Norveçdə Azərbaycan diaspor təşkilatları

 

Azərbaycan diasporunun fəaliyyət göstərdiyi xarici ölkələrdən biri də Norveçdir. Avropanın bu ölkəsində təqribən 3 minə yaxın soydaşımız yaşayır. Əsasən XX əsrin əvvəllərindən bu gunə qədər buraya köçən azərbaycanlı Norveçə məxsus adalarda yaşayırlar. Norveç dövlətinin daxili qanunvericiliyi bura köçən ilk mühacirlərə iri şəhərlərdə yaşamaq imkanı vermir. Norveç-Azərbaycan arasında münasibətlərin günü-gündən inkişaf etməsi buradakı soydaşlarımızın fəaliyyətinə ciddi təsir gostərir. Norveç  Mədəniyyət Nazirliyinin təşəbbusü ilə norveçli musiqiçilər Bakıda, azərbaycanlı müğənnilər isə Osloda konsert proqramları ilə çıxış edirlər. Tarixi mənbələrə nəzər saldıqda aydın olur ki, məşhur Norveç tədqiqatçısı Tur Heyerdalın qənaətinə görə, bir sıra çağdaş Avropa tayfalarının və xalqlarının, o cümlədən Skandinaviyada yaşayan xalqların ulu əcdadları vaxtilə Qobustan ərazisində yaşayıb, lakin sonralar naməlum səbəblər üzündən köç edərək Avropaya gediblər. Alimin Qobustanşünaslıq sahəsində yeni olan bu mülahizəsi çağdaş Azərbaycan xalqı ilə Skandinaviya xalqları arasında etnik, bioloji, antropoloji, tarixi, mədəni əlaqələrin mövcud olmasından xəbər verir. Öz fikirlərini elmi-tarixi, maddi dəlillərlə əsaslandıran alim Qobustandakı qayaüstü rəsmlərin tam oxşarının Skandinaviyadakı daş mağaralarda da olduğunu söyləyib. 1981-1994-cu illərdə bu qayaüstü rəsmləri tədqiq etmək üçün Qobustana xüsusi səfərlər təşkil edən Tur Heyerdal Xəzər sahillərini sonralar su yolları vasitəsilə şimala və cənuba doğru yayılan böyük bir sivilizasiyanın beşiyi hesab edib. Heyerdal öz ehtimallarını təkcə Qobustandakı qamış qayıq təsvirlərinin əsrlərlə sonra vikinqlər tərəfindən Norveç mağaralarının divarlarında həkk edilmiş analoqları ilə üst-üstə düşməsi ilə deyil, həmçinin orta əsrlərdə yazılmış saqalarda (norman dastanlarında) xatırlanması ilə sübuta yetirə bilib. Norveç Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 2 yanvar 1992-ci ildə tanıyıb. Ölkələr arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulub. 22 iyul 1998-ci ildə Norveç Krallığının Azərbaycanda səfirliyi açılıb. Ötən dövr ərzində Norveç və Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub, əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar və hüquq-müqavilə bazası yaradılıb. Norveç rəsmiləri dəfələrlə bəyan ediblər ki, Norveç Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həllini dəstəkləyir.

 

Bu gün Norveçdə bir neçə Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, həmin təşkilatlar da Azərbaycanın üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımının norveçlilərə çatdırlmasında yaxından iştirak edirlər. Norveçdəki Azərbaycan diaspor təşkilatları paralel olaraq zəngin tarixi-mədəni irsimizin də fəal təbliğatçıları hesab edilirlər. Bu məqsədlə bu ölkədəki diaspor təşkilatlarımız tərəfindən müntəzəm olaraq mədəni-kütləvi tədbirlər təşkil olunur. Norveçdə fəaliyyət göstərən aktiv Azərbaycan diaspor təşkilatlarından biri də Norveç Azərbaycanlıları Gənclər Təşkilatıdır. Norvec Azərbaycanlılarının Gənclər Təşkilatı 2005-ci ildə Norveçdə təsis edilib. Beş nəfərdən ibarət idarə heyyəti olan  Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) dünyəvi, sivil, qeyri-siyasi və gəlir əldə etmək məqsədi olmayan bir təşkilatdır. Təşkilatın əsas məqsədi orada yaşayan azərbaycanlıların Norveç ictimaiyyətinə inteqrasiya olunmasında yardımcı olmaq, onları təşkilatlandırmaq, hüquqlarını müdafiə etmək və sosial problemlərinin həlli istiqamətində işlər görməkdir. Azərbaycan xalqının mədəniyyətini, tarixini, problemlərini və nailiyyətlərini çatdırmaqla yanaşı, iki  ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafına dəstək verməklə dostluq və əməkdaşlıq körpüsü  rolunu oynamaqdır. NAYO təşkilatı həm  Norveçdə, həm də xaricdə davamlı olaraq müxtəlif  mövzularda tədbirlər, layihələr həyata kecirir. Ən böyük layihələrdən biri kimi Norvecçin Beynəlxalq Əlaqələr İnstitutunda "Azərbaycanın Cənubi Qafqazda geosiyasi rolu" mövzusunda seminarı göstərmək olar. Həmin tədbirdə Norveçdə akkreditə olan dörd səfirliyin nümayəndəsi, parlamentin üzvləri, qeyri-hökumət təşkilatlarının  nümayəndələri iştirak ediblər. Bundan başqa Norveçin Biznes Menecment İnstitutunda biznes təşkilatlarının iştirakı ilə "Azərbaycanın yüksələn iqtisadiyyatında investisiya imkanları" mövzusunda biznes-forum təşkil edilib. Ümumiyyətlə, Norveç Azərbaycanlıları Gənclər Təşkilatının layihələri üç hissəyə bölünür. Belə ki, tədbirlərdə ilk olaraq Azərbaycanın potensialı, neft strategiyası, regionda mövqeyi, daha sonra isə Dağlıq Qarabağ  problemi, Xocalı faciəsi və ermənilərin törətdiyi digər vəhşiliklər, nəhayət, sonda tibbi və Azərbaycanın  turizm potensialını əks etdirən kitablar təqdim edilir. NAYO Azərbaycan diaspor təşkilatları içərisində şəbəkəsi olan yeganə təşkilatlardandır. Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramil Əliyevdir. Qeyd edildiyi kimi NAYO fəaliyyəti müddətində bir sıra uğurlu layihələr həyata keçirib. Belə layihələrdən biri keçən il baş tutub. Belə ki, Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşəbbüsü, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə mədəniyyətimizin bu ölkədə təbliği məqsədi ilə bir qrup gənc musiqiçi və rəqqasımız "Saqene Beynəlxalq Festivalı-2012"-də iştirak edib. Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramil Əliyev 16 ölkənin təmsil olunduğu festivalda gənclərimizin iştirakını Norveçdəki Azərbaycan diasporunun uğuru kimi qiymətləndirib. Bildirib ki, festivalda MDB ölkələrindən yalnız Azərbaycan təmsil olunub. Festivalda çıxış edən Oslonun Saqene rayonunun bələdiyyə sədri Helqe Stoltenberq tədbirdə iştirak edən dövlətlərin Norveçdəki icmalarının bu ölkənin cəmiyyətinin ən fəal təbəqəsi olduğunu vurğulayıb. Mədəni dəyərlərimizin təbliği və Norveçdəki Azərbaycan icmaları arasında əlaqələrin inkişafına nail olmaq məqsədi ilə NAYO "Odlar yurdu Azərbaycan" adlı konsert proqramı da təşkil edib. Konsertə həmyerlilərimizlə yanaşı, əcnəbi qonaqlar da qatılıblar. Gecədə Norveç Azərbaycanlıları Gənclər Təşkilatının fəaliyyəti ilə bağlı məlumat verən Ramil Əliyev qeyd edib ki, təşkilat İsveç-Azərbaycan Federasiyası ilə birgə Stokholmda azərbaycanlıların və əcnəbilərin iştirakı ilə mədəni layihə həyata keçirib. NAYO-nun sədri bu layihəni Skandinaviyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının regional əməkdaşlığının növbəti uğuru kimi qiymətləndirib.

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO)  "Xocalıya ədalət" kampaniyasına da qoşulub və bu kampaniyaya dəstəyini əsirgəməyib. Nəticədə təşkilat Heydər Əliyev Fondu ilə səmərəli iş birliyi yaradaraq, onların Xocalı soyqırımına həsr olunmuş fotosərgisini Norveçdəki "Holokost" mərkəzində nümayiş etdirib. Sərgidə çıxışı zamanı NAYO sədri deyib ki, diaspor təşkilatı olaraq bu faciənin beynəlxalq qiymət almasına qədər daima virtual məkan, yazılı materiallar, faktlar, fotolar və s. effektiv üsullarla təbliğini aparmalıyıq,  NAYO-nun təşkil etdiyi foto-sərgi çərçivəsində Xocalı soyqırımına həsr olunmuş seminar da keçirilib. Seminarda Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimov fəxri qonaq kimi iştirak edərək Xocalı soyqrımı və onun törətdiyi fəsadlar haqqında danışıb. Seminar-sərgi layihəsində Norveç Azərbaycanlıları Gənclər Təşkilatı üzvləri, Norveç hökumətinin nümayəndələri, norveçli və əcnəbi siyasətçilər, tədqiqatçılar, professorlar, bu ölkədə təhsil alan yerli və xarici tələbələr, kütləvi informasiya vasitələrinin  nümayəndələri iştirak ediblər.

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı həmçinin Azərbaycanın qədim və zəngin mədəni irsinə daxil olan aşıq sənətinin xaricdə təbliği istiqamətində növbəti layihəni həyata keçirib. Əsasən norveçlilər və Norveçdə yaşayan əcnəbilər üçün nəzərdə tutulmuş bu layihə Oslo Universiteti ilə NAYO-nun əməkdaşlığı çərçivəsində həmin universitetin kitabxanasında baş tutub. Norveç Konservatoriyasının azərbaycanlı tələbəsi Əhməd Mirzəyevin ifasında aşıq havalarımız və dünya klassik irsinin dəyərli nümunələri canlı olaraq səsləndirilib.

Aşıq sənətinin təbliğini nəzərdə tutan "Lunsj med Kultur" layihəsi çərçivəsində gerçəkləşən bu tədbirdə Azərbaycan haqqında kitab və suvenirlərin də nümayiş olunub. Tədbirdə çıxış edən NAYO-nun sədri Ramil Əliyev bildirib ki, şifahi xalq sənətimizin dəyərli nümunəsi olan aşıq musiqimizin YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin uğurudur: "İndi aşıq musiqimiz dünyada daha yaxşı tanınmağa başlamışdır və layiqincə təbliğ olunur. Biz də diaspor təşkilatı olaraq xalqımızın bu nadir mədəni incisinin Avropada təbliğini həyata keçirmək məqsədi ilə silsilə layihələri reallaşdırırıq" Azərbaycan xalçasının da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin Norveçdə yaşayan azərbaycanlıları sevindirdiyini vurğulayan Ramil Əliyev deyib ki, biz gələcək layihələrimizdən birini də bu sənət növünə həsr edəcəyik. Keçirilən tədbirdə  Azərbaycan xalçasının kiçik ölçülü nümunələri sərgilənib və xalçaların rəngarəngliyi tədbiri daha da maraqlı edib. Tədbirdə çıxış edən Əməd Mirzəyev isə bildirib ki, bir azərbaycanlı olaraq milli musiqimizin Avropada təbliğindən qürur duyur. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Azərbaycanda birinci Beynəlxalq aşıq festivalı keçirilməsindən sevinc hissi keçridiyini deyən natiq deyib ki, bu layihəyə öz töhfəsini Norveçdə NAYO-nun təşəbbüsü ilə aşıq sənəti ilə bağlı keçirilən mədəni tədbirdə çıxışla verməyə çalışıb.

Norveç Azərbaycalıları Gənclər Təşkilatından başqa bu ölkədə daha bir neçə Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Bunlardan biri də 1989-cu ildə yaradılmış Norveç Azərbaycan Mədəniyyət Mərkəzidir. Yaqub Cavidinin rəhbərlik etdiyi təşkilat əsasən Azərbaycan mədəniyyətinin təbliği istiqamətində çalışır. 1999-cu ildən mövcud olan "ANA" Azərbaycan-Norveç Assosiasiyasının isə əsas məqsədi iki ölkə arasında münasibətləri inkişaf etdirməkdir. Təranə Sadıxova-Nilsen və Mehparə Ismailovanın rəhbəri olduğu Azerbajdsan- Norsk  Kultur forenning -Azərbaycan-Norveç Mədəniyyət Cəmiyyəti 2002-ci ildən fəaliyyət göstərir. Adıçəkilən təşkilat da Norveçdə Azərbaycan mədəniyyətinin təbliğatı ilə məşğöuldur.

Üç nöqtə.- 2017.-17 oktyabr.- S.-5.