“Hiss etdim ki, onu görməyəndə,
səsini eşitməyəndə darıxıram”
“Quzuları başlı-başına
buraxıb, futbol oynamağa gedirdim”
“Bizdən iki sinif aşağı, balaca
göygöz bir qız var idi. Bir gün məşqdən
sonra müəllim bizi çölə çıxardı ki,
indi də qızlar oxuyacaq. Çöldə qapının
ağzında dayananda, eşitdim ki, kimsə “Ay gilənar, ay
gilənar, baxçamızın göyçək
qızı”- belə bir mahnı oxuyur. Bunu oxuyan qızın səsi
çox xoşuma gəldi. Oxuyanın kim olduğunu öyrənmək
üçün bir bəhanə tapıb içəri girdim.
Və gördüm ki, həmin göygöz qız... Daha
sonralar hiss etdim ki, onu görməyəndə, səsini
eşitməyəndə darıxıram” - bu sözləri
bizimlə söhbətində Azərbaycanın xalq artisti,
aktyor Ramiz Novruz dedi. Həmin müsahibəni sizlər
üçün təqdim edirik.
“Kəndin
ən çox quzu itirən uşaqlarından biri idim ”
Ramiz
müəllim 1955-ci il Biləsuvar rayonunun Səmədabad kəndində
dünyaya göz açıb, beş uşaqlı ailənin
üçüncü uşağı olub:
“Bir qardaşım və üç bacım
var idi. Məktəbə öz kəndimizdə getmişəm.
Lakin bizim məktəb səkkiz illik olduğu
üçün son iki ili qonşu məktəbdə
oxumuşam. O qədər də savadlı şagird olmasam da, məktəb
üçün lazımlı şagird idim (Gülür).
Riyaziyyat və kimyadan yaxşı oxumurdum, amma tədbirlərdə
çox iştirak edirdim, fəal idim. Qoyun-quzu otarmağa
gedirdik. Kəndin ən çox
quzu itirən uşaqlarından biri idim. Quzuları
başlı-başına buraxıb, futbol oynamağa gedirdim,
tamaşalar olanda quzuları atıb tez evə
qaçırdım”.
“Komendanta 10 manat hörmət etdik və həmin
döşəkləri aldıq”
Müsahibimiz deyir ki, uşaq olanda deyişməyi,
müxtəlif səhnəciklər göstərməyi
xoşlayırmış:
“ Kənd uşaqları ilə birlikdə dərnəklər,
konsertlər təşkil edirdik. Kənd camaatı da
yığışıb baxırdı, onlara maraqlı gəlirdi.
Yavaş-yavaş kəndin aktyoruna çevrildik. İnternat məktəbində
siyahı ilə köhnə əşyaları
çıxarıb atırdılar. Döşəkləri
aparıb yandıracaqdılar. Uşaqlarla öz aramızda pul
yığıb, komendanta 10 manat hörmət etdik və həmin
döşəkləri aldıq. Onlardan güləş
döşəkləri düzəltdik. Kluba kənddən
xeyli cavan uşaqlar cəlb olundu. Əslində bu çox
yaxşı oldu, çünki kənd arasında
böyük-böyük danışan, başqalarına
yalandan xof gələnlərin hamısının gücü
orda üzə çıxdı (Gülür)”.
“Amma bu dəfə elə etmədim, yazdım
ki...”
Ramiz müəllim deyir ki, kəndlərində
Əzizbəyov kanalı vardı:
“Həmin kanalda üzməyi öyrənmişdik,
daha sonra futbol oynayırdıq, at çapırdıq.
Özüm də bilmədən aktyorluğa meyillənmişdim.
Məktəb illərində həyatımda ən
böyük partlayış isə Şamdan bəyi oynamağım
oldu. Aktyorluğa meylliyim 8-ci sinifdən etibarən kəndimizdə
başlayıb. Əvvəllər orta məktəbdə “Kim
olmaq istəyirəm ?” adlı inşa
yazdırılırdı. Həmişə müəllimin
xoşuna gəlmək üçün yalandan hamı “mən
müəllim olmaq istəyirəm”- yazırdı. Amma mən
bu dəfə yazdım ki, bundən
əvvəl inşanı yalan yazmışam, amma bu dəfə
doğrunu yazmaq istəyirəm. Mən aktyor olmaq istəyirəm,
hansı aktyorların oyununa baxıb həvəsləndiyimi də
qeyd etdim. Bundan sonra humanitar sahə müəllimləri mənə
diqqət yetirməyə başladılar. Dəqiq fənlərin
müəllimləri isə məndən əllərini
üzdülər. Hətta xasiyyətcə çox sərt, ləhcə
ilə danışan kimya müəllimimiz məni lövhəyə
çıxarıb, “Sənin məktibiyi oxudum, yaxşı məktib
yazmısan. Daha səndən kimya soruşmayacam”- dedi. Beləcə
o dərsdən canım qurtardı”.
“Qaraltı Rza müəllimə
yaxınlaşıb əli ilə titrəyən dizimi göstərdi”
Müsahibimizin fikrincə, aktyorluq ilk məhəbbət
kimi bir şeydir, çünki sevəndə səbəbini
bilmirsən. Əgər səbəbini bilsən, artıq o
sevgi deyil:
“Ayağım səhnəyə dəyəndən
və səhnənin sehrini hiss edəndən sonra ayrıla
bilmədim. Valideynlərim mənim tarix müəllimi
olmağımı istəyirdilər. Ona görə də sənədlərimi
instituta gizlincə vermişdim. Aktyor sənətindən
imtahan zamanı ciddi
sorğu-suala tutulmadım. Çünki müəllimlərdən
biri böyük aktyorumuz Rza Təhmasib idi. İmtahanda demək
olar ki, hamı eyni şeirləri öyrənmişdi. Mən
isə böyük türk şairi Tofiq Fikrətin “Sis”
şeirini hazırlamışdım. O vaxtı türk
sözünü işlətmək, türkçülükdən
danışmaq sovet cəmiyyəti üçün birbaşa
cinayət idi. Mən də bunları bilmirdim. İmtahanda nəyi
hazırladığımı soruşdular. Rza Təhmasibdən
başqa bütün müəllimlər rus idi. Şeirin və
müəllifin adını deyəndə müəllimlər
mənə qəribə baxdı. Bu zaman R.Təhmasib də
diksindi, dedi nə? Həyəcandan sol ayağım yerində
dayanmır, dəhşətli dərəcədə titrəyirdi,
gözümü arxada bir nöqtəyə dikib
danışırdım. Hiss etdim ki, bir qaraltı Rza müəllimə
yaxınlaşıb əli ilə mənim titrəyən
dizimi göstərdi. Bu həmin rus müəllimlərdən
biri idi. Rza müəllim şeiri yarımçıq
saxlayıb dedi ki, yaxşı bəsdir. Məndən başqa
nəsə soruşmağa qoymadı, iki “4”, bir “5” qiyməti
aldım”.
“Rektor mənə dedi ki, söz dəyirmandakıdır”
Ramiz müəllim deyir ki, şifahi imtahandan
sonra yazılı imtahan olub, mövzusu isə “Hacı Qara”
imiş: “İmtahanda bəziləri “şpalqalka”
keçirirdilər. Amma mən köçürməyi
özümə söyüş bilirdim. Ona görə də
yazdım ki, qarşımda bir kitab var, M.F.Axundovun
seçilmiş əsərləri, vərəqləyirəm.
Digər əsərlərin adlarını sadalayıram, sonra
yazıram növbəti əsər isə “Hacı
Qara”dır. Bəli, bu barədə danışacağam,
bundan sonra öz fikirlərimi yazmağa başladım. Amma mənə
“2” qiyməti yazmışdılar. O vaxtı qrammatikada bir
qayda var idi ki, əgər bir sözdə səhv etmisənsə,
o sözü mətndə neçə dəfə işlətsən
də bir səhv hesab olunurdu. Yoxlayan müəllim isə
hamısını ayrıca səhv kimi qiymətləndirmişdi.
Mən də şikayətə qohumum ilə
getdim, rektor da gəldi, yazıya baxdı. Dedi ki, gəlin bir
az səmimi olaq, bu yazını adi bir abituriyent yaza bilməz
axı. Qohumum dəftəri alıb dedi ki, belə bir
“şpalqalka” da ola bilməz axı. Rektor dedi ki, hə, düzdür,
bu beynin məhsuludur. Orda söz verdi ki, Ramiz başqa
instituta daxil olsa belə, onu İncəsənət
İnstitutuna köçürəcək. Daha sonra Pedaqoji
İnstituta daxil oldum və rektorun yanına gəlib vədini
xatırlatdım. Rektor mənə dedi ki, söz dəyirmandakıdır.
Beləcə, sənədlərimi alıb
arzuladığım və oxumaq istədiyim İncəsənət
İnstitutuna verdim”.
“Bir neçə qadın polisə xəbər
vermişdi ki, iki nəfəri öldürüblər”
Ramiz müəllim deyir ki, bəzən institutda
yer olmadığı üçün gedib parklarda məşq
edirmişlər:
“Bir dəfə, Yasamaldakı “Sevil”
kinoteatrının yanındakı parkda “Polis və cani”ni məşq
edirdik. Bunu bir neçə qadın görüb, polisə xəbər
vermişdilər ki, orda iki nəfəri öldürüblər.
Polislər də gəlib bizi tutub aparmışdı. Məşq
etdiyimizi izah edəndən sonra bizi azad etdilər. Tələbə
vaxtı nənəmin Bakıda evi olduğu üçün
onunla qalırdım. Tələbə yoldaşlarımın
hamısı bizə gəlib gedirdi. Evimə
institutun paytaxtı deyirdilər. Çünki ac olan kimi
hamı bura qaçırdı. Tələbə olan zaman maddi
sıxıntı şəkməmək üçün iki
yerdə - institutun tədris teatrında işləyir və
mağazada gözətçi dayanır, bundan əlavə də
əlaçılıq təqaüdü alırdım.
İnstitutdakı qruplar içərisində ən məhsuldar
qruplardan biri bizim qrup oldu. Hazırda 10 nəfərdən
altısı işləyir”.
“Hiss etdim ki, onu görməyəndə, səsini
eşitməyəndə darıxıram”
Ramiz müəllim bildirir ki, hələ səkkizinci
sinifdə oxuyarkən tamaşalarda iştirak edirmiş. Onun
sözlərinə görə, qızlar da fəallığı
ilə seçilirmiş, xüsusilə yaxşı mahnı
oxuyan qızlar varmış: “Bizdən iki sinif
aşağı, balaca göygöz bir qız vardı. Müəllim
bizi məşqdən sonra çölə
çıxardı ki, indi də qızlar mahnı oxuyacaq.
Çöldə eşitdim ki, kimsə “Ay gilənar, ay gilənar,
baxçamızın göyçək qızı”- belə
bir mahnı oxuyur. Bunu
oxuyan qızın səsi çox xoşuma gəldi.
Oxuyanın kim olduğunu görmək üçün bir bəhanə
tapıb içəri girdim. Və gördüm ki, həmin
göygöz qız... Daha sonralar hiss etdim ki, onu görməyəndə,
səsini eşitməyəndə darıxıram. Aramızda
heç bir söhbət olmadı, amma uzaqdan hiss edirdi ki, mən
baxıram. Onların evi bizim məktəbin arxa tərəfində
idi. O da məni görmək bəhanəsi ilə
çölə çıxır, lazımsız bir şeyi
guya zibil qabına atırdı. Bu söhbət artıq kənddə
yayılmışdı. Məktəbi bitirib Bakıya gələndən
sonra bir müddət əlaqəmiz kəsildi. Kəndimizin
uşaqları mənə onun barəsində tez-tez məlumat
verirdilər və kimsənin ona yaxınlaşmasına imkan
vermirdilər. Amma bir ara söhbət çıxdı ki,
başqasına verəcəklər. Bakıda olduğum
üçün bir çıxış yolu tapa bilmədim,
ona görə də artıq əlimi üzdüm...”.
“Çevrilib baxdım ki, həmin balaca,
göygöz qız...”
Sonralar sevdiyi qızı təsadüfən
Bakıda küçədə gördüyünü deyən
müsahibimiz bildirdi ki, hamı bir yerə toplaşıb nəyəsə
maraqla baxırdı: “Nə baş verdiyini öyrənmək
üçün ora yaxınlaşdım. O vaxtlar xarici maşın Bakıda
bir nəfərdə var idi. Hər kəs “mercedes” in ətrafına
yığışıb elə maraqla baxırdı ki... Gördüm ki, yox bu mənlik deyil, üzümü
çevirib getmək istəyəndə ötəri olaraq
gözümə doğma kimsə göründü, bir
cüt qorxaq göz mənə baxırdı. Çevrilib
yenidən baxdım ki, həmin balaca, göygöz qız...
Bundan sonra arxasınca düşdüm, xeyli müddət sakit
gedəndən sonra yaxınlaşıb salam verdim, elə ilk kəlməmizi
də orda kəsdik. Əvvəllər salam verməyə də
cəsarətim olmayıb. Təsadüfən Musiqi Kollecinə
daxil olduğunu öyrəndim. Bundan sonra ancaq Musiqi Kollecinə
getməyə başladım (Gülür). Mən
üçüncü kursda olan zaman ailə həyatı
qurduq. Hərbi xidmətə isə evlənəndən sonra
getdim. Əsgər gedəndə artıq bir qızım var
idi. Hazırda isə iki qız, bir oğul övladımız
var”.
“Dərk etdim ki, sovet texnikası heç nəyə
yaramır”
Ramiz müəllimin sözlərinə görə
hərbi xidmətdə bəxti o qədər də gətirməyib:
“İnstitutu bitirdikdən sonra hərbi
xidmətə yollandım, amma orada bəxtim gətirmədi.
İlk altı ayı SSRİ-nin ən ucqar nöqtələrindən
birində, Çita vilayətində keçirdim, oradan
Çin görünürdü. Altı ayın tamamından
sonra bizi başqa yerə aparanda sevindik. Amma bu sevincimiz
çox çəkmədi, çünki bu dəfə də Yaponiyanın sərhədinə
apardılar. Düzdür, mən hərbi xidmətdə
çox şey öyrəndim - dünyanın xəritəsini,
ölkələrin paytaxtlarını və s. Amma mən orda
dərk etdim ki, sovet texnikası heç nəyə
yaramır. Bir dəfə leytenantdan soruşdum ki, bu
texnikaların heç biri işləmir, sabahı gün
çağırış olsa, müharıbə olsa necə
olacaq? Dedi ki, sabah müharibə
olsa bunlar onsuzda heç kimə və heç nəyə
lazım olmayacaq”.
“Mən “çornıy kamen” şeirini deyəndə
zaldan bir gülmək səsi çıxdı ”
Müsahibimiz aktyorluğu bitirdiyi
üçün hərbi xidmətdə konsert zamanı
şeir deməyini istəyiblər, o da razılaşıb:
“Çornıy kamen” (Qara Mərmər) şeirini əzbərləyib
səhnəyə çıxdım. Əslində mən elə
bilirdim ki, rusca danışığım yaxşıdır.
Şeirə başlayıb “çornıy kamen” deyən zaman
zaldan bir gülmək səsi çıxdı (Gülür).
Bu zaman həyəcanım daha da artdı, lakin buna baxmayaraq
şeiri sonadək dedim. Bundan sonra həmin söz orda məşhur
olmuşdu. Bir dəfə axşam yeməkxanadan çıxıb
kazarmaya gedirdim. Gördüm ki, məndən qabaqda bir zabit
gedir, ayaqüstə dayana bilmir, güclə yeriyir, qarı təpikləyə-təpikləyə
gedir. Arxadan gəlib buna kömək etmək istəyirdim ki,
yıxılmasın. O heç mənim arxada olduğumu
bilmirdi. Gördüm deyir ki, “Çornıy kameeeen”...”.
Könül Əhmədova
Üç
nöqtə.- 2018.-6 aprel.- S.10.