Brendləşən Azərbaycan
xalçası dünya markaları ilə bir sırada
Milli brend
hazırda təşəkkül dövrünü
yaşamaqdadır. Artıq mağazalarda dünya markaları
ilə yanaşı dayanan yerli istehsala da rast gəlmək
mümkündür. Bu da olduqca təqdirəlayiqdir. Hazırda
bu sahədə ciddi rəqabət yaranıb. Bu gün
dünyaya səs salan Azərbaycan xalçaları da milli
brendin ön sıralarında yer alır. “Azərbaycan
xalçası” brendinin dünya bazarında öz yerini
tutması və möhkəmlənməsi üçün
müvafiq tədbirlər həyata keçirir.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin
mətbuat katibi Tural Səfərovun AZƏRTAC-a təqdim etdiyi
növbəti yazı, Azərbaycan xalçasının
brendə çevrilməsi prosesində keçdiyi
mürəkkəb və şərəfli yola işıq
salır. Yazını oxuculara təqdim edirik.
Dünyada sürətlə qloballaşma prosesi gedir. Müasir dövrün
cəmiyyətə bəxş etdiyi yeniliklər,
mədəni, iqtisadi inteqrasiya ölkələri və
xalqları bir-birinə daha çox
yaxınlaşdırır. Bu yaxınlaşma fərqli
mədəniyyətlərə özünüifadə
baxımından geniş qapılar açır. Bununla
belə, iqtisadi maraqlar da arxa planda qalmır. Bu gün hər
bir ölkə öz maraqları və maraqlı
tərəfləri ilə önə keçməyə can
atır. Bu “yarış cədvəlində”
ölkələrin zəngin mədəniyyəti, dəyərləri
ilə yanaşı, onların yaratdıqları və
dünyaya ixrac etdikləri brend məhsullar da xüsusi yer
tutur. Güclü brend uzunmüddətli tarixi, mədəni,
siyasi və iqtisadi inkişafın nəticəsidir. Uğurlu
qlobal brendlərin olması ölkənin tanınması
və iqtisadi inkişafına böyük töhfələr
verdiyindən, bir çox dövlətlər
brendləşmənin inkişafına dəstək verir,
onların maraqlarını qoruyurlar. Milli dəyərləri dünyada
brend məhsula çevrilən dövlətlər isə
çox az saydadır.
Dünyanın
inkişaf etmiş ölkələrinin adı
çəkilərkən, onların tərəqqisindən
söhbət açılarkən ilk yada
düşənlərdən biri də bu ölkələrin
ixrac etdikləri brend məhsullardır. Hazırda uğurlu
brendlərin böyük hissəsi bir neçə meqabrend
ölkələr – ABŞ, Almaniya, Yaponiya,
İsveçrə, Böyük Britaniya, Fransa, İtaliya,
Koreya Respulikası, Türkiyə, Rusiya və Çin
tərəfindən dünya bazarına
çıxarılır. Bu ölkələrdə istehsal
olunan məhsullardan istehlakçılar keyfiyyət
gözləyirlər və bunun müqabilində
istənilən məbləği ödəməyə
hazırdırlar. Adıçəkilən və digər
inkişaf etmiş ölkələrin brend məhsul
istehsalı asanlıqla başa gəlməyib. Onlar bir
məhsulu brendə çevirmək üçün uzun bir
yol keçiblər. Bu ölkələr tarixən dünyaya özlərinə
məxsus məhsullar ixrac ediblər. Həmin məhsullar
müasir dövrümüzdəki kimi, brend
adlandırılmasa da, mahiyyət eyni olub. Onların
ticarət yolları ilə Şərqə, Cənubi Amerikaya
apardıqları, Avropada satdıqları güzgü, kitab
çapı avadanlıqları və digər texniki
vasitələr, qızıl-ziynət əşyaları,
xəz dəri məmulatları o zamanın brend
məhsulları sayılırdı. Müasir dövrdə
də həmin ölkələr güclü brendləri
ilə özünəməxsus imic yaradıblar. ABŞ
“Apple”, Yaponiya “Toshiba”, “Sony”, “Panasonic”, “Toyota”, Koreya Respublikası
“Samsung”, İsveçrə “Rolexs”, “Tissot”, Almaniya “Audi”,
“Porsche”, “Mersedes-Benz”, “Siemens”, “Adidas”, “BMW”, “Wolksvagen”,
Türkiyə “Arçelik”, “Vestel”, “Tofaş” kimi brendləri
ilə bütün dünyada məşhurdur. Qidadan tekstilə, elektronik avadanlıqlardan avtomobil
sənayesinə qədər bütün sahələri
əhatə edən bu məhsullar uzun illərdir ki, dünya
bazarında öz yerini qoruyub saxlayır. İstehsal olunan
məhsulları brendə çevirmək üçün
keyfiyyət amili əsas götürülüb. Həmin
məhsulların təbliğat işinin düzgün qurulması
da onların brend olmasında mühüm rol oynayıb.
Əlbəttə ki, bu siyahını daha da
genişləndirə bilərik.
Azərbaycan
da tarixən dünya bazarına bir çox məhsullar
çıxarıb. Ölkəmizin Böyük İpək
Yolu üzərində yerləşməsi buna öz
təsirini göstərib. Azərbaycanın dünya
bazarına çıxardığı və zamanla brendə
çevrilən məhsullardan biri də xalçadır.
Xalqımızın təfəkkürünün və
istedadının məhsulu olan xalçaya həmişə
müxtəlif ölkələrdə böyük maraq olub.
Azərbaycan az saylı ölkələrdəndir ki, milli
dəyəri olan, keçmişini, tarixini əks etdirən
xalçanı brend məhsula çevirə bilib.
Bu gün
dünyanın bir çox nüfuzlu muzeylərində və
şəxsi qalereyalarında saxlanılan Azərbaycan
xalçaları onların tarixən brend məhsullar kimi
alındığını və çox dəyərli
olduğunu sübuta yetirən faktlardandır.
Müasir
Azərbaycan dövləti tarixi ənənəni bərpa
edərək əl üsulu ilə, milli naxışlarla
toxunan xalçaların şöhrətini özünə
qaytarmaq, onu yenidən beynəlxalq brendə çevirmək
üçün mühüm tədbirlər həyata
keçirib. Bu istiqamətdə görülən işlər
uğurla davam etdirilir. “Azərbaycan Respublikasında xalça
sənətinin qorunmasına və inkişaf
etdirilməsinə dair 2018-2022-ci illər üçün
Dövlət Proqramı”nda da xalçanın ölkə
brendi olaraq dünya bazarına ixrac olunması qarşıya
qoyulan əsas vəzifələrdən biridir.
Dövlət proqramında qeyd olunduğu
kimi, xalçaçılıq işinin inkişafını
dəstəkləyən ölkələr, əsasən,
xalçaçılıq sahəsində ölkə brendlərinin
yaradılmasına və xarici bazarlarda təşviq
edilməsinə xüsusi əhəmiyyət verirlər. Bu isə həmin
ölkələrdə xalça istehsalının
rəqabət qabiliyyətinin yüksəlməsinə
şərait yaradır. “Azerbaijan carpet” (“Azərbaycan
xalçası”) ölkə brendinin yaradılması və
xarici bazarlarda tanıdılması Azərbaycan
xalçalarının başqa ölkə brendləri adı
altında satılmasının qarşısının
alınması baxımından olduqca əhəmiyyətlidir.
“Azerbaijan
carpet” (“Azərbaycan xalçası”) brendinin
yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda
təşviqinin icrası İqtisadiyyat Nazirliyinə və
“Azərxalça” Açıq Səhmdar
Cəmiyyətinə tapşırılıb. Cəmiyyət İqtisadiyyat Nazirliyinin dəstəyi
ilə bu istiqamətdə mühüm işlər həyata
keçirib və artıq “Azərbaycan xalçası” brendi
yaradılıb. İndi dünya bazarına ixrac olunan milli
naxışlı xalçalarımız “Azərbaycan brendi”
adı ilə satılır.
Ölkə
rəhbərinin tapşırıqlarına uyğun olaraq,
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti
“Azərbaycan xalçası” brendinin dünya bazarında
öz yerini tutması və möhkəmlənməsi
üçün müvafiq tədbirlər həyata
keçirir.
Aydın
məsələdir ki, keyfiyyətsiz məhsul brend ola
bilməz. Ona görə də ilk növbədə
keyfiyyət amilinə ciddi diqqət yetirilir. Təsadüfi
deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev
“Azərxalça”nın Xaçmaz filialının
açılışında bu xalçaların
keyfiyyətini xüsusi vurğulamışdı:
“Azərbaycan xalçası çox yüksək
keyfiyyətə malikdir və onun satış qiyməti də
yüksəkdir. Beləliklə, həm ölkə
daxilində, həm də xaricdə satılan xalçalar
Azərbaycan iqtisadiyyatına töhfə verəcək,
ölkəmizə valyuta gələcək və qeyri-neft
sektorumuz da inkişaf edəcək”.
Bir
məhsulun brendləşməsi üçün reklam,
təbliğat və marketinq işinin düzgün
qurulması da əsas şərtlərdəndir. Odur ki,
“Azərxalça” dünyanın müxtəlif
ölkələrində keçirilən beynəlxalq
xalça satış-sərgilərində iştirak
edir. Həmin sərgilərdə
nümayiş etdirilən xalçalar isə “Azərbaycan
brendi” kimi təqdim olunur. 2016-2018-ci illərdə
“Azərxalça”nın məhsulları Amerika
Birləşmiş Ştatlarında, Almaniyada, Rusiyada
keçirilən beynəlxalq tədbirlərdə
sərgilənib və böyük maraq oyadıb. “Azərxalça”
hər il qatıldığı DOMATEX xalça
satış-sərgisi zamanı keçirilən “Xalça
dizaynı” müsabiqəsində də iştirak edir.
Bundan
başqa, Azərbaycan xalçalarının
təbliğatı məqsədilə dünyanın bu
sahə üzrə ixtisaslaşmış nüfuzlu “Halı”
və “Carpet XL” jurnalları ilə əməkdaşlıq
edilir. Bu jurnalların hər nömrəsində Azərbaycan
xalçaları reklam olunur. Daha çox
biznes sektorunda yayılan bu jurnallarda Azərbaycan
xalçalarının təbliğ olunması mühüm
əhəmiyyət daşıyır. Çünki
saylarında klassik xovlu və xovsuz xalçalara, modern
xalçalara geniş yer verən bu jurnalların əsas
oxucuları xalçaçılıq üzrə
aparıcı şirkətlərin rəhbərləri,
pərakəndə satış sektorunun nümayəndələri,
ABŞ və Avropa ölkələrində fəaliyyət
göstərən xalça satışı
mərkəzlərinin, mağazalarının
təmsilçiləridir.
Azərbaycan
xalçalarının milli brend kimi təbliğatında
sosial şəbəkələrin imkanlarından da istifadə
olunur. “Azərxalça”nın rəsmi “Facebook”, “İstagram”
və “Twitter” səhifələrinin 10 mindən çox
izləyicisi var. Dünyanın müxtəlif
ölkələrindən olan izləyicilər hər gün
yenilənən bu səhifələrdə
“Azərxalça”nın filiallarında toxunan xalçalarla
tanış olurlar. Sosial şəbəkələrdəki
təbliğat bununla bitmir. “Azərxalça”nın
dəstəyi ilə yaradılan və fəaliyyətini davam
etdirən “Azerbaijan carpet” adlı ingilis dilində olan “Facebook”
səhifəsini 50 minə yaxın sosial şəbəkə
istifadəçisi izləyir. Bu səhifədə həm
tarixi Azərbaycan xalçaları, həm də
“Azərxalça”nın filiallarında istehsal olunan
məhsullar təbliğ və təqdim olunur. Dünyanın
50-dən çox ölkəsinin sosial şəbəkə
istifadəçisinin izlədiyi bu “Facebook” səhifəsinin
ən çox izləyicisi Avropa ölkələridir. Bu
təbliğat vasitələri Azərbaycan
xalçasının brend məhsul kimi tanıtımına
öz töhfəsini verir.
Azərbaycan
xalçası mədəni ənənələrə
əsaslanan dövlət brendidir. Bu milli brendimiz
xalqımızın özünəməxsus
xüsusiyyətlərini, tarixi və mədəni
köklərini özündə cəmləşdirir.
Azərbaycan xalçasını dəyərli edən onun
tarixi çeşnilər əsasında toxunmasıdır. Bu
xalçalar öz keyfiyyəti, gözəlliyi, qədim
çeşniləri, unikal və mənalı
naxışları ilə istehlakçının
şüuruna təsir edərək ona uzunmüddətli
seçim üstünlüyü qazandırır.
Bütün
bu sadalananlardan belə nəticəyə gəlmək olar ki,
istənilən məhsulun brendləşməyə gedən
yolu onun keyfiyyətindən və düzgün təbliğatından
asılıdır. Tam cəsarətlə demək olar ki, bu
istiqamətdə görülən işlər Azərbaycan
xalçasının brend məhsul kimi dünya bazarında
öz layiqli yerini tutmasına gətirib çıxarır.
Dünya
təcrübəsi göstərir ki, brend yüksək
gəlirin əldə edilməsinə səbəb olur və
ölkənin uzunmüddətli inkişafını təmin
edir. Eyni zamanda, ölkənin brendləşməsi xarici
turistlərin və xarici investisiyanın cəlb
edilməsinə, daxili bazarın
stimullaşdırılmasına, ixrac həcminin artmasına,
valyutanın möhkəmlənməsinə şərait
yaradır. Milli dəyərlərini brendə çevirən
dövlətlər isə həm də öz tarixlərini,
mədəniyyətlərini təbliğ edirlər. Bu
mənada Azərbaycan xalçasının brend məhsul kimi
dünyaya ixracı çox böyük əhəmiyyətə
malikd
Tural
Səfərov
Üç
nöqtə.- 2018.-6 dekabr.- S.12