“Gənclik illərimin ən əziz xatirəsi
sevgi idi”
Ağaxan Salmanlı: “İmkansızlıq
səbəbindən bütün yayı kənddə
qalırdım”
“Teatr
bir yaradıcılıq meydanıdır,
həyatla sıx bağlıdır. Cəmiyyətlə bir düşünür, bir nəfəs alır, canlı orqanizmdir. Ona görə də
cəmiyyətdə baş verən ovqat teatra təsirsiz keçmir. Bədbin deyiləm, hər vəziyyətə
nikbin yanaşıram”. Deyir
ki, uğurları ilə yanaşı, uğursuz bir hal olanda da
darıxmır və ətrafındakılara da
bunu məsləhət görür.
Bu dəfəki müsahibimiz
öz sənətinin vurğunu
olan, valideynlərinin narazı olmasına baxmayaraq sevdiyi sənəti
seçən Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının aktyoru,
xalq artisti Ağaxan Salmanlıdır.
“Ən xoş xəyallarıma o
yelləncəkdə dalırdım”
Uşaqlıq illəri romantik xəyallarla doludur. Aktyor deyir ki, yaşıdları
ilə oynadığı
məhəllə oyunlarını
heç vaxt unuda bilməz: “Müharibə dövrünün
uşağıyam... O dövr
və sonrakı ehtiyaclı illər yadımdadır. Atam və anam işləyir, iki qardaşımın və
mənim yemək-geyinmək
ehtiyaclarımızı ödəyirdilər.
Ən çox sıxıntı
keçirdiyım illər
yay ayları olurdu. İmkansızlıq ucbatından heç
yerə getməyib, bütün yayı kənddə qalırdım.
Ana nənəm Məstanə
xanımın yanında... Aygün Bəylərin "Tut ağacı"
mahnısı mənə
nə qədər doğmadır bilsəz! Nənəm gilin həyətində iri bir tut ağacı
var idi, budağından yelləncək
asılmışdı. Ən xoş xəyallarıma o yelləncəkdə
dalırdım... Tutu da
ki, bol...
Doyunca yesən də qurtarmaq bilmirdi”.
“200 -300 metrlik məsafədən vedrələrlə
su daşıyırdım”
Sakit, sözə baxan, ev və
həyət-baca işlərinə
kömək edən uşaq olub: “Evdəkilər işdə
olurdu, həyətə
də su gəlmirdi. Suyu 200 -300 metrlik məsafədən
vedrələrlə daşıyırdım.
Hərçənd anam bunun üstündə məni danlayırdı, lakin kömək məqsədilə
edirdim. Bir işə yaradığıma
görə qürur duyurdum”.
“Ümidverici təsir bağışlayırdım”
Ağaxan müəllim deyir ki, tələbəlik illəri adi keçib. Bir imtahan vaxtı keçdiyi turlarda, bir də kurs
və diplom tamaşalarından sonra tanınıb: “Qalan vaxtlar dərslər və məşqlərlə
məşğul olmuşam.
Lakin müəllimlərimin rəyincə
ümidverici təsir bağışlayırdım”.
“Hərbi xidmətə olan marağım tamamilə yox olmuşdu”
Hərbi xidmətdə olmamışam. Heç institutu
bitirəndən sonra da xidmət etməmişəm. Heç xidmət
etməyi özüm də istəmirdim. Çünki sovet vaxtı
hərbi xidmətə
çağırılanları uzaq yerlərə, soyuq zonalara xidmətə göndərirdilər.
Həm də o yerlərdə xidmət edib gələnlər "dedovşina"
deyilən vəziyyətlərdən,
elə özbaşınalıqlardan
danışırdılar ki,
hərbi xidmətə
olan marağım da demək olar
ki, tamamilə yox olmuşdu. Son kursda oxuyanda
işləyirdim deyə
qan təzyiqim normadan çox yuxarı qalxmışdı.
Ona görə də məni hərbi xidmətdən azad etdilər”.
“Yazılan məqalələri qayçılayıb
saxlayırdım”
“Gənclik illərimin
ən əziz xatirəsi sevgi idi - Teatr sevgisi! Bir yeni tamaşanı buraxmırdım, yazılan
məqalələri qayçılayıb
saxlayırdım, teatra
gedəndə aktyorların
foyedə satılan foto-açıqcalarını alıb
yığırdım... O illərin
böyük sənətkarlarını
indi də xatırlayıram, oyunları
canlı olaraq gözüm önünə
gəlir... Ələsgər
Ələkbərov, Əjdər
Sultanov, Sona Hacıyeva, Fatma Qədri, Əlağa Ağayev, İsmayıl Osmanlı, Lütfəli Abdullayev, Bəşir Səfər oğlu, Şəfiqə Qasımova,Yeva
Olenskaya, Hökümə
Qurbanova, Nəcibə
Məlikova, Qəmər
Almaszadə, Leyla Vəkilova... saymaqla qurtarmaz. Teatr sənətinin qızıl
dövrü o illər
idi...”.
Peşiman olmağa haqqı
olmadığını deyir…
Heç nədən peşiman deyiləm. Haqqım yoxdur, bu sənəti hamının
etirazına baxmadan özüm seçmişəm.
Həyatın yolları da
ki, heç hamar deyil, bu
da məlum məsələdir. Ona görə
də, haqsızlıqlar,
çətinliklər olanda
da -"Özü yıxılan ağlamaz"
- deyə, səbrlə
yola verib, davam edirəm”.
“Evdə dedilər ki, bu sənətdə
aclıq olur...”
Atası
poeziya həvəskarı
olub, "Əli Fani" təxəllüsü
ilə şeirlər,
qəzəllər yazıb:
“Yadımdadır, evimizdə
tez-tez ədəbi məclislər qurulurdu. Mən də onlara qulluq edirdim. Anam isə bağçada tərbiyəçi işləyirdi.
Bağçada müxtəlif səhnəciklər
hazırlayanda anam məni o tədbirə cəlb eləyirdi. Yəqin ki, o mühitin mənə təsiri oldu. Məktəbi bitirdim, aktyor
olmaq istədiyimi bildirəndə, evdə narazılıq oldu. Evdə dedilər ki, bu sənətdə aclıq olur. Amma ürəyimin səsinə
və istedadlı olmağıma inanıb bu sənətə gəldim”.
“İlk dəfə sənədlərimi
verəndə kəsildim”
1959-cu ildə orta
məktəbi bitirib Teatr İnstitutuna sənədlərimi verdim
və tarix fənnindən kəsildim. Müəllimim məni Kukla Teatrına təqdim etdi və məni
bəyənib işə
götürdülər. Düz bir il işlədim və növbəti
1960-cı ilin qəbulunda
“Dram və kino” aktyorluğu fakültəsinə
daxil oldum. Kursun rəhbəri xalq artistı, professor Rza Təhmasib, assistentləri,o vaxt gənc aktyorlar Məlik Dadaşov və Müxlis Cənizadə idi.
"A kişi, bir samovar al, hərdən bir samovar çayı dəmləyək içək..."
Müsahibimiz deyir ki, ilk iş yeri Kukla
Teatrı olub və ilk maaşından da anasına hədiyyə alıb: “Anama hədiyyə aldığım kömürlə
odlanan samovar hələ
də evimizdədir. Məhz niyə samovar? Onu da deyim. Anam həmişə atama deyərdi ki, -"A kişi, bir samovar al, hərdən bir samovar çayı dəmləyək içək".
Atam da elə söz
verirdi, lakin samovar gəlib çıxmırdı
ki, çıxmırdı.
Nəhayət mən ilk maaşımı
alanda anamın bu arzusunu yerinə
yetirərək, somavarı
alıb gətirdim”.
“Uğurlarımızla yanaşı,
uğursuz bir hal olanda da
darıxmıram”
Ağaxan müəllim deyir ki, teatr yaradıcılıq
meydanıdır, həyatla
sıx bağlıdır. Cəmiyyətlə
bir düşünür,
bir nəfəs alır, canlı orqanizmdir: “Can da belədir ki, sağlam, xəstə, kefikök, dilxor, nasaz və
s. məqamları olur.
Ona görə də cəmiyyətdə baş
verən ovqat teatra təsirsiz keçmir. Mən bədbin deyiləm,
hər vəziyyətə
nikbin yanaşıram.
Uğurlarımızla yanaşı, uğursuz
bir hal olanda
da darıxmıram.
Və ətrafımdakılara da
darıxmamağı məsləhət
görürəm. Hər
şey yaxşılığı
doğru gedir, gedəcək də!”.
“Aktyor bədii ədəbiyyatı
bilməlidi”
Xalq artisti gənc aktyorların sənətə
olan münasibəti barədə də danışdı: “Əvvəllər
tələb vardı.
Aktyor mütləq dramaturqları
tanımalı, onların
əsərlərini oxumalı
idi. Aktyor bədii ədəbiyyatı
bilməlidir. Biz masa ətrafında aylarla məşq edirdik. Ümumiyyətlə,
məşqlər üç
cür aparılırdı:
masa ətrafı, qurama dekorasiyalarla və səhnə məşqi. İdeya istiqaməti məhz
masa ətrafı məşqdə müəyyən
edilir. İndi bu növ məşqləri qısaldıblar.
Birbaşa səhnəyə çıxılır. Bu düzgün deyil. Bütün araşdırmalar masa ətrafı məşqlərdə
aparılır. Aktyor bir
çox xüsusiyyətlərə
malik olmalıdır, bir çox sahələrə bələd
olmalıdır – danışıq,
vokal, rəqs və s. Eyni zamanda intellekt, dramaturgiya, estetika və digər anlayışlar olmalıdır,
çünki teatr sintetik sənətdir.
Gənclər Mirzə Fətəli
Axundov və Cəfər Cabbarlının
əsərlərini səhv
salırlar. Dünya
dramaturqları bir yana, milli
dramaturqları tanımırlar.
Bundan başqa, işləməyə
həvəsləri yoxdur.
Onlar tez bir zamanda
populyar olmaq istəyirlər. Oynadıqları rolu belə unudurlar, çünki içləri boşdur.
Məşqlər lazımi qaydada
getmir”.
“Sevgisiz iş natamam olur”
Aktyor sonda öz tövsiyəsini
verdi :
“İnsanları sevin,
onlara qayğı ilə yanaşın, ömür çox qısadır: “Biz aktyorların
əsas obyekti insanlardır. Səhnədə biz onların surətini
yaradırıq. İnsanlar
isə müxtəlif!
Ona görə də hər kəsi öz düşüncəsində, öz
anlamında, öz əməlində dərk
etmək, başa düşmək və sevgi ilə yanaşmaq zorundayıq. Sevgisiz iş natamam olur, ona
görə də bütün insanlara sevgi ilə yanaşmağı üstün
bilirəm”.
Könül Əhmədova
Üç nöqtə.-
2018.- 14 avqust.- S.14.