“Birinci kursda qeyri-ixtiyarı
qalxan əlim həyatımı dəyişmişdi”
Xəyalə Rəis:
“Çətin günlər bizi daha da bərkidir, möhkəmləndirir”
Müsahibimiz
“Kaspi “ qəzetinin mədəniyyət yazarı, gənc
teatrşünas Xəyalə Rəisdir. Uzun müddətdir
ki, “Kaspi” qəzetində mədəniyyət yazıları
yazan, teatr prosesinin təhlil edən jurnalist həmkarımız
“Üç nöqtə” qəzetinin suallarını
cavablandırdı.
- Xəyalə xanım,
Mədəniyyət və İncəsənət Universitetinin
Teatrşünaslıq fakültəsini bitirmisiniz. Bəs necə
oldu ki, jurnalistikaya gəldiniz?
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sənətşünaslıq” ixtisasının “Teatrşünaslıq” fakültəsini bitirmişəm. Tələbəlik illərimdə davamlı olaraq tamaşalardan yazılar yazır, resenziyalar hazırlayırdım. Hətta “qrupumuz 20 ildən sonra”, “Əgər teatrşünas olmasaydıq”, “Qrupumuz Türkiyədə” kimi komediya janrında qrup yoldaşlarımı təsvir edən yazılar yazırdım. Kurs rəhbərimiz Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor, Məryəm Əlizadə onları çox bəyənirdi, hər imtahanda mənə o yazılarımı oxudub, gülürdü. Tələbə yoldaşlarım da hər il o yazıları həvəslə gözləyirdilər.
Oğlanlarımız əsgər getməsin
deyə “Teatrşünaslıq” ixtisasına qəbul
olmuşdular. Qızlarımız isə aparıcı olmaq
eşqi ilə bu ixtisası seçmişdilər. Deməyim
odur ki, heç bir tələbə yoldaşım bu
ixtisası sevərək seçməmişdi. Bir gün Məryəm
Əlizadə dərs prosesində “Qrupda kim teatrşünas
olmağı həqiqətən də istəyir?”-deyə bizə
bir sual verdi. Zənn edim ki, qrupdakı uşaqlar hamısı əlini
qaldıracaq. Onda da yeni telefon almışdım, başım
yeni telefonuma qarışmışdı. Özümdən
asılı olmayaraq bir gözüm telefonda əlimi
qaldırdım. Bir də onda ayıldım ki, məndən
başqa heç kim əlini qaldırmayıb. Elə həmin
ildən kurs rəhbərimiz mənə yazılar
tapşırır, mövzular verir, məni özü ilə
tamaşalara aparırdı. Birinci kursda qeyri-ixtiyarı qalxan əlim
həyatımı dəyişmişdi. Bu işin geri
dönüşü yox idi. Məcbur idim. Günümün
çoxu tamaşalarda, rejissorlarla diskussiyalarda, aktyorların
arasında keçirdi. Artıq 2-ci kursda sərbəst şəkildə
müsahibələr edib, yazılar yazmağa başladım. Məryəm Əlizadə gənc
teatrşünasların bir məkanının olması
üçün sənətşünaslıq doktoru, professor
İsrafil İsrafilovla birlikdə “Gənc teatrşünaslar”
laboratoriyasını yaratdı. Gəncləri Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarova həvalə
etdi. Beləcə, Elçin Cəfərov, Aygün
Süleymanova, Könül Cəfərova ilə birlikdə hər
həftə teatr prosesində yaşananları müzakirə
edir, artıq gənc teatrşünasların sözlərini
demək üçün zamanın yetişdiyini hesab edirdik.
Vidadi Qafarov o meydanı bizə “Kaspi” qəzetinin
yaradacağını, həftədə bir dəfə 2 səhifə
olaraq teatr əlavəmizin işıq üzü görəcəyini
dedi. Qəzetdə çalışdıqdan bir neçə
ay sonra eyni anda mədəniyyət müxbiri kimi işə
götürüldüm. O gündən sonra “Kaspi” qəzetində həm mədəniyyət
müxbiri, həm də teatrşünas kimi fəaliyyət
göstərirəm. Qeyd
edim ki, may ayında teatr əlavəmizin 7
yaşı tamam oldu. Bu 7 ildə sıramıza
Nigar Pirimova, Dağlar Yusif, Əli, Razimə də əlavə
olundu. Artıq həftədə 2 səhifə
deyil, 4 səhifə çıxırıq. Bu 7 ildə teatr cameəsinin diqqətini bir məkana
yönəltmək və gənc teatrşünasların
imzalarının yaxşı mənada tanınması
heç də asan məsələ deyil. Bu
7 ildə bir dəfə belə olsa heç bir qalmaqalda
adımız hallanmadı, bitərəf mövqe sərgiləmədik.
Hər dəfəsində qarşımıza qoyduğumuz hədəfə bir az daha
yaxınlaşdıq.
- Teatra həvəsiniz
yox idimi?
- İmtahandan yığdığım bala əsəsən
ixtisaslar seçmişdim. Atamın xahişi ilə
sonda iki ixtisas əlavə etdim. “Teatrşünaslıq”
ixtisasını yazdığımı görəndə
çox gülmüşdüm. Atama birdən
teatrşünas olsam, necə olacaq deyə sual da vermişdim.
Atam “Allahın qismətindən qaçmaq olmaz”
demişdi. Ancaq universitetə qəbul olduqdan sonra, teatr
prosesi ilə tanış oldum və bundan
sonra bütün fikirlərim dəyişdi. Universitetdə
oxuduğum 4 il ərzində dünya
görüşüm dəyişdi, həyata
baxışım, fikirlərimin formalaşdı. İndi özümü teatrsız təsəvvür
etmirəm. Özümü teatrda çox rahat hiss edirəm.
Teatr binasından içəri daxil olduqda içimdə bir səsin
mənim ora aid olduğumu deyir.
- Bildiyimiz qədəri ilə həyat
yoldaşınızla eyni yerdə işləyib, daha sonra ailə
həyatı qurmusunuz. Bəlkə elə
jurnalistika taleyinizi birləşdirmək üçün
imiş?
- Mənim
bütün uğurlarım “Kaspi” ilə bağlıdır. “Kaspi” mənim ata ocağımdır. Mən mətbuatda
ilk təcrübələrimi burada qazandım, “Kaspi” mənə
məktəb oldu, dost oldu, ailə olmağı və ailə
üzvləri ilə necə davranmaq lazım olduğunu
öyrətdi. Mən buraya gələndə, PR
işləri ilə məşğul olan və həftədə
bir dəfə teatr prosesini yazmağa çalışan həvəskar
biri idim. Əslində indi də
özümü peşəkar jurnalist hesab etmirəm,
çünki öyrənəcəyim çox şeyin
olduğunu düşünürəm.
“Kaspi”-yə yeni gələndə reportaj
hazırlamağı yaxşı bacarmırdım. Bizdə
reportajları Elgün Mənsimov hazırlayırdı.
Mən də bir iki dəfə onunla reportaja getdim, sonra davamlı
olaraq danışmağa və söhbət etməyə
başladıq. Saf vaxtlarım idi, şirin dili ilə
saqqızımı oğurladı(gülürük).
Bu taleyin qismətidir. Elə
qismətim də məhz Kaspidə açıldı. Mən
xoşbəxtliyimi burada tapdım deyə, bəlkə
də bu ocaq mənə belə doğma gəlir.
- Teatrşünaslığı
oxuyub, jurnalistikada işləmək çətin olmadı
ki?
- Əslində, ilk başlarda çox çətinlik
çəkdim. Ancaq əməkdar jurnalist Təranə Məhərrəmova
mənim özümü inkişaf etdirməyimdə çox
dəstək oldu. Nəyisə anlamayanda
gedib, onunla məsləhət edirdim. Məni
tədbirlərə göndərirdi. Hətta ilk dəfə baş
redaktorumuz məni Mədəniyyət nazirliyinin plenar
iclasına göndərmişdi, demişdi ki, tədbiri
geniş yazım. Mənim yazılarımı əvvəlcə
Təranə xanım oxuyardı, sonra redaktorlar. Bir gün axşam saat 8-də Təranə xanım
soruşdu ki yazın bitmir? Dedim hələ var. Saat 9 un
yarısı baxdım ki, Təranə xanım,
redaktorlarımız əyninin geyinib başımın
üstündə dayanıblar. Dedim ki, hara tələsirsiniz, 28 min
işarə yazmışam, hələ saat yarımı
qalıb. Həmin an redaktor və
korrektorumuzun mimikasını görməli idiniz
(gülürük). O günü heç vaxt unutmaram. Bütün redaksiya gecə oturub, mənim
yazımı gözləyirdi.
Təranə xanım o 28 minlik yazıdan
necə 7 minlik yazı çıxaracağını
düşünürdü. Təzə
vaxtlar belə hadisələr başıma çox gəlib.
Əslində
Teatrşünaslıq ixtisasını bitirməyim mənə
indiki işimdə çox kömək edir, çünki bu
gün mədəniyyət yazarları arasında bu sfera ilə
yaxından tanış olan və kinonu,
teatrı analiz edə bilən, incəsənət sahəsində
yaxşı təhlil apara bilən mədəniyyət
müxbirləri çox azdır.
- Həyat yoldaşınız da
jurnalistdir. Necə yola gedirsiniz? İradlarınız olurmu bir-birinizə?
-
Elgünün iş təcrübəsi daha çoxdur. O fərqli
media orqanlarında çalışıb. Allah
onda üzümə baxıb ki, Elgün mədəniyyət
sahəsindən yazmır. Mədəniyyət
müxbiri olsaydı, sözümüz çox çəp gələrdi.
Fərqli mövzulardan yazsaq da ortaq
dostlarımız çoxdur. Çevrəmiz,
mühitimiz eyni insanlardan ibarətdir. Bəzən onda
özümə qarşı qısqanclıq hiss edirəm. Deyirəm ki, sənin yeganə ixtisasın
jurnalistikadır, mən eyni zamanda, teatrşünas olduğum
üçün məni qısqanırsan. İkimiz də bir- birimizin fəaliyyətindən
narazıyıq. Elgün deyir ki, sən Azərbaycan
dilinin qrammatikasını yaxşı bilmirsən,
yazılarında bu özünü hiss etdirir. Mən redaktorumdan arxeyin olduğum üçün hər
zaman yazılarımı rahat yazıram. Mən
isə onun bacarığına bələdəm, ancaq
çalışdığı media orqanında bu
bacarıqlarından kifayət qədər istifadə etməməyindən
gileylənirəm.
- Əkiz
övladlarınız var, Yusif və Zəhra. Hansınız daha çox uşaqlarla
maraqlanırsınız?
-
Uşaqlarım tanrının bizə hədiyyəsidir. Ailəni bərkidən, möhkəmləndirən
uşaqdır. Elgünlə məni eyni
işdən, ailə qayğılarından öncə
maraqlandıran uşaqlardır. Onların
gündəlik qidaları, bağçaları, tələbatları
və sair. İndiki dövrdə uşaq
saxlamaq çox çətindir. Hələ
ata ilə ana işləyirsə, bu ikiqat çətindir.
Tək ailə üzvünün işləməsi
ilə də 2 uşaq saxlamaq mümkün deyil. Ona görə ailə qayğılarımız
böyükdür. Əl-ələ verib
çətinliklə də olsa onların öhdəsindən
gəlməyə çalışırıq. Çətin günlər bizi daha da bərkidir,
möhkəmləndirir. Elgün
uşaqlarıma qayğıkeş ata, mənə də diqqətcil
həyat yoldaşıdır.
- Həyat yoldaşınız mətbəx
işlərində sizə kömək edirmi?
- Əvvəlcə onu soruşun ki,
siz mətbəxdə işləyirsinizmi (gülürük). Mətbəx
işlərində bir qədər səriştəsizəm.
Bunu qəbul edirəm. Elgün
hələ də ümid edir ki, bu zamanla düzələcək.
Etsin, ümid ən sonda ölür deyirlər.
- Çox şən əhval-ruhiyyəli,
zarafatcıl birisiniz. Sizi nə
özünüzdən çıxarır?
- Bu sualları kim hazırlayıb?(gülürük)
İnsana ancaq xoş ünsiyyət və gözəl günlər
qalır. Bizim kollektiv danışıb gülməyi
sevən, şən və mehribandır. Gəlin
ocağa çəkər misalı kimi. İşdəki və evdəki kompyuterimdə
köhnə arxiv şəkilləri saxlayıram, hər
günümdən gözəl şəkillər
saxlamağı sevirəm. Sonra onlara
baxıb, nostalji yaşayıram. Özümə
qarşı haqsızlıq görəndə susmayan biriyəm.
Tez alovlanıb, tez də sakitləşirəm.
Əsəbi olanda həmin an içimdəkiləri
söylədikdən sonra sakitləşirəm. Sonra dediklərimə görə peşman oluram.
Əgər kimləsə bir incikliyim varsa, bunu o
insana bildirirəm.
- İşinizin çətinlikləri
nələrdir?
- Evdəki
çətinlikləri görəndə mənə iş
istirahət kimi gəlir (gülürük). Evdə
bir yeməyi bişirmək əvəzinə 10 müsahiblə
görüşüb, onları hazır etmək mənə
daha asan gəlir. “Kaspi” gündəlik
çıxan, özündə ictimai yükü
daşıyan 3 əsrlik qəzetdir. Mən
qəzetin mədəniyyət bölməsinin
yazılarını hazırlayıram. Bizim
qəzetdə adi sıradan bir mədəniyyət insanın
yazıları çıxmır. O insanın intellekt səviyyəsi
olmalıdır. Əvvəllər belə
müsahibləri tapmaqda çətinlik çəkirdim.
Ancaq indi yeni
mövsüm üçün də
nəzərdə tutduğum yazılarım var.
İşim mənə əyləncə kimi gəlir. İndiyə qədər yadıma düşmür
ki, hansısa gün işdən yorulum. Mənim
müsahiblərim də çox maraqlı olur. Hər müsahibimdən nələrsə öyrənirəm.
Gündəlik fərqli insanlarla görüşmək,
onların dünyasına qonaq olmaqdan gözəl nə ola bilər...
- İşə başlayan
ilk gündən “Kaspi”də
çalışırsınız. İşi dəyişmək istəmirsiniz, yoxsa yeni
iş təklifləri yoxdur?
- Mən
burada ailə olmağı, dost olmağı, həmkar
olmağı öyrəndim. “Kaspi” əlimdən
tutub, mənə yazı yazdıran ilk müəllim oldu.
Yeri gələndə səhvlər edim, səhvlərimin
harda olduğunu gördüm. “Kaspi”də
işləməmişdən öncə gənclərin
“Cinema” Gənc Kinematoqrafçılar Mərkəzində
çalışırdım. Orada “START” Gənclərin
Beynəlxalq Film Festivalını keçirirdik. Xaricdən gələn gənc rejissorlar, aktyorlarla
mübadilələr edir, onlarla festivallar keçirirdik.
O zamanlar media nümayəndələri ilə
danışır, onları tədbirimizə dəvət
edirdim. Ağlımın ucundan da keçməzdi
ki, bir zaman mən də media nümayəndəsi olaraq həmin
tədbirə dəvət alaram.
O ki
qaldı sualınıza, mən hər şeyin uzunmüddətlisini
sevirəm. Misal üçün, 18 ildir ki, eyni
nömrəni işlədirəm. 22-23
illik dostlarım var. Əlimdə olan ən dəyərli
şeylərdən ayrıla bilmirəm. İş
təklifləri çox almışam, amma heç bir
kollektivin bizim kollektiv kimi mehriban, ailə olacağını
düşünməmişəm. Mənim
üçün iş ikinci ailə deməkdir, bu ailədə
olan rahatlıq və insanların bir-birinə olan münasibəti
mənim üçün hər şeydən önəmlidir.
Könül Əhmədova
Üç nöqtə.- 2018.- 1
avqust.- S.14.