Naxçıvanda 1200-dən çox tarixi
abidə qeydə alınaraq pasportlaşdırılıb,
60-dan çoxu bərpa
olunub
Hər il
aprelin 18-i Beynəlxalq
Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.
Naxçıvan xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən mağaralar, yaşayış yerləri,
möhtəşəm qalalar,
qayaüstü rəsmlər,
daş qoç heykəlləri və türbələrlə zəngindir.
Qayaüstü təsvirlərin
qeydə alındığı
Gəmiqaya abidəsi Naxçıvanın ən
qədim dövr incəsənətinin, mənəvi
və maddi mədəniyyətinin canlı
ensiklopediyasıdır. Gəmiqayanın 1500-ə qədər qayaüstü
rəsmləri, müxtəlif
kompozisiyalı təsvirlərlə
birlikdə həndəsi
işarələri, piktoqrafik
yazıları insan təfəkkürünün, estetik
baxışlarının, dünyagörüşünün,
təsəvvürlərinin bu günə çatdırılması baxımından əvəzsiz mənbədir.Naxçıvan
ərazisində mövcud
olan “Əshabi-Kəhf
Ziyarətgahı” Dini-Mədəni
Abidə Kompleksi, Qazma mağarası, Kilit mağarası, I Kültəpə, II Kültəpə,
Şahtaxtı, Qızılburun,
Gəmiqaya, Xaraba Gilan, Quyulu dağ,
Möminə xatın,
Qarabağlar, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Əlincə qalası,
Ovçular təpəsi,
Oğlanqala, Xələc,
Fərhad evi, Naxçıvanqala, tarixi təbiət abidələrindən
– Haçadağ, Batabat,
Duzdağ, Babək qalası, Dəvəboynu və başqa yüzlərlə abidə
keçmişimizi bu günə daşıyan,
maddi və mənəvi həyatımızın güzgüsü rolunu oynayan sənət və təbiət inciləridir.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında
özünəməxsus rol
oynayan Naxçıvanın
hər daşının,
hər qayasının
tarixin canlı şahidi olduğunu bildirərək deyirdi: “Naxçıvan
Azərbaycan xalqının
qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan
Azərbaycan xalqının
tarixini əks etdirən abidələri özündə cəmləşdirən
bir diyardır”.Bu gün dünyanın
ən qədim insan məskənlərindən
biri olan Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət
abidələrinin qorunması
və bərpası istiqamətində ardıcıl
tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında”
2001-ci il 26 aprel tarixli Sərəncamına
uyğun olaraq Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilmiş, bu mövzuda onlarla elmi məqalə və kitab yazılıb.
2005-ci ildə Gəmiqaya
abidəsinə beynəlxalq ekspedisiya təşkil edilib, Gəmiqaya ətrafındakı
arxeoloji abidələrdə
tədqiqatlar aparılaraq
etnoqrafik, folklor və onomastik materiallar toplanıb. Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin “Naxçıvan
Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət
abidələrinin qorunması
və pasportlaşdırılması
işinin təşkili
haqqında” 2005-ci il 6
dekabr tarixli Sərəncamı muxtar respublika ərazisindəki
tarix və mədəniyyət abidələrinin
tədqiqinə stimul
verib, bu dövrdə 1200-dən çox
abidə qeydə alınaraq pasportlaşdırılıb.Abidələr
təkcə tarixin yaddaşı və yadigarları deyil, eyni zamanda, maddi-mədəniyyət
nümunələridir. Ona
görə də onların qorunması və gələcək nəsillərə çatdırılması
olduqca vacibdir. Son illər qədim diyarımızda 60-dan çox
abidəyə ikinci həyat verilib, Möminə xatın türbəsi konservasiya edilib, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni
Abidə Kompleksində
əsaslı təmir
işləri aparılıb,
Yusif Küseyir oğlu türbəsi və Nuh Peyğəmbərin
məzarüstü türbəsi, imamzadələr,
muxtar respublika ərazisindəki qədim
hamamlar və buzxanalar, “Came” məscidi, Zaviyə mədrəsəsi, Xan sarayı, Aza körpüsü, Qeysəriyyə,
Naxçıvanqala və
digər tarixi abidələr əsaslı
bərpa olunub. Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin 2006-cı ildə
“Nuh peyğəmbərin
Naxçıvan şəhərindəki
məzarüstü türbəsinin
bərpa edilməsi haqqında”, 2010-cu ildə
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq
Muzeyinin yaradılması
haqqında”, 2013-cü ildə
“Naxçıvanqala” Tarix¬-Memarlıq Muzey Kompleksinin yaradılması
haqqında”, 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala”
tarixi abidəsinin bərpa edilməsi haqqında”, 2015-ci ildə
“Gülüstan türbəsinin
bərpası və tədqiq olunması haqqında”, 2016-cı ildə
“Qarabağlar Türbə
Kompleksinin bərpası
və tədqiq olunması haqqında” imzaladığı sərəncamlar
da tariximizin və mədəni irsimizin öyrənilməsi,
təbliği baxımından mühüm
əhəmiyyətə malik
dövlət sənədləridir.
Hazırda Kəngərli rayonunda XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksində, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid Şərq hamamının bərpası davam etdirilir. Babək rayonunun Nehrəm kəndində XVIII əsrin yadigarı olan İmamzadənin və Naxçıvan şəhərində XVIII əsrə aid İmamzadə kompleksinin bərpası başa çatdırılıb. Bundan başqa, son illərdə qədim diyarımızda möhtəşəm türk-islam memarlığı abidələri olan məscidlər inşa edilərək istifadəyə verilib.Muxtar respublikada abidələrimizin tədqiqi və beynəlxalq miqyasda təbliği istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan”, 2009-cu ildə “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan”, 2011-ci ildə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, 2012-ci ildə “Naxçıvan: ilkin şəhər və Duzdağ”, 2016-cı ildə “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzularında beynəlxalq simpoziumların və konfransların keçirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu simpoziumlar alimlərimizin xarici ölkə¬lərin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan verib, beşminillik tarixi əhatə edən Naxçıvan şəhər mədəniyyəti tədqiqat mövzusuna çevrilib. Muxtar respublikada aparılan arxeoloji ekspedisiyalarda ABŞ, Fransa, Türkiyə, Macarıstan və başqa ölkələrin arxeoloqları iştirak edirlər. Qədim diyarımızda mövcud olan abidələrin öyrənilməsi və təbliği sahəsində də əhəmiyyətli işlər görülür. 2008-ci ildə “Naxçıvan Abidələri Ensiklopediyası”nın nəşr edilməsi təkcə Naxçıvanın deyil, bütövlükdə, Azərbaycanın mədəniyyət tarixində mühüm hadisədir. Ensiklopediya Naxçıvan abidələrinin öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbədir. Son illər nəşr olunan “Naxçıvan tarixi atlası”, “Nuh Peyğəmbər: dünya tufanı və Naxçıvan”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Naxçıvan tarixi” çoxcildliyi, “Gülüstan türbəsi”, “Əlincə¬qala”, “Dədə Qorqud yurdu Naxçıvan: tarixi-coğrafi və etnoqrafik atlas”, “Naxçıvan - türk-islam mədəniyyəti abidələri” və başqa çoxsaylı kitablar bu sahədə görülən işlərin davamlı olduğunu göstərir.Naxçıvanın abidələri bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasında əhəmiyyətli rol oynayır. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər baxımından səyahət turizminin ən ideal məkanlarındandır. Muxtar respublikaya səfər edən hər bir turist buradan xoş təəssüratla ayrılır.Hər bir xalqın qədimliyi onun abidələrində yaşayır. Abidələr xalqı, xalq isə abidələri yaşadır. Tarixi-mədəni irsimizi qorumaq isə hər birimizin borcudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar” .
Üç
npqtə.- 2018.- 19 aprel.- S.7.