarici Dillər İnstitutuna daxil
oldum. Fransız dili üzrə təhsil alırdım.
İnstitutda ədəbiyyat dərnəyi
vardı. Rəfiqələrim
şeytanladılar ki, Kəmalə şeir yazır, məni də
cəlb etdilər dərnəyə. Qızlardan
incidim ki, niyə məni satdınız? Elə
bilirdim şeir yazmaq və üstəlik onu bəyan eləmək
ayıb bir işdir. Dərnəkdə
utandığımdan şeirlərimi oxuya bilmirdim. Dərs danışmağa da utanırdım. Müəllim gedib pəncərənin yanında
dururdu, deyirdi səsin bura çatmasa əla danışsan da
iki yazacam. Dərnəkdə də
gördülər öz şeirlərimi demək istəmirəm,
başqa bir qıza oxutdurdular mənim şerlərimi. Qız şeri deyib qurtaran kimi hamı qalxıb ayaq
üstdə alqışladılar və müəllifin səhnəyə
çıxmasını tələb elədilər.
Yaşımla şeirlərim tərs mütənasib idi, məni
görən deyirdi ola bilməz ki, bu
şeirləri belə bir qızcığaz yazmış
olsun.Gördüm məni çağırırlar
inanmazsınız girdim kreslonun altına, boy-buxunum da balaca məni
tapa bilmədilər.
Mətbuatda çap olunan ilk şeirim “Hilal olaydım”
oldu. Əli Kərim “Azərbaycan” jurnalında çap
etdirdi.
Ey hilal,
hüsnünə salamlar olsun,
Dolan o
göylərdə gözəlliyinlə,
Sən
parla, hilallı axşamlar olsun,
Dol mənim ruhuma düzənliyinlə.
Şeir
çap olunandan sonra Əli Kərim rəhmətlik dedi ki,Yazıçılar İttifaqında deyirlər
ki, bu qız niyə göylərə can atır, hilalla nə
işi var yerdən yazsın. Bir halda ki, göylərlə
işi var birdəfəlik ay olsun, hilal yox. Dedim mən hələ
ay ola bilmərəm, yaşım azdır
hilala uyğun gəlirəm. Rəhmətlik dedi sənin yerin ədəbiyyatdır.
Belə gəldim ədəbiyyat
dünyasına.
“Hilal olaydım” şerimi Aydın Qaradağlı radioda
jurnalın xülasəsini verəndə oxumuşdu. O vaxt jurnallar da çox
oxunurdu, çap olunurdunsa dərhal tanınırdın. Aydın Qaradağlının da şerimi radio ilə
oxumağı üstəlik. Onun da gözəl
şeir oxumağı vardı. Yoldaşım
həmin şeiri eşidir və düşünür ki, bunu
yazan qız kimdirsə tapıb onunla evlənəcəm.
Görünür qismət belə olur. Onun o vaxtlar 30 yaşı vardı, mənimsə 18.
Buna qız bəyəndirə bilmirlərmiş,
evlənməyi müşkülə dönübmüş.
Bunun bir qohumu bizim məhəllədə
yaşayırdı. Deyir ki, filan adda
şairə qız var, onu axtarıram, qohumu deyir ki, bəs, o
qızbizim məhəllədə olur.
Biz də
üç rəfiqə idik, həm orta məktəbi bir
qurtarmışdıq, həm eyni ildə eyni ali
məktəbə qəbul olunmuşduq. Tətilə
də bir gedib bir qayıdardıq. O, qızlar yaşca məndən
böyük idilər və məni həmişə ortaya
salıb qoruyardılar. Üçümüz də bir-birimizin ailələrinə
də tətil vaxtı gedib baş çəkərdik. İndi də gedirdik qızlardan biri gilə. Qohumu ona xəbər verib ki, qız tətilə gəlib.
Bu da gəlib məhəlləyə gözləyib
məni. Kənardan görüb gedib evlərinə
deyib ki, bu günü itirmək belə səhv etmək deməkdir.
Həmin gün elçi gəlirlər, mən
də qızlardan biri ilə onlarda qalmışam. Anam gilin nəzəri ilə münasib namizəd olur
razılıq verirlər. Atam deyir ki, bu qız onsuz da
deyir ki, mən ərə getməyəcəm, yaxşısı budur elə
lazım bildiyimiz adam verək bunu çıxıb getsin. Həmişə
deyirdim ki, mən ata-anamı qoyub ərə getməyəcəm,
ayıbdır adam da belə vəfasızlıq
edər? O qədər uşaq
düşüncəli idim ki, ailə qurandan bir ay sonra dedim
ki, sizdə nə qədər qalacam, daha evimizə getmək
istəyirəm. Hamı güldü mənə,
yoldaşım dedi ki, səni bir aylıq yox, həmişəlik
gətirmişəm.
Tezliklə
nişanlandıq, bir il sonra toyumuz oldu. Mənim həyatımda onun çox böyük rolu
olub. Ona görə də söhbəti məmnuniyyətlə
həyat yoldaşımdan saldım. Onun
çiyinləri üstündə yüksəldim.
20 yaşımda birdən-birə bütün Azərbaycana
tanınmağımın səbəbkarı da yoldaşım
olub. Bir il idi evlənmişdik. 8 mart
günü yoldaşım mənə bir kitab
bağışladı. Dedi ki, şairəyə kitabdan
böyük hədiyyə ola bilməz. Baxdım ki, Məhsətinin rübailəridir.
Dedim nə gözəl hədiyyədir bu. Yoldaşım teatr rəssamı
idi. Mən də ona
danışmışdım ki, uşaq vaxtı necə səhnəciklər
qururdum, tamaşalar hazırlayırdım. Dedi ki,oxu, Məhsəti açılmamış
qapıdır, onun həyatını səhnəyə gətirə
bilsən yaxşı olar, özü də bacararsan. Deyirdi ki, yazmaqdan başqa heç nə
bacarmırsan. Bu mənə siqnal oldu.
Başqa heç bir iş görə bilmədim, heç nə
yaza bilmədim. Bütün fikrimi Məhsəti
məşğul elədi. Rübaini oxuyub
səhnəni qururdum. Yazdığım
rübailər də Məhsətinin rübailərinə bənzəməyə
başlayırdı. Yoldaşıma dedim ki, apar məni
Bakıya arxivlərə baxım görüm Məhsəti
haqqında nə var. Gəldik axtardım çox az məlumat tapdım. İşlədim
hazırladım yaxşı bir pyes yazdım. Naxçıvan teatrı o pyesi dörd dəfə
hazırlayıb. 21 yaşım vardı
onu yazanda hamı deyirdi ki, yəqin kimsə kömək eliyib,
tək yaza bilməzdi. Alimlər dedilər
ki, bu təkcə dram əsəri deyil, həm də tədqiqat
işidir. Abbas Zamanov, Cəfər Xəndan tamaşa
haqda yaxşı fikirlər, məqalələr
yazdılar.Naxçıvan teatrı Milli Dram Teatrının səhnəsinə
“Məhsəti” tamaşası ilə bir günlük qastrola gəlmişdi.
Tamaşaçılar teatrın pəncərə
şüşələrini qırıb tökdülər,
çünki bilet qurtarmışdı, içəri
keçə bilmirdilər. Məcbur olub
Naxçıvan teatrı ikinci gün Bakıda qalıb
tamaşanı göstərməli oldu. Həmin
gün televiziya ilə canlı yayımlandı ki, baxa bilməyənlər
televiziya ilə baxsınlar.
O vaxt əsər
Milli Dram Teatrına təqdim olundu, ara
qarışdı səhnəyə qoymadılar. İndi Məhsətinin yubileyi ərəfəsində
Milli Dram Teatrı bu əsərə müraciət edəcəyinə
söz verib. Özüm arxasınca
düşməyə utanıram, ona görə teatrlar xəbərsizdir
bu əsərdən.
Bu əsərdən sonra ilk övladım-oğlum dünyaya
gəldi.
Sonra yeddi il övladım olmadı. Yeddi il sonra yenidən müalicəsiz-filansız
ikinci övladım dünyaya gəldi. Elə bil Allah özü şərait
yaratdı ki, mən yazıb-yaratmaqla məşğul olum. İkinci pyesim “İsmət” pyesi oldu. O da
tamaşaya qoyuldu. Üçüncü pyesim
“Apardı sellər Saranı” oldu. Naxçıvan
teatrında bu tamaşanın 10 gün premyerası
keçirildi.Televiziya ilə də çəkilib
nümayiş olunur.
Şeirlərim daha çox sevgidəndir. Mənə
çox sual verirlər ki, niyə sevgi şeirlərini
çox yazırsan, öz başına gələnlərdir?
Görünür, mən heç sevməmişəm
ona görə. Yoldaşımı
çox istəmişəm, çünki bütün həyat
düzənim onun əlindən keçib. Məni salırdı otağa, uşaqlara özü
baxırdı deyirdi sən yaz. Gələcəkdə
sən bu uşaqlara lazım olacaqsan. Uzaq görən adam idi, elə də oldu. Üç
övladımız var, özü 20 ildir rəhmətə
gedib. 20 ildə onu düşünmədiyim
bir gün olmayıb. Yeri çox
görünür həyatımda. Naxçıvanda
hər şey onu mənə xatırlatdığı,
özümə gələ bilmədiyim üçün
kiçik oğlumla köçüb Bakıya gəldim.
Kiçik oğluma çox bağlıyam, mənim
kimi fransız dili üzrə təhsil alıb. Böyük oğlum teatr adamıdır, atası
kimi. Qızım ailə qurub xaricdə
yaşayır.
Heydər Əliyev rəhmətlik məni çox istəyirdi,
yaşım heç düşməmiş mənə təqaüd
kəsdi. Onun sayəsində xarici ölkəyə səfərlərə
getmişəm. Heç bilmirdim Amerikada necə
hərəkət edəcəm, necə danışacam. Məni çağırıb bizim təhlükəsizlik
komitəsinə dedilər necəsən elə də ol, getməlisən. Orda şeirlərimi
oxuyurdum, tərcüməçi ingilis dilinə tərcümə
edirdi. Axırda hamı
yığışıb başıma məni
öpürdü. Mən də təmizliyi sevən
adamam, kişi demir, qadın demir
hamısı öpür.
Nə arzulamışamsa gec də olsa
çatmışam arzuma. Bir gənclik arzum
vardı, düşünürdüm ki, bilmək istəyirəm
görəsən Amerikada gül-çiçəklər necə
olur. Amerikada mənə iri bir buket
bağışladılar, gördüm onların
çiçəklərinin necə olduğunu.
Son vaxtlar gözlərim çox zəifləyib, çətin
işləyirəm. Artıq 70 yaşım var. Dövlət mənə
çox qayğı göstərib. Fəxri
adlarım var, prezident təqaüdü alıram.
70 yaşı keçmişəm, amma ruhum gəncdir,
bunun səbəbkarı yoldaşım, teatr rəssamı Məmməd
Qasımov olub. Allah ona rəhmət eləsin, məni
uşağı kimi əzizləyib. İndi hər il xatirəsinə
bir şeir həsr edirəm. Cavanlıq getdi əldən. Daha
sevgi şeirləri yazmaq olmur.
Üç
nöqtə.- 2017.- 4 sentyabr.- S.12
Ramil Qurbanlı