Zərifə xanım
Əliyevanın adı Azərbaycanda fəxrlə, sonsuz
qürur hissi ilə səslənir
Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Hicran Hüseynova www.yap.org.az saytına müsahibə verib:
- Hicran xanım, aprelin 28-də görkəmli
oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan
olmasının 95-ci ildönümü tamam olur. Oftalmologiya
elminə verdiyi töhfələri bu gün də
aktuallığını saxlayan, biliyi ilə yanaşı,
insanpərvərliyi ilə də seçilən Zərifə
xanım Əliyevanın həyatı və fəaliyyəti hər
zaman dərin hörmətlə yad edilir. Bu barədə
düşüncələrinizi bilmək istərdik...
- Elə şəxsiyyətlər var ki,
onların ömür yolu haqqında söhbət açarkən
istər-istəməz hansısa tarixi dövrün müəyyən
ənənələrinin formalaşması prosesinin də
iştirakçısına çevrilmiş olursan. Hər bir
millət üçün fəxr olunası haldır ki, mənsub
olduğu millətin tarixində unudulmaz şəxslər
yaşayıb, yaradıb. Elə şəxslər ki,
onların xalqı qarşısındakı xidmətləri əvəzolunmazdır.
Belə insanlar həmin zirvəni qeyri-adi əməksevərliyi,
təmənnasız xeyirxahlığı, fitri istedad, nadir
bilik və qabiliyyətləri hesabına fəth edirlər. Məhz
belə insanlardan biri də humanist insan, görkəmli ictimai
xadim, oftalmoloq-alim Zərifə xanım Əliyevadır.
Zərifə xanım
özünün çoxillik fəaliyyəti dövründə
neçə-neçə gözə şəfa bəxş
etmiş, ən ağır, mürəkkəb əməliyyatlar
aparmış, görmə qabiliyyəti zəif olanların,
yaxud tamamilə görməyənlərin qaranlıq
dünyasını işıqlandırmışdı. Bu
işdə ona təkcə biliyi, savadı və səriştəsi
deyil, həm də gendən və böyüdüyü ailədən
irəli gələn yüksək keyfiyyətlər dəstəkçi
olurdu. Doğulub boya-başa çatdığı mühitin
onun taleyində böyük rolu olmuşdur. Zərifə
xanım Əliyeva atasının – görkəmli dövlət
və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin yolunu
davam etdirmişdir. Azərbaycan səhiyyə
sisteminin inkişafında misilsiz xidmətləri olan Əziz
Əliyev yüksək intellekti ilə onu əhatə edənlərin
dərin rəğbət və hörmətini
qazanmışdı. O, özünün şəxsi nümunəsi
ilə övladlarına mübariz olmağı
aşılamış, gələcəyə ümid, inam bəsləməyi
öyrətmiş, hər zaman hamıya xeyirxah,
qayğıkeş münasibətdə olmağı tövsiyə
etmişdi. Əziz Əliyev möhkəm iradəyə,
böyük təmkinə malik güclü şəxsiyyət
idi. Həyatının bütün mürəkkəb mərhələləri
əslində onun övladları üçün həyat məktəbi
idi. Belə bir ailədə böyüyən Zərifə
xanım təbii ki, səmimiyyəti, zərifliyi, insanlara olan
sevgisi ilə fərqlənirdi. Ailəyə məxsus
ziyalılıq, əməksevərlik, səmimilik, doğma
ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında
öz təcəssümünü tapmışdı.
Zərifə xanım, eyni zamanda,
müasir, müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu, bütün mənalı
ömrünü Vətəninin və xalqının tərəqqisinə
həsr etmiş dahi şəxsiyyətin - Ümummilli lider
Heydər Əliyevin vəfalı ömür-gün
yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı
olub. Zərifə xanım, eyni zamanda,
qayğıkeş ana idi. İncə təbiətli, bu
kövrək qadın öz zərif çiyinlərində
dünya şöhrətli siyasətçinin inam və
etibarını hər addımda doğrultmuşdu. Ən
ağır və təhlükəli vaxtlarda belə Zərifə
xanım həyat yoldaşını bir an belə tək
qoymamış, onun dayağına çevrilmişdi.
Onun öz ailəsi üçün necə əvəzsiz
dəyər kəsb etdiyini həyat yoldaşı - Ulu Öndər
Heydər Əliyev özü də dəfələrlə
söyləyib. “Zərifə xanım çox böyük
alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm
yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti
məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox
sadə insan idi. Mən bu barədə çox
danışa bilərəm, ailəmin yaşaması, bu
günlərə çatması, övladlarımın tərbiyəsi
üçün və həyatımda onun əvəzsiz rolu
üçün mən bu gün Zərifə xanımın məzarı
qarşısında baş əyirəm. On il keçsə
də, onu bir dəqiqə belə unutmuram və
unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər.
Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər,
formalaşıblar”.
Cəmiyyətin həyatında fəal
rol oynayan Zərifə xanım ailəsinə son dərəcə
bağlı bir qadın, gözəl ana idi. Öz analıq
missiyasını sevdiyi peşəsi ilə birləşdirən
bu xanımı bir qadın, bir alim və həkim kimi cəmiyyətin
inkişafına xidmət edən ailəsindən
ayrı düşünmək olmazdı. Zərifə
xanım analıq vəzifəsinin öhdəsindən də
çox gözəl gəlmişdir. Onun təmkinliliyi, səbirliliyi,
ağlı, savadı və digər müsbət xüsusiyyətləri
övladları - cənab Prezident İlham Əliyevin və
tarix üzrə fəlsəfə doktoru Sevil Əliyevanın
da onun yolunu getməsinə köməkçi olmuşdu. Biz,
bu ailəyə - Ulu Öndər Heydər Əliyevə və
Zərifə xanım Əliyevaya minnətdarıq ki, qəlblərində
daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin
qüruru sayılan övladlar yetişdirmişlər. Yüksək
keyfiyyətlərin mövcud olduğu belə bir ailədə
İlham Əliyev kimi övladın böyüyüb
boya-başa çatması, tərbiyə alması hər
valideynin, ailənin arzusudur. Bu gün cənab Prezident İlham
Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti
nəticəsində dövlətimizin dayaqları möhkəmlənir,
Azərbaycan daha da çiçəklənib qüdrətli
bir ölkəyə çevrilir. Təsadüfi
deyil ki, bir neçə gün əvvəl keçirilən
növbəti prezident seçkilərində seçicilərin
böyük əksəriyyətinin səs çoxluğu ilə
qalib gələn İlham Əliyev növbəti illər
üçün yenidən Azərbaycan Respublikasının
Prezidenti seçildi. Xalqımızın Prezidentə
olan bu etimadı ölkəmizin inkişafının
davamlılığını təmin edir.
Xeyirxahlığına, yüksək intellektinə,
diqqət və qayğısına görə hər bir kəsin
hörmət və məhəbbətini qazanmış bu
insan, ilk növbədə böyük ziyalı,
işıqlı, nurlu şəxsiyyət idi. Zərifə
xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində
silinməz iz buraxmışdır. O, Azərbaycan tibb elminin
inkişafına böyük töhfə verən akademik olub.
Onun həyat fəlsəfəsi, mənəvi dünyası,
oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin
və çoxşaxəlidir. Azərbaycan
oftolmologiyasını dünya səviyyəsində tanıdan
Zərifə xanım Əliyeva təbabətdə öz dəsti-xətti
olan novator bir alim idi. Zərifə xanım haqlı olaraq hesab
edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə
münasibətini müəyyənləşdirən
başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir
ki, xəstənin ağrılarını məhz
özünün ağrıları hesab edir. Belə
bir həkim üçün hər dəfə xəstəni
qəbul etmək, hər dəfə xəstəliyə
düçar olmuş insanla söhbət etmək həm xəstə
qarşısında, həm də cəmiyyət
qarşısında, ən başlıcası isə öz
vicdanı qarşısında əxlaqi məsuliyyət
deməkdir”.
- Zərifə xanım Əliyevanın
oftalmologiya elminin inkişafında böyük xidmətləri
var. Onun elmi və peşə fəaliyyəti barədə nə
deyə bilərsiniz?
- Zərifə xanım
Əliyevanın elmi-tədqiqatlara olan sonsuz marağı onu
Oftalmologiya Elmi Tədqiqat İnstitutuna gətirib
çıxarmışdı. O, bu ixtisası seçərkən
ölkə əhalisinin bu sahəyə böyük
ehtiyacı olduğunu düşünmüş və Vətənə
bu istiqamətdə daha çox xeyir verəcəyini fikirləşərək
bu addımı atmışdı. Həmin illərdə
Azərbaycanda gözü zədələyən, hətta tam
korluğa səbəb olan traxoma göz xəstəliyinə
qarşı təsirli müalicə üsulları yox idi. Bu xəstəliklə mübarizə təkcə
oftalmologiya elmi üçün deyil, bütövlükdə
Respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət
daşıyırdı. Akademik Zərifə Əliyevanın
alim kimi qazandığı böyük uğurlar Azərbaycan
tibb elminin tarixində ayrıca bir mərhələ təşkil
edir. Zərifə xanım Əliyeva
elmi-pedaqoji fəaliyyətində təkcə elmi-tədqiqat
işləri aparmaqla kifayətlənməmiş, eyni zamanda,
yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə
və oftolmoloq-həkimlərin ixtisaslarının
artırılması işinə də xüsusi diqqət
yetirmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc
alimlərin və həkim oftalmoloqların böyük bir nəsli
yetişmişdir. Zərifə xanım tələbələrinə
zəngin həyat təcrübəsi öyrətmiş, onlara
xüsusi diqqət və qayğı ilə
yanaşmışdır. Bu gün onun yetişdirdiyi kadrlar
insanlara sağlamlıq bəxş edir. Zərifə
xanımın həkim kimi fədakarlığı, yüksək
vətəndaşlıq məsuliyyəti, səmimiliyi və
qayğıkeşliyi, insanlara və onların problemlərinə
göstərdiyi qayğı, fəal həyat mövqeyi ona həmkarlarının,
yetirmələrinin və xəstələrinin dərin
hörmətini qazanmışdır. Böyük xidmətlərinə,
çoxillik elmi-tədqiqat işlərinə görə
professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan
Respublikası Elmlər Akademiyasının akademiki
seçilmişdir. Zərifə xanım bir sıra orden və
medallara layiq görülmüş, Azərbaycanın əməkdar
elm xadimi fəxri adını almışdır.
Təsadüfi deyil ki, dünya oftalmologiya
elminin tanınmış simaları Zərifə xanım
haqqında tarixi sözlər demişlər. Məşhur
oftalmoloq, akademik A.Nesterov demişdir: “Zərifə Əliyeva
çox ağıllı insan və böyük professional
idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm.
Oftalmologiyada o, bir nömrəli idi”. Qeyd etmək yerinə
düşər ki, Zərifə xanım Azərbaycanda
oftalmologiya sahəsində ilk akademik qadın olmuşdur. Bütün bunlarla yanaşı, Zərifə
xanım uzun müddət Sülhü Müdafiə Komitəsinin
üzvü, Azərbaycan “Bilik” Cəmiyyətinin üzvü,
Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin
üzvü, “Oftalmologiya xəbərləri” jurnalının
redaksiya heyətinin üzvü olmuşdur. Əlbəttə,
bütün bunlar çoxlu enerji tələb edirdi, lakin
Zərifə xanım təbiəti üçün adi hal
idi. Zərifə xanım eyni zamanda, ədəbiyyatı,
musiqini də çox sevirdi. Onun ədəbiyyat sahəsindəki
bilikləri, incəsənət, xüsusilə, təsviri incəsənət,
rəsm əsərləri haqqında mülahizələri
adamı heyrətləndirməyə bilməzdi.
Zərifə xanım bir həkim,
alim və vətəndaş kimi bütün ömrü boyu
xalqı üçün çalışmışdı və
onun bir həkim kimi səhiyyənin inkişafında
oynadığı rol, insanların sağlamlığı
yolunda gördüyü işlər, o cümlədən, bir
qadın və ana kimi ideal olması və digər onun
haqqındakı əbədi xatirələr xalqın
yaddaşında daim yaşayır. Bu gün onun müqəddəs
ailə çırağını iki gözəl
övladı, nəvələri yandırırlar. Xalqa xidmət
amalını bir ailə ənənəsi kimi yaşadan
Prezident İlham Əliyev Zərifə xanımı dərin
ehtiramla xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti,
gördüyü bütün işlər insan amilinə
dayanırdı. Çünki o həm peşəkar həkim,
eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər
Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə
xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi.
Hər bir insan üçün valideynləri əziz və
müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə
xanım kimi anam olmuşdur”. Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban
xanım Əliyeva Zərifə xanımın ənənələrini
davam etdirir. Yüksək dəyərləri öz şəxsiyyətində
birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin
qoruyucusudur. O, Azərbaycanda təhsilin, səhiyyənin,
mədəniyyətin və digər sahələrin
inkişafı üçün əlindən gələni
edir. Özünün ictimai fəallığı və şəxsi
örnəyi ilə müasir Azərbaycan qadınını
bütün dünyada ləyaqətlə təmsil edir, Azərbaycan
ailəsinin yüksək mənəvi dəyərlərə
söykəndiyini və ümumbəşəri ideallar əsasında
yaşadığını təcəssüm etdirir.
-
Görkəmli akademikin 95 illik yubileyi respublikamızın
bütün guşələrində qeyd edilir. Bu
baxımdan, rəhbərlik etdiyiniz Dövlət Komitəsi bu
istiqamətdə nə kimi tədbirlər
reallaşdırır?
- Zərifə xanım Əliyeva
adına Milli Oftalmologiya Mərkəzi, Naxçıvan şəhər
poliklinikası, Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat
Göz Xəstəlikləri İnstitutu, adına küçələr,
xəstəxanalar, körpələr evi, təlim-təhsil
ocaqları və s. onun adının əbədiləşdirilməsinin
layiqli göstəricisi, ona qoyulan hörmətin, bəslənilən
rəğbətin, göstərilən ehtiramın nəticəsidir.
Bakıda müasir Oftalmologiya Mərkəzinin
yaradılması Zərifə xanımın çoxdankı
arzularından idi. Oftalmologiya Mərkəzi görmə qabiliyyətində
problem olan hər kəsin pənah gətirdiyi yerdir.
Klinikanın fəaliyyəti dövründə
respublikamızın şəhər və rayonlarından gələn
yüz minlərlə xəstəyə yüksək səviyyəli
xidmət göstərilmişdir. O cümlədən,
yaşadığı müddətdə respublikamızın ən
yüksək keyfiyyətli oftalmoloji avadanlıqlarla təchiz
edilməsində də Zərifə xanımın misilsiz xidmətləri
olmuşdur.Zərifə Əliyevanın adını əbədiləşdirmək,
bu görkəmli qadının xalqımız yolundakı fədakarlığını
qiymətləndirmək naminə Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi də
öz növbəsində mütəmadi təlimlər,
müsabiqələr, maarifləndirici kampaniyalar həyata
keçirir. Müsabiqələrin keçirilməsində məqsəd
gənc dostlarımızın, məktəblilərimizin belə
ziyalıların, alim və ictimai xadimlərin həyat və
yaradıcılığını öyrənməsi, onlardan
nümunə götürülməsidir.
Zərifə xanımın fitri
istedada malik novator alim, pak və nadir insan kimi
yaratdığı dərin mənalı ömrü,
keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan
vətəndaşı, hər bir alim və həkim
üçün həyat və mənəviyyat dərsi,
kamillik və müdriklik məktəbidir. Tibb
aləmində bir çox yeniliklərə imza atmış,
Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan,
yüksək intellekt sahibi, yorulmaz alim, akademik, tibb elmləri
doktoru, professor Zərifə xanım Əliyevanın elmdə
açdığı yol ildən-ilə inkişaf edir, onun
yazıb-yaratdığı monumental əsərləri,
qoyub-getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi,
mədəni irsi daim araşdırılır, öyrənilir,
neçə-neçə tədqiqat əsərlərinin
mövzusuna çevrilir. Onun zəngin elmi irsi,
oftolmologiyanın müxtəlif sahələri üzrə apardığı
tədqiqatlar, qazandığı nailiyyətlər,
yaratdığı fundamental əsərlər Azərbaycan
tibb elminin parlaq səhifəsidir. İnsanlara bitib-tükənməyən
sevgi, məhəbbət dolu geniş ürəyə sahib olan,
gözlərə işıq, nur bəxş edən, Vətən təəsübünü
bütün doğrulardan üstün tutmağı bacaran,
özünün fitri istedadı ilə elmin,
insanlığın ən yüksək zirvəsinə ucalan
akademik Zərifə xanım Əliyeva bu xüsusiyyətləri
ilə həm müasir gənclərə, həm də gələcək
nəsillərə nümunə və örnəkdir.
Zərifə xanım
Əliyevanın adı bu gün də Azərbaycanda fəxrlə,
sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə
ana adının ucalığı, ömür-gün
yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi
onun adı ilə əbədiləşir. Ömrünü
insanların sağlamlığının qorunmasına
həsr etmiş bu nəcib xanım, məhz bütün
keyfiyyətlərinə görə hər zaman, hər kəs
tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad
edilir.
Üç
nöqtə.- 2018.- 28 aprel.- S.6.